Ana qucağı, gor
qucağı
Çox,
lap çox təşnəyəm sənə
...gəldikcə gəlmək...
uşaqlara qoşulub
...güldükcə gülmək...
(Mən
heç zatən böyümədim ki)
Ana
qucağı, yar qucağı, gor qucağı
...qaldıqca qalmaq...
heç
istəmədim, canım-gözüm,
Görmürsənmi
başdaşlarında şəkillər
dünyaya necə də rişxəndlə gülür
...ah! necə də rahatdı
min ilin
ölüsünə qoşulub
...öldükcə ölmək...
Birdəfəlik ömrümdə bir
dəfə
Onda
uşaqlar uşaqdılar,
böyütdü hamını
amansız həyat.
Mən də
həyata, göylərə,
Allaha meydan oxuyuram
Turan bir qolumda, Nuray bir qolumda.
Sinəmin
üstdə Elnur
Anaya bax,
anaya
Mənə
yer qalmadı, kişi, ay kişi.
Eləcə
Eləcə
zəng elədim
görüm səsin necədi,
sözün neçə hecadı.
Səsin
qəbirdən gəlir,
ya da ki,
lap səbirdən
biləsən ki, aparıb dəfn etmişəm
sən
adlı bir sənimi
ürəyimin Fəxri xiyabanında
yoxluğumun yanında
Daha
sözüm yox ki, yox
Daha
işim ah ki, ah
Əgər
bu həyat isə
bu zibilə
tüpür get.
Bu zibilin əlindən
8 dəfə
öpüb get.
eləcə zəng elədim
görüm səsin necədi,
Sən
hardan biləsən ki,
mənim
gorum necədi.
Keçmişdə bir adam vardı
- Alo, alo,
cavab versənə,
Mənəm
e, mənəm
40 ilin o
tayından
keçmişdən gələn adam.
- Sən
Kə-ra-mət-sən, Kəramət.
Səsinin
nəfəsindən tanıram səni
susmağından belə.
Ömrümün
elçi daşında oturub
səni
gözləyirəm
harda
qalmışdın, ay zalım,
- Gəldim,
canım-gözüm, gəldim!
Qar çiçəkləri
Çiçəyə gül almaq ağlıma gəlməz.
Gətirdim Yer boyda qar çiçəkləri.
Sırsıra
- evlərin boyunbağısı
Durub qar altında...Yar çiçəkləyib.
De, harda qalmısan? Gəlib çıxsana!..
Xaraba ömrümü bir də yıxsana.
Qaraya ağ düşüb, gözüm, baxsana
Ağ saça qar düşüb, qar çiçəkləyib.
Həyat
öylə ağır, ölüm vız gəlir,
Yaza qış düşübdü, qışa yaz gəlir.
Böhtanda
batmışam, sənə söz gəlir,
Söz də gülümsəmir, zor çiçəkləyir.
Səni sevmək
Qadağa zonasına girmək
"Tövbə"
demədən
Allahın
üzünü görmək
əllərini...
hə,
hə, əllərini müqəddəs kitablar kimi
ələ almaqdı.
Sonra nədir? Bilirsənmi? -
uyurkən, soyuq olmasın deyə
üstünü ehmalca örtməkdi
qarşına çıxanları bağrına basıb öpməkdi
Səni sevmək.
Bu mənasız
"Həyat"a
məna
qatmaqdı.
Son tamaşaçı
Mövlud
Mövluda
intihar
mövsümü bitəcək, əlbət,
güllər də solacaq qəbrinin üstdə
göylərin sonuncu mərtəbəsindən
qorxma,
at özünü səbrimin üstdə
misralar
vərəqdə intihar edir
qızıl gül açıbdı asfalt...görürsən
cismi vətəndaşdı,
ruhu mühacir
ağlaya-ağlaya nəyə gülürsən?
bircə
sığınacaq göz tapammadın
yaxınlar-uzaqlar hüdülədilər.
tutub
saxlamağa söz tapammadın
səni
uçuruma itələdilər
baş
rolda sənmiydin? "Olum, ya ölüm"
beləcə sonlanır yas tamaşası
səhnədə pərdə də ağ kəfəndimi
süpürgəçi qadın - son tamaşaçı.
Yaşasın bahar
Ağaclara
yox, quşlara inan
şair
sözündə
əsla
yalan olmaz
Ağaclar
aldanar
yalançı baharlara
Quşlar
nəğmə oxumaz
aldanan
çiçəklərə-
maygülü ağaclara.
