Axşam kefdi

 

Hekayə

 

Xanımıma həsr edirəm

 

1

 

- Bu xəstəlik səni hardan tutdu e ilin-günün bu vaxtında, - əri dedi, - sən axı hələm-hələm xəstələnən deyilsən...

- Heç özüm də bilmirəm, - o, cavab verdi, - yəqin yazdandı.

- Əvvəllər, mən biləni, səndə belə bir şey olmayıb axı? - əri yenə yarısual-yarıtəsdiq tərzdə dedi.

- Hə, olmayıb...

- Bəs nooldu birdən-birə? - əri dedi və bir qədər susub əlavə etdi: - Neçə gündü beləsən?

- Üç gündü, - o, cavab verdi. - Sənə demək istəmirdim, elə bilirdim, öz-özünə keçib gedəcək. Amma indi görürəm ki, hər gün bir az da ağırlaşır.

- Gəl sabah həkimə gedək, məncə, ciddi bir şey deyil, - əri gülümsəyərək ona baxdı. - 10 manat özünə verərik, resepti də uzaq başı 50-60 manat edər də. Pul var, alarıq.

- Bəyəm, sən bizim həkimləri tanımırsan? - o etiraz etdi. - Yadından çıxıb, inişil başımıza nə oyun açdılar? Altı-yeddi analizə göndərdilər, üç-dörd aparata yazdılar, hərəsi də azı 50 manat. Resepti də düz 300 manat tutdu. Hamısı bir yerdə min manata yaxın pulumuz çıxdı, axırda da pul qurtardı deyə, daha gedə bilmədik. Son prosedura da 200 manat istəmişdi, pul tapa bilmədik deyə qaldı. Amma Xavər xanım deyirdi ki, "qızım, bax, sənin də, yoldaşının da mobil nömrənizi götürmüşük, xəstələrimiz bəzən səhlənkarlıq edir, çünki prosedurlardan incinib-bezirlər, gəlmək istəmirlər, amma sən bizim xəstəxanaya ödəniş etmisən və qəbzlərdə mənim qəbuluma gəlməyin qeyd olunub, odur ki, mən buna görə məsuliyyət daşıyıram, sağaltmayanacan səndən əl çəkməyəcəm, daim səninlə əlaqə saxlayacağıq", - deyə o, ağzını əyərək ginekoloqu yamsıladı.

- Əlbəttə, yadımdadır, - əri gülümsədi, - hələ bir polis rəisinin arvadını necə sağaltdığını və rəisin necə razı qaldığını misal da çəkdi.

- Hə, onu bir az da sənə oxşatdı, dedi ki, o da sənin kimi ucaboy və yaraşıqlıymış və hər dəfə arvadıyla gəlir, hər şeylə özü maraqlanırmış. Sən də söz atdın ki, bəs polisin işlərini kim görürmüş? O da söz altında qalmayıb cavab verdi ki, sənin işlərini kim görürsə, o. Sənsə hansi işlə məşğul olduğunu ona demədin, sadəcə, sərbəst qrafikdə işlədiyini söylədin.

- Qaldı maraqdan çatlaya-çatlaya.

- Hə, bir dəfə təkliyə salıb, məndən soruşdu, - o dedi, - yoxsa bağrı çatlayardı. Dedim, jurnalistsən. Qayıtdı ki, amma vəzifəli adama oxşayır.

- Nahaq elə demisən, - əri qımışdı, - elə ona görə də zəng vurmadı. Yaxşı bir vəzifədə işlədiyimi desəydin, gündə üç dəfə zəng edərdi...

Bir qədər susdular. Əri elə bildi ki, o vaxt müalicəsi yarımçıq qalmış və tam sağalmamış xəstəlik yenidən baş qaldırıb, ancaq arvadı bunu açıq deməyə çəkinir. Çünki maddi durumları həkimə uzaqbaşı bir dəfə getməyə, onun yazdığı reseptin birini almağa imkan verirdi. Sonra yenə yarımçıq qoymağa məcbur olacaqdılar. Başqa heç nəyə də gümanları gəlmirdi. Əvvəllər yenə banklar ağır şərtlərlə olsa da, kredit verir, əlimyandıda olanda götürürdülər. Devalvasiyadan sonra bu da yoxdur. Borc, kömək istəyəcək adamları da yox idi, amma olsaydı da, istəyən deyildilər.

- Hər halda, həkimə getmək lazımdır, - əri israr etdi, - bəlkə, yüngül problemdir, heç çox pul lazım olmayacaq. Lazım olsa da, uzaq başı maşını satarıq.

- İndi hər şeyin qiyməti düşüb, o boyda maşını dəyər-dəyməzinə verməyəcəksən ki, - o dedi. - Bir də ki, qorxma, bu odəfəki xəstəlik deyil, o artıq geridə qalıb. Xavər xanım zəng vurmasa da, mən özüm onun çarəsini tapdım. Bu xəstəliyin də nə olduğunu əlamətlərindən təxmini bilirəm.

- O nə xəstəlikdir elə? - bayaqdan kresloda oturub gözlərini kompüterin monitoruna zilləyən əri qeyri-ixtiyari dikəldi.

- Ciddi bir şey deyil, ümmunitet zəifliyi ilə bağlıdır!

- Səndə ki, immunitet, maşallah, əladır. Qışın ortasında dondurma yeyirsən...

- Təkcə immunitetlə bağlı deyil, - dedi. - Bayaq internetdə baxmışam, həm də infeksiya xəstəliyidir. Dərmanlarının adını da yazmışam, həbi də var, məlhəmi də. Bir neçə dərmandı, hansı ucuzdursa, ondan alaq.

- Yaxşı, görək sən də. Özbaşına həkimlik edəcəksən? Gəl gedək həkimə, baxsın, o dərmanların da adını deyərsən, məsləhət bilsə, alarıq.

- Həkim yenə başımıza əvvəlki oyunu açacaq, - o ayağa qalxıb, mətbəxə keçdi. Deyəsən, çaydan qaynayırdı. - Çay gətirim sənə? - mətbəxdən ərinə səsləndi.

- Gətir!

