Nə satırlar...
Hekayə
Həbsxanadan
çıxandan sonra özümə söz verib
söyüş qoydum ki, bir də oğurluq etməyəcəyəm...
Oğurluq
üstündə iki dəfə cəza çəksəm də,
həbsxana həyatına, dustaq dünyasının
özünəməxsus ləzzətlərinə, qolları
bağlı azadlığın dadına, həyat eşqinə
və insanlara olan nifrətimə baxmayaraq ,
nədənsə keçmişimi unutmaq, hər şeyi yenidən
başlamaq qərarına gəldim. Fikirləşdim
ki, oğurluq mənimçün nə qədər doğma, əziz,
bənzərsiz, romantik bir peşə olsa da, nəsə təzə
bir şeyə yiyələnməyimin vaxtı çatıb.
Bəs - "Nədən başlamalı? Nə
etməli?"
Gözlərimi
döyərək,
bu suallara cavab tapmaq arzusu ilə Moskvanın nəhəng
"Belorus" vağzalında fit verib nəfəsini dərən
qatardan düşdüm. Cibimdə evdən, dost-tanışdan
götürdüyüm bir xeyli pulla vağzalda bir qədər
ora-bura vurnuxdum. Bu anlarda bir-neçə gözəl oğurluq
şansını əldən verdim və qərara gəldim.
Həyatımın mənasını dəyişəcək
bir kəşf etmişdim - alver!
Ağlıma belə bir fikrin gəldiyi üçün
taleyimə minnətdarlıq edirdim.
Alver. Nəsə alıb-satmaq. Düzdür,
bu özü də bizim qanunlara görə cinayətdir.
İşə başlamaq üçün gərək, vergi
orqanında qeydiyyata düşüb, qazancın müəyyən hissəsindən
vergi ödəyəsən, amma bu, mənlik deyildi! Mən azad
bir adam idim... Mən istədiyimi edə bilərdim...
Bu mənim illərlə həbsxana divarları
arasında itirdiyim gəncliyimin haqqıdır. Bir də
ki, bu işin öhdəsindən gəlmək özü də
bir qəhrəmanlıqdır! Amma mənim kimi
peşəkar bir "akademik" (bu adı mənə etdiyim
oğurluqların çeşidindən heyrətə gələn
və hisslərini gizlədə bilməyən prokuror məhkəmə
zamanı vermişdi) üçün alver etməyin o qədər
də çətin olmayacağını
düşünüb, metro ilə mərkəzə
yollandım.
Moskva. Möhtəşəm şəhər. Əlbəttə,
əvvəllər də Moskvada bir-neçə dəfə
olmuşdum, amma o zamanlar bu şəhərə peşəmlə
bağlı (oğurluq etmək üçün) səfər
etdiyimdən, bu gözəllikdə şəhərə adam balası kimi tamaşa edə bilməmişdim.
Mən həsrət
və çaşqınlıqla (lütfən, mənim belə
ədəbi cümlələrlə
danışmağımdan təəccüblənməyəsiniz,
unutmayın ki, mən on üç il həbsxana təhsili
almışam) Qızıl meydana, Kremlə, qədim tarixi abidələrə
baxa-baxa nə vaxt mərkəzi univermağın
qarşısına gəlib çıxdığımı
özüm də bilmədim.
Mərkəzi univermaq çox böyük idi və
buradakı adamlar da eynən bayırdakı kimi harasa tələsirdilər.
Mərtəbələrin birində uzun bir növbə
gördüm.
Hələ əvvəllər də eşitmişdim ki, uzun
növbələr olan yerlərdə az
tapılan mallar satılır.
Vaxt itirmədən
növbəyə qoşulmaq, həmin o az tapılan "nədənsə" almaq, üstünə bir qədər
artıq pul qoyub satmaq barədə düşünərək
iti addımlarla növbəyə yaxınlaşdım. Son ucda duran yaşlı, donqar belli rus
qarısından kimin sonuncu olduğunu soruşdum. Qarı çuxura
düşmüş gözləri ilə mənə baxıb
istəməyə-istəməyə, zorən
özünün sonuncu olduğunu dedi. Növbəyə
qoşuldum.
Bir qədər
sonra nəyə görə növbəyə
durmağımı öyrənmək məqsədi ilə qarıdan:
- Nənəcan,
deməssiz nə satırlar? - soruşdum.
Qarı məni
başdan-ayağa qədər süzüb, sanki söyəcəkmiş
kimi üzümə baxdı:
- Bura bax, cavan
oğlan, - dedi, - nə satıldığını bilmirəm,
amma bayaq mən növbəyə duranda xəbərdarlıq
elədilər ki, məndən sonra növbəyə duranlara
onsuz da o satılan şeydən çatmayacaq.
