Koroğlu – Goroğlu
XVI-XVII əsrlərə aid
edilən "Koroğlu" dastanı türk
xalqlarının ən möhtəşəm folklor abidələrindəndir.
Koroğlunun adı Baykaldan Balkanlaracan, Altaylardan
Anadoluyacan türk xalqlarının yaşadıqları
torpaqlarda məşhurdur. Koroğlunun
şöhrəti XIX əsrdə rus tənqidçisi
Çernışevskidən fransız
yazıçısı Jorj Sanda qədər müxtəlif əhli-qələmlərin
diqqətindən yayınmamışdır.
Koroğlu türk olmayan xalqların şifahi ədəbiyyatında
da yer tutur. Məsələn, taciklərdə "Qurqulu"
adıyla məşhurdur. Azərbaycan və Anadolu
aşıqlarının təsirilə erməni
aşıqları da "Koroğlu" dastanını
türkcə ifa edirlərmiş. Özbəklərin
"Rövşən" dastanı (Koroğlunun adı Rövşəndir) "Koroğlu" süjetilə
bağlıdır. Amma bu dastanın ən kamil
və dolğun variantları azərilərin, Türkiyə
türklərinin və türkmənlərin
yaratdıqlarıdır. Bu üç versiyanın
(özəlliklə, dastandakı şeirlərin) bir-birinə
çox yaxın olması həm dillərimizin cüzi fərqlərlə
eyniliyindən, həm də cərəyan edən hadisələrin
təxminən
eyni coğrafi məkandı
cərəyan etməsindəndir.
Dastanın
türkmən variantında belə misralar var:
Göydən
uçan top çığalı durnalar
Ərzurum dağında qarı gördünmü?
Məlum olduğu kimi, türk şəhəri
Ərzurum Anadolu ərazisindədir.
Bir
çox rus və Avropa şərqşünaslarının və
folklorçuların fikrincə "Koroğlu"
dastanının mənşəyi ən çox Azərbaycanla
bağlıdır. Anadolu və türkmən variantlarında
bu ölkələrin coğrafi adları sıx-sıx
görünür.
Türkiyə variantında Koroğlunun məskəni
Çamlubel, əsas düşməni Bolu bəyidir. Bolu paşasının
Koroğlunu tutmaq hədələrinə türk variantında
belə cavab verilir:
Bolu
paşa, heç gəlirmi yadına
Hanı, məni tutan günün necoldu?
Rəngin
uçdu, üzün döndü qadına
Mərd oğlunu tutan günün necoldu?
Koroğlum,
çağırır Yaradan səni,
Yaradan
öldürməz, qurtarar məni,
Qorxma, ey
Bolu bəy, öldürməm səni,
Qoca qurdu tutan günün necoldu?
Koroğlunun şəxsiyyətini
də, onun başçılıq etdiyi hərəkatı da
həm Orta əsr salnaməçiləri, həm də
müasir tarixçilər XVI əsrin sonu-XVII əsrin əvvəllərində
Azərbaycan, Qafqaz və İran ərazisində geniş
yayılmış Cəlairilər üsyanlarıyla əlaqələndirirlər.
Dastanın
üç oğuz xalqına - azərbaycanlılara, Anadolu
türklərinə və türkmənlərə aid olan
variantlarını tutuşdursaq, birinci ikisinin bir-birinə daha
yaxın olduğunu, türkmən variantının onlardan xeyli fərqləndiyini görərik. Bu fərq elə dastanın adından və bu
adın izahından başlanır. Azərbaycan
və Anadolu variantlarında Rövşənin adı
atasının gözlərinin çıxarılması ilə
izah olunur. Rövşən - Koroğlu da Hamletsayağı
atasının
qisasını alır. Xalq arasında belə bir
misal da var: birisi atasının
gözlərini çıxarır ki, ona da Koroğlu desinlər,
amma ona "kor kişinin oğlu" - deyirlər.
Türkmən
variantında bu adın mənşəyi tamam başqadır:
Körpə Rövşəni qəbirdə tapırlar və
adı da ona görə Goroğlu olur.
