Qızılbaş divannaməsi

 

"Divannamə" ənənəsinin izi ilə

 

Şərqin Qədim dövr şeir şəkillərindən olan "Divannamə"lər mərifəti və əxlaq prinsipləri barədə təəssüflər olsun ki, tədqiqi filoloji fikir tariximizdə heç bir elmi araşdırmalara təsadüf etmək mümkün deyil. Halbuki, bu şeir şəklinin inkişaf tarixinə dair Şeyx Mürtəza Ənsari, Molla Sədra, Molla Yəhya və Molla Feyzulla Badi - Kubeyi kimi təsəvvüf və irfan alimləri müxtəlif mərifətlər ənənəsinin tərənnüm səlahiyyətlərinin mündəricə prinsiplərinə rəğmən elmi araşdırmalarla problemin ilk tədqiqatçılarından hesab edilirlər. 

Doğulub boya-başa çatdığım  ata ocağının yaxınlığında bir əmanət məzar var.Özümün özümə aid olduğum vaxtlardan etibarən bu məzarla zikr və dualarla "söhbət etməyə" vaxt tapa bildiyim üçün şükranlıqla əmanət qəbrində olduğu çağlara xatir bu divannaməni həmin məzardan Ərdəbilə aparılanadək bizim ellərlə və evlərlə bahəm "sakinliyinə" xatir Şah İsmayıl Xətainin atası Şeyx Heydərin ruhuna hədiyyə etdim.

Təəssüflər olsun ki, "Divannamə" şeir şəklinin və ümumilikdə divannamələr ənənəsinin Azərbaycan filoloji fikir tarixində təşəkkülü və  inkişaf mərhələləri barədə heç bir nəzəri - elmi tədqiqi istiqamətdən araşdırmalara təsadüf edə bilmədik. Qədim mənbələrə istinadən belə nəticəyə gəlmək olar ki, bu şeir şəkli hələ islamiyyətə qədərki "Hələbiyyə" şeir bazarı  mədəniyyətinin ilk çağlarından bəlli faktorallığına görə artıq uzun bir tarixi yol keçə bilmişdir. Belə ki, Azərbaycan filoloji fikir tarixində çox təəssüflər olsun ki  "Şeir bazarı" anlayışı tarixən təşəkkül və inkişaf istiqamətləri baxımından sistemli şəkildə tədqiq edilməmişdir. Məhz bu boşluğun döyülməmiş qapılarını döymək babətindən  "namələr" ənənəsinə  "qızılbaş" epoxasının mərifət  "pəncərəsi"ndən baxılmasına rəvac verməyi məqbul bildik. Bu divannamənin məzmun təfərrüatlarında bir sıra mətləb incəliklərinə aydınlıq gətirməyi zəruri hesab edirik. Belə ki, mətn təfərrüatında adı keçən tarixi şəxsiyyətlərdən Mirzə Səid Bərəkə Əmir Teymur epoxasında imtiyaz və nüfuz sahibi, Şeyx Qəhqani isə böyük irfan alimi (təsəvvüf tarixinin mühüm əxlaq və mərifət gizlinlərini lədnanilərə təqdim etmədiyinə görə Qüdsdə övladları və həyat yoldaşı edam edilməklə, özü tonqalda yandırılmışdı) olmaqla təsəvvüf tarixinin ən böyük alimlərindən biri olmuşdur.

 

Qızılbaş divannaməsi

 

Qızılbaş əzmindəki

Son söz idi "Çərəkə".

Belə zikr eyləmişdi

Mirzə Səid Bərəkə.

 

Qüdsün qunut dərsiydi

Səfiyyədin Şeyx özü.

Qəhqaninin alovda

Gülümsünürkən gözü.

 

İki oğul  "dağının"

Zikri salavat idi.

Ruhunda qanad açan

Fikri salamat idi.

 

Alov alanda cismin

İnsan necə gülərmiş?!

Qorxurmuş ki ağlasa

Ulduzlar tökülərmiş.

 

Edam kürsüsündəki

Ana qeyrət qalası -

Bətnində yol gəlirdi

Körpə oğul balası.

 

Reyhaniyyə ləçəyi -

Qəhqaniyə bükülü.

Külək də şahə qalxdı

Alov apardı külü.

 

Cəhdi aciz deyildi

Qılınc çalanda topa.

At da duydu təkbiri

Dördnala çapa - çapa.

 

Çox da qəviydi düşmən -

Ölüm behişt yoluydu.

Təkbirə ayaq tutan

Atın ipək yalıydı.

 

Pusquda güc azalıb,

Qılıncda ovxar hanı?

Cəddinə səslənirdi

Axdıqca qızıl qanı.

 

Lələnin sağ qalmağa

Dəyərdimi həyatı?

Son dəfə baxıb Şaha

Ölümə çapdı atı.

 

Nə hacət var deməyə -

Arxada Təbriz, Gilan.

Məğlubiyyət bəllidi -

Daha nə top, nə filan.

 

Lədnani hiyləsiydi

"Çaldıran"da bu savaş.

Bunu bəlli bilirdi,

Qorçu, əsgər, halavaş.

 

Ərdəbilin pirində

Namaz qəzaya qaldı.

Qardaş olan yağılar

Özünə qılınc çaldı.

 

... Qızılbaş əzmindəki

Son söz idi çərəkə.

 

Şöhrət Qaraoğlu

 

Ədəbiyyat qəzeti.- 2018.- 14 aprel.- S.29.