“Ədəbiyyat qəzeti”nin yeni layihəsi

"Həftənin rəngi"

 

Yunanlar ictimai rəyi "Doxa" adlandırırdılar. Fəlsəfi lüğətdə "ictimai rəy" - şəxslərin fikrində "insanlar nə düşünür?" düşüncəsindən formalaşan nəsnə kimi xarakterizə edilir. Dolaşıq tərif oldu deyəsən. Hər halda, istəsə də, istəməsə də bəzən şəxsi mövqeyi, hadisələrə münasibətilə seçilən şəxslərin özü belə "Palaza bürün, el ilə sürün" kütləvi psixoloji durumuna mübtəla ola bilir.

Platon fəlsəfi gəlişmələrində düşünməyi - çox düşünməyi beyin üçün lazımlı məşq hesab edirdi. Çünki şəxslərin özlərilə təkbətək qaldıqda düşüncələrə dalmaması gələcəkdə kütlənin bir hissəsinə çevrilmə şansını artırmış olur. Çox düşünən insan isə özünü dərk edir. Həm də insan özünü dərk etdikcə dünya mənzərəsinin reallığını qəbul edərək utopik, xəyalpərəst düşüncələrdən uzaqlaşaraq nəhayətində göylərdən yerə enir. Aydın beyinlə real mənzərə üzərində baxışını cəm edə bilir.

Sosiumun konkret hadisələr, şəxslər haqqında seriotipləri, qəlibləşmiş düşüncəsi mövcuddur ki, məhz bu yazılmamış formulun tələbatına uyğun gəlməyən hər şey - hərəkətlər, şəxslər, xəbərlər və s. "cəmiyyət məhkəməsi" tərəfindən mühakimə edilir.

Gündəmdə məsələlər olur ki, biz bunu sosial şəbəkə obyektivindən baxdıqda daha aydın və qabarıq görmüş oluruq, şəxslər həmin məsələlərə münasibət bildirməyi sanki öhdəçilik olaraq qəbullanırlar. Gündəmi zəbt edən mövzular düşünən, düşünməyən - hər kəsin beynindən uzun yol qət edərək (ya da qısa) xəbər xronikasına yansımış olur. Bunun nə qədər müsbət və ya mənfi hal olduğunu müzakirə ələyindən keçirməyəcəyik. Amma həftənin mənzərəsinə diqqət yetirməklə ədəbiyyat insanının düşüncəsində nələrin olmasını, sosial şəbəkələrdə aktiv olan ədəbi səhifələrin, elektron ədəbiyyat saytlarının paylaşımlarını, informativliyini diqqətimizdən keçirəcəyik.

Bacardığım qədər ötən həftənin mənzərəsinə nəzər salaraq həftənin rəngini, əhvalını müəyyən etməyə çalışacağam.

 

İki aprel tarixindən doqquz aprelə qədər olan məsafə müddətində nəzərləri öz üzərinə cəm edən (feysbuk sosial şəbəkəsində) qırmızı hərflərlə diqqətimizi çəkən "belə-belə işlər" səhifəsidir ki, yenə də öz ənənəvi  (sözün yaxşı mənasında) ampluasındadır.

Qeyd edim ki, səhifə qısa müddət ərzində geniş auditoriyanı ətrafına toplaya bilib. Ən informativ, ən aktiv səhifə kimi kulis arxasında çalışan bütün heyəti təbrik etməyə dəyər. Hər gün dünya və Azərbaycan ədəbiyyatı, incəsənəti, teatrı, kino və musiqi tarixində önəmli rolu olmuş şəxslərin, hadisələrin maraqlı paylaşımlarını verərək milyonları məlumatlandırmış olur. Aktiv istifadəçilər isə milyonu keçən baxış sayı ilə yaradıcı heyəti belə deyək - mükafatlandırır. Adətən mən belə diqqəti, auditoriyanı əcnəbi sayt və ədəbiyyat forumlarında, portallarda görmüş olurdum. Demək ki, yaradıcı şəxslərin vahid maraqlar ətrafında toplaşması  əla nəticə verə bilir. Hazırlanan dolğun süjetlər, çarxlar abidələrin, tarixi şəxsiyyətlərin, müəmmalı taleli insanların - bəstəkarların, xeyriyyəçilərin, ziyalıların, siravi müəllimlərin yaşam xronologiyasını canlandıraraq maraq yarada bilir. Bu işə ancaq sevinmək və kollektivi alqışlamaq olar.

