Müasir noğay ədəbiyyatı: İsa Kapayev

yaradıcılığına yığcam baxış

 

İsa Suyun ulı Kapayevlə biz 2016-cı ilin oktyabrında Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkesskdə keçirilən "Noğaylar: XXI əsr. Tarix. Dil. Mədəniyyət. Başlanğıcdan gələcəyə" mövzusunda keçirilən Beynəlxalq konfransla tanış olmuşduq. Burada təxminən bir həftə ərzində onunla ünsiyyətdə olmaq bizə nəsib oldu. Noğay tarixi, mədəniyyəti, folkloru və ədəbiyyatı ilə bağlı olan zəngin bilgiləri, etnik keçmişə bağlılığı bizi yaxşı mənada təəccübləndirdi. Həmin günlər ərzində çoxsaylı görüşlərimiz və mükalimələrimiz oldu. Gördüm ki, o, son dərəcə erudisiyalı yazıçı-publisist, istedadlı şairdir.

Azərbaycan oxucularında noğay ədəbiyyatı haqqında, demək olar ki, bilgilər yoxdur. Bununla belə, qeyd etməliyik ki, bədii sözün müxtəlif forma və janrlarından istifadə etmiş noğaylar yetərincə rəngarəng mədəni irsə malikdirlər. Əlbəttə, burada bu ədəbiyyatın mənbələri, ənənələri, inkişaf xüsusiyyətləri ilə bağlı danışmış olsaq, bu olduqca çox vaxt aparar. Ona görə də bircə fikri səsləndirməklə kifayətlənək ki, noğay ədəbiyyatı öz mənbəyini əsasən XII əsrdən - jırau yaradıcılığından götürüb XX əsrə qədər şifahi şəkildə inkişaf etmiş, yazılı ədəbiyyat nümunələri isə bu ədəbiyyatın klassiki - anadan olmasının 100 illiyi 2013-cü ildə tamam olan Fazil Abdulcəlilovun yaradıcılığından götürmüşdür.

Beləliklə, İsa Kapayevlə bağlı söhbətimizi davam etdirək. Bəri başdan deyək ki, onun adı "İstoriki sovremennoy Rossii" ensiklopedik lüğətinə daxil edilmişdir.

İsa Kapayev 19 iyun 1949-cu ildə Qaraçay-Çərkəz Respublikasının Adıgey-Xabl rayonun Erkin-Yurt aulunda dünyaya göz açıb. 1970-ci ildən "Drujba narodov", "Don", "Znamya", "Yunost" kimi jurnallarda ilk yazıları çap olunmağa başlayıb. 1975-ci ildə Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirib. Moskva və Şimali Qafqaz nəşriyyatlarında 30-dan artıq nəsr kitabları işıq üzü görüb. 1975-ci ildə ayrıca olaraq "Xurcun" povesti ilə oxucularla görüşə gəlib.

1970-ci illərin sonu - 1980-ci illərin əvvəlləri onun  "Sıntaslı haqqında dastan", "Salam, Mixail Andreyeviç!". "Qarmonçu qız" və "Vağzal" romanları oxuculara təqdim edilib. İsa Kapayev yaradıcılığının ən əks-sədalı səhifəsi onun 1989, 1991-ci illərdə nəşr etdirdiyi "Əksetdirmələr kitabı"  olmuşdur.

1990-cı illərin əvvəllərində İsa Kapayev publisistika ilə daha ardıcıl məşğul olub. Həmin dövrlərdə o, rusdilli "Qıpçaq Ayı" adlı noğay jurnalının təsisçilərindən biri və onun baş redaktoru olub.

1999-cı ildə İsa Kapayevin Stavropolun "Şat-Qora" nəşriyyatında tarixi rəvayətləri özündə əks etdirən "Üzən kölgələr" və "Böyük səhranın talançıları" tarixi essesi nəşr olunub.

İsa Kapayevin əsərləri bolqar, qazax, qaraqalpaq, polyak, rus, Türkiyə türkçəsi və digər dillərə tərcümə olunub. O, N.Ostrovski adına Ümumittifaq ədəbi müsabiqə, Stavropol diyarı Lenin Komsomolu, Umar Əliyev adına Beynəlxalq mükafatlarına layiq görülmüş, Qaraçay-Çərkəz Respublikasının xalq yazıçısıdır.

2004-cü ildə onun təşəbbüsü ilə doğma Erkin-Xalq (əvvəl Erkin-Yurt) aulunda özü tərəfindən yaradılmış Noğay Tarix və Mədəniyyət Muzeyi açılmışdır.

