Daha "...bir nəzər"
Səhv nəzərləri sərf-nəzər
etmə vaxtı
Əvvəli ötən
saylarımızda
Mədhiyyə və məddahlıq
Mədhiyyəçiliyin meydana
çıxmasının və coşqun inkişafının
xronoloji çərçivələri VI əsrdən XII əsrin
sonlarına qədərki dövrü, ərazi
hüdudları isə erkən dövrlərdə Ərəb
yarımadasını, sonradan bütün Ərəb Xilafətini
əhatə etmişdir. Mədhin kompozisiyası qədim qəsidə
ənənələrindən əxz olunub. Cahiliyyə dövrü ərəb şairləri
saray etiketinin tələbi ilə qəsidə üzərində
dəyişikliklər aparmış, mədh hissəsini
genişləndirmiş, xahiş və umacaqlarını ifadə
etmək üçün ona xüsusi bir hissə əlavə
etmişlər. Bu isə artıq peşəkar
mədhiyyəçiliyin formalaşdığına dəlalət
edir. Yaradıcılığın bu muzdlu
növü şairlərdən əvvəlki qədər səmimiyyət
tələb etməsə də, əvvəlkindən qat-qat
artıq dərəcədə ifadə ustalığı tələb
edirdi. Erkən, İslamaqədərki
kiçik ərəb dövlətlərinə aid saraylarda
Nabiğə əz-Zübyani, Meymun əl-Əşə, əl-Hütaya
kimi tanınmış məddahlar fəaliyyət göstərirdilər.
İslamın yaranması ilə klassik ərəb
şeirinin qızıl dövrü başlayır. O
vaxta qədər ərəb şairləri tayfa təfəkkürü
ilə yaşayıb-yaradırdılar, tayfalar isə müxtəlif
bütlərə sitayiş edir, müxtəlif əxlaqi və
mənəvi-estetik dəyərlər
daşıyırdılar. İslamın gəlişindən
sonra vəziyyət bütünlüklə dəyişir.
Vahid dini
ideologiyanın yaranması, onun əsaslarının,
təməl prinsip və qaydalarının əvvəlcə
yerli əhali, sonra isə müsəlmanlığı qəbul
etmiş digər ölkələrin sakinləri tərəfindən
mənimsənilməsi zərurəti ərəb
poeziyasının yeni vektor üzərinə keçməsini,
funksional dəyişikliyə uğrayıb, didaktik-öyrədici
və dini-təbliğat qayəsinə yiyələnməsini
şərtləndirir. Dini şeirin ilk təmayülləri
hələ Məhəmməd Peyğəmbərin
sağlığında üzə çıxmağa
başlayır. Həssan ibn Sabit, Kəb ibn Züheyr,
Abdulla ibn Rəvahə, Kəb ibn Malik kimi tanınmış
şairlər Həzrət Peyğəmbərin və
İslamın mədhinə həsr olunmuş ilk qəsidələrini
yazır, çoxəsrlik bir ənənənin əsasını
qoyurlar. İslamın sosial-siyasi mövqeyinin
möhkəmlənməsinə xidmət edən bu növ
şeirlər "əl-madih ən-nəbəvi", yaxud
"şiir ən-nə`t" adlanırdı. Həssan və Kəbin çoxsaylı
ardıcılları tərəfindən Həzrət Peyğəmbərin
şərəfinə yazılan qəsidələr ərəb
dini şeirinin əlahiddə bir qol kimi təşəkkül
taparaq yayılmasında mühüm yer tutur. Bu ədəbi
cərəyanın postklassik dövrdə yaşamış ən
məşhur təmsilçilərinin, o cümlədən,
"üç imam" adlandırılan əl-Burayi (XI əsr),
əl-Busiri (vəf. 1294) və əs-Sərsərinin (vəf.
1258), habelə Ömər ibn əl-Fəridin (1180-1234) mədhiyyələri
XIX əsrin görkəmli din xadim və alimlərindən
Yusuf ən-Nəbhaninin dörd cildlik məcmuəsində
toplanmışdır. Ərəb poetikasında
Peyğəmbəri mədh edən şeirlərin məxsusi
qanunları da formalaşmış və "ədəb mədh
ən-nəbi" adını almışdır.
