"Qanun" nəşriyyatı ötən il görkəmli Ukrayna yazıçısı Pavel Zaqrebelnının "Roksolana" romanını "Möhtəşəm Süleymanın Hürrəmi Roksolana" adı altında çapdan buraxıb. Romanda XVI əsrdə Ukraynadan qovulan, sonralar İstanbul bazarında qul kimi satılan ukraynalı qız Anastasiya Lisovskayanın həyatından bəhs olunur. Osmanlı imperiyasının əzəmətli sultanlarından olan Sultan Süleymanın həyat yoldaşı olmuş bu qadın Roksolana adı ilə tarixə düşmüş, dövrünün siyasi həyatında mühüm rol oynamışdır.

Azərbaycan dilində Gülafət Davudova çevirməsilə işıq üzü görən romandan bir parçanı təqdim edirik.

 

DƏNİZ

 

Onu qara adlandırdılar: ya taleyinin qaranlığından, ya qara qəlblərin orada məskunlaşmasından, ya da əməllərinin qaranlığından - adı Qara dəniz idi.

Qəzəbli dalğalar türk gəmisinin gəlişinə şahə qalxmadı, dəniz sakit idi, külək hər gün günəş batandan sonra başlayar, bütün gecəni sahildən əsib, dənizin üzünü yüngülcə qarışdırar, səhərə yaxın isə suya, havaya ölü bir sükut çökərdi və yalnız günortadan sonra dənizdən sərin meh əsərək, günəşin arxasınca yönələr, sanki onu təqib edərdi, axşam isə günəşlə bərabər ölərdi.

Əsrlərdən bəri biri qurudan, o biri dənizdən əsən bu iki külək beləcə yarışardı - suların üstü ilə uzağa, lap uzağa əsib, sonsuzluğa qarışardılar.

Gəmi sahildə gizlənərək, sanki slavyan çaylarının suyu ilə dolmuş bu dibi görünməyən, sehrli, keçilməz, şeytanın özü kimi qara olan Qara dənizə çıxmağa ürək eləmirdi…

Üç yelkən - biri qırmızı, ikisi yaşıl - hava ilə dolmuşdu. İyirmi altı oturacağın hərəsindən dörd-dörd oturmuş belinəcən çılpaq, başları dibindən qırxılmış, əlləri qandallı, gəminin dibi boyu burulan yoğun zəncirlərlə bağlanmış avarçəkənlər gəmini irəli aparırdılar.

Nə özünü dikəltmək, nə yerini dəyişmək mümkün idi. Oturduqları yerdəcə yeyib-yatırdılar. Dalğalar döyəcləyir, günəş yandırır, külək bədənlərini didir, tər gözlərini yandırırdı. Aralıda başında hündür çalma, əynində ipək xalat olan hərəmağası əlində qamçı ora-bura qaçır, yağlı sinəsini əsdirərək ağzı köpüklənə-köpüklənə var səsi ilə avarçəkənlərə bağırırdı. Avarçəkənlər onsuz da son gücləri ilə avarları sulara çırparaq, sanki suları lənətləyirmişlər kimi, dərindən və acıqla "Hı-hık! Rı-rık! Hı-hık! Rı-rık!" səsləri çıxara-çıxara gəmini irəli aparırdılar.

Gəminin arxa tərəfində günəşdən və pis havadan qorunmaq üçün göy zolaqlı, Misir kətanından çəkilən talvarda qoca Sinam ağa yorğun nəzərlərlə bir-birinə zəncirlə bağlanmış, dəmir xaltada olan bir-birindən gözəl, gənc, qaradərili qadınları süzürdü. Görəsən, qoca Sinam ağanın onlara baxanda çəkdiyi əzablar, yoxsa, bu gənc qadınların boyunlarına zəncir dolamağa məcbur olduğuna görə keçirdiyi iztirablar daha böyük idi? Onların hamısı oğurlanmış və əsir alınmışdı. İçərilərindən iki nəfər südəmər uşağından ayrılmışdı. Bunların hamısı qul bazarında satılmışdı...

Gəmi sahildən getdikcə uzaqlaşaraq cənuba, Anadolunun mübarək torpaqlarına, Bosfora, müqəddəs İstanbula yön alırdı. Burada bu "gənc gəlmələr"i hərəmxanalar gözləyirdi. Bir şairin dediyi kimi: "Tez-tez arvadını dəyiş ki, səninçün bahar uzansın. Təzə ilə köhnə təqvim yaramır". Hətta qoca Sinam ağanın da yorğun gözləri bu gənc bədənlərə baxanda dincəlir, rahatlıq tapırdı.

