Koko Şanel, Kristian
Dior, Versace... Və Qrenuy –
Həyatımıza gözəllik
verən, rəng qatan ətirlərdən danışanda ilk
ağlımıza gələn güllər, çiçəklər,
müxtəlif bitkilər olur. Çünki ən gözəl
ətirləri bizə bəxş edən onlardır... Təbiətin
insana hədiyyə etdiyi bu gözəl ərməğandan
danışırıqsa, ilk yadımıza düşən hansı
əsər olur? Əlbəttə ki, Patrik Züskindin
"Ətriyyatçı" romanı. Adı
"Ətriyyatçı" olan roman başlanğıcda
oxucunu üfunətlə qarşılayır. Fikirləşirsən:
əcəba, ətir, ətriyyatçı hara, bu iyrənc mənzərələr
hara? Bu nə "sürpriz" idi belə?
"Ətir - nəfsin
qardaşıdır"- deyir yazıçı. Gəlin, "nəfsimizin
qardaşı" haqda Patrik Züskindin yazdığı
romanın əvvəlinə nəzər salaq əvvəlcə.
Üfunətlə başlayan həyat...
17 iyul 1738-ci ildə dünyaya gəlir Jan-Batist Qrenuy. Şəhər
üfunət içərisində idi həmin vaxt. İsti də bir tərəfdən camaatı girinc
eləmişdi. Qrenuyun anasının
sancıları başlasa da, o, balıq piştaxtasının
arxasında durub vedrədən çıxardığı
balıqları təmizləməklə məşğul idi.
Səhər Sena çayından tutulmuş
balığın iylənməsinə baxmayaraq, Qrenuyun
anası bunun fərqində deyildi. Çünki
onun iybilmə qabiliyyəti itmişdi. İndi onun bir istəyi
vardı: Qarnında yaranmış sancı bitsin və
doğuş tez başa çatsın. Beş
qarın uşaq doğan qadının bütün
doğuşları balıq piştaxtasının arxasında
keçmişdi. Bütün
uşaqları yarımcan, ölü doğulan qadının
bu uşağı belə doğulmadı amma.
Həmin tarixdə dünyaya gələn
uşağın taleyi ovaxtkı fransalı uşaqlardan fərqli
olmasa da, o, fiziki və psixoloji cəhətdən fərqli idi. Natəmiz,
üfunətli məkanda doğulan Qrenuy qoxubilmə qabiliyyətinə
görə çox fərqlənirdi, hətta bu cəhətdən
xüsusi istedada malik idi. Belə ki, o, nəinki
bütün qoxuları bir-birindən ayırırdı, hətta
kilometrlərlə uzaqda belə o qoxuları hiss edirdi.
Amma... Özünün qoxusunun olmadığını anlayan
gün o qatilə çevrilir...
Uşaq kimi qoxmayan Qrenuy
O
dövrün Fransasında kəndlər, küçələr,
yollar çirkab, üfunət içindəydi. Belə şəraitdə
dünyaya gələn Qrenuyun anası əvvəlki
uşaqlarını öldürdüyü üçün edam edilir. Uşaq başqa bir
qadına verilir. Süd anasının diqqətini
çəkən cəhət uşağın digər
körpələrə bənzəməməsi idi. Yeni dünyaya gələn uşağın insan kimi
qoxmamasını görən süd anası bir şeytan
olduğunu düşünərək onu pul
qarşılığında keşişə verməyi
düşünür. Normal uşaq kimi qoxmayan Qrenuy həyata
gülümsəyir…
Keşiş də körpənin normal
olmadığını söyləyərək qadının
təklifini rədd edir. Lənətlənmiş uşağı
başından rədd etmək istəyən süd ana
çarəni başqa qadında tapır və
uşağı ona verir. Körpəni verərkən
üstündə pul da ödəyir və böyük bir
yükdən xilas olur. Qrenuy, madam
Qayyarın evində böyüməli olur. Evdəkilərin
diqqət göstərmədiyi uşaq sevgisiz şəkildə
həyata addım atırdı...
