Vaqif Yusifli tənqidi

- ədəbiyyatımızın isti qanı

 

 Vaqif Yusiflinin yetmiş illiyi tamam olur. Tale elə gətirib ki, bu ömrün son iyirmi ilini müşahidə etmək şansım olub. Həmişə yazılarından tanıdığım, yaradıcılığı ilə müasir ədəbiyyatda gedən prosesləri izləməyə imkan verən Vaqif müəllimlə Ədəbiyyat İnstitutuna gəldiyim ilk gündən etibarən "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" şöbəsinin əməkdaşı olmuşuq. Son dörd ildə isə müdir vəzifəsini icra edir Vaqif müəllim. Akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutuna direktor təyin olunan kimi gerçəkləşdirdiyi ilk işlərdən biri "Ədəbi tənqid" şöbəsini açmaq və Vaqif Yusiflini ora rəhbər təyin etməsi oldu. Bu, bir qanunauyğunluq idi, əlbəttə. Tənqidçi adını ömür kimi yaşayanlardan biridir Vaqif müəllim, hamımız üçün ustaddır, müəllimdir, dostdur, uğurlarımıza sevinən, dəyərləndirən, diqqətini əsirgəməyən ədəbiyyat adamıdır. Bu dörd ildə həm də müdir statusunda tanıya bildik Vaqif müəllimi. Yazılarından çıxmış adam kimi yaşadığına, eyni sadəlik və qayğıkeşlik, eyni  anlayış və təvazökarlıq keyfiyyətləri daşıdığına əmin olduq.

Vaqif müəllimlə məni həm də görkəmli tənqid tarixçisi Kamal Talıbzadənin adı birləşdirir. Hər ikimiz onun aspirantı olmuşuq. Mən son aspirantı oldum Kamal müəllimin, Vaqif Yusifli isə  əvvəlincilər sırasında yer tutur. Onları vahid ədəbi sferaya gətirən amillər vardı. Söhbət hər iki alimin arasındakı əxlaq və yaddaş körpüsünün mövcudluğundan gedir. Mətnlərdə əyaniləşən və əbədiləşən bütövlüyün şəxsiyyət mənəviyyatında davamını tapmasından gedir.

Yetmiş yaşlı Vaqif Yusifli... Bu ömrün əlli ili ədəbiyyata sərf olunan taledir. Bu əlli ildə Vaqif Yusifli özü ilə ədəbiyyat arasına heç bir boşluq buraxmadı. Gəldiyi zamandan bu günədək sədaqətini qorudu. İndi bu adi görünə bilər. Amma 90-cı illərin gərgin və dramatik, hər açılan səhəri qanla qızaran reallığında sözdən, yazıdan, ədəbiyyatdan perik düşməməyin özündə sonsuz bir fədailik çaları vardı. Vaqif Yusifli o dövrü xarakterizə edən başlıca tənqidçi imzalardandır. Baxmayaraq ki, buna qədər onun 70-80-ci illər tənqidinin inkişafında, həmin dövr ədəbi nəslinin yaradıcılığının nəzəri-estetik səciyyəsinin təsvirində məxsusi payı var.

Vaqif Yusifli sovet ideolojisinin hələ işlək olduğu bir dönəmdə ədəbiyyata gəlsə də, bu illərdə ədəbiyyat haqqında aparılan söhbətlər elmi-nəzəri mülahizələrin aydınlığı, qətiliyilə seçilir, professional müdaxilələrin, müstəqil düşüncə axtarışlarının nəticəsi kimi meydana çıxırdı. Yaradıcı şəxslər diskussiyalar zamanı çəkinmədən ədəbiyyat, sənət haqqında qənaətlərini bölüşür, analitik təhlillər əsasında polemikalar yaratmağa səy edirdilər. Vaqif Yusiflinin həmin dövrdə meydana çıxan nəsrlə bağlı "Nəsr, konfliktlər, xarakterlər" tədqiqatı, eləcə də cari prosesə həsr olunan müxtəlif məqalələri ədəbiyyata qatqısız-boyasız, yeni yanaşma tərzinin ehtivası baxımındna seçilirdi. Bəlkə elə buna görə Vaqif Yusifli daxil olmaqla bir qism tənqidçilər 90-cı illəri əlahiddə bir dövr kimi səciyyələndirərkən başlanğıc, zəmin kimi bu illəri göstərir, 90-cı illərin yeniləşmə ideologiyasını həm ictimai fikir müdaxiləsi, ideya nöqteyi-nəzərindən,  həm də özünün bədii nöqteyi-nəzərindən 60-70-ci illər mərhələsinin davamı kimi qiymətləndirirdilər.

