Sevgi məktubu kimi
Esse
Aprel 2016. Atamın yas
mərasiminin yeddinci günüydü.
"İşıqlı qəm içində"ydik.
Vasim Məmmədəliyev
Quran və irfan işıqlarıyla süslənmiş
söhbətini bitirdi.
Sonra Ramiz Rövşənin qeybin rayihəsi kimi səsi… Böyük şair "Sevgi məktubu" şeirini oxuyurdu.
Quran ayəsindən sonra
bir Azərbaycan şairinə "Sevgi məktubu"nu oxutduran hansı sirr, hansı qüvvə, hansı ecaz idi?
Dağlar
arasında dərə
dərindi yuxu kimi...
Dağ dağa
sevgi məktubu kimi bir duman
göndərdi. Tanrı göydə yeddi sətirlik göyqurşağı
cızdı, qoşa varaq kimi qanad
çalan ağ
kəpənək bir çiçəkdən o biri
çiçəyə qondu…
Ruh ətdən və sümükdən olan hasarı aşdı, uçdu. 87 illik ömrün dünyayla irtibatı belə sona çatdı…
***
Dumanın ömrü qısadır. Göyqurşağının da, kəpənəyin
də. Yuxunun da. Amma bu qısaömürlü obrazlarla
poeziyaya əbədiyyət
iksirini dadızdırmağı
hər şair bacarmaz. Şeirin ruhu, havada uçuşan
işıq dalğası
kimi minlərlə, bəzən hətta onminlərlə "şairdən"
yan keçib çağımızda röya
şəklində Ramiz
Rövşənin gözünə
göründü, sevgi
kəpənəyi kimi
onun qəlbinə qondu.
Dağlar
arasında dərə
dərindi yuxu kimi.
Dağ-dağa duman göndərər
sevgi məktubu kimi.
Göydə yeddi sətir cızan
o göy qurşağına
bax.
Kimdi onu yazan, Allah?! -
sevgi məktubu kimi.
Bir bax bu ağ kəpənəyə,
sanki qoşa varaqdı.
Uçur
çiçəkdən-çiçəyə
sevgi məktubu kimi.
...Haçan aşar bu sümükdən,
ətdən olan hasarı?!
Ruhum uçar göyə sarı,
sevgi məktubu kimi...
"Sevgi məktubu"
gəraylıdırmı, deyə
bilmərəm. Amma... Türk poeziyasında sərbəst
müstəzada yol açan Cənab Şəhabəddin kimi, Azərbaycan poeziyasında
da sərbəst gəraylıya Ramiz Rövşən yol açıb.
Cemal Süreyanın İstanbulda
imzaladığı "Folklor
şeirə düşməndir"
hökmünü Bakıda
Ramiz Rövşən
qüvvədən salıb.
Abbas Tufarqanlının "Duman,
gəl get bu dağlardan" gəraylısındakı
iç dumanı, könül qübarı üç yüz ildən sonra modern Azərbaycan şeirində
sevgi məktubuna çevrilə bilib və dağ-dağa sevgi məktubu kimi duman göndərib.
"Göydə yeddi sətir cızan göyqurşağı"
bir Azərbaycan şairinin təhtəlşüurunda
göyqurşağını Tanrının sevgi məktubunun metaforasına
çevirib. Amma onun
başqa bir şeirində "Kimdi o göydən şığıyan?!
/ Dünya dolub işığıynan. / Bəlkə
də, göy qurşağıynan / Düşüb
Allah özü gəlir"
misraları yerə yeddi rəngli səma nərdivanı ilə enən Buddadan, Altun İşıqdan, Məsihdən,
yaxud Tanrını yerə göyqurşağının
üstündə "endirən"
Mark Şaqala qədər fərqli uyğarlıqların və fərqli düşüncə
iqlimlərinin bülluruna
toxunub çiliklənmiş
və dünyanın faniliyini, qürubu və dekadansı şəkilləndirmişdi.
Sərbəstin üfüqləri onu hara çəkir çəksin, çəksə
də, Ramiz Rövşən bir gəraylı rədifinin və bəzən heç rədifinin də deyil, gəraylı ruhunun eşqinə, havasına və sevdasına geri qayıdır.
"Sevgi
məktubu kimi" şeirində bioloji anlamlar yoxdur, şeirin məhvərində
metafizik düşüncə
dalğalanır. Bu
"sehirli peyzaj"da
(Tanpınar) təsvir
olunan dağlar da, dərə də, yuxu da,
göyqurşağı da,
duman da, ağ kəpənək də, çiçək
də... hamısı,
"sanki sərin, yumşaq, ipək kimi" (Nitsşe) bir varlığa çevrilib və hamısı ruhun göyə uçması
üçün zəmin
hazırlayır.
***
Rəng impulsları Ramiz Rövşəni sövq-təbii
simvolikaya yönəltsə
də, "Sevgi məktubu kimi" şeirindəki ruhun, ovqatın eynisini yansıdan "Qoy heç kəs bilməsin..."də göyqurşağının bütün
rəngləri silinir. Göyqurşağında
olmayan iki rəng - ağ
və qara önə keçir və şeirin spektrini təşkil edir. Şeirdə qaranın, qaranlığın intensiv
sıxlığı və
partlayışı ən
sonunda ağ
işığın gətirdiyi
hüzurla tamamlanır.
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2018.-
21 aprel.- S.7.