- Sən o iki dərmanı al gətir, - o, əlində fincan mətbəxin qapısından çıxaraq dedi, - üç-dörd gün istifadə eləyim, xeyri olmasa, həkimə gedərik. Qymətləri də, məncə, baha olmamalıdır. İnternetdə rus rublu ilə göstərilmişdi, neçəyə olduğunu tam bilə bilmədim. Amma aralarında keçmiş sovet dərmanları da olmalıdır, onların qiyməti ucuz olur. Sən baxsan, dərhal biləcəksən.

O, hər şeydə ərinə etibar edirdi. Onu hamıdan ağıllı, güclü, bilikli, istedadlı hesab edir, onun razılığı olmadan, onunla məsləhətləşmədən bircə addım atmırdı. Hətta qəti qərar verdiyi şeyləri belə mütləq onunla razılaşdırmalıydı. Ancaq onu razı salmağın yollarını, nəyə razı olub-olmayacağını da bilirdi. Kasıblıqlarına görə başqa qadınlar kimi heç vaxt onu qınamaz, utandırmazdı. Əri özünü suçlayıb, məzəmmət edəndə də ona ürək-dirək verərək deyərdi ki, sən ən yüksək məvacibə, ən böyük mükafatlara layiqsən, ancaq cəmiyyət səni anlayacaq səviyyədə deyil. Ən əsası da onu çox sevir, onun böyük adam olduğuna, bir gün başqalarının da bunu etiraf etmək zorunda qalacağına inanırdı.

İnternetdən bir neçə dərman adı öyrənib yazdılar. Saat artıq doqquzu keçmiş, bayırda hava çoxdan qaralmışdı. Ərinə dedi ki, sabah səhər uşağı məktəbə qoyub qayıdanda apteklərə baxsın. Ancaq arvadının ondan gizlətsə də, ağrı çəkdiyini hiss edən ər buna razılaşmadı və dəmanların dalınca dərhal getməyə qərar verdi. Həyətə çıxıb maşını işə saldı və lazım olan preparatları elə ilk girdiyi aptekdəncə, həm də çox ucuz qiymətə alıb gətirdi.

Həkimsiz müalicə üç-dörd gündən sonra öz müsbət nəticələrini göstərməyə başlayanda onlar sınaqlarının uğurlu nəticəsindən məmnun halda zarafatlaşıb-gülüşərək söhbət edirdilər.

- Elə deyirdin həkimə gedək, - o gülümsəyərək ərinə dedi, - həkimə getsəydik, indi, Allah bilir, başımıza nə oyun açmışdı. Amma üç-dörd manatlıq dərmanla özüm-özümü müalicə edirəm. Əlli cür dərdimiz var, o pulları həkimə verənəcən öz problemlərimizi həll edərik... - o, sözünü kəsib pauza verdi, sonra çəkinə-çəkinə davam etdi. - Qabaqdan yaz gəlir, Muradın keçən ilki ayaqqabıları ayağına gəlmir, Gülərə də yeni əyin-baş almalıyıq, qız uşağıdı...

- Narahat olma, hamısını alacağıq, - əri onu ruhlandırdı.

O bilirdi ki, arvadına ümidverici sözlər söyləməsinin də onun xəstəliyinə müsbət təsiri var və uşaqlarını, ərini yaxşı geyindirməklə yanaşı, özünün də geyinib-kecinməklə arası pis deyil. Ancaq bunu heç vaxt dilinə gətirmirdi. Gərək əri onu buna məcbur edəydi, yəni ondan nə istədiyini xəbər ala, nəsə istədiyini hiss edə və təkrarən, dönə-dönə soruşaydı. Yalnız bundan sonra utana-utana, ürkək-ürkək, sanki etdiyi böyük bir günahı etiraf edirmişcəsinə deyərdi ki, filan şeyim yoxdur, yaxud köhnəlib, filan yerdə filan şey görmüşəm, elə qəşəngdi ki, ya da filankəs özünə filan şey alıb, mən də geyinib baxdım, elə yaxşı yaraşdı ki... Amma mənə filan şeyi al, ya da filan şeyi istəyirəm deməzdi. Bəlkə də, maddi durumları o qədər də yüksək olmadığından, ya da kasıb ailədə böyüdüyündən, uşaqlıqdan belə öyrəşdiyindən idi. Amma arzu və istəkləri tükənməz idi; geyinmək, bəzənmək, gəzmək, görmək, əylənmək, sevinmək, sevmək, sevilmək istəyirdi. Bunları yaxşı bilən əri də onun əslində elə də böyük olmayan istəklərini imkanı daxilində yerinə yetirməyə çalışır və arvadının bundan son dərəcə xoşbəxt olmasından ona da pay düşürdü. Bu dəfə də hiss etdi ki, arvadının uşaqların əyər-əskiyi ilə bağlı söylədikləriylə bərabər, onun özünün də bitib-tükənməyən xırda arzularından birini yerinə yetirməlidir. Çünki həkimə getsəydilər, bir ətək xərci çıxacaq, bəlkə də, hələ borca düşəcəkdi. Amma indi öz səyləri ilə sağalan arvadının kiçik bir arzusunu yerinə yetirməklə həm onu sevindirər, həm müalicəsini sürətləndirirdi. Odur ki, dedi:      

- Həyatım, bəlkə, sənin də istədiyin nəsə var? Qarşıdan yaz gəlir, bəlkə, sənə də təzə bir paltar, ayaqqabı, çanta alaq? Ya da nə bilim, ürəyindən nə keçir?

- H-heç nə istəmirəm, - arvadı ağzını sürüyərək cavab verdi və göz qapaqlarını nazla qaldırıb ona baxdı, yanaqları xəfifcə qızardı. - Hər şeyim var də, nə alacam ki? Elə uşaqlara dediklərimi alsaq bəsdir. Mənim hələ heç nəyə ehtiyacım yoxdur, Allah qoysa, vəziyyətimiz bir az düzələndə alarsan.

- Yox, mən özüm də sənə nəsə almaq istəyirəm. Bilirəm, sürprizdən xoşun gəlir, ancaq mənim qadın geyimindən sənin qədər anlayışım yoxdur. İstəyirəm, tam sağalandan sonra gedək şəhərdə mağazaları gəzək və özünə bir şey seçəsən. Bir halda ki həkimə getmədin, məni xərcə salmadın, mən də sənə ürəyin istəyən şeyi almaq istəyirəm.