İlk dövrlərdə İslamın yayılması
hər bir müsəlman üçün vacib dini vəzifə
sayılırdı. Əməvi və Abbasi xəlifələri,
sonrakı müsəlman dövlətlərinin hakimləri bir
tərəfdən qılınc gücünə kafirlərlə
müqəddəs savaşlara girir, digər tərəfdən
dini ehkamları geniş kütlələrə mənimsətmək
üçün şeirin gücünə bel bağlayır,
şairləri İslami mövzularda əsərlər
yazmağa təşviq edirdilər. Eyni zamanda tarixi
proseslərin qeydə alınması, qəza və fəthlərin,
mühüm hərbi və siyasi hadisələrin "mənqibələşdirilməsi",
dini dövlət idarəçiliyi, mənəviyyat və əxlaq
mövzularında bədii əsərlər
yaradılmasını stimullaşdırmaq məsələləri
də İslam
ideologiyasının başlıca müdafiəçiləri
sayılan hökmdarların öhdəsinə
düşürdü. Milli mənsubiyyət
burada elə bir rol oynamırdı. M.F.Köprülüdən
öyrənirik ki, "Hökmdarlar maraqlandıqları dini və
ya ədəbi əsərlərin tərcümə
olunmasını şəxsən əmr edir, təfsirlər, əqaidə,
İslam tarixinə aid əsərlər, övliya mənkibələri,
tibb və ovçuluq kitabları, xülasə, mədrəsələrdə
məlum və məşhur olan başlıca didaktik məhsullar
türkcəyə tərcümə olunurdu... Hələ
13-cü əsrdən xalq arasında yayılan və
inkişaf edən dini qəhrəmanlıq əsərləri
(Peyğəmbərin qəza və möcüzələrindən,
Əlinin qəhrəmanlıqlarından bəhs edən) məsnəvi
tərzində, "failatün, failatün, failün" vəzniylə
olduqca sadə bir dillə yazılır, qəhrəmanların
tarixi siması daha çox mənkibəvi şəkil
alır. Xariqüladə vaqeələr, divlər, cinlər,
sehr, kəramət, möcüzə ünsürləri bu əsərlərə
tamamilə fantastik bir mahiyyət verir... Peyğəmbər və
əhli-beytə aid olan əsərlər İslam mühitində
böyük rəğbətlə
qarşılanırdı". Bu fikri inkişaf etdirən
İbrahim Qəfəsoğlu türk-İslam ədəbiyyatının
təşəkkül dövründən danışarkən
göstərir ki, "Malazgirt zəfərindən (1071-ci
il-N.M.) bəri əski oğuz mənqibələrini,
bozqırların dastani mövzular ilə süslənmiş qəhrəmanlıq
hekayələrini qopuz çalaraq söyləyən türkmən
xalq şairlərinin XII-XIII əsrlər Anadolusunun qəza və
fəth ruhuna uyğun İslami gələnəklərini
(Əbu Müslim, Hz. Həmzə, Hz. Əli ətrafında
hörülən əfsanələr) türkcə tərənnümləri
ilə başlayan bu ədəbiyyatda "Danişməndnamə",
"Battal Qazi dastanı", "Sarı Saltuk" mənqibəsi
kimi məhsullar yanında Yasəvi şeirlərinin təsiri
ilə sufiyanə türk ədəbiyyatı
cığırı açılmışdır". Yusif Balasaqunlunun "Qutadqu-bilig" traktatı,
Əhməd Yasəvi və Süleyman Bakırqaninin hikmətləri
bu cür didaktik-öyrədici əsərlər idi.
Artıq XIV əsrin əvvəllərində oğuz türkmənlərindən
Qazı Nasir Rəbğuzi/Rubğuzi "monqol olduğu halda
İslamı qəbul edərək, gecə-gündüz ibadətlə
məşğul olan bəylər uluğu" Nasirəddin
Tok Buğadan aldığı əmrə əsasən, bir
neçə il çalışaraq, "Qisasül-ənbiya"
əsərini (1311-ci il) qələmə almışdı. M.F. Köprülünün qeyd etdiyinə görə,
bu əsər "mövzu və yazılışı
baxımından İslamı yeni qəbul etmiş bəsit
zehniyyətlərin ehtiyacını qarşılayacaq mahiyyətdədir".
Göründüyü kimi, İslam ədəbiyyatının
ilk nümunələrində dominant qayə dini təbliğ-təşviq
və maarifçilikdir. Eyni zamanda bu dövrdə poetik
janrlar polifunksional səciyyə daşıyır: eyni bir mətn
hansı janrda yazılmasından asılı olmayaraq həm təbliğati,
həm didaktik-tərbiyəvi, həm maarifləndirici, həm
də obrazlı-idraki (estetik) funksiyaları yerinə yetirir. Polifunksionallıq daha geniş təzahür olan
sinkretizmin əlamətidir.