İsa Kapayevin əsərləri oxucular tərəfindən daim hərarətlə qarşılanıb. Tənqidçilər əsərlərini müxtəlif yönlərdən təhlillərə cəlb ediblər. Qeyd etmək yerinə düşər ki, onun 1978-ci ildə Moskvada "Sovremennik" nəşriyyatında dərc etdirdiyi "Belə oğullar var" əsəri məhz yuxarda qeyd etdiyimiz N.Ostrovski adına Ümumittifaq ədəbi müsabiqəsinin mükafatına layiq görülüb. 1979-cu ildə Boris Polevoy, Qeorgi-Berezko və Nikolay Jevdokimov kimi tanınmış yazıçıların zəmanəti ilə İsa Kapayev SSRİ Yazıçılar İttifaqı üzvlüyünə qəbul olunub. O vaxtdan indiyəcən yazıçının onlarla müxtəlif mövzulu əsərləri işıq üzü görüb.

İsa Kapayev Qaraçay-Çərkəz Respublikasının xalq yazıçısı olmaqla yanaşı, Rusiya Federasiyası və Qazaxıstan Respublikasının mədəniyyət xadimi, Qaraçay-Çərkəz Respublikası Prezidentinin mükafatına layiq görülüb, çoxsaylı SSRİ Yazıçılar İttifaqı və Rusiya Federasiyası Yazıçıları qurultaylarına nümayəndə seçilib. Yazıçılar cəmiyyətlərinin rəhbərlik orqanlarında təmsil olunub. O, Beynəlxalq Ədəbiyyat Fondunun üzvü olmuşdur. 

İsa Kapayev yaradıcılığında 2008-ci il öz məhsuldarlığı ilə daha əlamətdar olmuşdur. Çünki məhz bu ildə Moskvadakı "Qolos-Press" nəşriyyatında onun iki sanballı "Mavi qar" və "Monista" kitabları nəşr olunub.

"Mavi qar" başlığı ilə nəşr olunan seçilmiş əsərləri Rusiya Ədəbiyyat Fondunun xətti ilə dərc olunmuşdur. Məlumat üçün deyək ki, onun redaksiya şurası kifayət qədər tanınmış yazıçıları özündə birləşdirir . "Mavi qar" kitabının maraqlı tərəfi həm də ondan ibarətdir ki, burada İsa Kapayev yaradıcılığının kifayət qədər özünəməxsus cəhətləri yer almışdır ki, bu əsərlərdə İ.Kapayev nəsrində sənətkarın öz milli kosmosunun qeyri-ordinar tərəfləri ilə onun ədəbi qəhrəmanının səciyyəvi cəhətləri, yazıçının özünün mentallığa münasibəti və tarixi keçmişə işıq tutub onu proyeksiyalaşdırmağa can atan etnik-milli kolorit və realilər son dərəcə özünü doğruldan baxış bucağından təqdim olunmuşdur. İ.Kapayev nəsrinin başqa bir səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, müəllif həmin əsərlərdə olduqca incə detallara varır, oxucuları yazdıqlarına və özünə inandırmağa çalışır. Bu, İsa Kapayev yaradıcılığının nüvəsində oturan tarixi-milli həqiqətin təsvirli təqdimatındakı orjinallıqla bağlıdır.

"Mavi qar"da təqdim olunmuş əsərlərdən fərqli olaraq, "Monista"da biz "Uşaqlıq gizlədilmiş xurcun" povestindən sonra kitaba daxil edilmiş həcm baxımından yetərincə müxtəsər "Uşaqlıq qoxusu", "İsti vanna", "Uşaq", "Daimi yoldaş", "Gecə" kimi hekayələri ilə tanış oluruq. Bu hekayələrdən hər birində noğay koloriti, səhra landşaftının cazibəsi, noğay həyatının mənzərələri, səhra insanının özünün özünə güvənməsi, onun tarixi, mənəvi-əxlaqi düşüncə tərzinin necə əks olunduğunu görmək mümkündür.