O, doğrudan da sürprizlərdən çox xoşlanırdı. Əri evdən çıxıb harasa gedəndə çox zaman "əzizim, gələndə sənə nə alım" desə də, məvacibini alarkən işdən zəng vurub, "həyatım, maaşımı almışam, bir şey istəyirsənmi?" - deyə soruşsa da, heç vaxt heç nə istəmir, ancaq evə gəlib çatanda gözləri onun əlində olurdu. Əgər əri əliboş gəlsəydi, çox  pərt olur və bu pərtliyini heç cür gizlədə bilmirdi. Ancaq belə hallar çox olmazdı, çünki artıq 16 illik evlilikləri ərzində əri onun bir çox xüsusiyyətləri kimi, bu xasiyyətini də yaxşı bilir, bu səbəbdən evə qətiyyən əli ətəyindən uzun qayıtmırdı. Ən azından qışda  tortsuz və yaxud hər hansı yaxşı, maraqlı şirniyyatsız, yayda isə dondurmasız və ya meyvə şirəsiz qapıdan girməzdi. Arabir çiçək, ətir, şərab da olurdu. Bunlar onu çox sevindirir və dərhal həqiqətən nəsə gözlədiyini etiraf edirdi. Hətta "nə bildin dondurma istədiyimi?", "hardan bildin ki, bu gün nəsə içmək istəyirəm?" kimi ritorik suallar da verir, əri də lovğalanaraq, zarafatla "mən hər şeyi bilirəm" cavabını verib, onu öpürdü.

- Yox, hələ imkanımız aşağıdır, - o ciddi görkəm alaraq, həqiqətən heç bir şey istəməyən qadın rolunu oynamağa çalışdı, - mənə sonra alarıq. Bir də ki, nəyəsə ehtiyacım olsa deyərəm də, utanmıram ki?..

Amma əri onun utandığını, utanmasa belə, çəkindiyini bilirdi. Bəs o nədən çəkinirdi? Axı əri onu buna görə heç ürəyində də qınamayacaq, suçlamayacaqdı. Axı özü təklif edirdi. Bəs niyə demirdi, niyə arzusunu, istəyini dilə gətirmək onunçün bu qədər çətin idi? Çətin güzəranlarının fonunda bu arzuları dilə gətirməyi haqsızlıq, insafsızlıq, arsızlıq, abırsızlıqmı sayırdı? Yoxsa uşaqlıqdan anasından, nənəsindən, xalasından, bibisindən belə görmüşdü? Bəlkə, onu gəlin köçürəndə belə öyüd-nəsihət vermişdilər? Bunu müəyyənləşdirmək çətin idi. Arada əri onun bu xasiyyətinin psixoloji səbəblərini araşdırmağa, aşkara çıxarmağa çalışırdı. Bəzən ər-arvad bu haqda danışır, bəzi şeylərə aydınlıq gətirir və razılaşırdılar ki, bundan sonra bir az başqa cür - açıq, səmimi olsunlar. Amma vəziyyət dəyişmirdi. O istəyir, amma istəmədiyini söyləyirdi və eyni zamanda arzusunun yerinə yetrilməsini istəyirdi, olmayanda isə pərt və məyus olurdu.

- Bəlkə, sənə krasovka alaq? - əri qımışaraq ona baxdı. - Qəşəng qırmızı krasovka. Yadımdadır, bir dəfə deyirdin ki, uşaqlıqda həmişə krasovkan olmasını istəmisən, amma heç vaxt olmayıb. İndi onunla geyməyə yaxşı idman paltarın, şalvarların da var. Nə deyirsən?

- Qırmızı ketlərim var də, neynirəm? - o nazlanaraq etiraz etdi, ancaq əri hədəfə vurduğunu anladı.

- Qırmızı olmasın, başqa rəng olsun. Ket ayrı, krasovka ayrı.     

Onlar bu söhbəti nahar zamanı və ondan sonra çay içərək edirdilər. Əri həmişəki kimi yenə elə zalda, havalar istiləşdiyi üçün daha yandırmadıqları qaz sobasının yanında olan kompüter masasının arxasına keçmişdi. O həm işləyir, həm çay içir, həm də arvadıyla söhbət edirdi. Qadın isə həm süfrəni yığışdırıb, qab-qacağı mətbəxə aparır, çay dəmləyib gətirir, həm yemək bişirir, həm də ərinin iş otağı olan zalda digər yır-yığış işləri görür, eyni zamanda, arabir əyləşərək özü də çay içə-içə əriylə danışır, onun suallarını cavablandırırdı.

- Bilirsən, əzizim, - o çəkinə-çəkinə dedi, - mənim son zamanlar dəbə düşən hündürdaban krasovkalar var ha, onlardan xoşum gəlir, ancaq indi istəmirəm, sonra, imkanımız düzələndə alarıq.

- Hündürdaban krasovka? - əri gözlərini kompüterin monitorundan ayrıb, heyrətlə bərəltdi. - Məgər hündürdaban krasovka da olur?

- Hə, mən qızların ayağında görmüşəm, - o, sevincək cavab verdi, - amma çox az adamda var. Yaman xoşuma gəlir, ancaq indi istəmirəm, uşaqların ehtiyaclarını alaq, hələ sənin dərmanlarını da almalıyıq, işıqpulu, qazpulu, supulu ödəməliyik. Maşını texniki baxışdan keçirməlisən, sığorta pulu ödəməlisən, repetitorun aylığının vaxtına da bir şey qalmayıb...

- Bəsdir! - Əri əsəbi tonda onun sözünü kəsdi. - Bunların hamısını bilirəm, amma sən tam sağalan kimi ilk işimiz şəhərə çıxıb, mağazalardan sənə o hüdrüdaban krasovkadan almaq olacaq. Aydındır?!

O, heç nə deməyib ərinə baxdı. Sonra sakitcə gəlib onun qarşısındakı boşalmış çay fincanını götürdü, mətbəxə keçib çay süzdü, fincanı yenidən gətirib ərinin masası üzərinə qoyduqdan sonra, naharda bulaşmış qab-qacağı yumaq üçün mətbəxə qayıtdı.