Möminlərin onlara baxmağının günah olduğunu bilsə də, Sinam ağa bir şeylə özünə təskinlik verirdi ki, Allah buyurur "Mən insanları zəif yaratdım" və bu da Sinam ağanın çox karına gəlirdi. Guya ki, Sinam ağa bunları gəmiyə ona görə götürüb ki, gözlərini dincəltsin? O onları İstanbula - Bədistandakı qul bazarına satmağa aparır. Orada Ay işığında bədənləri daha da görünən, saçları qızılı rəngdə olan qullar daha baha qiymətə gedir.

On beş yaşlı, ağ bədənli, ipə-sapa yatmayıb yeri-göyü yandıran, güləyən, heç nəyi vecinə almayan, yerində qaynayan bu gözəli Allah bütün qüdrəti ilə yaratmışdı.

Qızı digər bədbəxt rəfiqələri kimi, dəmir boyunduruğa salmamışdılar, gəmiyə də bağlamamışdılar, o, bədəni ilə də işıq saçmırdı. Bədəni zərifliyini itirməsin deyə, onu ipək-qumaşa bükmüşdülər. Ona xüsusi qulluq edilirdi. Xədim qədim Misir reseptləri ilə hazırlanmış qarışıqla onun dərisini masaj edir, saçlarını ətirlə darayırdı. Qız da şıltaq-şıltaq gah onun qolları arasına yıxılır, gah da əynindəki qumaşlara bükülərək, gəminin lap kənarında dayanırdı, sanki özünü bu saat suya atıb boğacaqdı.

Yazıq Sinam ağa da nə edəcəyini bilməyərək, gah ayaqlarını yerə döyəcləyir, gah da var səsi ilə hərəmağasına bağırır, ona yerin-göyün ən dəhşətli qarğışlarını yağdırırdı. Bunlar azmış kimi, qız Sinam ağanı lap özündən çıxarmaq üçün düz bortun yanında atılıb-düşür, rəqs edir, mahnı oxuyurdu.

- Nastasiya! Ürəyimizi qoparma! Düş! - deyə əsirlər inildəyirdilər.

Onda, qızılı saçlı qız elə bir kədərli səslə mahnı oxumağa başlayırdı ki, Sinam ağa da sözlərini başa düşməsə belə təsirlənib, başını qırış-qırış olmuş nazik boynuna əyir, Allah qarşısındakı günahlarını yadına salmağa başlayırdı.

Dağlar gəlib lap dənizin içinə girir, ehtiyatla suyun üzərinə qalxırdı.  Dəniz qaranlıq dərələrə, çayların enli axarlarına, dağın döşündəki cəngəllik və meşələrə baxırdı. Sonra uzun müddət sahil boyunca bulanıq çayların minilliklər ərzində yaratdıqları, qədim yunanların qoyunun qızıl dərisini axtardıqları (yunan əsatirində) yastı düzənlik davam edirdi.

Gəminin ağır yolu Anadolunun yumru təpələrdən, qumsallıqlardan və otlaqlardan sonra gələn, başı az qala göylərə dəyən dağlarına dirənirdi. Torpağın dar zolaqlarında atlar otlayır, dənli bitkilər bitir. Sonra dağlar - kəskin qayalıqlar dənizə yaxınlaşırdı...

...Sanki qorxulu uşaq nağıllarında olduğu kimi, dağlarla üfüqün birləşən yerində parlayan sarı işıqdan toxunmuş bir ilan dənizin üstü ilə sürünür, sonra burularaq göyə qalxır, yuxarı uçur, şara oxşar başı ilə göyün yarısını tutur və acgözlüklə, tələsə-tələsə dənizdən işığı sümürürdü. Bu sonsuz ilan bədəni qıc olmuş kimi, işıq selindən titrəyir, başı isə qıpqırmızı alov saçırdı. Dənizin üzərinə ağır-ağır qaranlıq çökürdü. Sular get-gedə qapqara qaralırdı və yalnız haradansa sürünüb gəlmiş cəsarətsiz yaşılımtıl-mavi bir dalğa görünmək istəyəndə qaranlıq o saat onu suda batırır və həmin andaca dəniz qapqara qaralır, sanki qara qana çevrilirdi.