Qrenuy, qeyri-adi istedad sahibi idi. Bu istedadın
insanları öldürə biləcək hala çatması
hər kəsi qorxutmağa başlamışdı. Yetkinlik çağına gələn Qrenuy dəri
dükanında çalışaraq onu sevməyən ailəsinin
gözünə girmək istəyirdi. Onun
böyük xəyalı ətriyyat dükanı açmaq
idi. Qoxular mövzusunda adı dillərdə
gəzən Qrenuyu Fransanın öndə gələn ətriyyatçısı
dəriçidən satın alaraq yanında işlətməyə
başlayır. Burada çalışan
Qrenuy müdirinə gözəl qoxular hazırlayıb təqdim
edərək qısa zamanda işləri yoluna qoyur. Beləcə işləri düzələn müdir
daha yaxşı pullar qazanır.
Qrenuyun
yalnız bir amalı vardı: xüsusi güclərə sahib bir insan
ətiri hazırlamaq. Əvvəllər bunun necə
hazırlanacağını bilməsə də, illər keçdikcə
özünün qeyri-sağlam hisslərinin əsirinə
çevrilir Qrenuy. Bu məqsədlə Qras şəhərinə gəlir
və qurbanlarını burda tələyə salır. Fransanın Aralıq dənizi sahillərində yerləşən
kiçik şəhər olan Qras XIX əsrdən
parfümeriya paytaxtı kimi məşhurlaşıb. Qrenuy da ətriyyat sənətinin sirlərinə yiyələnmək
üçün məhz bu şəhərə üz tutur.
Ümumiyyətlə, bu şəhərdə məktəb
keçməyən insanın yaxşı ətriyyatçı
kimi formalaşmasının çətin olduğu deyilir...
İnsan ətiri...
Oxucu, Qrenuyu gözəllik aşiqi hesab etsə də, əsərin
süjeti, baş verən hadisələr bunun yanlış
düşüncə olduğunu göstərir. Onu gözəllik
maraqlandırmırdı. O, gözəlliyə,
vücuda ətri üstündə olduğu müddətdə
dəyər verirdi. Normal insan kimi şəhvani hissləri
olmayan qəhrəman başqalarını ağılsız
hesab edirdi: "Onlar o qədər ağılsızdırlar
ki, burunlarından ancaq asqırmaq üçün istifadə edirlər.
Ona görə də deyirlər ki, bu
qızın gözəlliyinə, zərafətinə heyran
olublar." İstədiyi qoxunu əldə
etmək üçün ətir hazırlamaq sevdasına
düşən Qrenuy Qrasda 24 ən gözəl yeniyetmə
qızı qətlə yetirir. İstədiyi
qoxunu alması üçün bir qız qalır ki, o da
şəhərin ən gözəl qızı Laura olur.
Atası Lauranı nə qədər qorusa da,
Qrenuydan xilas edə bilmir. Nəhayət,
Qrenuy məqsədinə nail olur. O, 25 qızın
qoxusundan ətir düzəldir. Ətir hazır olduqdan sonra
qatil tapılır və onu edam
kürsüsünə çıxarırlar. Qrenuy
özü də doğulan gün ağlayıb səs-küy
yaratmış və anasının övlad qatili
olmasının üstünün açılmasına səbəb
olmuşdu. Yeniyetmə qızların bədənindən
ətir hazırlamaq fikrinə düşən Qrenuyu oxucu
mazoxist hesab edə bilər. Sadizm
işartıları, manyakal xüsusiyyətlər onu elə
bir istəyə sövq edir ki, əsəri həyəcansız
oxumaq olmur.
O, yeniyetmə
və gözəl qızların ətirlərini xüsusi
üsullarla hazırladığı maddələr vasitəsilə
kətan parçaya hopdurub ondan ətir hazırlayır. Həmin
ətir iyirmi beş yeniyetmə və
gözəl qızın faciəli ölümünə səbəb
olur... Ətri hazırlamaqda məqsəd isə insanlarda şəhvani hisslər
oyatmaq idi. Nə qədər paradoksal olsa da,
Qrenuy ədəbiyyatda "parfümer" - ətriyyatçı
kimi qala bilir. Çünki bu cür manyak
qatili ikinci dəfə heç bir yazıçı yarada
bilmir. Təbii, plagiatlıq ola bilərdi,
oxucu bir daha ikinci Qrenuy haqda oxumaq istəməzdi. Və
ideyanın müəllifinə - yazıçıya
qarşı da haqsızlıq ola bilərdi.
Patrik Züskind "Ətriyyatçı"
vasitəsilə bir yeniliyə imza atdı və yeniyetmə
qızların bədənindən ətir hazırlamaq
ideyasının müəllifini - Qrenuyu yaradaraq ətrin nə
demək olduğunu anlatdı. İyrənc, dəhşətli
şəkildə olsa belə...