 

2

 

Bayaqdan neçə mağazaya dəymişdilər, amma onun istədiyi krossovkadan heç yerdə yox idi. Nəhayət, gəlib böyük bir ayaqqabı dükanına çıxdılar. Eni təxminən on, uzunluğu isə iyirmi beş metrə çatan bu mağazada hər cür kişi, qadın, uşaq ayaqqabısı vardı. Keyfiyyət və qiymətlər də əsasən əhalinin kasıb təbəqəsi üçün nəzərdə tutulmuş əvvəlki dükanlara nisbətən bir qədər yüksək idi. Görünür, bura maddi imkanı nisbətən yuxarı olan, amma ölkədə sayları sürətlə azalan orta təbəqəyə hesablanmışdı. Ayaqqabıları şüşədən olan səliqəli vitrinlərə bir neçə  sırada - hər iki divar boyu düzmüş, hər birinin də üzərinə qiymətini yapışdırmışdılar. Bundan başqa, dükanın ortasındakı üç enli sütunun ətrafında da müasir üslubda cəlbedici stellajlar quraşdırılmış, sütunların arasındakı boş yerlərə müştərilərin ayaqqabıları geyib baxarkən oturmaları üçün müxtəlif formalı - dəyirmi, oval və kvadrat şəkilli yumşaq taxtlar qoyulmuşdu. Müştərlilərə o qədər də gözəl, cazibədar, ünsiyyətcil, sərbəst olmayan, əyalət mənşəli qapalı gənc qızlar xidmət göstərirdi. Bu qızların yerinin bura olmadığı (amma hara olduğunu demək də çətindir), bu işdə sanki məcburən, az maaşla və gündə on-on iki saat çalışdıqları hər hallarından bəlliydi. Onları içəri girən müştərilərə mal satmaqdan daha çox, onların zahiri görünüşü, üst-başları, əgər cütlükdürlərsə, münasibətlərinin xarakteri, gözəl və baxımlı qadındırsa, makiyajı, saç düzümü, geyimi maraqlandırırdı. Gözəl çütlük görəndə isə, özlərini itirdiklərindən, verilən suallara belə yuxulu kimi cavab verir, danışıqlarının, əda və davranışlarının yöndəmsiz görünəcəyindən ehtiyat etdiklərindən, daha primitiv təsir bağışlayırdılar.

Onlar ayaqqabılara baxa-baxa sol divar boyu asta-asta irəlilədilər. Mağazanın baş tərəfindəki rəflərə düzülmüş cins materialdan, üzərində gözəl işləmələri olan uzunboğaz çəkmələr diqqəti dərhal çəkirdilər. Ayaqqabıların hündürdabanlıları da vardı, alçaqdabanlıları da. Amma qiymətləri onların nəzərdə tutduğu qiymətdən təxminən iki dəfə baha idi. Bunlar əsl onun istədiyi ayaqqabılar idi, artıq krossovka istəmirdi. Di gəl ki, hazırda bu qiymətə ayaqqabl almaq maddi imkanlarından çox-çox yuxarıydı. O, qəşəng krossovkaları olmasını arzulayanda da, bunu çəkinə-çəkinə ərinə söyləyəndə də, bu gün səhər şəhərə çıxanda da iyirmi, uzağı iyirmi beş manatlıq bir şey almağı düşünmüşdü. Bundan artığına onların kasıb büdcəsi imkan vermirdi. Ümumiyyətlə, son illər onlar evdə heç kəsə, nə ərinə, nə də uşaqlarına bundan bahalı ayaqqabı almamışdılar. Əvvəllər, evliliklərinin ilk illərində, ümumiyyətlə, "tolkuçka" malı deyilən belə şeylərə heç baxmaz, nisbətən bahalı, "brend" mağazalardan mümkün qədər keyfiyyətli şeylər alardılar. Ancaq sonradan iş elə gətirdi ki, əksəriyyət kimi onlar da kasıbladılar və tolkuçkalara, tolkuçka malı satan dükanlara enmək zorunda qaldılar. Bir də ki, son zamanlar, insafən, tolkuçka malları ilə brend sayılan mallar arasında görünüş və keyfiyyət fərqi xeyli azalmışdı. Digər tərəfdən də, artıq kimsə keyfiyyətə önəm vermirdi, təki arada əynində, üst-başında təzə bir şey görünsün ki, həm özü, həm də ətrafdakılar yaşadığına, hələ məhv olmadığına əmin olsun.

Ayaqqabılar çox xoşuna gəlsə də, özünü mümkün qədər tox tutmağa, laqeyd göstərməyə çalışdı. Bunun bir səbəbi də, əlbəttə, ərinin ona həmişə mağazalarda gördüyü şeylərə göyərməməsini tapşırması idi. Çünki bundan istifadə edən satıcılar qiymətdə güzəştə getmir, malın üzərinə qiymət vurmayanlar isə bundan sui-istifadə edərək, necə deyərlər, qiymət oxuyurdular. Ancaq əsas səbəb krossovkaların onların cibinə uyğun olmaması idi. Bunu onun tükü tükdən seçən əri dərhal hiss edib, iki addımlıqda dayanan satıcı qızın eşitməməsi üçün pıçıltıyla soruşdu:

- Xoşuna gəlir?

- Yox, çox bahadır, - o sanki hansısa xəyaldan ayılaraq tez cavab verdi. - Gedək! Başqa yerlərə baxaq.

- Xoşuna gəlirsə, geyin bax, - əri bir qədər ürəksizcəsinə olsa da təkid etdi, - bəlkə də, bir az endirim edərlər, - o inamsızcasına əlavə etdi, çünki malın üzərinə qiymət vurulan yerlərdə çox zaman güzəşt edilmədiyini bilirdi.

- Yox, istəmirəm, gedək, çox bahadır, bizlik deyil.

- Dayan görüm, - əri onun qolundan tutub, üzünü satıcı qıza çevirdi. - Xanım, bu ayaqqabılara endirim edirsiz?