Sinkretizm
"Sinkretizm"
adı altında nəzəriyyəçilər, adətən,
bir-birinə yaxın olan iki halı göstərirlər: 1) hər
hansı bir təzahürün ilkin inkişaf mərhələsini
səciyyələndirmək üçün onun hələ
üzvlərə bölünməmiş vəziyyəti (məsələn,
"incəsənət növlərinin sinkretikliyi" deyərkən
bəşər mədəniyyətinin erkən dövrünə
xas olan mərasimlər zamanı musiqinin, şerin, rəqsin
bir-birindən ayrılmadığı nəzərdə
tutulur); 2) yekcins olmayan elementlərin bir-birinə
qovuşması, qarışması, belə demək
mümkünsə, qeyri-üzvi birləşməsi. Hər iki təfsiri ilə sinkretizm, türk-İslam
ədəbiyyatı tarixinin düzgün anlaşılması
baxımından müstəsna əhəmiyyət kəsb edən
anlayışdır. Türk xalqlarının müsəlmanlığı
qəbul etmələri ilə ərəb, fars
və türk şeirinə xas olan janr və vəzn
formaları vahid poetika orbitinə konsolidasiya edilmiş, lakin hər
biri öz qədim, arxaik etnik-poetik ənənələrinin
izlərini saxlamışdı. Həmin mərhələdə
bir tərəfdən janrlar arasında; digər tərəfdən
şeirlə elm/din (dini elm); eləcə də folklora
(mifologiyaya) və yazılı ədəbiyyata xas qaydalar
arasında sərhədlər hələ keçilməz dərəcədə
dəqiq ayırıcı xətt və konturlar
almamışdı. V.Nikitinanın qeyd
etdiyi kimi, "XII əsrdə hesab edirdilər ki, elm şeirə,
şeir də elmə tam uyğundur. Didaktik
poemalarda ədəbi-bədii, elmi-fəlsəfi, sosial-siyasi,
etnik və dini elementlərin sıx birləşməsi buna
klassik misaldır". İslam (sonradan
türk-İslam) mədəni və ədəbi kontentində
forma və məzmun sinkretizmi
kifayət qədər rəngarəngdir. Etnik mənşəli
mif və ya folklor motivlərindən universal dini-tarixi, habelə
bədii təxəyyül məhsulu olan realist süjetlərə
keçidlər; bədii mətndə şifahi və
yazılı yaradıcılıq üsullarının
paralelliyi və yerdəyişməsi; nəzm və nəsrin
orqanik tamlığı və növbələşməsi; ədəbi
növ, şəkil və janrların bir-biri üçün
açıqlığı, bu zəmində əvəzlənmələr;
müəyyən mənada amorfluq və intertekstuallıq həmin
rəngarəngliyi əks etdirir. Sinkretizmin
bütün orta əsrlər uzunu İslam (türk-İslam) ədəbiyyatını
müşaiyət etməsi, heç bir halda itirilməməsi,
dəyişkən şəraitlərə
uyğunlaşmış olsa belə mövcudluğunu
qoruması olduqca diqqətəlayiqdir. Hətta risk edib,
sinkretizmi bu ədəbiyyatın ən ümumi xassələrindən
biri adlandırmaq, yaxud belə bir xassəyə çevrildiyini iddia etmək
mümkündür. İslam (türk-İslam) ədəbiyyatının
yazıyaqədərki (şifahi) və yetkin yazı
epoxası nümunələri, etnik və ümummüsəlman
mahiyyətli tipolji komponentlər, vahid milli-mədəni
kontekstdə ənənəvi və əxz edilən poetexniki
təcrübələr, habelə nəsillər arasında
sabit, davamlı varislik əlaqələri məhz sinkretizm zəminində
yaşamış, var olmuş və magistral inkişaf yolu
tapmışdır. Yuxarıda M.F.
Köprülü və İ.Qəfəsoğludan gətirdiyimiz
sitatlarda, irəlidə qəsidənin təkamül və
potensiyasından bəhs açılarkən sinkretizm hadisəsinə
toxunulmuşdur və toxunulacaqdır. Burada
isə ünlü şərqşünas P.Qrintserin
"janrların sinkretizmi" adlandırdığı təzahürlərdən
bir neçəsini misal göstəririk, - hələlik bu qədəri
kifayətdir.