Azərbaycan
variantında Koroğlunun və sevgilisinin övlad nisgili
Nigarın dilindən həzin misralarla ifadə olunmuşdur:
Qəm-qüssəm
başımdan aşdı,
Mən tək dərdə qalan yoxdu.
Ah çəkməkdən
bağrım bişib,
Bircə yada salan yoxdu.
Necə
baxım ev-eşiyə
Yaralı könlüm üşüyə?
Toz
bürümüş boş beşiyə
Şirin layla çalan yoxdu.
Çənlibeli
güllər bəzər,
Güllər
saralsa, kim üzər?
Hər
quş balasınan gəzər,
Niyə sənin balan yoxdu?
Koroğlusan,
hay salarsan,
Paşalardan
bac alarsan.
Neçə
şəhərlər talarsan,
Sən tək şəhri talan yoxdu.
Nə dərd
olsa, məni tapar,
Sonsuzluq bir yanım çapar.
Yarılğan
uçar, toz qopar,
Görərsən ki, qalan yoxdu.
Dastanın
türk variantında da bu sonsuzluq motivinə, övlad həsrətinə
işarə var.
Koroğlu:
Koroğludur
Çamlibelin aslanı,
Şəkər ilə, qaymaqla bəslər səni.
Səndən
istər bir pəhləvan oğlanı
Aman Selma, insaf eylə, de mənə.
Selma:
Türk
qızıyam, soyum, sopum bəllidi,
Gözüm ala, saçım siyah tellidi.
Türk
qızının dili Tuti dilidi,
Bunu sən
bil, mənə inan Koroğlu!
Bizim eldə
əhdə vəfa edilir,
Kəm söylənməz, doğru yolla gedilir.
Fəzilətdə
namus yolu güdülür,
Məraq
etmə, mənə inan, Koroğlu!
Özümü təkrar
etsəm də, deməliyəm ki, həyatda ilk eşitdiyim
kitablar "Koroğlu" dastanı və Nazım Hikmətin
"Günəşi içənlərin
türküsü" kitablarıdır. "Oxuduğum"
demirəm, "eşitdiyim" deyirəm, çünki hələ
yazıb-oxumağı bilmədiyim vaxt bu kitabları mənə
anam oxuyardı. Keçəl Həmzənin
Koroğlunu aldadıb Qıratı ələ keçirməsi
bədii ədəbiyyatdan aldığım ilk sarsıntı
idi.
Sevimli
atını itirən Koroğlu Keçəl Həmzəyə
yalvarmağa
başlayır:
Canım
Həmzə, gözüm Həmzə,
Həmzə, incitmə Qıratı.
Budu sənə
sözüm, Həmzə,
Həmzə, incitmə Qıratı.
Həmzə,
atı yaxşı saxla,
At igidin qardaşıdı.
Gündə
muğayat ol, yoxla,
At igidin qardaşıdı.
Yay olanda
dağa yolla,
Yaz olanda ifçin nalla.
Qış
olanda məxmər çulla,
At igidin qardaşıdır.
Anam danışırdı ki, bu yerlərini
oxuyanda sən ağlamağa başlardın: "Elə igid
niyə belə namərdə yalvarır" deyirdin. Nə biləydim
ki, ömrüm boyu çox namərdə rast gələcəm,
heç birinə yalvarası olmasam da…
"Verib Qırı, alıb Dürü" (Dür
atı) kor-peşman Çənlibelə qayıdan
Koroğlunu dəliləri də, Nigar da qaş-qabaqla
qarşılayırlar.
Ala
gözlü Nigar xanım,
Üzün məndən niyə döndü?
Sənə
qurban şirin canım,
Üzün məndən niyə döndü?
İgidin
yatmasın baxtı,
Yana
çevrilməsin taxtı,
Koroğlunun
məlul vaxtı,
Üzün məndən niyə döndü?
