Bağışla, can ana

 

Dünyasını dəyişən anda övladlarından biri

yanında olmayan anam Züleyxanın əziz xatirəsinə

 

Köçüb bir dünyam, yoxdur,

gölüm var, sonam yoxdur.

Virandır atam evi,

içində anam yoxdur.

 

Son dəfə üzünü görə bilmədim,

son dəfə əlindən öpə bilmədim,

ağladım, sızladım, ölə bilmədim,

bağışla, can ana, bağışla məni.

 

Bu qədər yaxınmış ölüm, bilmədim,

sonam, anlamadım, gülüm, bilmədim,

ayağın altında ölüm, bilmədim,

bağışla, can ana, bağışla məni.

 

Görüb ətrafında yurddaşlarını,

gözün gəzib məni, qardaşlarımı...

Saxlaya bilmirəm göz yaşlarımı,

bağışla, can ana, bağışla məni.

 

səsim çatmayır, ünüm sənə,

o dünya vardısa, qoy dönüm sənə.

dua, qurbandır hər günüm sənə,

bağışla, can ana, bağışla məni.

 

Yuxuma girirsən - görünüm, gəlim,

hardasan, can ana, sürünüm, gəlim?!

Hay ver, kəfənimə bürünüm, gəlim,

bağışla, can ana, bağışla məni.

 

Gəlib o yerləri gəzirəm sənsiz,

boğur qəhər məni, dözürəm sənsiz.

O ata yurdundan bezirəm sənsiz,

bağışla, can ana, bağışla məni.

 

Ruhunmu bağlayan məni o kəndə,

xəyalən bu yolu gedirəm gündə?

Bir ana sevgisi uyuyur məndə,

bağışla, can ana, bağışla məni.

 

Hərdən elə bil ki, lap yanımdasan,

burda, yaşadığım ünvanımdasan.

Sənin varlığınla barışmaq asan,

bağışla, can ana, bağışla məni.

 

Daşlaşmış şəklinin soyuq baxışı

axıdır gözümdən bir yaz yağışı.

Sən ey geri dönməz səadət quşu,

bağışla, can ana, bağışla məni.

 

İndi məzarındır müqəddəs yerim,

o soyuq daşları qucar əllərim.

Allahmı kərimdir, ya sənmi kərim?

bağışla, can ana, bağışla məni,

bağışla, bağışla, bağışla məni!

 

Yaxşılar

 

Dünya elə yaranışdan yaxşıdır,

yaxşı səma, yaxşı Günəş, yaxşı Ay.

Ömrümüzün, bəxtimizin naxşıdır

yaxşı bir gün, yaxşı həftə, yaxşı ay.

 

Xoş günlərin carçısıdır, əl eylər,

dağda-daşda cığır salar, yol eylər.

Nemət adlı ruzisini bol eylər

yaxşı payız, yaxşı bahar, yaxşı yay.

 

Bardan qalar onsuz bostan, bağ, zəmi,

elimizin, obamızın zəmzəmi.

İsti gündə təşnəmizin məlhəmi

yaxşı bulaq, yaxşı kəhriz, yaxşı çay.

 

Bir dəmət tut bağından gül dərilsə,

sözdən yarat, ömür qəsrin hörülsə.

Müdirklikdir, təmannasız verilsə

yaxşı bəxşiş, yaxşı sovqat, yaxşı pay.

 

Ay Fəxrəddin, ötüşdükcə ruzigar,

hər arzudan, kaş doğa bir xoş qərar.

yaxşı ki, hələ vardı yaxşılar,

yaxşıların yaxşısını yaxşı say!

 

Abşeron bağlarında

 

Açılır könlüm, gözüm

Abşeron bağlarında.

Cənnətdir çölün düzü

Abşeron bağlarında.

 

Bu yerlərin ad-sanı,

qara şanı, şanı

gəzər bağı, bağçanı

Abşeron bağlarında.

 

Əncil, qaysı, badamı,

yoldan saxlar adamı.

Dad xar tutun dadını

Abşeron bağlarında.

 

Tağda pomidor-xiyar

göz oxşayar qış-bahar.

Çiyələyi et nübar.

Abşeron bağlarında.

 

Əskik olmaz heç zaman,

üstündə zəfəran.

Gəl, sən et nuşi-can,

Abşeron bağlarında.

 

Elə ki, başlar yazı,

isti keçər gündüzü.

Gülər Günəşin üzü,

Abşeron bağlarında.

 

Qumlu çimərlikləri

dəf eyləyər dərdləri.

Üz, qucaqla Xəzəri,

Abşeron bağlarında.

 

Özü bir gözəl məkan,

insanları mehriban.

Göstər sən ehtiram,

Abşeron bağlarında.

 

Hər yerdə ədəb, hörmət,

çox burda həmsöhbət.

Ən gözəl istirahət

Abşeron bağlarında,

Abşeron bağlarında.

 

Yaxşı kişilərə

 

Yaxşı kişilərlə dostluq edin.

 

                                       (Məhəmməd peyğəmbər (s.a a.s.)

 

Bütün ölçülərin başında durar

haqqı əzəmətlə ölçülən kişi.

Gözündən od yağar, çöhrəsindən nur

yüz kişi içində seçilən kişi.

 

Yox bir əməlində naqislik, eyib,

hamıya dost deyib, qardaş söyləyib.

mənsəb, dövlət onu əyməyib

kişilik boyuna biçilən kişi.

 

Bir halal insandır, zatı pak, nəcib,

daim məclis qurub, süfrə bəzəyib.