Qaranlığın düşməsi ilə tufanın qopması bir vaxtda oldu. Sinam ağanı və onun əlaltılarını qorxu bürüdü. Bir-birinə zəncirlə bağlanmış qullar da vahimə içində idilər. Təkcə avarçəkənlərin səslərindəki qəzəb, elə bil, sevinclə əvəz olunmuşdu. Qızılı saçlı Nastasiya ətrafa cəsarətlə göz gəzdirib, bu müddət ərzində, bəlkə də, ilk dəfə düşündü ki, elə indicə özünü dənizə atsın və bu əzablardan əbədi qurtarsm. Çünki bəzən əzab çəkməkdənsə, elə birdəfəlik boğulub ölmək yaxşıdır. Kaş ki, o bilsəydi hansı yaxşıdır! Heç olmasa bilsəydi ki, sular onun canın alandan sonra sakitləşəcək və bu dəniz də özü boyda kədərdən heç olmasa bircə zərrə kənara ata biləcək, onda ölməyə dəyərdi.

Tufan elə güclənirdi ki, sanki dəniz öz dərinliyinə baş vurub, oradakı bütün suları şahə qaldırmaq istəyir, hayqırıb kişnəyirdi.

"Görərsən, - Sinam ağa dodaqaltı deyindi, - bayaqdan tərpənməz saydığın dağlar da indi bulud kimi üstümüzə gələcək..."

Gəminin yelkənləri çoxdan qopmuşdu. Əsirlərin kəsdikləri dor ağacları dəmir zəncirlərlə bağlandıqlarından, qaça bilməyənlərin üzərinə düşüb onları əzirdi.

Hər şey yox olur, əbədi ölürdü. Sanki şeytanın qaldırdığı bu küləkdən əmələ gəlmiş dağlar boyda dalğaların qarşısında dünya da ağlını itirirdi, yalnız haradansa gələn inilti-hıçqırıq, əzab saçan səslər bu gurultunun, səs-küyün içindən nazik ip kimi keçirdi, bəlkə də onların içərisində ayrıca seçilən səs on beş yaşlı Nastasiyanın, daha sonra onun əsir yoldaşlarının, bədənləri yanmış o qadınların, hərəm ağalarının, avar çəkənlərin, lap elə Sinam ağanın özünün səsi idi, bir də ki, bunun nə fərqi vardı axı, onların hamısı insan idi, baxmayaraq ki, hamısı eyni dərəcədə mərhəmətli, eyni dərəcədə ləyaqətli deyildi (hamı ölümdən qurtarmaq üçün çarpışır və burada onlar ölümə məhkum ikən gəmini heç nə xilas edə bilmirdi), nə Sinam ağanın duaları, nə açarçının, anbardarın hiddəti, nə əsirlərin göz yaşı, nə qızılı saçlı qızın cəsurluğu, nə Allahın özü... Ancaq haradansa şikayət dolu bir səs eşidilirdi, bu, Nastasiyanın qəlbindən qopan iniltili səs idi, onu hamı eşidirdi, bütün gəmi boyu yayılan bu səs ölümün belə qulağına çatırdı. Bu səs gəmini qoynuna alıb aparır, hələ günəşin tam batmadığı, ancaq dənizin daha amansızlıqla çırpıldığı yerlərə aparırdı.

...Sinam ağa da Qurandan oxuyurdu: "Şərq də, Qərb də, hamısı Allaha məxsusdur". Gəmi bütün gecə qapqara sahillərə yan ala-ala gedirdi. Səhər günəşi sahil boyu uzanan isğların dərin şırımlarını yavaş-yavaş işıqlandırır, yaşıl təpələr suyu əhatəyə alırdı. Sinam ağa ilə onun nökəri sevincdən qışqırdılar: "Boğaziçi! Boğaziçi!"

Dar boğazdan keçib, dənizin enli hissəsinə çıxanda, gəminin xilas olmasına sevinən, sanki ona köməyə gələn bir sürü varlıq o saat gəmini dövrəyə aldı. Belləri və üzləri qara, qarınları ağ varlıqlar şappıltı ilə mil kimi dalğaların üstünə tullanaraq, dərinliyə baş vurub, sonra suyun üzündə görünür, sanki içlərindəki bu ilahi sevinci sağ qalan insanlarla bölüşürmüşlər kimi atılıb-düşürdülər, onların şən səsləri sanki ilahi bir mahnı sədaları kimi gəmidə eşidilirdi.