Qarının
cavabı məni tutsa da, ürəyimdə ona "qoca..."
deyib (yox, ürəyimdə ona sizin ağlınızdan
keçəni demədim, sadəcə, nə dediyimi
unutmuşam... Amma, adamın üstündə
Allah var, qarıya elə sizin fikirləşdiyiniz söz
çox yaraşardı, sadəcə, tərbiyəm və mədəniyyətim
bunu belə fikirləşməyə mane olurdu) növbəyə
durmağa davam etdim. Bunu görən
qarı, ifritə, əcinnə, nə bilim e... hər kimsə,
mənə sarı bir də çevrilib gözlərini
süzdürdü. Nə isə... qarıya baş
qoşmaq mənasız
idi.
Vaxt ötdükcə anbaan hadisə yerinə, bağışlayın
e, vitrinə yaxınlaşır, hətta satıcı
qadının başını belə görürdüm. Bir tərəfdən
də növbəyə nədən ötrü
dayanmağımı dəqiqləşdirmək marağı
mənə güc gəlirdi. İçimi didən
narahatlığa son qoymaq üçün
yaxınlıqdakı sütunun yanında söhbət edən
cavanları səslədim:
- Ehey,
uşaqlar, - dedim, çevrilib mənə baxdılar. Elə bu vaxt arxadan gələn güclü təkan
məni xeyli irəliyə atdı. Özümü birtəhər
sahmanlayıb bayaqkı gənclərə baxdım və
onların sual dolu baxışlarını görəndə,
məni gözlədiklərini anladım. Soruşdum:
- Bilmirsiz
burda nə satırlar?
Sualımı eşidən gənclər məni tərs-tərs
süzüb oradan uzaqlaşdılar.
Ürəyim sıxılmağa
başlamışdı, darıxırdım.
Keçmiş
günləri xatırladıqca, yerimdə qərar tuta
bilmirdim, düşünürdüm ki, növbədə
keçirdiyim bu vaxt ərzində bir-iki oğurluq edib ciddi bir
işlə məşqul ola bilərdim. Amma, nə etməli? Qəti qərara
gəlmişdim. Oğurluqla birdəfəlik
(əgər buna tab gətirə bilsəm, çünki iradəmə
yaxşı bələdəm və bilirəm ki, belə vədlərdən
çox vermişəm, amma deyəsən bu, mənim son
söz verməyimə oxşayır) qurtarmışdım.
Nə isə...
Keçmiş
günlərimin xoş xatirələrindən ləzzət
ala-ala növbəmi gözləyir, satıcının mənə
yaxınlaşan
sarışın tellərinə
baxdığım vaxt, univermağın radiosu ilə elan səsləndi:
"Möhtərəm alıcılar, üçüncü
şöbədə satılan mallar qurtardığı
üçün beşinci şöbədə eyni
malların satışı başlanır. Alıcılardan
beşinci şöbəyə yaxınlaşmaqları
xahiş olunur."
Radio elanı bir-neçə dəfə təkrarladı
və insan axını məni qucağına alıb on-on iki
metrlik məsafəni qət edərək, harasa aparıb atanda
onun nəyə xidmət etdiyini anladım. Ayaqlarım yerdən tamamilə
üzülmüşdü və uçurdum... Elə
uça-uça da harasa qondum və ətrafıma baxanda yenə
özümü insan dənizinin ortasında - növbədə
gördüm.
Yalnız indi başa düşdüm ki, artıq 5-ci
şöbədəyəm. Qarşımda yekəpər
bir oğlan dayanmışdı və nə üçünsə
çevrilib mənə baxırdı. Yekəpərin
xoş sifətindən istifadə edib ünsiyyət
yaratmağa çalışdım:
-
Qardaş, canıvı yeyim, (yəni bu sözləri rus dilində
deyirdim) deməzsən burda nə satırlar?
Elə bil gədənin dədəsini söydüm. Onun bayaqdan bəri
mənə zillənən xoş baxışları zəhrimarla
əvəz olunmuşdu.
- İndi
qaşlarıvın ortasından birini ilişdirərəm (elə
belə də dedi), bilərsən nə satırlar.
Lənət
sənə kor şeytan! Bax buna əcəb
işə düşmək deyirlər. Mən
onlara nə deyirdim? Niyə sualım hər
dəfə onları hirsləndirirdi? Onlardan
nəyim əskik idi? Lap boğaza yığdılar məni!
Cəhənnəm olsunlar! İndi hər şeyə
tüpürüb gedəcəyəm! Heyif deyil oğurluq! Gərək
hər kəs öz bacardığı işlə məşğul
olsun!
Elə sıxmışdılar ki, tərpənə
bilmirdim.
Bu anlar səbr nümayiş etdirmək üçün
bir imtahan idi.
Gözləməliydim! Gözləyirdim! Başqa
çarəm yox idi. Bu anları yaşamaq
taleyimə yazılmışdı. Br də,
daha darıxmaqdan da keçmişdi. Demək
olar ki, hadisə yerinin lap yaxınlığında idim.
- Nə
istəyirsiz?