Bayaqdan bəri key-key onlara baxan satıcı bircə kəlməylə "yox" dedi. Halbuki, "bu ayaqqabılardan heç yerdə yoxdur, təkcə bizdədir, çox keyfiyyətlidir, bu qiymətlər onsuz da endirimlidir" və s. bu kimi sözlər söyləyə, gülümsəyə, onlarda müəyyən ovqat yarada, kasıblığı ani da olsa unutdura bilərdi. Amma bunlar heç biri olmadığından əri əsəbiləşdi.

- Bu qiymətə ayaqqabı satırsız, amma heç bir endirim etmirsiz, - o, hirslə ucadan dedi. - Başqa ölkələrdə müştəri cəlb etmək üçün bəzən əlli faiz güzəşt edirlər.

Amma satıcı qız, görünür, heç nə başa düşmədi. Dərsini bilməyən şagird kimi gözlərini döyə-döyə qaldı.

Onlarsa divarın sağ tərəfindəki rəflərə baxa-baxa yavaş-yavaş mağazanı tərk etdilər.

Bundan sonra daha beş-altı mağazaya və ticarət mərkəzinə baş çəksələr də, o heç nə bəyənmədi. Əri bir neçə model seçib, təklif etsə də, xoşlamadı və axırda dedi ki, daha krossovka istəmir. Arvadının fikrinin o cins ayaqqabıların yanında qaldığını görən əri daha bir neçə dəfə həmin mağazaya qayıdıb onları almalarını təkid etsə də, razılaşmadı.

- Yox, istəmirəm, çox bahadır, - o bir daha etiraz etdi, - imkanımıza uyğun deyil, gəl gedək. - Bir az duruxub, əlavə etdi. - Gedək maşın bazarına, evdən çıxanda demişdin ki, motor yağı, filtr, kalotka-filan almalısan.

- Onları sonra da alaram, - əri cavab verdi, - gələn maaşda. Onsuz da maşını çox sürmürəm. Maşındı da neçə vaxdır gözləyir. Qoy bir az da gözləsin, dili yox, ağzı yox, - o, süni tərzdə gülümsədi.

- Yox! - o, sərt tərzdə nöqtəni qoydu. - Gedək!

 

3

 

Maşını Əhmədlidəki doqquzmərtəbəli binalardan birinin qarşısındakı dayanacaqda saxlamışdılar. Gündüzlər sakinlərin çoxusu orda-burda, işdə-gücdə olduqlarından, binanın həyətində seyrəklik olurdu. Burada eyni zamanda, "parkinq" üçün pul ödəməyə də gərək yox idi, üstəlik günortadan sonra adamı yandıran aprel günəşi binanın arxasına keçdiyindən, kölgəlik və sərin idi. Bu isə o demək idi ki, avtomobilin salonu qızmayacaq, maşına oturduqdan sonra bir neçə dəqiqə özlərini geyimli halda buğxanaya girmiş kimi hiss etməyəcəkdilər.

Yüngül meh binanın qarşısındakı on-on beş metr enində asfalt meydançanın maili bağçaya keçdiyi yerdə ucalan nəhəng çinarların yarpaqlarını xışıldadırdı, qaratoyuq yenə haradasa gizlənib səsini başına atmışdı. Onun cəhcəhi binaların arasında əks-səda verərək, daha cingiltili səslənir, bütün dərdləri bir neçə saniyəlik unutduraraq, sinirlərə sakitlik gətirir, adamı şəhərin səs-küyündən, uğultusundan, tozundan, tüstüsündən-hisindən, məişət qayğılardan uzaqlaşdırıb, ancaq yarpaqların beləcə xumar-xumar  sayrışdığı, quşların beləcə arsızcasına zəngulə vurduğu, çeşmələrin şırıldadığı, böcəklərin cırıldaşdığı, nəfəs açan nəm torpaq, ağac, yarpaq, çiçək qoxusunun bir-binə qarışdığı sərin, xam, ibtidai, bakirə bir məkana aparırdı.

Maşına əyləşdilər. Əri açarı kilidə salıb burdu, ancaq starter bir xeyli çəçisə də, mühərrik işə düşmədi. Həmişə dərhal işə düşürdü, buna nə oldu, görəsən? Bir də cəhd elədi, alınmadı. Bir də... Yox! Yadına düşdü ki, "Servis"də mühərriki təmir etdirərkən, dirsəkli valın ötürücüsünün qaytanını elə yerindən qırmışdılar ki, calaşdırmaq da mümkün olmamışdı...

Qırmışdılar deyəndə ki, maşını ustanın yanında qoyub, iş yerinə təcili iclasa getmişdi. Qayıdıb gələndə mühərrik ustası işi qurtarmaq üzərəydi. Hər şeyi yerinə bağlayıb-bərkitdikdən sonra qırıq bir qaytanı görüb soruşmuşdu ki, bu haranındır?

- Mən nə bilim, usta sənsən,  - o cavab vermişdi.

- Mən də bilmirəm, yəqin elə əvvəldən beləymiş, -   iyirmi beş-iyirmi altı yaşlı cavan oğlan demişdi və o da elə əvvəldən belə olduğunu düşünmüşdü.

Amma hər şey bitdikdən sonra maşın işə düşməmişdi.

- Yəqin, hələ klapanlar yerinə yaxşı oturmayıblar, ona görədir, indi elektriki çağıraram işə salarıq, - usta demişdi.

- Bundan sonra elə belə olacaq? - o, narahat və istehzalı tərzdə soruşmuşdu.

- Yox, yavaş-yavaş qaydasına düşəcək, narahat olmayın, - cavan oğlan saymazyana demişdi.