Qızılı saçlı qız gəminin qabaq hissəsinə doğru atıldı, sonra gəminin gah sağ böyrünə, gah da sol böyrünə tərəf qaçdı, əllərini bir-birinə vuraraq, nə isə şən-şən qışqırdı, sonra bu gözəl varlıqlara mahnı oxudu, hətta delfinlərdən ehtiyatlanmayan sudanlı hərəm ağası belə narahatlıqla Sinam ağaya tərəf boylandı. Sinam ağa dərdli-dərdli köksünü ötürüb, əli ilə işarə etdi ki, hərəm ağası uzunlüləli tüfəngi ona versin.

Güllə bərk gurultu ilə açıldı, adama elə gəldi ki, bu səsdən ağbəniz qız dənizə düşdü, ancaq qız əynindəki yad ölkələrdən gətirilmiş ipək-qumaşları xışıldada-xışıldada gəminin burun hissəsindən asılmışdı, sanki Bosforun dalğalarına toxunurdu. Güllə dəyən delfin dərinliyə doğru getdi, dostları insanlar kimi, o saat onu xilas etmək üçün dərinliyə cumdular. Ancaq ona necə kömək etsinlər? Onlar sürətlə gəmiyə tərəf üzdükləri kimi, eləcə də sürətlə ondan uzaqlaşmağa başladılar. Ancaq ölümə təslim olmaq istəməyən bu varlıq ölümlə mübarizə aparır, bir neçə dəfə özünü göstərib, arxası istə düşdü, bədəni gəminin taxta böyrünə sıxıldı. Avarçəkənlər avarları endirdilər ki, delfinə ilişməsinlər, ondan aralansınlar. Delfinin qanından sularda qırmızı zolaq yaran - Delfin dalğalarla bərabər üzə bilmirdi, gah belini, gah da əzabla başını qaldırırdı. Bu məqamda görünürdü ki, onda nə isə insani bir şey var... İnsan kimi ölürdü. Köməksiz, əzabla, ağır-ağır... Bir dəfə də qalxmağa cəhd elədi, qarnı suda parıldadı, sonra çevrildi və ağır-ağır suların qaranlıq dərinliyində yox oldu, sanki bütün köməksizləri, günəşdən yanıb kül olmuş, dəriləri qocalmış, ağac qabığı kimi yanıb çatlamış, başı qırxıq avarçıları da əsir qadınları da, on beş yaşlı bu qızılı saçlı, Sinam ağanın böyük pullara satacağı, ürəyində hələ də "Istəmirəm! Istəmirəm!" deyərək sakit, yalnız özünün eşidə biləcəyi bir səslə qışqıran, gözləri yaşlı halda dəhşətlə dənizin dərinliyinə baxan qızı da oraya, o dərinliyə səsləyirdi...

Qız dolmuş gözlərini o gözəl varlığın əbədi olaraq itdiyi sulardan çəkib, yaşıl sahillərə, gəminin üstündə dövrə vuran quşlara, əzəmətli qalanın daşlarına, gəminin açdığı cığıra, sərhədi ayıran qalın, dəmir zəncirlərə baxırdı.

Avar çəkənlər uzun, daş kimi ağır avarları yavaş-yavaş, tələsmədən endirirdilər. Gəmi artıq avarsız üzürdü, sürətini artıraraq, sanki doğma sahilləri hiss etmək bacarığını nümayiş etdirir, doğma vətəninə, şəhərinə, evinə sadiq olduğunu göstərməyə tələsirdi. Bəs o? O, burada nə edirdi? Doğma evindən çox-çox uzaqlarda… nəyə görə… Nəyə görə, Nastasiya, Nastasiya? Özündən soruşurdu, adını çəkə-çəkə, anasının, tatusunu onu çağırdığı kimi. "Niyə? Niyə?" - deyə özgə göylər, özgə ağaclar, özgə quşlar, özgə sular - hamısı ümidsiz halda soruşurdu. "Niyə, Nastasiya? Niyə, Nastasiya?"

O öz adını burada, dənizin üzərində sonuncu dəfə eşidirdi, əks halda, bu dənizdə əbədi olaraq batmalı idi.

…Beləliklə, adını Qara dəniz qoydular…

 

Pavel Zaqrebelnı

 

Tərcümə edən: Gülafət Davudova

 

Ədəbiyyat qəzeti.- 2018.- 14 aprel.- S.30.