Hələ dodağına içki dəyməyib

gündə sağlığına içilən kişi.

 

Bir "dağ aşırsa" da, bir "sağ ol" bəsi,

bəşərin səxavət mücəssəməsi,

Çətində hamının ərki, kimsəsi,

yolunda canından keçilən kişi.

 

Yaxşılıq bənzərsiz sınaq, imtahan,

Tanrı hamımıza yetirsin məqam.

Yaxşılar ucalsın, artsın hər zaman,

çox aramızda kiçilən kişi.

 

Ən şirin arzunun özü xoş savaş,

bu da bir istəkdi söylədim, qardaş.

Bu sayaq müqəddəs yol seçəydi kaş

özünü ər sayan, nər bilən kişi!

 

Türküz, türkü oxuyuruz

 

Aşıq Veysələ

Ruhu şad olsun.

 

Qoy dinləsin aləm bizi,

türküz, türkü oxuyuruz.

Qorxudamaz ələm bizi,

türküz, türkü oxuyuruz.

 

Məskən saldıq dağda, düzdə,

bir səs gəzdi köçümüzdə.

O səs daim içimizdə,

Türküz, türkü oxuyuruz.

 

O bizim yol yoldaşımız,

o bizim can sirdaşımız,

o bizim qan yaddaşımız,

türküz, türkü oxuyuruz.

 

Türkmən, tatar, qazax, qırğız,

başqırd, kərkük, qıpçaq, oğuz.

Bir rəngdədir bayrağımız,

türküz, türkü oxuyuruz.

 

O səs Boz Qurdun səsidi,

o səs həyat nəfəsidi,

o səs millət şərqisidi,

türküz, türkü oxuyuruz.

 

İzn ver, ey Allahımız,

xoş açılsın sabahımız.

Sən duamız, pənahımız,

türküz, türkü oxuyuruz.

 

Lənkəran

 

Yaşıl dona bürünübdü bu şəhər,

yaraşıqdır başdan-başa yolları.

Bu şəhərin ətrafını bəzəyər

ətir saçan narıngi, çay kolları.

 

Tanrı verib hər nemətin bu yurda,

torpaq münbit, meşə zəngin, çay gözəl.

Bu diyarın bənzəri yox heç harda,

qış mülayim, yaz ətirli, yay gözəl.

 

Arzuları çiçək açan Lənkəran,

ömrümüzə işıq saçan Lənkəran.

Hüsnü təravətli, gözəl Lənkəran,

nazlı, səxavətli, gözəl Lənkəran.

 

Dağ başında zümrüd gözlü Xanbulan

bir töhfədir bu torpağa Tanrıdan.

İnsanları zəhmətsevər, mehriban,

igidləri şücaətli, qəhrəman.

 

Bir tərəfin mavi Xəzər, Lənkəran,

bir yanını dağlar bəzər, Lənkəran.

Gəlib baxan salar nəzər, Lənkəran,

sevgin ürəklərdə gəzər, Lənkəran.

 

Şəhər demə, şəhərlərin gözəli,

gül çöhrədə qara xaldır Lənkəran.

Kərpic-kərpic ucaldıqca evləri,

sanırsan ki, Tac-mahaldır  Lənkəran.

 

Epitafiya

 

Tanrı heç bir valideyni övlad itkisi ilə sınağa çəkməsin

 

vaxt yada düşürsən

gözüm yaşla dolur, hey.

Qəhər sıxır sinəmi,

qəmli çöhrəm solur, hey.

 

Mənim cismim sərgərdan,

sənin ruhun, bilirəm.

Qəbrin üstə gəlirəm,

ürək kabab olur, hey.

 

Dərdinmidir yandıran,

qəbrinmidir yandıran?

Bircə yol hay versənə,

ay belimi sındıran.

 

Ağlamaqdan doymuram,

ağrımaqdan doymuram.

Xəyalən bu cür səni

gözümdən gen qoymuram.

 

Çəkir məni dalınca

bu ələmin nəşəsi.

Boğazımı qurudur

yoxluğunun təşnəsi.

 

Göz yaşım məlhəm kimi

islatdıqca üzümü.

Yalançı toxtaqlıqla

aldadıram özümü.

 

Doğru sözmüş, deyirlər -

fani dünya puç imiş.

Sənsiz həyat iztirab,

Sənsiz ömrüm heç imiş.

 

Kaman ustadı

 

Bənzərsiz kaman ustası

Habil Əliyevi dinləyərkən

 

Habil ifasının çalarları çox,

bu bir sənət sehri, muğam səsidir.

Çünki bu tək kaman iniltisi yox,

ustad dühasının möcüzəsidir.

 

Dinlə, qoy xəyalən aparsın səni

duyğu aləminə, ruh dünyasına.

Burda köhnələr təptəzə, yeni,

qulaq as Habilin şah ifasına.

 

Gör, necə insantək danışır kaman,

sanki dərd ovudan sirdaş axtarır.

Sızlayır, ağlayır,alışır kaman,

özünə həmfikir, qardaş axtarır.

 

Gözəl musiqi ,söz belədir,

kədərdən yoğrulur, qəmdən yaranır.

Bircə yol ifası dinlənsə,bəsdir,

Habilə minlərlə həmdəm yaranır.

 

Sən ey böyük ustad, yaradan Habil,

taleyin bəxşişdir Tanrıdan, Habil.

"Ginnes kitabı" yox, "Lövhi -Aləmə"

yazılsın, qoy adın doğrudan, Habil.

 

Fəxrəddin Ziya

 

Ədəbiyyat qəzeti.- 2018.- 14 aprel.- S.27.