Feysbuk sosial şəbəkəsində son zamanlar aktivləşən səhifələrdən biri də "Kitabıstan" səhifəsidir ki, orada da təkrar deyil, yeni ədəbi məlumatlarla bilgilərimizi artırırırıq. Bu səhifəni informativ səhifə adlandırmaq yerinə düşər. Səhifə ilə yaxından tanış olduqda zövqlü kitab oxusuna malik şəxslərin səhifə istifadəçiləri olmasını sezirik. Bu, təqdirəlayiq haldır. "Kitab onluğu" başlığı altında tanınmış şəxslərin kitab oxusuna diqqət çəkən səhifə, həm də bizdə "Nə oxuduğunu söylə, kim olduğunu deyim" düşüncəsini formalaşdırır. Üzdə olan teleaparıcıların, ədiblərin sevimli onluğu ilə tanış olmaqla onların dünya görüşü haqqında müfəssəl məlumat almış oluruq. Ümumiyyətlə, gətirilən sitatlar, aktiv oxucu çevrəsi səhifəni maraqlı səhifələr sırasına əlavə edib.

İndi keçək ədəbiyyat saytlarına. Ədəbiyyat saytları arasında passiv olsa da, müəyyən rəqabəti sezmək mümkündür. Əslində, normal rəqabət inkişafa aparan hadisədir ki, düşünürəm zamanla ədəbiyyat saytlarının sayı xəbər saytlarının sayı qədər artaraq ədəbiyyata xidmət vəzifəsinin öhtəsindən layiqincə gələcək. Əlbəttə, "Ədəbiyyat qəzeti"mizin elektron saytına nəzər yetirməklə, baxış sayına diqqət kəsilməklə oxucu auditoriyamızın nə qədər olmasını müəyyən edə bilərik. Qəzet satışından əlavə, materialı qəzetdən oxumaq imkanı olmayan ədəbiyyatsevərlər saytın vasitəsilə məqalələri elektron variantdan oxuya bilirlər. Həmçinin, gündəlik hadisələrə, ədəbi sferada baş verən olaylara, kitab çapına diqqət ayıran sayt əməkdaşları operativ mövqe sərgiləyərək yeni nəşrlərlə, ədəbiyyat xəbərlərilə bizi məlumatlandırmış olurlar.

Bir müddət dinamikliyi ilə, layihələri ilə diqqət çəkən "Manera.az" saytı zənnimcə, son zamanlar bir az sükuta dalıb. Saytı açdıqda boyat ədəbi materialların saytda qalmasını sezirik. Bu isə hərəkətsiz, sükunət, darıxqan ab-havanı oxuculara ötürür. Ümid edirəm ki, yaxın zamanlarda sayt əvvəlki dinamikliyinə qayıdacaq.

Ötən həftə "Kulis" saytı öz yeddi yaşını qeyd etmişdi. Çoxlarının birmənalı qarşılamadığı saytın aktiv istifadəçisi olmasam da, ara-sıra partlayış effektinə bənzəyən başlıqları ilə yolumu bu saytdan da salmış oluram.

Həftə həm də bir çox kitabların çapdan çıxması ilə yadda qaldı.

