Luvrda hadisə
Hekayə
Luvr muzeyində
ağlı başdan alacaq bir hadisə
baş verib. Çox
adam buna
inanmasa da, mən şahid olduğum üçün
hələ də heyrət içindəyəm.
Turistlər gəzə-gəzə gəlib Mona Lizanın o təbəssümlü
portretinin qarşısında
durmuşdular. Bəzisi
maraqla, heyrətlə
baxır, bəziləri
soyuq və anlamsız baxışlarını
portretə dikir, bəziləri də Mona Lizanın yeddi arxa dönəninə bələd olan ən yaxın qonşusu kimi ağzını əyə-əyə
göz süzdürürdü.
Bomba kimi xəbərləri ürəklərində saxlamışdılar.
Hadisə də elə
bu kamikadze adamların söhbətə
qarışmasıyla başladı
və Luvr muzeyində dəhşətli
partlayış oldu.
Bələdçi qadın da Vinçidən ağız
dolusu danışandan
sonra, sözünü
hərləyib, fırlayıb
Liza xanıma gətirdi. Üzünü
portretə çevirib,
ürəyində: "Əlimi
üstünə xeyirə
uzadım" - deyib, tamaşaçılara bu əbədi yaşayan, sirli, müəmmalı qadından danışdı.
Danışdı deyəndə
ki, bildikləri bir neçə sətirlik söz lent yazısı kimi dilində səsləndirdi.
Nə vaxt gəlsəydin, bu bələdçidən
Liza xanım haqqında
bundan artıq-əksik
bir kəlmə də eşitməzdin.
Çox
vaxt suallara da doğru-düzgün cavab vermirdi. Bombanın fitilini yandıran bir qoca italyanın
sualı oldu. Başı əsə-əsə, cır
səsilə soruşdu
ki, bu Mona Liza xanımın da Vinçiylə eşq macərası olubmu?
Yəni onun yatağına girib-girməyib? Bələdçi
qeyri-ixtiyarı çevrilib
Lizanın üzünə
baxdı və gördü ki, qadının üzünün
cizgiləri dəyişib,
yanaqları allanıb,
amma hələ qımıldanmır, kirpiyini
də qırpmır, bir az təbəssümü açılışıb,
amma yenə də qarşısındakı
turistlərə baxır.
Ağzını doldurub kişiyə
cavab vermək istəyirdi ki, sözü ağzında qaldı. Təxminən
o kişilə yaşıd
olan şlyapalı, əlcəkli fransız qadın əminliklə dedi:
- Bu qadın da Vinçini
yoldan çıxarıb.
Heç bilirsiniz kim olub?
Da Vinçinin dostu Vilyamın arvadı.
Bəli,
arvadı. Bu portreti çəkdirmək
bəhanəsilə hər
gün da Vinçinin emalatxanasına
gedirmiş. Orda nə
hoqqadan çıxırmışlar
desəm, bu yaşımda abrım tökülər. Vilyam da
elə bilirmiş dostu onun arvadının
portretini çəkir.
- Nəticədə ortada portret var. - Kimsə boğazını uzadıb
dedi.
- Bəli, var. - Fransız nənə onun sözünü təsdiq
edib dedi. - Əxlaqsızlığın portreti
var! - əlavə
elədi.
Bələdçi nəsə demək istəsə də, ona qulaq asan
yox idi, mövcudluğu unudulmuşdu. Hərdənbir çevrilib altdan-yuxarı
Mona Lizanın haldan-hala
düşən üzünə
baxır, dodağını
çeynəyirdi.
- Yalandı! - Bir alman qadının hökmlü etirazı
başları ona tərəf çevirdi.
- Bu qadın
- o əlini portretə Hitlerin
hərbi salamı kimi uzatdı. - Alman qadınıdı. da
Vinçi onun simasında faşistlərə
dünya əhəmiyyətli
mesajlar göndərib.
Ona görə bu günə qədər şəkil üzərində
tədqiqatlar davam edir. Hələ də nəsə
axtarırlar. Amma gecdi. Göndərilmiş
mesajı alman xalqı çoxdan alıb.
- Belə çıxır ki, da Vinçi yəhudilərin düşmənidi. Mona Liza da faşist kəşfiyyatçısı
olub. - Qara panamalı yəhudi dərhal dilləndi və
əsl düşmənini aşkarlamış kimi
özünü hamıya göstərməyə
çalışdı.
- Sizin sözləriniz uydurma və cəfəngiyyatdan başqa bir
şey deyil. - Orta yaşda olan iri gün eynəkli, bərbəzəkli
turist qadın dillənməyə fürsət tapdı. - Cənablar,
Mona Liza böyük bir ittifaqın sədri olub. Deyək ki, lap elə bir şirkətin sahibəsi
imiş. da Vinçi orda olmaq
üçün bu hegemon qadının
qılıncının altından keçib. Yəni,
onun şəklini çəkib, rüşvət olaraq
qadına verib. Yerini isti salıb. Başa düşürsünüz də? Deyib, səni ömür boyu məşhur edəcəm.
- Bəs sonra? - Kimsə
maraqla soruşdu.
- Sonrası məlum məsələdir. Belə
şəkildən sonra hansı qadın özünü
ehtiraslı Leonardoya təslim etməz?
