Qərib gül

 

Hekayə

 

Çin qızılgülü ilə uzun illər bir damın altında yaşayandan sonra mənə elə gəldi ki, bu gülün taleyi taleyimizə çox oxşayır...

Darısqal dibçəkdəki Çin qızılgülü dan yeri ağaranda pəncərədən gündoğana elə məhəbbətlə boylandı ki, incə qaməti az qala üzüləcəkdi. O, bundan  incimədi, əksinə, qəlbindən heç vaxt duymadığı ilıq, xoş, qəribə bir hiss keçdi. Düzdü, sevincini bölüşmək üçün axşamdan günəşin yolunu gözləyirdi. Bu səhər günəş öz taxtına çıxanda onun ilk nübar qönçəsi açacaqdı. Bu qönçəni görmək üçün ürəyi gedirdi.

Axır ki, gözlədiyi an yetişdi. Günəş göy üzündəki sonuncu ulduzu da yuxuya verib nurunu yer üzünə səpələdi və günəşin səxavəti qarşısında qızılgülün uzunsov düyməsi titrəyib açıldı. Qızılgül al rəngli balasına baxıb heyranlıqla pıçıldadı:

- Mənim qəşəngim, gözəlim, sən dünyanın bütün güllərinin gözüsən, sən dünyanın bütün güllərindən qəşəngsən. Neçə müddətdir ki, yolunu gözləyirəm, sənə xəta-bəla dəyməsin deyə, Yaradana dua edirəm. Bax, mənim balam, yerimiz o qədər də yaxşı deyil. Pəncərəni açanda qol-qanadım əzilir, hərdən külək saçlarımı qarışdırır. Eh, bunları danışıb səni niyə yoruram?! Sən o girdə günəşə bax! Gördüyün o günəş bizim doğma vətənimizdəki günəşdir. Onu sev, o bizə vətənimizi xatırladır...

Al rəngli gül artıq anasına qulaq asmırdı. Günəşin parlaq şüaları gözlərini qamaşdırmışdı. Gözünün birini yumub, o birini açdı. Ona elə gəldi ki, günəş ora-bura qaçıb onunla oynayır. Kirpiklərinin arasından işığa baxmaq yaman xoşuna gəldi.

Ləçəkləri isindikcə yanaqları qızarır, bir az da sevimli olurdu. Amma bu oyun tezliklə qurtardı. Qızılgül öz nübarının zərif, titrək səsini eşitdi:

- Anacan, mən belə oynamıram, günəş qaçıb gizləndi. İndi onu haradan tapım?

Çin qızılgülü fərəhindən yerə-göyə sığmırdı. O qədər xoşbəxt, bəxtəvər idi  ki, keçmişi də, gələcəyi də unutmuşdu.

- Bəsdir pəncərədən baxdın, indi də yuxarı bax.

Qızılgül bunu deyib yarpağının ucu ilə tavandakı çilçırağı göstərdi.

- Ora bax, mənim balam, onu da günəşə oxşadıblar, hər tərəf zülmət olanda ətrafı işıqlandırır.

Sonra ana, evdəki əşyaları bir-bir bircəciyi ilə tanış etdi.

- Bəs o nədir, ana? - qönçə, gülqabındakı gülləri göstərib soruşdu.

- Onu da sənə oxşadıblar, yalançı güllərdir.

- Onlar çoxmu yaşayır, ana?

- Uzun müddət səssiz-səmirsiz, ətirsiz yaşayırlar.

- O güllərin yerində olmaq istərdim - deyib balaca dərindən köks ötürdü.

- Yox, mənim balam, o güllər qiymətsiz güllərdi.

Nübar sevindi, tezdönüb pəncərədən boylandı və bütün körpələr kimi yenə də anasını sual yağışına tutdu:

- Bəs orda var, ana?

- Orda həyat var, mənim balam.

- Biz həyatda yaşaya bilmərik?

- Yaşayarıq.

- Bəs niyə orda deyilik? Mən ora getmək istəyirəm. Gedək, , olar, gedək!

- İnsanlar bizi evə öyrədiblər. İstəyirlər onlarla bir yerdə yaşayaq. Biz onların xoşlarına gəlirik.

Qapı açıldı, bircəciyin sözü yarımçıq qaldı . Qönçə titrək səslə soruşdu:

- Anacan, olmaya insan o balaca qızcığazdır? - deyə soruşdu.

Konfet sora-sora otağa soxulan dəcəl qızı görəndə Çin qızılgülü narahatlıq keçirdi.

- , odur...

- Mənə niyə elə baxır?..

Ananın yarpaqları titrədi. Qızcığaz oğrun-oğrun gülə baxdı. Yaxşı ki, uşağın anası gəldi. Qız barmağı ilə gülü anasına göstərib dedi:

- Ora bax, ora... gör necə qəşəngdir, gül sinəsinə gül taxıb. İstəyirəm onu dərib mənə verəsən.

- Olmaz. O da sənin kimi körpədir. Onu da Allah baba yaradıb.

Qızcığaz bu sözlərdən sonra könülsüz olsa güldən əl çəkib anasının ardınca otaqdan çıxdı.

Qızılgülün ürəyi yerinə gəldi.

Gün elə tez ötüb keçdi ki, ana-balanın xəbəri olmadı. Bircəcik qəfildən hiss etdi ki, ona isə olur.

- Ana, nəfəsim darıxır, sıxılıram.

Ana özünü itirdi.

- Ana, yarpaqlarım yığışır, qəşəngliyim itir...

Ana dördgöz oldu.

- Ana, günəşi son dəfə olsa görmək istəyirəm...

Ana imdad diləyən gözlərini pəncərəyə dikdi.

- Ana, mən vətənimi istəyirəm. Vətəndə güllərin ömrü uzun olur, eləmi?

Ana bircəciyini bağrına basıb ayaqyalın, başıaçıq Vətənə qaçmaq istədi.

İlk nübarı, qəşəng balası haldan-hala düşür, ləçəkləri yığılır, qorxudan vücudu titrəyirdi.

- Ana, yaman qorxuram, səndən ayrılmaq istəmirəm, ana, mən ölürəm...

Gülün ləçəkləri əzablar içində bükülüb əvvəlki qönçə formasını aldı səssiz-səmirsiz anasını tərk etdi.

Çin qızılgülü yarpaqlarını gözlərinə sıxıb doyunca ağladı. Qərib gül bilmirdi ki, onun dünyaya gətirdiyi qəşəng güllərin bircə günlük ömrü var, qərib gül bilmirdi ki, səhərlər sevinib gecələr ağlamaq onun qismətidir. Qərib gül onu da bilmirdi ki... yaxşı ki, bilmirdi..

.

Təranə VAHİD

 

Ədəbiyyat qəzeti.- 2018.- 14 aprel.- S.8.