90-cı illər isə başqa bir dövr idi, yalnız keçid deyil, həm də sınaq məqamı idi.  Vaqif müəllim ədəbi tənqidin tənəzzülə doğru getdiyi, tənqidçilərin cari ədəbiyyatın problemləri ilə ciddi maraqlanmadığı, ədəbi tənqid məkanının büsbütün boşalmağa başladığı və hərənin bir istiqamatə yan aldığı 90-cı illərdə də əvvəlki şövq və ehtirasla yaradıcılıq problemlərinin həllinə girişdi, kənara çəkilərək müşahidəçi qismində qərar tutmadı. Həmin dönəmin ədəbi mənzərəsini aydın işıqlandıran məqaləni də elə o zaman Vaqif müəllimin özü yazdı: "Karvanbaşı, yolun hayanadır?" başlığı altında... Öz həmkarlarına səsləndi, tənqidin problemlərini dilə gətirdi, həm də yetərincə cəsarətlə: "… yenidənqurma və aşkarlıq həyatımızın bütün sahələrinə təsir və nüfuz göstərsə də, ədəbi tənqid hələ özünü bu iqlimə kökləməmişdir. Ölkədəki, respublikadakı tənqid havası bircə ədəbi tənqdin özünə gəlib çatmır", - deyə... Amma bir məqama diqqət eləmişəm. Vaqif Yusifli meydanda boşluğun meydan suladığı dönəmdə belə "bizdə ədəbi tənqid yoxdur" qənaətini heç zaman səsləndirməyib. Bu yəqinlik onda, bir tərəfdən müasir ədəbiyyatı, yazılan hər mətni izləyib oxumaq qənaətindən doğubsa, digər tərəfdən dəyər vermək, görməzdən gələ bilməmək bacarığından hasilə gəlib. 

Ədəbi prosesin qayğı və problemləri ilə müntəzəm və ardıcıl şəkildə məşğul olan Vaqif Yusiflinin bu illər ərzində çap olunan "Tənqid yarpaqları" (1998), "Karvanbaşı, yolun hayanadır" (1998), "Yollar hayana aparır" (1999), "Tənqid və bədii söz" (2002), "Tənqid də yaradıcılıqdır" (2003), "Poeziyanın yolları və illəri (1960-2000-ci illər)", "Poeziya və zaman" kimi kitablarında, habelə dövri mətbuatda işıq üzü görən yazılarında çağdaş dövrün bədii mənzərəsi bütün rəngləri və boyaları, ziddiyyət və mürəkkəbliyi ilə görünə bilir. Bu yazılarda 90-cı illərin ədəbi prosesi bütün əlvanlığı ilə canlandırılır, dövrün bədii təsərrüfatı ideya-məzmun, poetika-sənətkarlıq kontekstində təhlilə çəkilir. Həm də ədəbiyyatımızın qanunauyğunluqlarına, onun müxtəlif dövrlərdəki axtarış və təmayüllərinə bələdliklə.

