Xallı qurbağa
Hekayə
Qorabişirən avqust günəşi çöl-bayırı dəmirçi kürəsi kimi yandırıb-yaxırdı. Yulğun kollarının arası ilə uzanan araba yolunun üstündə tövşüyə-tövşüyə sayrışan ilğımlar uzaqdan kiçik gölməçələrə bənziyirdi... Belə isti havada kənddən çox aralandığına görə İbad kişi özünü qınayırdı. Gün günorta olmamış dil-dodağı qurumuşdu, nəfəsi təntiyirdi, susuzluqdan ciyərləri pörşələnirdi. Güclə ayaqlarını sürüyərək özünü Qırxbərənin dikdirinə çatdırdı. Uşaqlıq çağı adına Ana İstil deyilən bu böyük su tutarına yaşıdları ilə çimməyə gələrdilər.
Keçmişdə üç kəndi birləşdirib kollektiv təsərrüfat yaradanda dörd bir yanı dikdirlə əhatəyə alınan istilə çəltik əkinini, bağ-bostanı suvarmaq üçün Gur-gur çayının suyu yığılardı. Yayda çayın suyu quruyanda kəndin qız-gəlinləri xalça-palazları yumaq üçün bura gətirərdilər, at arabası olanlarsa, Ana İstildən evlərinə çəlləklə su daşıyardılar. İstillərin də adı vardı; Bala İstil, Çandıq İstili. Ocaqverdi İstili... Su tutumu böyük olduğuna görə Qırxbərənin dikindəki istilə Ana İstil deyirdilər.
...İndi İbad kişinin Ana İstildə uşaq vaxtı çimdiyi və içdiyi nə göz yaşı kimi o dupduru sudan, nə də ətrafdakı tut bağlarından əsər-əlamət qalmışdı. Elə bil o zaman dəvəyə, filə boy verməyən Ana İstilin gümüşü suları həmişəlik yerin tərkinə gömülmüşdü. Əvvəllər sürüdən qoyun-quzu, naxırdan mal-qara azıb-itəndə kənd adamları onları İstildən yuxarı, qalın və sıx meşəni xatırladan tut bağlarından tapardılar. Artıq iki gün idi ki, İbad o qayğısız uşaqlıq illərini xatırlaya-xatırlaya itmiş boğaz inəyini axtarırdı. Çaladakı yulğunluğu, Muğan xolundakı qamışlığı, Ağ qobudakı ovalığı ələk-vələk eləmişdi... Qorxurdu ki, inək doğsa, balası qurd-quşa yem olar! Ona görə inəyi tapmamış evə dönmək istəmirdi.
Amma susuzluq onu haldan salmışdı. Birdən yadına
düşdü ki, böyürtkən yesə
susuzluğunu yatırar.
Susuz torpağı çat-çat
olsa da, Ana İstilin ətrafını
xeyli böyürtkən
kolları bürümüşdü.
İbad elə ilk yaxınlaşdığı
kolun üstündə
qıvrılıb yatmış
ilanı görcək
bədənindən soyuq
gizilti keçdi.
İlandan elə qorxurdu
ki, hətta jurnalda, kitabda şəklini görəndə
belə əti ürpəşərdi. Səhər
tezdən evdən çıxanda ürəyində
Allaha yalvarmışdı
ki, ağına da, qarasına da lənət oxunan bu qorxunc
heyvan rastına çıxmasın!
Alnının tərini silə-silə bir-iki addım geri çəkildi, sonra yavaşca koldan aralandı. Birdən qulağına
qurbağaların qurultusu
gəldi. Səs Ana İstilin
uçulub-dağılmış bəndi tərəfdən
- çayın yatağından
gəlirdi.
Bəndə çatanda suçu
Möhsün kişini
xatırladı, astadan:
"Qəbri nurla dolsun" pıçıldadı.
Kəndin yaşlı adamları
ona mirab deyərdilər. Möhsün
kişi bağ-bostan yayda susuz qalmasın deyə, Gur-gur çayın qabağına
bənd vurub, suyunu Ana İstilə yönəldərdi. Yazın oğlan
çağı çaya
sel gələndə bəndi də, çayın üstündən
keçən körpüləri
də bir-bir yıxardı. Sel suyu çəkiləndən sonra
çayda irili-xırdalı
balıqlar peyda olardı. Belə anlarda kəndin ağsaqqalları-ağbirçəkləri deyərdi ki, Allaha çoxlu-çoxlu şükürlər edin,
ay camaat, Novruzqabağı
yerin-göyün sahibi
el-obaya ruzu göndərib...
