Vadim Stepantsov
Şair. 1960-cı
ildə Tula vilayətinin
Uzlovaya şəhərində
doğulub. Tula Mədən Sənayesi İnstitutunu bitirib. Rusiya Yazıçılar Birliyinin
üzvüdür. Əsasən nəğməkar şair
kimi tanınır.
"Bedlam kapella", "Tatu", "Na-na" kimi bir sıra
tanınmış musiqi
qrupları üçün
bəstələnmiş əksər
mahnıların sözlərinin
müəllifidir.
1988-ci ildə yaradılmış "Kurtuaz
ədiblər cəmiyyəti"nin
təsisçisidir.
Ölüm xanım
...İncik bir səfeh kimi otluqda kim
öskürür?
Şehlikdə uzanmağa heç
kimdə həvəs olmaz...
Ay soluxmuş-soluxmuş baxır
gölün üstündən,
Sahildə bir xanım var, çiynində iti dəryaz...
Ağzında metal dişlər parıldayır
sırayla,
Kəlləsində bir topa ağ
saçı var hörük tək.
Kimi gəzirsiz, xanım, kimdi o bədbəxt axı,
O iti dəryazınız, deyin, kimi biçəcək?
Sizlə
görüş diləyən
bir səfehdi o yəqin,
Sinəsi vərəmləyib şehli
otlar içində.
Vurun siz onu, xanım,
biçin dəryazınızla,
Bezdirir gecə boyu, vurun, dincəlim mən də!
Amma niyə siz mənə
o cür pis baxırsınız,
Otluqdakı dostuma, nə oldu, de, bu saat?
De, niyə göy üzündən ötüşdü
qanlı çiskin,
Və hər yeri bürüdü
bu cür dəhşətli fəryad?..
Tərcümə edən: Zahid Sarıtorpaq
Ədəbiyyat qəzeti.- 2018.-
14 aprel.- S.9.