Yazıçı Kamran Nəzirlinin hekayələr kitabı Türkiyədə çap edilərək oxucuların ixtiyarına verildi.  Həmçinin, Vahid Qazinin "Çöl Qala" romanı İsveçdə nəşr olundu. Qeyd edim ki, bu, İsveç dilində nəşr olunan sayca üçüncü Azərbaycan romanıdır. İndiyədək 1973-cü ildə Qurban Səidin "Əli və Nino", 2000-ci ildə Çingiz Abdullayevin "Qaranlıq simfoniyası" bu dildə çap olunmuşdu. Həmçinin, Qurban Yaquboğlunun roman və esselər toplusu olan "Mən yoxam" kitabı işıq üzü görərək oxucuları sevindirdi. Bişkekdə Mir Cəlal Paşayev haqqında qırğız və rus dillərində çap olunan kitab oxuculara təqdim olundu. Gənc şair Tural Adışirin də "Barmaqda üzük yeri" adlı ilk şeirlər kitabıyla oxucularını salamlamış oldu. Qeyd edim ki, şeirlər toplusu "XXI əsrin əvvəllərində Şəki ədəbi mühiti" seriyasından çap edilib.

Həftəni Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanı əsasında səhnəyə qoyulmuş iki hissəli tarixi dram əsəriylə - "Qətibə İnanc" tamaşası ilə rəngləmək mümkün idi. Əfsus ki, zövq almaq ümidilə tamaşaya yollansam da rəngsiz, cansıxıcı ovqatda tamaşadan ayrılmış oldum.

2017-ci ilin 14 dekabrında ilk dəfə səhnəyə qoyulan bu tamaşa monoton çalarlar, hadisəsizlik, sükunəti ilə diqqət çəkdi. Əsəri yeni səhnə versiyasında hazırlayan Çingiz Ələsgərli nə yazıq ki, bu boşluğu bir il ərzində hiss etməyib. Çünki hiss etsəydi, əsəri yenidən işləyə bilərdi. Onu monotonluqdan xilas edə bilərdi.

İki hissəli tamaşanın birinci hissəsi, ümumiyyətlə, lazımsız, yorucu, uzun-uzadı dialoqlarla əhatələnmişdi. Qeyd edim ki, Məmməd Səid Ordubadi əgər bu əsəri sırf səhnə üçün işləmiş olsaydı, onu daha çox lokanizm ilə, məzmun, informasiya, hadisə sıxlığı ilə qələmə almış olardı. Yəni romanı səhnə variantında hazırlayanlar bunu mütləq nəzərə almalıydılar. Dizayn, obrazların rəngli, müxtəlif biçimli libaslarına söz ola bilməzdi. Musiqi tərtibatı da öz yerində idi.

Məncə, Qətibə İnanc obrazının öhdəsindən xalq artisti Bəsti Cəfərova da layiqincə gəlməmişdi. Ya ola bilər ki, monotonluq onun belə sönük, həvəssiz olaraq  işinə yanaşmasına səbəb olmuşdu. Hər boşluqda kobud səslə çağırılan kəniz, qulluqçu və yaxud ananın övladına dəfələrlə "Mənə ana yox, Mələykə de" fikirləri ümumiyyətlə, yersiz və təkrar görünürdü.

Çox heyif ki, illər öncə eyni teatr salonunda Kamal Abdullanın "Şah və şair" tamaşasından aldığım zövqü, kefi bu dəfə ala bilmədim. Bu isə bir daha sübut edir ki, artıq səhnəyə XXI əsrin düşüncəsinə, tələbatına, əhvalına uyğun olan əsərlər qoyulmalıdır.  Ya da tarixi roman işləmələrində aktual bölümlər seçilərək növbəti əlavələrlə, dinamiklik nəzərə alınaraq səhnələşdirilməlidir.

Düşünürəm ki, arxada qoyduğumuz həftədə bir çox olayların şahidi olsaq da, həftə xüsusi rəng ilə seçilmədi. Ümid edirəm ki, gələn həftə daha rəngli ədəbiyyat, incəsənət hadisələrinin şahidi olacayıq.

 

Günel EYVAZLI

 

Ədəbiyyat qəzeti.- 2018.- 14 aprel.- S.26.