Vera Pavlova

 

Şairə. 1963-cü ildə Moskvada doğulub. Moskvada Qnesinlər adına Musiqi Akademiyasını bitirib. Onlarla şeir kitabının, bir çox opera kantataların liberetto müəllifidir. Əsərləri dünyanın əksər dillərinə tərcümə edilib. İngiltərə, Almaniya, İtaliya, Fransa, Belçika, Ukrayna, Azərbaycan, Özbəkistan, Hollandiya, ABŞ, Yunanıstan İsveçrədə keçirilmiş beynəlxalq poeziya festivallarında iştirak edib. Türkdilli xalqlardan tərcümələr üzrə keçirilən "Ak Torna" adlı beynəlxalq poeziya festivalında münsiflər heyətinə başçılıq edir. 2000-ci ildə Appalon Qriqoriyev mükafatına layiq görülüb.

 

***

 

Çıxartdım gözlərimi hovxurdum onlara,

Sildim ətəyim ilə tərləmiş eynək kimi.

Yerişimlə uzatdım tuflimin dabanını,

Nəvazişli sözlərlə yaxaladım dilimi,

üz tutdum dünyaya. İşıq məni kor etdi

ayaqlarım büdrədi, nitqim tutuldu mənim.

Bu kiçik xoş dünya, elə bil ki, gənc idi,

Həm yad idi, həm qəddar,

                        sərt hər şeyə qənim.

Yad adamla tanışlıq mümkün deyildir qəti,

Özü ki, küçədə. Həm ki, kişi ilə.

İndi yüyür, get evə. Tuflini yeşiyə qoy,

gözlərini qoy duzlu suya, tez elə...

 

 

***

 

Ağzımda bir misra - yatdım.

Ayıldım ki, yoxdu - udmuşam.

Sonra bütün günü sancıdan doğrandım...

 

***

 

Boğulurdum.

Özgənin gözündə

saman çöpündən yapışdım -

İkilikdə batmaq da

bir cür təsəllidi.

Amma öz gözümdə tiri görsəydim,

O zaman

İkimiz üstünə çıxar,

üzüb xilas olardıq...

 

Tərcümə edən: Zahid Sarıtorpaq

 

Ədəbiyyat qəzeti.- 2018.- 14 aprel.- S.9.