İbadın yeniyetmə çağında
balıq tutduğu çayın bəndə
yaxın yatağı
indi yamyaşıl kəz bağlamışdı. Kəzin
üzərində qurbağalar
atılıb-düşür, sanki oxuya-oxuya rəqs edirdilər... İbad kişi
diqqətlə baxanda gördü ki, qurbağaların çoxunun
dərisindəki xallar
elə durğun suyun üzərindəki kəzin, yosunun rəngindədir.
Kəzi
əli ilə aralayıb sudan
ovuclayıb içdi.
İkinci dəfə suyu götürəndə
ovucları arasında
ona mat-mat baxan qurbağanı görcək
elə bil diksinib yuxudan ayıldı... Qurbağanı kənara tullayıb
ayağa qalxdı.
Suya təşnə ürəyi
bulandı, mədəsində
bərk ağrı
hiss elədi. Ona
elə gəldi ki, ilk ovuclayıb içinə acgözcəsinə
sömürdüyü suyla
birlikdə mədəsinə
qurbağa gedib... Bir-iki dəfə ögüsə
də qusa bilmədi. Və təlaş içində
geriyə döndü.
***
...İbadın çölləmədə
boğaz inəyini gəzərkən qanovdan içdiyi kəz basmış su ilə qarnına qurbağa getməsi xəbəri ildırım
sürətilə kəndə
yayıldı. Heç kim eşitdiyi
bu xəbərə inanmaq istəmirdi. İnananlar da ona təcili
rayon mərkəzindəki xəstəxanaya
getməyi - özünü
rentgen aparatında yoxlatdırmağı məsləhət
görürdülər.
İbad
rentgen otağındakı
qadın həkimə
utandığından "mədəmdə nəsə var, bərk
ağrı verir" - dedi. Həkim ona təbaşir içirəndən
sonra mədəsini yoxlayıb "Mədənizdə
heç nə yoxdur, maşallah, saat kimi işləyir" -
dedi.
İki gündən
sonra İbad yenə xəstəxanaya
gəldi. Bu dəfə
rentgen otağındakı kişi həkim
yenə ona ürəyini bulandıran təbaşir məhlulu
içirtdi. Mədəsini müayinə edib
İbada sağlam olduğunu söylədi. "Doktor, axı baş barmağım boydaydı,
özüm gördüm. Gecələr də
quruldayır..." Həkim diqqətlə onun baş
barmağına baxıb maraqla soruşdu: "Nəyi
gördün?" "Xallı qurbağanı... Neçə
gündür ki, boğazımdan su da keçmir..." Həkim
məsələnin nə yerdə olduğunu biləndə təəssüflə
başını bulayıb dedi ki, ay rəhmətliyin oğlu,
sənin qarnında qurbağa nə gəzir? "Get, əməlli-başlı
ye-iç, sənin qarnın acından quruldayır..."
İbad əli ətəyindən
uzun, kor-peşman yenə kəndə
döndü.
Bu bir neçə gündə xeyli
arıqlamışdı. Rəngi-rufu
qaçmışdı. Çuxura
düşmüş gözlərinin işığı
get-gedə azalırdı. İbad kişiyə elə gəlirdi
ki, həkimlər ona içirdikləri təbaşir tozundan
olan ağ məhlulun içində
göyümtül xallı qurbağanı görə bilmirlər.
Əlac türkəçarəyə qalmışdı...
Amma ara həkimlərə də
şübhə hissi ilə yanaşırdı. Arvadı da səhər-axşam
deyinirdi: "Belə getsə, ay kişi, üzülüb lap əldən
düşəcəksən!.."
***
Aradan iki-üç gün də ötüb-keçdi. İbadın
başına gələn hal-qəziyyə qonşu kənddə
yaşayan məktəb yoldaşı, şair Əli
Zamanın da qulağına çatmışdı. Eşitmişdi ki, İbad nə yeyir, nə
içir, nə də yatır.
Düşünürdü ki, bu minvalla bədbəxt
azarsız-bezarsız ömrünü başa vura bilər! Odur ki, təzə nəşr olunmuş şeirlər
toplusundan bir-ikisini əl çantasına qoyub İbadgilə
yollandı.
İki kəndin
arasında sədd
nişanı olan çayın üstündəki Taxta
körpüyə çatanda nə düşündüsə,
çayın kəz bağlamış yatağından
baş barmağı boyda bir xallı qurbağanı tutub cib
yaylığına bükdü. Əl
çantasının yan cibinə ehmalca qoyub sonra yoluna davam
etdi.
...Orta məktəbdə dərslərini yaxşı
oxuduğuna görə bir çox şagird yoldaşları
kimi İbad da Əliyə həsəd aparardı. Məktəbin divar qəzetində bir dəfə
Əli ona satirik şeir də yazmışdı. İbad hələ o vaxtı hamının şair
çağırdığı Əlidən inciməmişdi.