Elektrik deyilən digər cavan oğlan gəlib, bir qədər qurdaladıqdan sonra mühərrik işə düşmüş və sürüb evə gəlmişdi. Ertəsi gün maşın yenə güc-bəla ilə işə düşmüş və bir neçə gün belə davam etdikdən sonra, məcburən yenidən "Servis" deyilən yerə qayıtmışdı. Demişdilər ki, bəs məsələ həmin qaytanı qırılan ötürücüdəndir, gərək onu dəyişəsən. Motorçu ustanı axtarmışdı ki, qaytanın necə qırılmasıyla bağlı ondan izahat istəsin. Axı çeçələ barmaq yoğunluqdakı möhkəm qaytan, özü də alman istehsalı, heç bir güc düşmədən necə qırıla bilərdi? Demişdilər, usta namaz qılmağa gedib. Gözləmiş və cavan oğlan gəlib and-aman eləmişdi ki, o qaytanın necə qırılmasından xəbəri yoxdur. Oğlanın dindar olması, and-qəsəmi qarşısında sanki dili-ağzı bağlanmışdı. Qaytanı servisin müdirinə göstərib, verdiyi "Adil müəllim, axı mühərriki üst tərəfdən açıb, klapanları dəyişməklə bu qaytan necə qırıla bilər? " sualına ikinci ancaq abırsızcasına gülümsəmiş və "nə bilim!" cavabını vermişdi. Bundan sonra servisin mağazasından həmin detalı almaq istəmiş, amma baha - 60 manata olduğundan, həm də qaytanı məhz bu detalı satmaq məqsədilə qırdıqları ağlına gəldiyindən, acıqca almamışdı. Eyni zamanda, yeni ehtiyat hissələri Çin istehsalı olduğu üçün, hamı onların keyfiyyətsiz olduğunu söyləyir, işlənmiş də olsa, orijinal alman malı almağı məsləhət bilirdi.  Servisdəki işlənmiş ehtiyat hissələri satılan və "ölüxana" adlanan mağazada ötürücünü 25 manata desələr də, sonradan məlum olmuşdu ki, "yoxdur". Bundan sonra Əhmədlidəki maşın bazarına üz tutmuş və oradakı bir "ölüxanadan" 30 manata tapıb almışdı. Gətirib yerinə bağlatdırmış və mühərrik yenə əvvəlkitək rahat işə düşərək, bütün qışı normal işləmişdi.

...Amma indi deyirdi ki, kəs başımı, işə düşmərəm. Maşından düşüb, kömək axtarmaq məqsədilə ətrafa boylandı. Təxminən 200 metr aralıda qonşu binanın həyətində qaraja bənzər nəsə, onun qarşısında kapotu qaldırılmış bir neçə avtomobil, avtomobillərin ətrafında bir neçə nəfərin qurdalandığını görüb sevindi. Arvadına bir az aralıda ağacların altındakı skamyada əyləşməyi tapşırıb, ağzını açmış maşınlara və onların dişini qurdalayan adamlara sarı getdi. Avtomobil stamotoloqlarından biri qəhrəmanımızın öz maşını haqqında danışdığı darıxdırıcı hekayəni əlini işdən ayrımadan yarısınacan dinləyib dedi: "Benzin nasosundandır. Qızır. Gözlə soyusun, xoda düşəcək. Vapşe, onu dəyiş, yoxsa başın ağrıyacaq."

Qəhrəmanımızın ağlından maşın ustasının həm də can həkimi olduğu fikri keçdi, ancaq onun sözünə həm inandı, həm də inanmadı, təşəkkür edərək, avtomobilinin və arvadının yanına  qayıtdı.

Ağlına bir fikir gəlmişdi; maşın bazarına piyada getsinlər. Lazım olanları alıb gələnə kimi vaxt keçər, benzin nasosunun ehtirası soyuyar, motoru işə salıb gedərlər evə. Bu fikri piyada gəzməyi heç də yaxşı geyinib-keçinməkdən az xoşlamayan arvadı da bəyəndi, hətta çantasındakı möhürünü çıxarıb rəsmən təsdiqlədi də.

 

 4

 

İndi qalırdı "Əhmədli" metrosunun yanından maşın bazarına qədər olan bir neçə kilometrlik məsafəni hansı marşrutla qət etməyə qərar vermək. Bakıdan Nyu-Yorka birbaşa reys olmadığı kimi, Əhmədlidən maşın bazarına getmək üçün də birbaşa avtobus marşrutu olmadığından, gərək "London - Xalqlar Dostluğu" dumanlı metro albionunda "peresadka" edəydilər. Bu tünlük "Uzundərə" keflərinə batmadığı üçün sakit "Heyvagülü" marşrutunu seçdilər. Həm sağlam, həm maraqlı, həm də sərfəli. Əhmədli kəndinin içindən keçib, getdikləri ünvana çıxacaqdılar. Bu yolu heç vaxt getməmiş, pozğun şəhərin ortasında bakirəliyini hələ də qoruyub saxlayan bu qədim kənddə heç vaxt olmamışdılar. Ancaq istiqaməti bilirdilər və bu hay-küylü, tüstülü, avtobuslu-metrolu, insanların əlli metri piyada getməyə ərindiyi bədbəxt, fərəhsiz meqapolisdə bu da bir yenilik, əyləncə, xoşbəxt macəra idi.

Əhmədli kəndi də öz quruluşuna, əyri-üyrü, dar, nizamsız, daşlı küçələri, hündür hasarları, bir-birinə bitişik alçaq, yastıdam evləri ilə digər Bakı kənd və qəsəbələrindən - İçəri şəhərdən, Bülbülədən, Binədən, Ramanadan, Çermetdən, Xutordan, Yasamaldakı Dağlı məhəlləsindən, Suraxanıdan fərqlənmirdi. Dolanbac küçələrin ortasıyla uzanan və yerə dayaz basdırılmış yoğun borulardan ibarət kanalizasiya xətlərinin üstü bir çox yerdə açıq olduğundan, şırıltıyla üzüaşağı axan çirkab bozumtul suyun üfunəti adamı burnunu tutmağa məcbur edir, qısamüddətli romantik səyahətin dəniz xəstəliyi tutmasını aktivləşdirir, "cib dəsmalını" yüz il əvvəlki "burun dəsmalı" funksiyasına qaytarırdı. Yolların labirinti səyyahları bir ara azdırdığından, qarşılarına çıxan ilk canlı kompasın xidmətindən yararlanmalı oldular. Macəraçıların gözləntisinin tam tərsinə onları yağlı Bakı ləhcəsiylə işıq gələn tərəfə yönəltməli olan kompas, şirin talış şivəsində danışdı. Onun verdiyi uzun müsahibənin yalnız yarısı yadlarında qalsa da, doğru yola çıxa bildilər və bu zaman qocaman tut ağacının altındakı sərin kölgəlikdə sarı və yoğun qaz borusunun üstündə oturub, yerə çatmayan yalın ayaqlarını yellədən başıqırxıq, qarabuğdayı, əlindəki çubuqla torpağı eşələyən təxminən 20 yaşlarında bir kənd cavanı onlara baxıb söz atdı:

- Axşam kefdi...