Sual məni əməlli-başlı
çaşdırdı. Vitrində müxtəlif şeylər var
idi və mən çaşqınlıqla onlara
baxırdım. Kimsə arxadan dilləndi:
- Ay kişi, bir az cəld ol da...
Tələsik
satıcıya:
-
Qadası, mənə də o satdığından ver, hamı
alandan, - dedim.
Satıcı
qaşlarını çatıb bir də:
-
Hansından verim? - xəbər aldı. Mən
də vaxt itirmədən:
-
Hamısından, - dedim, - hamısından almaq istəyirəm.
Satıcı
başqa heç nə demədən mənə iki bağlama
verdi və (sonrakı hadisələrlə
bağlı nə qədər ödədiyimi unutduğumdan,
aldığım malların dəyərini xatırlamıram)
pulu ödəyib birtəhər növbədən
çıxdım. Əlimdəki
bağlamanın içindəkinin nə olduğunu öyrənmək
məqsədi ilə bir küncə çəkilmək istəyirdim
ki, kiminsə əli astaca çiynimə toxundu. Geriyə çevrilib baxanda qarşımda orta boylu,
çal saqqallı, başında araqçın, əynində
zolaqlı xələt, belində bellik olan bir əkə,
üzr istəyirəm, bir özbək kişinin
dayandığını gördüm. Kişi
üzümə baxıb gülümsədi:
- Sat da
onu mənə, əlindəkini deyirəm.
Sevgi dolu baxışlarımla kişiyə baxdım. Xilaskarım
qarşımda dayanmışdı. İndicə
əlimdəki bağlamanın içində nə
olduğunu öyrənəcəkdim. Bu fikirlə
soruşdum:
- Əlimdəki nədir ki?
Kişi
bir anlıq çaşıb qaldı, sonra nə fikirləşdisə:
- Bilirsən
necədir, - dedi, - buna sizin dildə nə deyirlər, bilmirəm,
bizim dilə isə, tərcümə olunmur.
Kişini
tərs-tərs süzüb, qəzəbimdən od tutub yanırdım. Az
qala ona birini ilişdirəcəkdim, amma özümü
saxlayıb, sadəcə:
- Ala, bunu
görərsən (yox, vallah, yox, siz deyəni yox), - deyib, dirsəyimi
göstərdim. - Satıb eləmirəm, özümə
lazımdır.
Kişi pərtliklə mənə baxıb,
başını buladı, sakitcə uzaqlaşdı.
Əlimdəki bağlamanın içindəkinin nə
olduğunu düşünə-düşünə pillələrlə
aşağı enməyə başladım və elə
bir-iki pillə enmişdim ki, üst mərtəbədən səs-küy
eşitdim. Kimsə "pulumu qaytar" deyərək,
çığırdı və ani olaraq ilk
çağlarımı, cavanlıqda etdiyim cibgirlikləri
xatırladım. Xoş düşüncə ilə pillələri
enirdim ki, yekəpər bir cavan oğlan məni necə itələdisə...
...gözlərimi
açanda başımın üstünü kəsdirən ağ xalatlı, sarışın tibb
bacısının əlindəki şprisə dərman
doldurduğunu gördüm. Ondan bir qədər
aralıda orta yaşlı iki həkim dayanmışdı
(sonradan bildim ki, onlardan biri psixiatr imiş).
Bütünlüklə sarğı içərisindəydim,
yıxıldığımı, univermaqdakı son
hay-küyü zorla xatırlayırdım. Ona görə də mənə
baxan tibb bacısından
pıçıltı ilə soruşdum:
-
Qadası, aldığım şeylər hanı?
Qız gülümsəyərək mənə
baxdı.
- Sən
nə almışdın ki?
-
Yadımda deyil, - gözlərimi döydüm. Sözlərimi
eşidən cərrah psixiatra pıçıldadı:
- Kolleqa,
zənnimcə bu, sizin xəstənizdir.
Psixiatr mənə
yaxınlaşıb gözlərimin içinə baxdı:
- Bilmirsən
nə almışdın? - soruşdu. -
Deyirsən unutmusan?
Sevinclə:
- Bəli,
- dedim, - unutmuşam. Axı mən nə
almışdım?
Psixiatr başını bulayıb dikəldi. Cərrahın yanına
keçib mənə baxdı və qətiyyətlə:
- Demək,
vəziyyət belədir də, cavan oğlan, nə vaxt nə
aldığını xatırlasan, onda biz də səni xəstəxanadan
buraxarıq evə...
Həkimlər çıxıb getdilər. Tibb bacısı mənə
iynə vurub üzümə güldü və bir qədər
sonra ağappaq tavana baxa-baxa Moskvaya ayağım dəyən
andan bu günəcən nə qədər real oğurluq
şansını itirdiyim üçün özümü
söyür, bir də öz-özümə sual verib fikirləşirdim:
"Axı mən nə almışdım?"
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.- 2018.- 21
aprel.- S.6.