“İşiniz
olmasın, onun faciəvi keçmişi var...”
Bu gün "Dördüncü
divar" layihəsinin qonağı heç bir bərbəzəkli
sözə, cümləyə ehtiyacı olmayan, çox
maraqlı insan, istedadlı qələm sahibi, peşəkar
kinoşünas Aygün Aslanlıdır.
- Böyük anlamda kino
bazarının, kinonun inkişaf etmədiyi ölkədə
kino tənqidçisi olmaq necə bir hissdir?
- Bilmirəm,
mənim öz peşəmdən, işimdən xoşum gəlir.
Yəni daha dəqiq desəm, yazırıq,
öz işimizi görürük. Sevda (Sevda Sultanova. S.Ə.) bilirsiniz ki, istər
yerli, istərsə də xarici filmlər haqqında təhlil
yazıları yazır. Mən xoşuma gələn,
yazmaq istədiyim filmlər olanda, təbim gələndə
yazıram (gülür). Məncə biz
öz işimizi görürük. Ola
bilsin ki, daha yüksək səviyyədə etmək,
araşdırmalar aparmaq da lazımdır. Çünki
bütün dünya kinosunda, yəni kinonun vətəni olan
Fransa, İtaliya kimi ölkələrdə yaranan yeni
dalğalar, cərəyanlar hamısı kino tənqidindən
başlayıb. Onların rüşeymlərini
kino tənqidi atıb. Hətta İran,
Türkiyə kimi ölkələrdə də bugünkü
kinonun rüşeymləri 60-cı illərdə, kino tənqidinin
aktivləşməsi, sistemləşməsi ilə
atılıb. Sadəcə, indi bizdə
mühit elədir ki, yazmaq üçün o qədər də
həvəs yaranmır.
Fikir verin, istər Tarkovski olsun, istərsə də digərləri,
onların filmlərinə baxanda bir xətti, tendensiyanı,
yeni ideyaları tuta bilirsən. Onlar bir mövzunu
götürərək filmdən-filmə onu genişləndirib,
dərinləşdiriblər. Ona görə də
onların filmlərini ardıcıl izləmək elmi iş
oxumaq, araşdırmaq kimidir. Hansı ki,
başqa rejissorlar da Tarkovskidən ilhamlanıblar, öyrəniblər.
Elə Tarkovskinin özü Robert Bressondan, rus
rejissorlarından ilhamlanıb və xətt davam edib. Amma bizdə hər şey qarışıqdı.
Çox az-az rejissorun filmlərində bir xətt
tapa bilirsən. Bu da ki, onların
günahı deyil. Rejissor daim film çəkməlidir
ki, öz mövzusunu, onu maraqlandıran problemi tapa bilsin.
Rejissor öz mövzusunu tapandan sonra onu
çatdırma vasitələrini də tapacaq. Bunun üçün də o, daima işləməlidir.
Amma necə işləməlidir? Böyük metrajlı film çəkmək
üçün lazım olan vəsait bir ünvandadır.
Ya da ki, həmin rejissorlar o qədər aktiv olmalıdılar
ki... İmam Həsənov, Elvin Adıgözəl
kimi xarici dil öyrənməli, bütün festivallara
yazmalı, xarici prodüser tapmalı, filmlərini çəkib
yollamalıdılar. Ki, bunu da edənlər
var. Nəticəsi də özünü göstərir.
Amma gec əldə olunan nəticədir. Bizim rejissorlar isə çoxu xarici dil bilmir, yalnız
bir istiqamətə qədər davam edəcəyini bilir, ya da
öz istedadına güvənmir. Elə
yapışır Mədəniyyət və Turizm Nazirliyinin ətəyindən
ki, lazım olan maliyyəni əldə etsinlər. Alana qədər də ideya artıq köhnəlir,
gözdən düşür.
- Amma bütün hallarda fikir
verirsinizsə, söhbət yenə də fərdi istedad və
peşəkarlığa gedib çıxır.
- Bəli,
istedad məsələsidir. Dahi rejissorların
hamısı yəqin ki, öz istedadlarına əmin idilər.
Əzm, iradə də ola bilsin onların
yaradıcılığında rol oynayıb,
qarşılarına məqsəd qoyublar ki, nə olur-olsun
tutduqları yolu axıra qədər getsinlər. Misal üçün, yapon rejissoru Yasudziro Odzunun
filmlərinə o vaxtlar Yaponiyanı işğal eləmiş
amerikalılar senzura tətbiq ediblər. Filmdə
müharibə adı çəkilməməli, müharibənin
dağıntıları göstərilməməli, dialoqlarda
bu barədə heç bir eyham olmamalı və ən qəribəsi,
ənənələrə ehtiram nümayiş
olunmamalıdır. Odzunun "Noriko"
trilogiyasının birinci filmi - "Son bahar"ın
ssenarisində qəhrəmanın müharibədə xəstələndiyi
qeyd olunsa da, senzorlar bunu çıxarıblar. Amma
filmin ab-havası, dövrü elədir ki,
tamaşaçı müharibədən bəhs olunduğunu
dərhal başa düşür. Bundan
başqa, Odzu senzorlara başqa ssenari versə də,
özü tamam başqa ssenari üzərində filmi işləyib.