Vaqif Yusiflidə gənclərin yaradıcılığına həmişə nəhayətsiz bir maraq olub. Bütün yeni çap olunan kitabları əldə edib oxumağa, hələ könlünə yatanı başqalarına da oxutdurmağa maraqlıdır. Sanki kimisə, nəyisə nəzərdən qaçırar deyə, cari proseslə bağlı axtarışlarında tələsdiyini də sezmişəm. Oxuduğu kitablara operativliyi, mətn duyumu olan gənclərə münasibətdə həssas davranması, onlara yolun başlanğıcında mənəvi dayaq olma mövqeyi illərdir göz önündədir. Doğrudur, həyəcanla dolu ilk addımlarda Vaqif müəllimin bir kəlməsi ilə xoşbəxt olub, "böyüyəndən" sonra onu bəyənməyən, fikirlərini köhnə hesab edən müəlliflər də az olmur. Vaqif müəllim isə tutduğu yolda "əbədi səfərdədir".  Çünki yaxşını, istedad qığılcımını hamıdan öncə görmək mənəvi bir işıq kimi Vaqif Yusiflinin şəxsiyyətini təyin edən əsas özəllikdir. Ədəbiyyata, sənətə də məhz fərdi mənəvi yüksəkliyin orbitindən nəzər yetirir Vaqif Yusifli. Buna görə onun bütün kitablarında gənclərlə bağlı məqalələr, oçerk və problem yazılar üstünlük təşkil edir. Dövrün estetik iqlimini, ədəbiyyatda mövcud olan müxtəlif tendensiya və təmayüllərini öyrənmək baxımından V.Yusiflinin məqalələri mühüm əhəmiyyət kəsb edir. Diqqət edirəm, onun "Qanadlandıq uçmağa", "Yollar hara aparır",  "Yeddi duyğu", "Gənc şairlər, sözüm sizədir", "Səkkiz kitiab, yeddi söz", "Şeirimizin bu günü - bu günümüzün şeiri", "Yetkinlik və yetkinliyə doğru", "Söhbət ədəbi gənclikdən gedir" və s. kimi yazıları əsasən yeni fəaliyyətə başlayan yazarların yaradıcılığına ayna tutmaq, gənc nəslin sənətkarlıq məziyyətləri haqda müəyyən təsəvvür yaratmaqla yanaşı, bütövlükdə çağın ədəbiyyatını qüvvətli və kəsir cəhətləri ilə birlikdə görükdürməyə müvəffəq olur. Hətta ən çətin və qarışıq dönəmlərdə  belə Vaqif Yusifli gənc nəslin axtarışlarına həssaslığına diqqəti azaltmır, dövrün ədəbiyyatını duymaq, onda ehtiva olunan yaradıcı xarakterləri, fəal və intensiv axtarışlar əzmini, eksperiment səciyyəsi daşıyan mətnlərin yeniliklərini dərk etmək kimi məsuliyyət daşıyan vəzifəni öhdəsinə alır.

Vaqif müəllimin tənqidçi şəxsiyyətini ifadə edən başqa xarakterik özəllik milli-mənəvi dəyərlərə bağlılığındadır. Uzaq tarix deyil, 90-cı illərdə "yeni şeir" manifestasiyaları ilə çıxış edən şairlər klassik bədii təcrübəni, xalq danışıq üslubunu və təhkiyəni günün tələblərinə cavab verməməsi səbəbi ilə bədii dövriyyədən çıxdaş eləmək tələbi irəli sürür, folklor, ağız ədəbiyyatına müraciətlər "tərəkəmə ədəbiyyatı" deyə ələ salınır, onlar dünya ədəbiyyatına çıxış üçün yararsız elan edilir, "dünya olimpində bayrağımızı dalğalandırmaq" işində maneə kimi dərk olunurdu. Tənqidçi Vaqif Yusifli bu cür meyilləri nəzərdə tutaraq yazırdı: "Dünya ədəbiyyatı olimpində öz bayrağımızı dalğalandırmaq" iddiasını təbii qəbul etmək olar. Ancaq bunun üçün mütləq "XIX əsr tərəkəmə folkloru üslubunu" rədd etməliyik? Bilirik ki, ənənə geniş anlayışdır, ədəbiyyat tarixinin hər bir mərhələsində öz başlıca xüsusiyyətlərini qoruyub saxlamağa çalışan mənəvi sərvət göstəricisidir. Azərbaycan poeziyasında onun mənsub olduğu xalqın tarixi, mənəviyyatı, həyat və məişəti, dünyaya baxışı əks olunmuşdur".