- Mənim aldığım
dəqiq məlumata görə rəssam
bu qadından puluna
və şöhrətinə görə istifadə
edirmiş. Cənablar,
məlum məsələdir ki, aylarla emalatxanasından
çıxmayan rəssam da qidalanmalıdır, ona lazım
olan əşyaları əldə etməlidir. Bunların
hamısını şəhvət düşkünü olan
qadının sayəsində görüb. Çünki bu qadın, hər şeyi əldə
edəndən sonra dahi rəssamı da öz əşyasına
çevirmişdi. Bu şəkli də
sübut üçün çəkdirib. Rəssam özünü fahişə kimi satıb.
Hər tərəfdən
heyrət nidaları
eşidilirdi.
- Yox! da Vinçi bu
qadını zorlayıb, öldürüb. Sonra
da cəsədi belə geyindirib, oturdub bax eləcə,
portretini çəkib. Bu əsərin ilk adının "Ölü təbəssüm"
olduğu təsadüfi deyil. Hamıya məlumdur ki, da
Vinçi qəribə eksperimentləri sevirdi...
- Boş sözlərdi, cənablar. Mister Leonardo da
Vinçi əslində gey olub. Odur ki,
sizin bilgiləriniz kökündən yalnışdı.
O, incə ruhlu, kübar bir adam olub. Məsələn,
mənim kimi...
- Bu cənab doğru deyir. Əslində Mona Liza Leonardo da Vinçinin qadın
formasıdır. O özünü belə hiss edirdi,
daxilindəki qadını belə görürdü. Hətta
gecələr də evdən bu şəkildə
çıxırmış... İkili həyat
yaşamaq maraqlıdır.
- Mən eşitmişəm
ki, tədqiqatçılar,
böyüdücüylə onun gözlərinin dərinliyinə
baxıblar. Orda bizim dildə "Allahu-əkbər" yazılıb... Bu, Allah-taalanın bizə
göndərdiyi mesajdı. Kafirlərə ölüm! -
Kişi yumruğunu havaya qaldırıb bağırdı.
Qırmızı lentin qarşısına toplanmış adamların səs-küyü
getdikcə yüksəlirdi. Uçan, vızıldayan milçəyi
muzeyin sükutunu pozduğuna görə tutub, qolunu,
qanadını, başını qopararaq ağır işgəncələrlə
öldürən güvənlik ortalıqda görünmürdü.
Bələdçi turistləri sakitləşməyə
çağırsa da, səsi hay-küydə boğulurdu. Alov dilləri kimi qalxan ittihamlar
ortalığı qızışdırmışdı.
Əlini əlinin üstünə qoyub dinməz-söyləməz
öz çərçivəsində oturmuş Mona
Lizanın döşünə şərəfsizlik ordeni kimi
taxılmış, cəmiyyətin bütün əxlaqsızlığı
taleyi kimi alnına yazılmışdı. da Vinçi illərlə
fəth etdiyi zirvədən bir neçə dəqiqədə
kəllə-mayallaq yerə gəlib bu bir topa turistin
ayağı altında sərilmişdi.
Başqalarını ittiham etməyin bu qədər
asan və geniş yayılmış peşə olduğu bir zamanı Mona
Liza gəldiyi tarixə qədər görməmişdi.
Zavallı qadının üzünü
qaşımışdılar, quru damardan qan
çıxarmışdılar. Odur ki, qadının hövsələsi
kəsildi, səbri daşdı, hirslə-hikkəylə
ayağa durdu. Qurşağa qədər çərçivədən
çıxdı. Elə bil pəncərədən
boylanıb həyətdə onun qeybətini qıran çənədən
saz qonşuların üstünə arından-abrından
keçib dilləndi. Sağ əlini çərçivədən
tutub, sol əlini qabağa uzadaraq
tribunadan çıxış edən inqilabçı
kimi bağırdı:
- Susun! Gedin öz şəklinizi
qarşınıza qoyun, yaxşı-yaxşı baxın. Siz
kimsiniz? Varlığıyla insanlığı
öldürmüş qatillər! Peşəniz
qarşınızdakı adamları alçaltmaqdı.
Çünki sizdən artıq olanlar sizin əksikliyinizi
göstərir. Bütün
müqəddəsləri öz günahlarınızla bəzəyirsiniz.
Budur sizin əxlaqınız! Əliniz qanlı,
gözünüz xaindi. Qarşınızdakı adamları
öldürməklə cəsədlərin arxasında gizlənə
bilməzsiniz! Bütün pisliklər sizi xatırladacaq. Gedin,
kim olduğunuzu özünüzdən soruşun! Rədd olun!
Turistlər
bir-birini itələyə-itələyə
çıxışa doğru qorxub qaçanda Mona Liza
onların dalınca bir müddət nifrətlə baxdı, təəssüflə
başını buladı və qayıdıb yerində
oturdu. Həyəcandan, əsəbdən əlləri əsirdi.
Bələdçi portretin üstündə yanan işığı söndürüb iti
addımlarla otaqdan çıxdı ki, şərlənmiş
qadının əsəbləri
soyusun.
Vüsal NURU
Ədəbiyyat qəzeti.- 2018.- 14
aprel.- S.5.