Qriqori Vieru

 

(1935-2009)

 

2010-cu ildə Moldovanın paytaxtı, özlərinin diliylə desək - Kişinau şəhərində keçirilən beynəlxalq kitab sərgisinin iştirakçısı oldum. Hələ 80-ci illərdən SSRİ- məşhur olan şair Qriqori Vieru ilə görüşmək üçün stol qonşum moldovan qadını sorğu-suala çəkdim. Onu da deyim  ki, Q.Vieru iki mövzunu - ana uşaqlar haqqında yazdığı şeirləri az qala folklor səviyyəsinə qaldıra bilmişdi.  Mən onun "Quş balaları" şeirini ha çalışmışdım ki, Azərbaycan türkcəsinə çevirim, yalançılar sözü,  2-3 il olardı, qafiyə tapırdım, məzmuna bədii don geydirirdim, misralarım şeirə çevrilmirdi.  Birdən Abbas Səhhətin uşaq əruzu yadıma düşdü - "Quşlar... quşlar... a quşlar...". Beş-on dəqiqənin içində "Quş balaları" ana dilimizdə danışdı...

Sözüm yarımçıq qaldı. Bayaq moldovan qadından danışırdım - məni məyus etdi - 1 il əvvəl dar axşam çağı 3 km. aralıdakı kənddən, ha desələr "getmə, dumandı" təklifinə baxmayan Q.Vieru yola çıxır şəhərə az qalmış  maşını dirəyə çırpılır...

Bu acının təəssüratı altında bir dəstə gül alıb, gedib qəbrini ziyarət etdim.

Böyük Moldov şairinin yaradıcılığıyla 40 ilə yaxındır ki, tanışam. 20-25 il əvvəl tərcümə edib, çapa vermədiyim "Quş balaları"nı axır ki, bu yaxınlarda təklikdən qurtardım. Ədibin bir sıra şeirlərini gözünə qatıb, sevimli qəzetimizə verməyi özümə borc bildim. Moldovanlar Qriqori Vierunu çox sevdiklərindən bu tərcümələr haqqında eşidəndə, inanıram ki, xalqımıza olan hüsn-rəğbətləri bir az da artacaq.

Unutmaq olmaz ki, biz, F.B.Köçərli adına Respublika Kitabxanasının şəxsində dünyanın ən məşhur uşaq yazıçılarına verilən mötəbər Andersen mükafatının münsifi  IBBY- - Dünya Uşaq Gənclər Ədəbiyyatı  Şurasına da (İsveçrə) məhz Moldovanın xeyir-duasıyla üzv olmuşuq.

 

Quş balaları

 

- A quşcuğazlar, üşümürsüz məgər

Siz yuvanızda beləcə lüt-üryan?!

- Eh, bizə neylər bu əsən küləklər,

Lap tufan olsun, anamız var - həyan!

 

- Yaxşı tutaq ki, ananız gəlmədi,

Yağdı yağışlar, olar çarəniz?!

- Bəs başımız üstə budaqlar nədi,

Yarpağına sığınarıq onun biz?!

 

 - Birdən oldu, ananız gəlmədi,

Tökdü ağaclar da ki, yarpağını?!

- Eh, olan işmi anamız gəlməsin,

Töksün ağaclar da ki, yarpağını?!

 

Ulduz

 

Oy, kömək eylə, Ulduz,

Yırğala qız balamı! -

Ulduz balamı!

Lay-lay...

Lay-lay...

 

Yır-yığış etməliyəm,

Hər işə yetməliyəm.

Əlim çatmır balama!

Lay-lay...

Lay-lay...

 

Sığalla üz-gözünü,

Elə bilsin anasıdı,

Yoxsa oyanasıdı!

Lay-lay...

Lay-lay...

 

Novruzgülü

 

Bir novruzgülü tapdım -

Qönçəydi - açmamışdı.

Anama verim deyə,

Tezcə yanına qaçdım.

 

Novruzgülüylə məni

Qucaqlayantək anam.

Köksünün istisindən

Gül açıldı o an!

 

Anam poçtalyondur

Çantasını eşib-tökürəm,

Məktub varmı görən mənə?!

Ah... dəymiş bir armud tapdım,

Kim yollayıb, görəsən... ?!

 

 Payız

 

- Cırıldama, cırcırama,

Bəsdi, oxudun daha!

Görmürsən anam yatır,

Birdən oyadarsan, ha?!

 

- Bağışla, bilməmişəm,

Susuram... sən çalış -

Qoy yarpaqlar tökülüb,

Salmasın yerdə xış... xış...

 

 Xoruz

 

Şeir demək həvəsinə

Düşdü xoruz,

Atılıb damın belinə

Düşdü xoruz:

 

- Bir... iki... üç... -

Ağzını açanda çaşdı,

Fikrindən sözləri qaçdı.

Bircə yadında qaldı bu -

Quq... qu... lu... quuu.

 

Zooparkda

 

Meymun ki, dişləyib-didmir,

Ziyan verməyir bir kəsə.