Nəfsin qardaşı - ətir
Paris deyiləndə ilk ağıla gələn həm də
ətir olur.
Koko Şanel, Kristian Dior, Versace və başqa dünyaca məşhur
modelyerlər yetişdirən Fransa kimi ölkədə,
fransız ətirlərinin qərinələrdir, əsrdən
çoxdur dominantlıq etdiyi dövrlərdə birdən-birə
Qrenuy kimi düşüncə sahibinin meydana
çıxmasına nə səbəb ola bilərdi ki? Bəlkə
yazıçı, gül-çiçəkdən və digər
bitkilərdən ətir hazırlamağın asan olduğunu
düşünüb və diqqəti başqa məcraya
yönəldib?! Axı Paris piştaxta altında
doğulan manyak birinin tərənnüm edəcəyi ölkə
deyildi... Elə parfümlər, gözəlliklər
diyarının bu cür iyrənc mənzərələrlə
təsvirinə başlamasından yazıçının
diqqəti başqa səmtə yönəldəcəyi məlum
olur. Kim bilir, bəlkə də bu qədər natəmizlik,
çirkab olmasaydı, heç bu gözəl ətirləri,
qoxuları icad etməyə də ehtiyac olmazdı?..
"Ətir
- nəfsin qardaşıdır" - deyən Patrik
Züskindin "Ətriyyatçı"sı "nəfsinin
qardaşı"nın qurbanına
çevrilir. O, hazırladığı ətrin
şüşəsini əlində tutub gedir: "Ətir
şüşəsi demək olar ki, dolu idi... O, istəyirdi
ki, Parisdə on min deyil, yüz minlərlə insanı ona
valeh olmağa məcbur etsin. Və ya Versala gəzməyə
gedərdi ki, kral onun ayaqlarını öpsün. Papaya ətirlənmiş
məktub göndərə və hamının
qarşısında yeni Məsih kimi peyda ola bilərdi;
kralları və imperatorları onu Notr-Damda ən böyük padşah
elan etməyə, ümumiyyətlə, Allahı padşah kimi
taxta çıxarmaq olarsa, onu yerdə Allah elan etməyə məcbur
edə bilərdi… İstəsəydi, o,
bunların hamısını edə bilərdi. Bunun üçün o, hakimiyyətə malik idi və
həmin hakimiyyəti əlində tutmuşdu. Bu hakimiyyət pulun, terrorun və ölümün
hakimiyyətindən daha güclü idi. Bu,
insanlarda məhəbbət yaratmaq hakimiyyəti idi. Və
bu hakimiyyət ona yalnız bir şeyi verə bilməzdi:
şəxsi bədəninin qoxusunu. Və qoy o, həmin ətir
sayəsində bütün dünyanın
qarşısında Allah kimi dursun - bir halda ki, o, özü
qoxuya bilmir, buna görə də heç vaxt kim
olduğunu bilməyəcək; onda ona heç nə lazım
deyil - nə bütün dünya, nə özü, nə də
öz ətiri."
Yazıçı, Qrenuyu çox soyuqqanlı təsvir edir. İnsanları qətlə yetirməsi, onların ölümünə səbəb olması onu qətiyyən narahat etmir. Həmişə arzusunda olduğu məqsədə - insanların sevgisini qazanmaq arzusuna çatdıqda isə o, bundan əndişələnir. İnsanların bu möcüzəvi iksirin köməyilə onu sevmək məcburiyyəti qarşısında qalması Qrenuya xoşbəxtlik yox, bədbəxtlik gətirir. Yaxınlığında dünyaya göz açdığı cəhənnəm qoxulu "Günahsızlar qəbiristanlığı"na gəlir və burada insanlara olan ikrahından onlar tərəfindən məhv edilməsinə səbəb olur. Bu, onun öz əməllərinə özünün qiymət verməsi, bəraət almaq, öz ölümünə şərait yaratmaq cəhdi idi. Həmin ətrin təsiri ilə məhəbbət onların gözünü tutur və vəhşi ehtiraslarına məğlub olaraq Qrenuyu parça-parça edib yeyirlər. Patrik Züskind bununla kütlənin sevdiyi qəhrəmanların əksərinin sevginin qurbanına çevrildiyini deyir…
Xuraman
HÜSEYNZADƏ
Ədəbiyyat qəzeti.- 2018.- 14
aprel.- S.23.