Çünki müəllimlər də Əliyə
"ağıllı, bacarıqlı, istedadlı
uşaqdı" - deyə hörmət bəsləyirdilər.
Keçmiş sinif yoldaşının gəlişinə
İbad kişi sevindi. Kitabına baxıb:
"çox mübarəkdir" - dedi. Hər
ikisi dünyasını dəyişən məktəb
yoldaşlarına rəhmət oxuyub, sağ qalanlardan söz
saldılar. Qırx-qırx beş il əvvəl
məktəbdə baş verən bir-iki məzəli əhvalatı
yada salıb güldülər də... Sonra: "- İndi ki,
ay İbad, həkimlərə şəkk edirsən, onda mənə
yaxşıca qulaq as!" - deyə
şair müdrik görkəm alıb, özündən
uydurduğu hadisəni belə nəql etdi: "Bunu rəhmətlik
nənəmin dilindən eşitmişəm: babam bir dəfə
pələmədə bostanın qarovulunu çəkirmiş.
El sözüdür, sən də bilirsən, deyir, pələməsiz
bağ olmaz! Sən demə, pələmənin
taxta tavanının bir küncündə sərçə
yuvası varmış, yumurtadan təzə çıxan
cıppılı bir ətcəbala düşür su
bardağına. Gecənin bir vədəsi kişi bardağı başına çəkəndə
sərçə balası gedir mədəsinə. Bu minvalla təşvişə düşüb,
üz tutub gəlir evə. Nənəmə
qayıdıb deyib ki, içimdə elə bil sərçə
cikkildəyir. Nənəm eləməyib tənbəllik,
əvvəl yarım çölmək qatığı, sonra
üstündə bir kasa ərinmiş camış
yağını içirib babama. Kişi sıfraq edəndə,
quşun balası da düşüb ləyənin içinə..."
İbadın arvadı söhbətə
qulaq asırdı. "Qatığımız
var, qardaş, amma camış yağı yoxdur!" - deyəndə şair ərklə dilləndi
ki, hansı yağ olur-olsun, fərq etməz!.. Qadın
soyuducudan üzərinə "Kərə ləzzətli
Möcüzə günəbaxan yağı"
yazılmış şəffaf rəngli plastik qab gətirdi.
Şair də təcrübəli təbiblər kimi:
"Bacı, bu yağı azca isitsən yaxşı olar"
- dedi. İbad inansın deyə, şair gətizdirdiyi ləyəni
də düz evin ortasına qoydu... "Hə, indi əvvəl
qatığı iç, üstündən
də "Möcüzə" yağını..."
Boş mədəsi qatıqla dolandan sonra günəbaxan yağı
İbadın ürəyini bulandırdı... Ögüyüb
ləyənə qusdu. Arvadı doğma əmisi
qızı olsa da, çimtəşib üzünü yana çevirdi. İbad növbəti dəfə
gözlərini yumub ögüdüyü məqamda şair cəld
çantasından cib yaylığına bükdüyü
qurbağanı ləyənin içinə atıb: "Hə,
İbad, hə, bir də cəhd elə... bir də... bir də..."
- deyə-deyə azca kənara çəkildi. Və birdən
sevinc hissi ilə qışqırdı: "Əla,
alındı. Bərəkallah... Hə, bax, bax, xallı
qurbağaya bax..."
İbad yaşarmış gözlərini
silib gah ləyəndəki qurbağaya,
gah da şairə baxdı. "Adın Əliyə
and olsun ki, mənim qarnıma gedən xallı qurbağa
düz baş barmağım boyda idi." Şair onun
qabarlı əlindəki baş barmağına baxıb
gülümsündü, sonra çox ciddi tərzdə dedi:
"Əşi, ay rəhmətliyin oğlu, neçə
gündür ki, ac qalmaqdan əriyib çöpə
dönübsən, qurbağa da acından arıqlayıb dana..."
İbadın gözlərinə işıq
gəldi. Gülə-gülə dedi:
"Şair, dana dedin, yadıma boğaz inəyim
düşdü. İnşallah, erkək doğsa,
balasını sənə bağışlayacam..." Sonra
ucadan arvadına səsləndi: "- Əmiqızı, gəl
bu şoqəribi apar tulla o yana,
özün də biş-düş elə, tez ol, gətir
düz süfrəyə..."
Arvadı
ləyəni götürəndə
şairə ürəkdən təşəkkür
edib dedi: "Allah babana da, o təbib nənənə də
min rəhmət eləsin, qardaş, düz bir həftədir
ki, yuxu üzünə tamarzı qalmışıq..."
17 aprel 2018
Nurəddin ƏDİLOĞLU
Ədəbiyyat qəzeti.- 2018.- 21
aprel.- S.27.