Sən
dondan-dona girən
ağaca
baxma
bir bax,
yazıq,
evində
qaranquş yuva qururmu,
Əllərin göyə uçurmu?
Həyat
küpəgirən qarıdı
Ağaclar
aldadammaz
quşları...
əsla
Quşların
nəğməsində
yaşayır bahar
yaşasın bahar!..
Yaz tənhalığı
beləmi
olur tənhalıq
"Tənhalar nazirliyi" nədi, ay İngiltərə?
Mən tənhalar
fəslində yaşadım
kimsəni
tənha
qalmağa qoymadım, amma
minilllik
şərablardan içdim
tənhalar şərabından doymadım, amma
sən,
səni deyirəm
"Tək"lə
"Tənha"nın nə olduğunu
bilirsənmi, təklənib döyüldünmü
heç
bilmədin ki!
"Tək"
nədi
"Tənha"
nədi
o qədər
təklər yanıında yaşadım ki
Məni
"Fəxri xiyaban"da yox
Tənhalar
məzarlığında
dəfn
edərsiniz.
Ayrılırsan...
qəlpə-qəlpə, misqal-misqal, badə-badə
Siqaretin
son qullabı kimi
sinədən qalxan "ah" kimi.
çıxıb gedirsən
"ya 13, ya 14, ya 15 yaşında"
bunu Vaqif
(Molla Pənah) deyib
sənin
yaşın yox ki, canım,
O həsrət
yaşında
Sən də sevgi yaşındasan.
Bu gediş o gediş deyil
O ev daha ev deyildi
Xatirə muzeyiydi.
Muzey bələdçisi
- Kişi
yaşanan ömrün səsiydi
səsini
unudub getmişdi Qadın
bir də
ki kölgəsini unutmuşdu zalımcasına.
Kölgə
param-parça
Qadın
səsi ayağı yalın, payi-piyada
- Mənim
yerimdə
başqa
Qadınla yatma,
E-şi-dir-sən-mi?
(Bu səsi eşitməkmi olar, zalımın
qızı).
İnsan təkcə gözləriylə
ağlamır
Qarabağ
qaçqını, 15 yaşlı fahişə və sən
80
yaşı vardı
bunu
fısıldayanda (85-ində öldü)
qırışlarında baxışların batardı
- Bilirsənmi,
dəhşətli nədir,- sordu
dəxli
olmadan
Mən də
ilk ağlıma gələni dedim
hamının dediyi yalanı dedim
-
Qaçqınlıq, köçkünlük.
...gülmək
istədi
dodaqlarından göz yaşı töküldü
mən
onda bildim ki, insan
təkcə gözləriylə ağlamır
dodaqlarıyla, sözləriylə, çiyinləriylə də
ağlayır, ağlayır, ağlayır.
(və dedi) yox, bala, aclıq, aclıq
sən
heç ac adamı demirəm
ac
pişiyin gözlərinə baxdınmı
mən
ac itimi, pişiyimi, ağacımı
Qarabağda qoyub gəldim.
və o
qəlyan çəkən
tüstüsünü havaya "ah" kimi buraxan
həsəd apardığım sonuncu
İpək-köpək
qarışığı qarıydı
(indicə yaddaşım hayqırır
varıydı, belə bir qarı varıydı)
"Passaj" bazarı.
lap məscidin yanında
vardı
bir fahişəxana
ya da
bir
fahişə evi vardı (oxuyun)
vitrində canlı çeşidlər -
mini
geyimlisindən başıbağlıya qədər
Nə
işdisə, daha çox örtüləni
bir
azcana bahaydı
bir dəfə
yoxladım
ən
çirkini də elə o başıbağlıydı.
- neçə yaşın var, - sordum orda birinə
-15 - dedi, (amma çox olardı bir az)
Dünyanın
ən axmaq sualını verdim sonra
- Burada nə
gəzirsən
sən
indi cavaba bax, cavaba
günahdısa, günaha yaz
savabdısa, savaba.
- Acam,
acam, acam
(gözündə aclıq yoxdu, amma)
məni
"vor zakon" saxlayırdı
bir ildi
türmədədi.
ilk dəfədi
burdayam.
(Mən o
"vor"u tanıyırdım)
Düşündüm,
üşündüm
nə
yaxşı əlim dəymədi əlinə
- Al bu
pulu və çıx get
bir də
hər ay
pulunu
verəcəklər
qarnın
ac qalmayacaq
Hə,
siz indi bu köpəyin qızının
sualına bax:
-Bəs
bu ürəyimi kim doyuracaq?