Çox uzağa getməyək, elə Cəfər
Pənahinin, Kirill Serebrennikovun yaradıcılığına
nəzər salaq. Serebrennikov hal-hazırda
həbsdə ola-ola Viktor Tsoy haqqında film çəkir.
Yəni belə nümunələr də var.
Rejissor nə istədiyini biləndə istədiyini də
çəkir. Ya da ki, rejissor öz
istedadına əmindir və heç kimdən asılı
olmadan istədiyini çəkir. Amma bizim
rejissorlar filmi çəkirlər və çəkə-çəkə
də bilirlər ki, nəyisə düz çəkmirlər.
Sonda isə bəhanə edib deyirlər ki, - mən
daha yaxşısını çəkəcəkdim, amma imkan
verilmədi. Ən pisi isə bizim
rejissorlar ağrımayan başlarına dəsmal bağlamaq,
rahatlıqlarını pozmaq istəmirlər.
- Rahatlıqla böyük sənət
anlamı isə uzlaşmır...
- Əlbəttə. Etiraz edənlər də olur. Onlar isə
etirazı təhtəlşüur edirlər. Teatrın, kinonun işləməsi, yaxşı nəticələr
ortaya qoyması üçün müasir dünya təcrübəsi
öyrənilərək tətbiq olunmalıdır. Teatr, kino prodüserləri olmalıdır ki, teatrlar
da, akyorlar da işləyə bilsinlər. Misal
üçün, teatrda məşqi olmayan bir akyor niyə hər
gün teatra gedib-gəlməlidir ki, sonra da həmin aktyoru
davamiyyətsizliyə görə işdən qovsunlar. Bütün bunlar niyə baş verir? Axı normal müqavilə sistemi olanda teatr baza kimi
istifadə olunur, ora rejissor, prodüser, aktyorlar dəvət
olunur, tamaşa qoyulur, prodüser maliyyə işini tənzimləyir
ki, lazım gələndə maliyyənin bir qismi də
dövlət büdcəsindən verilir. Belə olanda
aktyor da özünü göstərə bilir,
iş də normal gedir.
- Ümumiyyətlə, sizə elə
gəlmir ki, kino və teatrdan fərqli olaraq ədəbiyyat
adamları daha əzmkardılar və özlərini
asılılıqlardan xilas edirlər?
- Əslində belədir. Və bu, Azərbaycanda
artıq çoxdan müəyyənləşmiş həqiqətdir
ki, yazı adamları daha sərbəstdilər. Ancaq bunun da izahını tapırlar ki, yazı yazmaq
üçün bir kağız, bir də qələm
lazımdır.
Yazıçılar yaradıcılıqla məşğul
olmağa vaxt tapa bilirlər. Misal üçün,
yazıçı Şərif Ağayarın çox qısa
fasilələrlə bir-birinin ardınca görün neçə
romanı çap olundu. Kinoda hansı
rejissor o qədər qısa fasilə ilə film çəkə
bilər? Və yaxud da Mirmehdi Ağaoğlunun
romanları, daha sonra Qan Turalı bir ara
aktiv şəkildə yazırdı. Seymur
Baycanın hekayələrini misal çəkmək olar ki,
davamlı olaraq yeni hekayələri çap olunur. Yəni bu baxımdan ədəbiyyat kinodan, teatrdan
daha irəlidədir.
- Siz də bir ara
çox yaxşı yazılar yazırdınız. "Edit
Piaf, mən və atam" yazınız qısa da olsa, gözəl
mətn idi...
- Mən
filmlərə ard-arda baxa bilmirəm. Bəzən günlərlə
hansı filmə baxacağımı müəyyənləşdirməkdə
çətinlik çəkirəm, dostlara yazıram ki, mənə
elə film adları deyin ki, göyə qaldırıb yerə
çırpsın. Bu yaxınlarda xeyli
axtarışdan sonra Yasudziro Odzunun "Nariko"
trilogiyasına baxdım. Və doğrudan
da həmin filmlər meditasiya təsiri göstərdi. Yapon ailəsinin sadəliyindən, sadəliyinin
gözəlliyindən bəhs edirdi. Filmdə
hər şeyin çox sadə, idillik musiqi, əhvalatın
içərisindəki insanların sakit-sakit
danışmaları, söhbət etmələrinə rəğmən
həmin sakitlikdə onların içindəki həyəcan,
narahatlıq burulğanını hiss etmək maraqlı idi.