Yusif Xas
Hacibin "Qutadqu-bilig"i, Əhməd Yügnəkinin
"Hibətül-həqayiq"i ("Atabətül-həqayiq"
adı ilə də tanınır) kimi didaktik dini-öyrədici
əsərlər, folklor elementlərinin zənginliyi ilə
diqqəti çəkir. Eyni zamanda "Qutadqu-bilig"də məsnəvi,
rübai, qəsidə ("Bahar nəğməsi" qəsidəsi
məzmunca bahariyyədir) janrlarında mənzum mətnlər,
Qul Əlinin "Qisseyi-Yusif" məsnəvisində mədhiyyə,
mərsiyə, münacat, münazirə kimi tematik komponentlər,
habelə məhəbbət dastanlarına xas olan elementlər yer alıb ki, bunlar da sinkretiklik əlamətləri
sayıla bilər. Qeyd etmək lazımdır ki, çox vaxt
belə hallar düzgün qiymətləndirilməmiş,
sinkretizmin nəzərə alınmaması müəyyən
anlaşılmazlıqlara səbəb olmuş, bəzi tədqiqatlarda
eyni bir əsər (məzmun və ya forma cəhəti əsas götürülməklə)
müxtəlif janrlara aid edilmişdir. Tatar ədəbiyyatşünaslarından
X.Minnequlov haqlı olaraq yazır: "Türk ədəbiyyatı
təmsilçiləri bir tərəfdən öz milli ədəbiyyatlarına
xas olan poetik formaların potensial imkanlarından istifadə
edir, digər tərəfdən isə ərəb-fars
poeziyasının bətnində yetişmiş ədəbi
janrları bir küll halında mənimsəyirlər. Mənzum
janr formalarının belə çulğaşması
prosesində bəzən bunların transformasiyaya
uğraması, müxtəlif adlar alması tamamilə
qanunauyğun haldır".
Sinkretizmin başqa bir növü ilə Orta əsrlərdə tarixi mövzuda yazılmış əsərlərə ədəbi mətn kimi yanaşdıqda qarşılaşırıq. Elmdə belə əsərlərin nəsr nümunəsi kimi təhlilə cəlb edilməsi normal sayılır. Çünki bunlarda Orta əsrlər türk-İslam nəsrinin poetexnik qamması (obrazlı, dəbdəbəli üslub, ritmik, bəzən səcli nəsr, şeir-nəsr qarışığı və s.) tam əhatə olunmuşdur. Krım xanlığının və Volqaboyu tatarlarının tarixi ilə bağlı XVI-XVII əsrlərdə qələmə alınmış "Tarixi-Sahib Girey xan", "Təvarixi-Dəşti-qıpçaq", "Tarixi-İslam Girey xan" (Krım), "Camiət-təvarix", "Dəftəri-Çingiznamə", "Təvarixi-Bulqariyyə" (Kazan) və s. belə əsərlərdəndir. Struktur etibarilə eklektik tərtbata malik olan bu kitablara Zəkəriyyə Qəzvininin, Fəzlullah Rəşidəddinin tarixnamələri ilə intertekstuallıq xasdır. Digər tərəfdən, folklordan, daha qədimdə baş vermiş tarixi hadisələrdən və real, müasir həyatdan götürülmüş faktlar bu əsərlərdə bir-birinə qarışmış, gerçək və uydurma motivlər çulğaşmış, Çingizxan, Əmir Teyrmur, Kuçum xan kimi qəhrəmanlara qeyri-adi nağılvari xüsusiyyətlər şamil olunmuş, bəzi hallarda real hadisələr əfsanəvi surətdə təsvir edilmişdir. Bütün bunlar sinkretizm göstəriciləridir və ədəbi, elmi, tarixi mətnlərdə onun müstəsna əhəmiyyətini bir daha aşkarlayır. Müxtəlif səbəblər üzündən Türk-İslam ədəbiyyatı tarixində bu və başqa fundamental aspektlərin indiyə qədər öyrənilməməsi, ümumiləşdirici tədqiqatların aparılmaması və ya qənaətbəxş olmaması, konkret ədəbi abidələrdən bəhs edilərkən sinkretik təzahürlərin nəzərdən qaçırılması, yaxud düzgün şərh edilməməsi hələ də ədəbiyyat elmimizin ciddi kəsirlərindən olaraq qalır. Ən pisi isə budur ki, həmin çatışmazlıqlar yalnız akademik tədqiqat sferasına aid olmaqla qalmayıb, zəngin İslam (türk-İslam) ədəbi irsinin ictimai şüurda adekvat dəyərləndirilməsinin də mühüm əngəllərindən biridir.
Ardı var
Nizaməddin MUSTAFA
Ədəbiyyat qəzeti.- 2018.- 21 aprel.- S.25.