Bu yerdə Nigarın hər hansı cavabı məzəmməti,
incikliyinin səbəblərini açıqlaması soyuq bir
"başdan eləmə" olardı. Amma Nigar (daha
doğrusu, dastanı yaradanlar) ən gözlənilməz və
təsirli cavab tapırlar. Gərginliyi aradan
qaldırmaqçün Nigar Koroğluya "amma yaman qarasan ha" - deyir.
Koroğlunun cavabı da eyni cür pafosdan uzaq, təbii və
səmimidir:
Mənə
qara deyən gözəl,
Qaşların qara deyilmi?
Tökülübdü
dal gərdənə
Saçların qara deyilmi?
Dastanın bir cəlbedici cəhəti də
xəfif yumorudur. Hansı dastan qəhrəmanı
öz-özünü aşağılamaqdan belə çəkinməz?
Giziroğlu Mustafa bəylə güləşməkdən sonra məhz
Koroğlunun özü:
Koroğlunu
çaya basar
Giziroğlu
Mustafa bəy
- gəraylısını
qoşur.
Türkiyə
variantında Keçəl Həmzənin rolunu Kəloğlan
oynayır.
Havada
buludlar soldu,
Dürü at yoruldu qaldı.
Kəloğlan
Qıratı aldı,
Alış,
tutuş, yan Koroğlu!
Anadolu
variantında bəzi misralar müdrik öyüd-nəsihət
kimi səslənir:
Havada
uçan boz quşlar
Yelin qədrini nə bilir?
Kəndi
qədrini bilməyən
Elin qədrini nə bilir?
Cüt
qoşub toxum əkməyən,
Süfrəsin
yerə tökməyən,
Elin qəhrini
çəkməyən
Malın qədrini nə bilir?
Türkmən
variantında Goroğlu deyir:
Səni
deyib gəldim Çandibelimdən,
Yor gedəli sənin ilə pərizad.
Əslim
bəyan etsəm - türkmən elindən
Yor gedəli bizim ilə pərizad.
Türkmən
variantının
bəzi parçalarında dini təəssüb
güclüdür:
Qəflətdə
yatırdım, gəldi ərənlər
"Dur,
qafil, yerindən, oyan" - dedilər.
Gözüm
açıb gördüm cümlə-cahanı
Ol duranlar "Şahimərdan" - dedilər.
Şahimərdan Həzrət Əlinin adlarından
biridir.
Goroğlu
bəy aydır: kəminə, bəndə
Pirim
Şahimərdan! Dəstgirim səndə.
Beş vəqt
namazı qıldığın gündə
"Axirət yoldaşın iman" dedilər.
Türkmən
variantının lirik parçaları da çox təsirlidir:
Qərib
bülbül, bikəs bülbül,
Sən orda yığla, mən burda.
Qəriblikdə
qalan bülbül,
Sən orla ağla, mən burda.
Qərib
bülbül olma naşı,
Axdırma
gözündən yaşı,
Qərib
könlümün yoldaşı
Sən orda ağla, mən burda.
Qərib
bülbül, bəxti qara
Nə çəkirsən ahu-nalə?
Səni
asdırmaram dara,
Sən
orda ağla, mən burda
Yaxud:
Qəflətdə
yatırdım, gəldi bir pəri,
Eşq oduna məni heyran eylədi.
Ol pərinin
sevdasına düşmüşəm
Eşq oduna məni heyran eylədi.
Laçın
kimi qıya-qıya qarayıb,
Siyah
zülfü dal gərdənə darayıb,
Ağ
üzündə qoşa-qoşa xal qoyub
Eşq oduna məni heyran eylədi.
Oğuz dil qruppuna daxil
olan xalqlardan biri də xaçpərəst qaqauzlardır.
(Göy oğuzlar). Nəsrəddin lətifələri,
"Aşıq Qərib", "Əsli və Kərəm",
"Arzu və Qəmbər" dastanları qaqauz folklorunda
önəmli yer tutur. Qaqauzların arasında
Koroğlunun igidləri ilə bağlı mahnılar da məşhurdur.
