Andrey Orlov (Orluşa)
Şair, ssenarist, jurnalist. 1957-ci
ildə Perm vilayətində
doğulub. "Moskovskiy komsomoles" qəzetində, "Stolitsa",
"Krokodil" jurnallarında
işləyib. Daha çox
Orluşa təxəllüsü
ilə tanınır.
Çağdaş rus poeziyasının
ən populyar nümayəndələrindəndir.
Salvador falçısına
cavab
Əlli
üç il
öncə ölüb
gedərəm,
Bir doğum
evində ölləm
Uralda.
Bürünər bədənim çəhrayı
rəngə,
Əllərim yumular gülməli halda.
Həkim
birləşdirər göbəkbağımı,
Ömrümə son qoyar qayçısı onda.
Məni
maqnit kimi çəkər özünə,
Anamın isticə bətni bir anda.
Gedərəm həyatdan bir ayrı yolla,
Keçməyib o yolu bir kimsə
hələ.
Öncə yumaq kimi yumularam mən,
Örtərəm başımı öz ciftim ilə.
Tunelin sonunda işıqlar sönər,
həkimin gözləri,
qapı... qeyb olar.
Axmaq səfilliyin sonu yetişər,
Yenə qoşa ürək birlikdə vurar.
Mən saatbasaat kiçilərəm
hey,
Çalışaram elə geri boy atım.
Necə
yaşadığım çıxar
yadımdan,
Çıxar işıq saçan miskin həyatım.
Şübhənin, mənanın məğzi
bilinməz,
Bir az ölçü
itər, bir az mahiyyət.
Qorxu hüceyrəsi verər yerini,
Qoşa hüceyrələr dirçələr,
əlbət.
Budur, demək olar, onurğam itib,
Dönüb bir balığın fəqərəsinə.
Əlsiz-ayaqsızam artıq... Gülürəm
Doğma
rüşeymin xırda
üzünə!
Üzümün cizgisi bilinməz
artıq,
Bilinməz monqolam, ya yəhudiyəm.
Atamın
belində var-gəl edirəm,
Bütün toxumlara mən yadam, deyən.
Artıq
bölünməzəm və
çəkisizəm,
Atoma dönərəm
bir an içində.
İksli,
iqrekli xromosomam,
Anaya dönərəm ayrı biçimdə.
İynənin ucunda şux bir ölüməm,
Rəbbin kisəsində əsirəm
bu gün.
Düşüb döşəməyə silinərəm də,
İlk canlı
da ollam kainat üçün.
Sizlərin qorxduğu, dua etdiyi,
Həyatın başlanğıc boşluğu
- evim.
Kətanı qaraldan bir kvadratam,
Dəhşət cədvəliyəm Mendeleyevin.
Mən
- Neron, Misima, Kortes, Paskalam,
Mən - kağız
gəmiyəm - atıblar
çaya.
Mən
- astek Tanrısı Ketsalın bütü,
Nyutonun başına
düşən almayam.
Nə xilas dilərəm, nə də mükafat,
Ucalıq istəmir ruhum, görürəm.
Dəyişib ölümlə doğum
qütbünü,
indi mən geriyə ömür sürürəm.
Bu miskin illəri yaşayanlara
Nə deyim mən axı vida çağında?
Bir də doğulacam otuz il sonra,
Hansısa kiçik kənd məzarlığında.
Tərcümə edən: Zahid Sarıtorpaq
Ədəbiyyat qəzeti.- 2018.-
14 aprel.- S.9.