Qoy heç kəs bilməsin

 

Bu da ötən günün batan günəşi,

Başımın üstündə bulud qaralır.

Daha ömrümə də qaranlıq düşür,

Ürəkdə sonuncu ümid qaralır.

 

Daha qaranlığa qarışıb tamam

hamının gözündən itmək vaxtıdı.

Daha bu qapını lap yavaşcadan

Açıb, kirimişcə getmək vaxtıdı.

 

Qoy heç kəs bilməsin -

getsən, gecə get,

Qarış qaranlığa bir yuxu kimi.

Yerin altına da kirimişcə get -

Səssizcə torpağa hopan su kimi.

 

Ölüm qorxusu yox hələ ki, səndə,

Ömür bitir deyən batmırsan yasa.

Hələ ümidin var -

su təki sən də

Bəlkə burda batıb, çıxdın hardasa.

 

Payız ötüşsə də, hələ qış deyil,

Amma göyü bulud aldı deyəsən.

Yoxsa yağış yağır?

Yox, yağış deyil.

Bir bax pəncərədən -

qardı deyəsən.

 

Bəsdi qaraladın ağ varaqları

gah uzun, gah qısa sətirlərinlə.

Sonuncu sətrini ağappaq qarın

üstə yaz qaralan ləpirlərinlə.

 

Son dəfə dərdini qaranlıqlara

danışıb getməkdən gözəl nə var ki?

Bu çirkli dünyadan tərtəmiz qara

qarışıb getməkdən gözəl nə var ki?!

 

...Qoy heç kəs bilməsin -

getsən, gecə get,

Qarış qaranlığa bir yuxu kimi.

Yerin altına da kirimişcə get -

Səssizcə torpağa hopan su kimi...

 

Ramiz Rövşən

 

Ədəbiyyat qəzeti.- 2018.- 21 aprel.- S.7.