"Monista"da povest və hekayələrdən savayı "Miniatürlər", "Şeirlər" və "Nağıllar" yer almışdır. Lakin kitabın struktur-kompozisiya və məzmun-ideya cəhəti onu bu, yaxud buna bənzər kompozisiya və məzmundan fərqləndirir. Buradakı əksər bədii nəsr və poeziya nümunələri əsasən "Müxtəlif illərin gündəliyindən" adı altında nəinki müəllifin öz fərdi tərcüməsində, həm də çoxsaylı N.Lamm, F.Sidaxmetova, A.Trilisov, A.Anufriyev, İ.Taraseviç, Y.Sozarukov, V.Xristoforov və başqa mütərcimlərin interpretasiyasında çatdırılır. "Monista"da İsa Kapayevin yetərincə isteadadlı sənətkar kimi orijinal dəst-xətti, yaradıcılıq imkanları nümayiş olunur. Yeri gəlmişkən qeyd edək ki, kitabın "Müəllifdən" bölməsində İsa Kapayev bir sıra açıqlamalar ortaya qoymuşdur. Müəllif üçün "Monista" - talisman, qoruyucu, göz muncuğu rolunu oynayır. Bununla bağlı İ.Kapayev yazır ki, onlar müəllifi həyatının ən ağır çağlarında, məqamlarında qoruyub. Hətta depressiya vəziyyətinə düşəndə belə o, onu əlinə qələm alıb gündəliyinə öz fikirlərini, təəssüratlarını, müasirləri ilə bağlı düşüncələrini, cəmiyyətin, mədəniyyətin, ədəbiyyatın vəziyyəti ilə bağlı götür-qoylarını kağız üzərinə köçürməyə kömək edib. Digər bir halda isə xəyalında dolanan, qəlbini riqqətə gətirən nağıl, nəğmə, xalq deyim-duyumları, atalar sözü, zərbi-məsəlləri üzərində düşünməyə yardımçı olub. Sonra isə müəllif onların hamısını yeni təfəkkür ələyindən keçirib ortaya qoymağa müvəffəq  olub.

İsa Kapayev qeyd edir ki, keçmişdə hər bir noğay - kişi, qadın, uşaq - hamısı monista gəzdirərmiş. Kişilər onu daha yaxşı qoruyub saxlamaq üçün üst paltarın altından geyərlərmiş. Kişilərin kəmərindəki gümüşü rəngli əşya da monistanın hər hansı bir növü imiş. Qadınlarda isə o qoruyuculuğu ilə yanaşı, həm də bərbəzək kimi xidmət edirmiş.

Heç şübhəsiz ki, hər bir sənətkar əsər yaratmaqda ən ümdə məqsədi kimi oxucuların hiss və emosiyalarına təsir etməyi ön plana çəkir. Lakin yaradıcı insanların başqa bir yanaşması da özünü göstərir. Bəzən elə olur ki, əsər həm də müəllifin özünə təsir edir. Elə buna görə də İsa Kapayev əsərlərinə elə bir məzmun-mahiyyət verə bilir ki, onun hekayə, povest və romanları (çünki onların mətnində müəllif tərəfindən elə çoxsaylı düşünülmüş əlavələr, fərdi tapıntılar araya gəlir ki, onlar onun şəxsi həyatında yer almasa belə) öz dünyasını, öz ürək çırpıntılarını əks etdirməklə, onu yeni bir ecazkar aləmin sakininə çevirir.

İsa Kapayevin "Monista"sındakı "Müxtəlif illərin gündəliyindən" bəhsində oxucu yaddaşında özünə sığınacaq tapa biləcək çoxsaylı örnəklər ortaya qoyulmuşdur. Burada müəllifin etnik tarix, keçmiş, noğay dünyası, din, Allah, mənəviyyat, əxlaq, vicdan, ədalət, mədəniyyət, ədəbiyyat nümayəndələri və s. haqqında mühakimələr fərdi təfəkkür bucağından işıqlandırılmaqdadır. Rəvayət, əfsanə, nağıl, atalar sözü, zərb-məsəllərində isə onun yaradıcılığının mayasında orijinal yanaşmanın dayandığını görmək mümkündür.

Çerkesskdə İsa Kapayevlə görüşərkən o, bizə özünün bir neçə kitablarını fərdi imzası ilə hədiyyə etmişdi ki, onların arasında "Mavi qar", "Monista"dan başqa "Üzən kölgələr", "Mifoloji lüğət təcrübəsi" (Noğay mifləri, əfsanə və inancları)" və s. vardır.

Yazıçının yaradıcılığı ilə ətraflı tanış olduqda görürük ki, İsa Kapayevin əsərləri müasir noğay ədəbiyyatının ən şanlı səhifələrini təşkil edir. Çünki məhz onun yaradıcılığı müasir noğay ədəbiyyatına fərqli duyum tərzi, fərdi ifadə imkanları,  orijinal məzmun və forma gətirmişdir. Bunu dərindən duyan filologiya elmləri doktoru Nəsibxan Suyunova sənətkarın yaradıcılıq dünyasına doktorluq dissertasiyası həsr etmiş, onun bədii aləminin özünəməxsus konturlarını canlandıran "Həm də həyat uzanacaqdır" adlı maraqlı monoqrafik araşdırma ortaya qoymuşdur. İsa Kapayevin əsərləri nəinki çoxsaylı həvəskar oxucular, həm də Şimali Qafqazdakı orta, orta ixtisas təhsil məktəblərində və universitetlərdə tədris olunmaqdadır.

 

Nizami Tağısoy

 

Ədəbiyyat qəzeti.- 2018.- 14 aprel.- S.13.