Niyə, görəsən, yazığı

Tutub salıblar qəfəsə?!

 

Uşaqlar  da yamsılayır,

Əyir ağzını meymunun.

Onlar kimi davranmağa

Məcbur eyləyirlər onu.

 

Ay qalxıb göyün üzünə,

Sallanırdı banan kimi.

Meymun yumub gözlərini,

Ağlayırdı insan kimi.

 

Mənim karandaşım

 

Oynaqlayır, qaçır, gedir,

Tək ayaq üstə rəqs edir.

 

Gəzir, dolanır, salır iz -

Ağzından düşür evimiz.

 

Çəmən bitir ətrafında,

Güllər açır dörd yanında.

 

Hər bilir karandaşım,

Əl - onun, baş - mənim başım.

 

Yon

 

Atam çıxantək eyvana,

Çığırdı: - Yon, hardasan, ha?!

 

Qışqırığından bilirəm

Nəsə pis tutmuşam mən.

 

Yoxsa "Yonacan, hardasan?"

Deyərdi çağıran zaman.

 

Çömçəquyruqlar

 

- Biz gedirik məktəbə -

Qur... qur... qur...

Hesabı bilmirik hələ -

Qur... qur... qur...

 

 Necə öyrənək bu sayaq?!-

Qur... qur... qur...

Əl altda var ki, sayaq?! -

Qur... qur... qur...

 

Alma yox, qoz yoxdu belə! -

Qur... qur... qur...

Piroq yox, konfet hələ! -

Qur... qur... qur...

 

Nəyi sayaq bir deyin siz?! -

Qur... qur... qur...

Qışqırmağı bilirik biz! -

Qur... qur... qur...

 

Kirpi bala

 

Ana kirpi girdi bağa,

Kirpi balanı yumağa.

Səhər şehiylə burnunu,

Gözlərini yudu onun.

Amma beli... ah, bu nədi,

Başdan-başacan iynədi!

Odur ki, bala kirpinin

Kir içində qalır beli.

Rəhm edib yağış ki, yağır,

Kirdən təmizlənir fağır.

Uşaqlar, sevinin ki, siz,

Bala kirpi deyilsiniz!

 

Yağış

 

- Şap... şap... şap... -

Şappadan çətiri vurur:

- Mən gəlim?

- O yana dur!

 

- Şap... şap... şap... -

Şappadan asfaltı döyür:

- Mən gəlim?

- Gəlmə, xeyr!

 

- Şap... şap... şap... -

Tarlaya gedir əlbəəl:

- Mən gəlim?

- Tez elə, gəl!

 

Əllərim

 

Bir cüt əlim var mənim,

Bir yerdəyik hər zaman.

Üşüsə birdən onlar,

Üşüyərəm mən o an.

 

Ağrısalar, canımı

Ağrı bürüyər həmən.

Yuyarlar üz-gözümü,

Əvəzində onlara

Əlcək geydirərəm mən.

 

 Saat neçədir?

 

Yetişmiş moruq kimi

Üfüq alışıb-yanır.

Bir qoca sübh səhərdən

Süpürür xiyabanı.

 

- Ehey, babacan,

Babacan, ehey!

Saat neçədi,

Neçədi, bir de?

 

Saat bağladığı qolu

Dövr eləyir sağı-solu:

 

- Ay oğul, vaxtı

Soruşurmusan?

Al qırmızıdı!

Al qırmızıdı!

 

Odur mavi suları, bax,

Yarıb keçir mavi qayıq.

Var gücüylə avar çəkir

Bir balıqçı ayıq-sayıq.

 

- Ehey, balıqçı,

Balıqçı, ehey!

Saat neçədi,

Neçədi, bir de?

 

Avar çəkir dayanmadan,

Yorulmayır da bircə an:

 

- Söylə, sən vaxtı

Soruşurmusan?

Mavidi, mavi!

Mavidi, mavi!

 

Meşə - yaşıl, tala - yaşıl,

Yaşıllıqlar aşıb-daşır.

Yaşıl otlar arasında

Dəryaz xırta-xırt dolaşır.

 

- Ehey, biçinçi,

Biçinçi, ehey!

Saat neçədi,

Neçədi, bir de?

 

Qolunda saatı vardır,

Baxa bilmir, vaxtı dardır:

 

- Dostum, sən vaxtı

Soruşurmusan?

Yaşıldı, yaşıl!

Yaşıldı, yaşıl!

Bir tənbəllə rastlaşırıq

Ağac kölgəsində yatır.

Daş dövründən qalıb sanki -

Keçirir ayı həyatı.

 

- Ehey, bir eşit,

Eşit bizi, ey!

Saat neçədi,

Neçədi, bir de?

 

Tənbəl gərnəşir, əsnəyir,

Gözünü açmadan deyir:

 

- qışqırırsan:

"Saat neçədi?"

Yarıgecədi!

Yarıgecədi!

 

Ruscadan tərcümə edən:

Qəşəm İsabəyli

 

Ədəbiyyat qəzeti.- 2018.- 21 aprel.- S.8.