Qaqauz ağız ədəbiyyatında Koroğlu İzmirin kəndlərindəndir,
dostu Ayvazla bərabər "oğuz Robin Qudu" kimi dövlətliləri
qarət edib aldıqlarını kasıblara paylayır. Qaqauz Koroğlusu sonralar Anadoludan Dobrudcaya
keçmiş, savaşlarını davam etdirmiş, nəhayət
yenidən Anadoluya qayıdaraq orda vəfat etmişdir.
Qaqauz "Koroğlu"sundan bir parçanı bu dilin özəlliklərini
saxlayaraq gətirirəm:
Mən
bir Koroğluydum,
dada
(dağda) gəzərdim
Çalıya,
çırpıya kəllə düzərdim
Əsən
lüzgərdən (rüzgardan) izlər seçərdim
Kimsəm
yoxdu Balkanda yalnız gəzərdim
Dəmir topuzlarla kəllə
əzərdim.
Mən
edi (yeddi) daaya (dağa)
hökm edərdim.
Keçəndən
bacımı
(bac almaq
mənasında) istərdim.
Dastanın hər üç variantında - azərilərdə
də, türkiyəlilərdə də, türkmənlərdə
də zamandan şikayət mühüm yer tutur. Türkmən variantında
deyilir:
Ay
yaranlar, musurmanlar,
Namərd mərd oldu, mərd oldu.
Nə əcaib
zamanalar
Keçdi yurd oldu, yurd oldu.
Hanı bəylər,
hanı xanlar,
Bu dünyaya gələn canlar?
Taxt
üstündə Süleymanlar
Uçdu, yurd oldu, yurd oldu.
Orxon yazılarında "Öz eli, öz xaqanı olan xalq idim, elim hanı,
xaqanım hanı?" acısı, "Kitabi-Dədəm
Qorqud"da "Hanı dediyim bəy ərənlər,
dünya mənim deyənlər" təəssüfü əsrlərdən,
zamanlardan keçərək dövrandan əbədi şikayət
kimi "Koroğlu" dastanının sonunda da öz əksini
tapmışdır. Amma Azərbaycan
"Koroğlu"sunda bu acı etiraf dövrün konkret bir ixtirasıyla - odlu silahla,
tüfənglə bağlıdır.
Daha əvvəllər Çaldıran
döyüşü ərəfəsində Şah
İsmayıl topları namərd silahı sayaraq
yağıyla açıq qılınc
döyüşündə üzləşməyi
üstün tutmuşdu. Koroğlu da tüfəngin meydana
çıxmasını tam bir dövrün bitməsi kimi dərk edir.
Titrəyir
əllərim, tor görür gözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Dolaşmır
dəhanda söhbətim, sözüm
Mənmi qocalmışam, ya zəmanəmi?
Tutulur məclisdə
igidin yası,
Kor olur qılıncı,
polad libası,
Gəlib
bic əyyamı, namərd dünyası,
Mənmi qocalmışam, ya zəmanəmi?
Belə zaman hara, qoç igid hara?
Mərdləri
çəkirlər namərdlər dara,
Baş əyir
laçınlar, tərlanlar sara
Mənmi qocalmışam, ya zəmanəmi?
Axır əcəl
gəldi, yetdi hay-haray,
Çəkdiyim
qovğalar bitdi, hay, haray!
Tüfəng
çıxdı, mərdlik getdi, hay, haray,
Mənmi qocalmışam ya zəmanəmi?
Məsələ
yalnız "namərd silahı" topda, tüfəngdə
deyil, məsələ Keçəl Həmzələrin, Kəloğlanların,
biclərin, hiyləgərlərin, namərdlərin meydan
suladığı bir əyyamın gəlməsindədir.
Fikrət
Qocanın "Babalarım" şeiri yada düşür:
Biri
qaçaq olub,
mərd
olub.
Biri
qoçaq olub,
mərd
olub.
Biri
kasıb olub,
mərd
olub,
Bəs namərələr hardandı?
Bax bu mənə dərd olub.
Əfsus!
Koroğlu da qocalmışdı, zəmanə də dəyişmişdi…
Mart
2018
ANAR
Ədəbiyyat qəzeti.- 2018.- 14
aprel.- S.2-3.