Yəni axtardığım filmləri tapmağım mənə
müəyyən rahatlıq hissi verdi. Günün sonunda sanki sakitləşdirici dərman
qəbul etmiş kimi olurdum. Filmlərə
məhz bu cür ovqatıma uyğun olaraq baxıram. Kinoşünasam, ardıcıllıqla bu qədər
filmə baxacam deyib baxa bilmirəm. Nadir
hallarda ard-arda film izləyirəm. "Oskar"
yaxınlaşanda bilirdim ki, çoxlu suallar olacaq, ona görə
də bir həftə xarici nominasiyalara adı olan filmlərə
baxmalı oldum.
Siz haqqında bəhs etdiyiniz yazıdakı "Sərçəcik"
filmini isə mənə diskdə hədiyyə etmişdilər. Film Edit Piaf
haqqında idi. Bir gün əhvalımın
yaxşı olmadığı bir vaxtda oturub həmin filmə
baxdım. Bəlkə də
ovqatımın yaxşı vaxtında baxsaydım, o filmi
xoşlamayacaqdım. Amma pessimist əhvalda
baxdığımdan film mənə pis təsir etdi. Anladım ki, Edit Piaf əslində səsindən
başqa heç nəyi olmayan bir qadının, bir insanın
faciəsi idi ki, səsindən yapışıb
qalmışdı. Yazı da həmin hisslərin
təsirindən yaranmışdı.
- Bəs indi niyə
yazmırsınız?
-
Birincisi, tənbəl adamam. Yazıya bir az
fasilə verəndə korşalıram. Digər
səbəb, əslində daha əsas məsələ odur
ki, mən yazını tez bir zamanda yaza bilmirəm. Gəlin, nümunə ilə deyim, daha
anlaşılan olsun. Misal
üçün, Emir Kustritsanın son filminə mən yayda
baxmışam. Ordakı bir fikir məni
tutub. Yaydan bu yana bu haqda
düşünürəm. Film haqqında belə
bir fikir vardı ki, Kustritsa Monika Belluççini niyə həmin
filmə çəkib? Belluççi
artıq yaşlanıb, qırışları görünür
və s. Mən filmə baxanda fikirləşdim ki, rejissor elə
o filmə Monika Belluççini çəkməli idi.
Çünki mövzu keçmişdir. Keçmişi olan insanların faciəsi
haqqındadır. Filmdə kontuziyalı,
özünü qəribə aparan qəhrəmanın hərəkətləri
haqqında soruşanda ki, o, özünü niyə belə
aparırır? Personajlardan biri deyir ki,
işiniz olmasın, onun faciəvi keçmişi olub. Yəni
film əslində yaddaşın yükü haqqındadır
və mən bunu yazmaq üçün nələrdən
istifadə edəcəyimi yaydan bu yana
toplayıram. Yazının ideyası olsa da, amma
mövzu hələ tam oturuşmayıb. Plan
kimi var.
- Onda belə demək olar ki, gənc
yaşlarda yazılar daha çox səmimiyyətdən,
emosiyalardan yaranır, yaşa dolduqca isə mətn artıq
müəllifdən qurğu və peşəkarlıq tələb
edir.
- Mən,
ümumiyyətlə, hansı filmlər haqqında resenziyalar
yazıramsa, onları da asanlıqla, rahat şəkildə
yazmıram. Mövzu mənim daxilimdə tam
oturuşmalıdır. Hansı cümlədən
sonra hansı cümləni yazacağımı dəqiq bilməliyəm
ki, ondan sonra yazım. Axırıncı
yazımı üç günə yazmışam.
- Son dövr kommersiya filmləri haqqında
da yazmırsınız. Onlara görə də
o qədər vaxt və enerji sərf edirsiniz?
-
Kommersiya filmləri haqqında o qədər vaxt sərf etmirəm.
Təzə-təzə çıxanda bir
neçəsi haqqında yazmışdım. O qədər
bir-birlərinə oxşayırlar ki, nəsə yazmaq olmur. Nə bilim hələ ki, nəsə cəlb etmir.
Baxıb özüm üçün nələrisə
qeyd edirəm. Amma yazı yazmaq
üçün cəlb etmir.
- Aygün xanım, niyə bizdə
kommersiya filmi daha çox komediya filmi kimi qəbul olunur?