Qəhrəmanımız duruxdu, ürəyindən bir anlıq bu kənd cavanından nə demək istədiyini, atmacasının nə məna kəsb etdiyini, hansı taktiki-strateji məqsəd güddüyünü soruşmaq istədi. Ancaq növcavana bircə baxış atmaqla onun psixoloji durumunu anlamaq dostumuza çətin olmadı; ona nə dəli, nə də dahi demək mümkün idi, olsa-olsa danəndə demək olardı ki, bu sözü də artıq çoxdan idi ki, heç kəsə demirdilər. Odur ki, Harun-ər-Rəşid rolunu oynayaraq, yoluna davam etdi. Bir neçə addım atdıqdan sonra arvadı yol kənarında oturan danəndənin nə dediyi və ya demək istədiyi ilə maraqlananda, cavab verdi ki, dəlidi, fikir vermə...

Hegel dəliləri üç qismə ayırır: ağıldankəmlər (Blödsinn), kütbeyinlər (Narrheit) və tam ağılsızlar, yəni ipləmələr (Wahnsinn). Bunları da müəyyən kateqoriyalara ayırır və təbii ki, öz ana dilində, hətta ana dili almancadan seçdiyi və terminləşdirdiyi sözlər və ifadələrlə. Tərcümə edəndə istər-istəməz biz də öz dilimizin imkanlarından yararlanaraq, müvafiq terminlər tapmalıyıq. Ancaq alman filosofuna müraciət etmədən də elə buradaca öz dəlilərimiz haqda xırda bir araşdırma apara, bu sahədə zəngin olan leksikonumuzdan istifadə edə  bilərik. Anadan psixi pozuntularla doğulan, bütün ömrü boyu bu əlamətləri daşıyan və ağıldankəm, gic, səy, səmə, gicgici, yelbeyin, parabeyin, kütbeyin, dəlibaş, dəlisov, adlandırdığımız insanlar var. Sonradan həyatın məşəqqətləri, zülmləri, gərginlikləri, sarsıntıları, stresləri nəticəsində ağlını itirərək, yaxud "oynadaraq" "havalanan" cinli, cinləmə, ipləmə, zırrama, sarsaq, axmaq, səfeh yarlığı yapışdırdıqlarımız da var. Ən nəhayət, çox "oxumaqdan", yaxud qocalıqdan ağıldan gedən həmcinslərimizi xəstə, anormal, başdanxarab da adlandırırıq. Hər üç kateqoriyanın arasında "müdriklərə" də rast gəlinir və xoşniyyət-sadəlövh insanlar onları "dahi" hesab edirlər. Əslində dəli hesab olunan bu insanların hərdən söylədikləri ağıllı fikirləri xalqımız "dəlidən doğru xəbər" kimi yozur.

Yol kənarındakı qol-budaqlı çəkil ağacının kölgəsində, içərisiylə mavi yanacaq axan sarı rəngli borunun üzərində yalın ayaqlarını sallayaraq oturan oğlanı gənc olduğu üçün daha çox "özündən yıxılanlara" aid olan üçüncü kateqoriyaya aid eləmək olmazdı. O, ya anadan bu cür doğulmuş, milli ginekologiyamızın maşası sayəsində doğularkən zədə almışdı, ya da Əmir Teymurun Əlincə qalasını ala bilməyən şəhvətpərəst oğlu Miranşah kimi yıxılaraq beyni silkələnmişdi; ancaq atdan yıxılmadığı dəqiq idi, çünki sivilizasiya at minməyi bizə çoxdan tərgitdiyindən, hansısa texniki vasitədən yıxılması ehtimalı daha güclüydü.

Amma maşın bazarına yaxınlaşan ər-arvad bu gəncə o qədər də əhəmiyyət vermədilər, onu dəli hesab etsələr də, nə Hegelin fikirlərini xatırladılar, nə özlərinə əziyyət verib elmi-fəlsəfi təsnifat apardılar, nə onun söylədiyi iki kəlməlik ifadənin "doğru xəbər" ola biləcəyi üzərində baş sındırdılar. Yorulduqları üçün tezliklə maşın bazarına çatıb, lazım olan ehtiyat hissələrini almaqdan və geri qayıtmaqdan başqa onları heç nə düşündürmürdü. Artıq qeyri-şüuri olaraq geriyə "peresadka" eləməli olsalar da, avtobusla qayıtmağı planlaşdırmışdılar.

Əvvəlcə motor yağları, yağ və hava süzgəcləri satılan mağazaya daxil oldular. İçəridə altı-yeddi kişi olduğundan, bu cür durumlara alışmadığı üçün istər-istəməz sıxıldı və qapının ağzında dayandı. Onlar girərkən nə barədəsə qızğın söhbət edən kişilər də, nədənsə susdular. Elə bil, onların da beyinləri avtomobil mühərriki kimi, yağla işləyirdi və hamısının yağı birdən qurtardığı üçün hüceyrələri bir-birinə pərçimlənərək, mövzunu "həp bərabər" unutdular. Görünür, mağazalarında qadın, xüsuilə də, gənc və gözəl qadın görməyə alışmamışdılar. Fəqət, qadınların avtomobil "dəlisinə"  (yenə "dəli") çevrildiyi bir zamanda bu o qədər də inandırıcı deyildi. Nə isə...

Artıq piştaxtanın qarşısında dayanmış əri həm arvadını, həm də beyin hüceyrələrinin yağı qurtarmış yağsatan kişiləri düşdükləri bu naqolay durumdan çıxarmaq üçün onu yanına çağırdı:

- Orda niyə durmusan? - o, arvadına baxaraq dedi, - gəl yanımda dur.