Xatırlayıram ki,  müstəqilliyin ilk illərinin qızğın ədəbi davalarında, coşan ehtiraslarda ən çox hücuma məruz qalan tənqidçi idi Vaqif Yusifli. Qələmini bir tərəfdən ədəbi tənqidin yaşarılığı naminə işlətməyə, prosesdəki  tendensiyaların nəzəri və xronoloji hüdudlarını əhatə etməyə, digər tərəfdən isə ədəbiyyatı zamanın nihilist dalğasından zədəsiz çıxarmağa yönəltmişdi. Tənqidçi kimi özünün estetik mövqeyini bu meyara münasibətdə müəyyənləşdirmişdi. Onun "Ədəbi məktublar" adı ilə yazdığı silsilələrdə həmin illərin və proseslərin canlı və dinamik obrazı əyaniləşir.

Vaqif müəllimin ən çox sevdiyi, qəzəllərini tez-tez, böyük heyranlıqla səsləndirdiyi şair Məhəmməd Füzulidir. Onun "Bütün türk şairlərinin babası" adlanan silsilə məqalələri bu sevgini yetərincə görüb duymağa material verir. Bu yaxınlarda şöbəmizin ümumi işi olaraq ərsəyə gətirilən "Kamal Talıbzadə" kitabını elmi redaktor olaraq nəzərdən keçirərkən, seçilən rakurs məni düşündürdü: Vaqif müəllim Füzuli irsini cari mənəvi məkana çevirmə prosesini həssas bir duyumla gerçəkləşdirməyə çalışır, milli-mədəni idrak məqamında Füzuli sözünün, Füzuli nisgilinin önündə düşünürdü... O, Mir Cəlalın "Füzuli sənətkarlığı", Mirzağa Quluzadənin "Füzulinin lirikası" və  Sabir Əliyevin "Füzuli ədəbi estetikası" kitablarındakı poetika məsələlərini dərin bələdlik və geniş tədqiqat tələb edən konstruktiv məqalə ilə elmi yanaşmanın predmetinə çevirə bilmişdir. Bu məqalələr həvəskar yanaşma deyil, alim, ədəbiyatşünas duyumunun ərsəyə gətirdikləridir. Füzuli yaradıcılığının saçdığı işıqdan sabaha və gələcəyə, diriliyə və ahəngə yol aramaq meyli, onda kodlaşan ədəbi və mənəvi dəyərlərin vüsət və miqyasını görə bilmək bacarığıdır. Ümumiyyətlə, klassik ədəbiyyata olan sevgi Vaqif Yusiflinin tənqidçilik stixiyası üçün daxili vəhdət halındadır. Onun "Sındır qəfəsi" kitabında klassik ədəbi-fəlsəfi irsə maraq və məhəbbətlə aşılanmış yanaşma hakimdir. Bu fikirlərimizə dolğun bir əlavəni Vaqif müəllimin yaxınlarda işıq üzü görəcək "Azərbaycan qəzəli" kitabı edəcək. İsa Həbibbəylinin ön sözü ilə çap olunacaq bu kitab yalnız klassik irsin kompozisiya və forma parlaqlığını deyil, həm də ona münasibətdə Vaqif Yusiflinin estetik ölçülərlə dərinləşən məzmun və vüsətini də konseptual olaraq meydana qoyacaq.

İllər öncə Vaqif Yusifli haqqında yazdığım məqaləni "Tənqidin inamlı səsi" adlandırmışdım. Bu qənaətimdə indi də qalıram. O, tənqidin inamlı səsidir. Yaş senzindən, meydana qoyulan mətn müəlliflərinin kimliyindən asılı olmayaraq, azacıq işıq gördüyü hər məqama inamla yanaşan qələm sahibidir Vaqif Yusifli!

Vaqif Yusifli tənqidi ədəbiyyatımızın isti qanıdır. Onun qələmində ədəbiyyat heç vaxt donuq, ağır və ləngərli cərəyan edən prosesə çevrilmir, daim dövriyyədə, hərəkət və inkişafda olan məcrada yaşanır, dərk olunur.  Bu qələmin hələ uzun illər ədəbiyyatımıza xidmət edəcəyinə inanıram. Yetişəcək bir neçə nəslə yolun başlanğıcında ilk xeyir-duanı Vaqif Yusiflinin verəcəyinə də...

"Həmişə səfərdə", Vaqif müəllim!

 

Elnarə AKİMOVA

 

Ədəbiyyat qəzeti.- 2018.- 21 aprel.- S.9.