Qovdum, elə
bil ki, özümü xilas etdim
bu
sualın əlindən
-Bəs mənim
ürəyimi
kim
doyuracaq, müəllim?
Pis
Böyüklər
üçün uşaq şeiri
Pisəm,
pisəm, pisəm mən
dodağımı büzmüşəm
adamdan
küsmüşəm mən.
atılıb-tutulmaqdan
sökülüb qurulmaqdan
Vallahi, bezmişəm mən.
Adəm
oğlu adamdan
Əlimi üzmüşəm mən.
gedib itə-pişiyə
lap yapon
ağacına
meylimi
salmışam mən.
Pisəm,
pisəm, pisəm mən
qığıltılı səsəm mən.
Heç
özüm də bilmirəm
belə
olan belədən
axı,
niyə küsəm mən.
Sağlıqla qal
Sən
heç badəyə
göz
yaşını süzüb içdinmi
sən
heç göz yaşından dəmləndinmi
ömrünü tapdalayıb
o yana-bu
yana keçdinmi
bu
dünyadan köçdünmü
yenə
də qayıtdınmı
Onda,
canım-qardaşım,
bizim
söhbətimiz alınmayacaq.
Sevgi, ümumi vaqon,
şəxsi təyyarə
-
"Sevirəm!" deyəcəkdim
sənə zəng çatmadı.
Əlindən
tutub dənizin üstüylə
qağayı olunca qaçacaq, uçacaqdıq
Sənsə...
sən... sən isə
Əhatə dairəsi xaricindəydin.
Bil ki,
bunu da bilirəm,
doğulmadan ölənim,
"Sevgi"
deyilən də
ümumi
vaqonda getmək istəməz
Şəxsi
təyyarəm var, heç bilmədin ki...
ammma
əl-ələ tutub
dənizin üstüylə qaçmaq
qağayı olub uçmaqdı eşq!
Yaddaşım xəcalət çəkir,
sən elə düşün ki
sinsiyib
dayanmadın
yataqxana
dəhlizində
sənə yemək, yatacaq verən mən deyildim ki
O mən
deyildim ki
Gəncə
Dram teatrının yanında tutduğum
həyət-həyat evində
qorxundan
arxanı etibar etdiyin
...mən
deyildim ki
Sənə
çox,
...çççççççççççççççooooooooooooox
saymaqla
qurtarmaz,
(yaddaşım belə xəcalət çəkir)
- adam fahişəyə özünü satmaz
(özünü satdın, O, səndən dəyərli)
Fərq
etməz sən nəsən, nəyin nəsisən...
Hörmətli,
Həyat xanım
yaşımın bu yaşında
Özünü yorma, sən sənin canın.
Ağlatmaq-sındırmaq
qədim peşəndi
bu da sənin
işindi.
mən,
mən, mən...
Ağlamağa-sızlamağa
doğulmadım
öləndə də misgin-misgin ölmərəm.
(Burda bir
yalanım var - ağladım
çiynimdəki mələklərin yanlışıyla
keçəl başımla, ağaran saçımla
rişxəndlə gülən üzümlə ağladım
Bu
başqa ağlamaqdı)
Mənim
yazığım gəlib həyata
ömrümdən çalanlara.
Hörmətli,
Həyat xanım,
İtimlə-pişiyimlə,
həyətimdəki
ərik
ağacını qucaqlayıb ağladım
İnsana
güldüm, ancaq
İnsan ağlayacaq qədər gülməlidi.
hələ çəkdiklərimin dörddə biri deyil bu
40 il əvvəl yazmışdım
-Rüzgarlar
əymək dilər
əyilməz başdaşım da.
Ucalıqdan yıxılanlar
45 ilin dostu, Respublikanın Əməkdar
mühəndisi Xudayar Rəhimova ünvanlanır
Ağaclar
yıxıldı ucalığından
Quşlar
qanadından vurulan yerdə
Göylərin
qanı axır
Kişilər
dərədə dayananda da
Bu
dünyanın get-gəlinə
Dağlar
başından baxır
Kişilər
yıxıldı kişiliyindən
Ağaclar yıxıldı ucalığından.
Səhrada
qalsaq da, əziz qardaşım,
Suyumuz gələcək
o Qaf dağından,
Gülümüz gələcək İrəm
bağından.
Ağaclar
yıxılır ucalığından,
Kişilər yıxılır kişiliyindən.
Kəramət
Ədəbiyyat qəzeti.- 2018.- 14 aprel.- S.4-5.