Həmişəki kimi dərhal itaət etdi. Əri bir qab yağ aldı, hava və yağ filtrlərinin qiyməti baha olduğu üçün almadı, hətta etirazını bildirərək, yaxınlıqdakı ehtiyat hissələri mağazasında iki dəfə ucuz olduğunu söylədi. Satıcı "bizdə belədir" deməklə kifayətləndi. Əri adətən iri pullarını saxladığı qoltuq cibindəki bumajnikini çıxarıb, bir yüzlük verdi və bumajnikini qaytarıb yerinə qoydu, satıcı pulu alıb, 25 manat çıxdı və 75 manat qaytardı. Əri də onun qaytardığı əlliliyi, iyirmiliyi və beşliyi alıb, gözəyarı sayaraq, adətən nisbətən xırda pullarını saxladığı şalvarının sağ yan cibinə qoydu və çıxdılar.

Ehtiyat hissələri mağazasından aldığı şeylərin pulunu ödəmək üçün əlini cibinə salıb, pulları çıxaranda gözlərinə inanmadı. Cibindəki bir neçə manatlıqdan başqa 75 manat əvəzinə, 125 manat vardı. Bu necə ola bilərdi? Axı yağ mağazasındakı satıcı pulu qaytaranda dəqiq gördü ki, bir əllilik, bir iyirmilik və bir beşlikdir. Bir anlıq duruxub, arvadına baxdı. Arvadı da qorxub onun gözlərinə baxdı, elə bildi ki, ya yağ mağazasında pulu əskik qaytarıblar, ya da salıb itirib. Ancaq heç nə demədi, əri də heç bir söz demədən pulu ödədi, aldıqları hissələri götürüb, küçəyə çıxdılar.

Səkidəki siqaret kötüklərini o yan-bu yana diyirlədən Bakı küləyi həyəcandan tərləmiş üzlərinə vura-vura avtobus dayanacağına tərəf gedəndə ərindən soruşdu:

- Mağazada nə oldu sənə birdən-birə, rəngin qəfil ağardı? Pulun əskik gəldi?

Əri əvvəlcə ona heç nə demək istəmədi, çünki pulu yağ mağazasına geri qaytarmasını xahiş edə bilərdi. Digər tərəfdən, cibindəki artıq əlli manatın ona məhz yağ satılan mağazada yanlış olaraq qaytarıldığına əmin deyildi, çünki pulu alarkən baxmışdı. Bəs bu pul haradan idi? Tutaq ki, satıcı karıxmışdı, bəs o niyə görməmişdi? Bəs satıcının yanında dayanan nisbətən yaşlı kişi niyə görməmişdi? Axı həm satıcının, həm yanındadkı adamın, həm də onun gözləri eyni anda necə bağlana bilərdi? Bunları arvadına söylədi.

- Bəlkə, qaytarasan? - arvadının ilk sözü bu oldu, - bizə haram pul lazım deyil, onun xeyirini də görmərik.

- Axı bu pulu mənə onun qaytardığına əmin deyiləm, - əri cavab verdi. - Əmin olsam, inan ki, bu dəqiqə aparıb qaytararam.

- Bilirəm. Amma başqa hardan ola bilər ki?

- Bilmirəm, - əri cavab verdi. - Bu pulu mənə onların verdiyinə əmin deyiləm. Bəlkə, bu pul elə mənim öz pulumdur, cibimə nə vaxt qoyduğum yadımdan çıxıb? Yadındadır, bir dəfə də Muradın ad gününü keçirməyə pulumuz yox idi, mənə qəfil Kortasarın kitabına baxmaq lazım oldu və kitabı açanda arasından yüz manat çıxdı?

- Hə, - o, sevincək cavab verdi.

- Bir də ki, onlar heç halal adamlar da deyillər. Görmədin, bu biri mağazadan aldığımız filtrləri mənə ikiqatına sırımaq istəyirdilər...

Hər ikisi fikrə gedib susdular. Artıq dayanacaqda idilər. Avtobus gəldi, ancaq minmədilər. Pulu qaytarıb-qaytarmamağa qərar verə bilmirdilər. Birdən əri dedi:

- Bayaq mağazada əlli manata gördüyümüz cins ayaqqabılar yadındadır?

- Əlbəttə, - o, gülümsədi.

- Çox gözəl idilər, eləmi?

- Hə.

- Onların sənin olmasını çox istəyirsən, eləmi?

Dinməyib, məzlum-məzlum ərinə baxdı.

- Mən də çox istəyirdim ki, onları sənə alaq, - əri dedi. - Sadəcə, o küt satıcı qıza əsəbiləşdim... Amma əsəbiləşməyimin əsas səbəbi o zavallı, qapalı qız deyildi.

- Bəs nə idi?

- Cibimdəki pulun azlığı. Sən də o ayaqqabılardan buna görə imtina etdin. Maşına lazım olanları almağımız üçün arzunu boğdun, sevinə bilmədin.

- ...

- Yağa və ehtiyat hissələrinə bilirsən cəmi nə qədər xərcimiz çıxdı? - əri soruşdu.

- Nə qədər?

- Cəmi əlli manat xərclədik. Amma o əlli manat yenə mənim cibimdədir. Sənin xoşladığın ayaqqabıların qiyməti də düz əlli manatdır. Bu, təsadüf ola bilməz...

- Bilmirəm, - o dedi və sağ gözündən bir damla yaş çıxaraq, yanağıyla üzü aşağı diyirləndi...         

 

5

 

Dəlinin havalı proqnozu özünü həqiqətən doğrultmuşdu. Axşam kef idi. Onlar süfrə arxasında oturub, qırmızı şərab içir, tort və meyvə yeyə-yeyə bir-birinə baxır, onlara söz atan oğlanı xatırlayır, günün digər təəssüratlarını bölüşərək gülüb-danışır, zarafatlaşır, gördüklərini, bir-birini və öz-özlərini lağa qoyub gülür, hərdən də divarın dibindəki bir cüt qəşəng mavi, üzərində incə işləmələri olan ayaqqabılara baxırdılar...

 

31 mart 2018

 

Nadir QOCABƏYLİ

 

Ədəbiyyat qəzeti.- 2018.- 14 aprel.- S.18-20.