- İstehsalçılar deyirlər ki,
tamaşaçı ancaq bu cür filmlərə baxır. Başqa janr
olanda filmin tamaşaçısı azalır. Mənim özümün də müşahidələrimdən
gəldiyim qənaət budur ki, komediya filmində yumor azca
intellektləşən kimi, dərinləşən kimi
tamaşaçısı azalır. Amma
düşünmürəm ki, bunun günahı
tamaşaçıdadır. Bu qarşılıqlı
proses, tələb-təklif məsələsidir. Nə verirlərsə, onu da alırlar. İndi tamaşaçıdan "Bozbash
pictures"də güldüyü cümləyə gülmə
səbəbini soruşanda bunun izahını verə bilmir.
Gülüşün fərqində ola biməmək
isə tədricən cəmiyyətdəki yumorun səviyyəsinə
doğru istiqamətlənir. Amma bunu da aradan
qaldırmaq olar. On komik film çəkəndə, bir
film də başqa janrda çəkməklə
tamaşaçının zövqünü
alışdırmaq olar. Əgər
istehsalçıların özləri də maraqlı olsalar.
Məsələn, "İkinci pərdə",
"Yoxdur belə söhbət" filmlərini bir aydan
artıq afişalarda saxlamadılar. Gecə seansına
salmışdırlar. Amma mənim
tanışlarım vardı ki, gecə seansında gedib həmin
filmə baxmışdılar və təkrar baxmaq istəyirdilər.
Vaxtilə Telman Adıgözəlovun, Qorxmaz Əlilinin
yumoristik monoloqları, indiki terminlə desək, standupları
vardı. İndi də yutubda var onların
videoları. Baxış sayı da kifayət
qədərdi. Necə olurdu ki, əvvəllər
tamaşaçı keyfiyyətli yumoru qəbul eləyirdi,
indi yox? Ya da yutubda keyfiyyətli yumora
baxış var, amma kinozalda yoxdur? Və
yaxud Pol Tomas Andersonun "Xəyali ip" filminə kinoteatrda
baxdım. Tamaşaçılar da
vardı. Necə olur o filmə gedib
baxırlar, amma bizim yeni çəkilən filmlərə
baxmaq istəmirlər? Bunlar hamısı həmin
azərbaycanlı tamaşaçılardır axı. Yəni istəsələr,
tamaşaçının zövqünə təsir edə
bilərlər.
- Ən çox hansı
yazıçılardan və rejissorlardan təsirlənmisiniz?
- Bu bir az dövr və zaman, hətta yaşa görə
dəyişir. Yazıçılardan Milan
Kunderanı çox diqqətlə oxumuşam. Əlimdə qələmlə cümlələrin
altını xətləyə-xətləyə. Bir ara Qabriel Markesin əsərlərini çox
oxuyurdum.
Rejissorlardan isə filmlərini ardıcıl izlədiyim
bütün rejissorlar təsir ediblər. Con Kassavets, Antonioni, elə Odzunun özü. Yəni hərədən
bir az nələrsə götürürsən.
- Ədəbiyyatda, bildiyiniz
kimi, sistemli oxu prinsipi mövcuddur. Bəs filmdə bu nə dərəcədə
vacibdir?
- Təbii
ki, bir rejissorun ard-arda filmlərinə baxdıqda ən azı
sizi narahat edən bir sualınıza cavab tapacaqsınız. Və yaxud da boş rəflərinizin bir gözü
dolacaq. Amma daimi sistemli izləmə ancaq mütəxəssislər
üçün prosesi izləmək baxımından aktual ola bilər. Ümumiyyətlə,
biz nə qədər də elit sənət, kütləvi sənət
bölgüsü aparsaq da, yaxşı sənət, eləcə
də kino həmişə cəmiyyətlə bağlı,
iç-içə sənət növüdür. Misal
üçün, Jorj Sadulun, Andre Bazinin kitablarında heç
bir proses cəmiyyətdən ayrı təhlil olunmur. Hətta hər hansı bir texnikanın yaranması,
səsdən, dialoqdan istifadə belə cəmiyyətdəki
hadisələrlə paralel təhlil olunub. Və ya Bela Balaşın alman ekspressionizm cərəyanı
haqqında kitabını oxuyandan sonra, sadəcə, cərəyan
deyib keçə bilmirsən. Birinci
Dünya müharibəsinin sonundan, İkinci Dünya
müharibəsinin başlanğıcına qədər olan
filmlərin təhlilinə nəzər salanda o dövrdə
alman xalqının psixologiyasını öyrənə bilərsiniz.
Sistemli oxumaq və izləmək dövrü
ardıcıl bilmək baxımından lazımdır.
Söhbətləşdi: Samirə
ƏŞRƏF
Ədəbiyyat qəzeti.- 2018.- 14
aprel.- S.6-7.