Azərbaycan ədəbi
tənqidinin Vaqifi
Azərbaycan cəmiyyəti, elmi-ədəbi ictimaiyyət
filologiya elmləri doktoru Vaqif Yusiflini müasir ədəbi tənqidin
görkəmli simalarından biri kimi qəbul edir.
Son
qırx ilin ədəbi prosesində, tənqid və ədəbiyyatşünaslığında,
elmi mühitində Yusifli Vaqif Əziz oğlunun özünəməxsus
yeri, rolu və təsiri, izi vardır. Bu
böyük dövrün ümumi elmi-ədəbi mənzərəsini,
xüsusən, ədəbi prosesi Vaqif Yusiflisiz tam təsəvvür
etmək çətindir. Qeyd olunan mərhələnin
uğurlarında, irəliləyişində Vaqif Yusiflinin
sanballı payı, əməyi vardır. Eyni
zamanda, həmin dövrün çətinlikləri, problemləri
üçün Vaqif Yusifli də cavabdehlik
daşımşdır. Çünki bu
dövr ərzində Vaqif Yusifli sadəcə araşdırma
aparmaqla, elmi əsərlər yazıb nəşr etdirməklə
öz işini bitmiş hesab etməmişdir. O, qələmi
ələ aldığı gündən indiyədək (yəqin
ki, bundan sonra da) ədəbiyyatın və ədəbiyyatşünaslıq
elminin taleyi ilə, ab-havası ilə
yaşamışdır. Artıq ədəbiyyat,
tənqid və ədəbiyyatşünaslıq, tənqidçilik
missiyası Vaqif Yusiflinin, sadəcə, məşğuliyyət
sahəsi deyildir, taleyidir, həyatının əsas hissəsidir,
tərcümeyi-halının mühüm göstəricisidir.
Yaşıdları ilə müqayisədə Vaqif
Yusifli elmi-ədəbi mühitdə özünü daha tez təsdiq
edə bilmişdir. Fikrimcə, bunun bir sıra əsas səbəbi
olmuşdur: Əvvəla, elmi mühitə Yusifli Vaqif kimi gələn
bu cavan qələm sahibi hələ doktorantura (aspirantura) həyatına
qədər dövri mətbuatda elmi-bədii və publisist
yazılarla ara-sıra çıxış etmiş, müəyyən
dərəcədə tanınmışdır. Aspirantura illərində də yalnız seçdiyi
dissertasiya mövzusu ətrafında çalışmaqla kifayətlənməmiş,
Həmin illərdə müxtəlif kitablar haqqında
yazdığı resenziyaları, ayrı-ayrı problemlərə
həsr olunmuş elmi konfranslarda və seminarlardakı
yaddaqalan çıxışları onu hər hansı bir
konkret bir mövzunu tədqiq edən doktorantdan qat-qat çox
tanınmışdır. Yəni qeyri-adi
çalışqanlıq, yorulmadan səy göstərmək,
fəaliyyət dairəsinin genişliyi Yusifli Vaqifin
özünütəsdiqində mühüm faktorlardan biri
olmuşdur. Fikrimcə, indi də fəal
mütaliə etmək, yorulmadan yazmaq və fasiləsiz
çap olunmaq baxımından Vaqif Yusifli ilə müqayisə
olunacaq ədəbiyyatçı qələm sahibi tapmaq asan
deyildir.
Tədqiqatçılıq fəaliyyətinin
başlangıc dövründə Yusifli Vaqifin seçdiyi
namizədlik dissertasiyası mövzusu çox populyar və
aktual idi. Onun
XX əsrin səksəninci illərində üzərində
çalışdığı "Müasir Azərbaycan bədii
nəsrində konflikt və xarakter" adlı dissertasiya
mövzusunun əsasən o zaman ədəbi mühitdə az
qala günəş kimi parlayan
altmışıncıların - Anarın, Elçinin, Sabir
Əhmədlinin, İsi Məlikzadənin...
yaradıcılığına həsr olunması da Yusifli
Vaqifin qısa müddətdə tanınmasına, diqqət mərkəzinə
çəkilməsinə münbit zəmin
hazırlamışdır. Vaqif Yusifli səksəninci
illərdə altmışıncılar ədəbi nəslinin
ilk tədqiqatçılarından biri idi. Və o zaman Yusifli Vaqif seçdiyi mövzuda
yazdığı yaddaqalan məqalələrə görə
elmi-ədəbi mühitdə söz və imtiyaz sahibi olan həmin
ədəbi nəslin dəstəyini qazana bilmişdir.
Tanınmış yazıçı-tənqidçi
Elçin Əfəndiyevin Vaqif Yusiflinin namizədlik
dissertasiyası haqqındakı opponent rəyini onun 1986-cı
ildə nəşr olunan "Nəsr: konfliktlər, xarakterlər"
monoqrafiyasında ön söz kimi çap etdirmişdir. Vaqifin həmyaşıdı birinin tərcümeyi-halında
belə bir fakt olmamışdır. O vaxta qədər
elmi-ədəbi mühitdə cəmi-cümlətanı
iki-üç belə məqalə xatırlamaq
mümkündür. Həmin məqalələrdən
birini də mərhum və məşhur professor Mehdi Məmmədovun
Elçin Əfəndiyevin namizədlik dissertasiyası
haqqında çap etdirdiyini xatırlayıram. O məqalə
də opponent rəyi idi. Heç şübhəsiz,
Elçinin məqaləsi Yusifli Vaqifin elmi taleyində
mühüm rol oynadı. Bundan başqa, Nizami adına
Ədəbiyyat İnstitutunun çoxsaylı elmlər namizədlərinin
sıralarından Vaqif Yusiflinin "Azərbaycan" kimi
nüfuzlu bir jurnalın "Tənqid və ədəbiyyatşünaslıq"
şöbəsinin müdiri vəzifəsinə irəli
çəkilməsi də onun ədəbi mühitin
tanınan cavan və istedadlı simalarından birinə
çevrilməsinə təkan vermişdir. Üstəlik XX əsr
Azərbaycan ədəbi tənqidinin "atası" hesab
olunan elmi rəhbəri akademik Kamal Talıbzadənin yetirməsi
Vaqif Yusifli haqqında ədəbi-elmi mühitə
eşitdirdiyi xoş münasibət və inam notları da necə
deyərlər, Vaqifin Vaqif olmasına meydan açdı. Bir qədər
sonra Kamal müəllimin Vaqif Yusiflinin "Tənqid
yarpaqları" kitabı haqqında yazdığı aşağıdakı
sözlər görkəmli alimin xeyli əvvəl öz tələbəsi
barəsində elmi-ədəbi mühitdə səsləndirdiyi
şifahi mülahizələrin yazılı ifadəsi idi:
"Vaxtilə tələbəm olmuş Vaqif Yusiflinin yenicə
çapdan çıxmış kitabını böyük məmnuniyyət
hissi ilə oxudum. Bu kitabda məni razı salan əsas
cəhət odur ki, tənqidi əsərlərindən söz
açdığı qələm sahiblərinin
yaradıcılığındakı əsas damarı (mən
onu şah damarı adlandırardım) tuta bilir və bu
damardan axan qanın təhlilini verməyi bacarır. Vaqif
ayrı-ayrı yazıçıların əsərlərini
elə ustalıqla təhlildən keçirir ki, həmin əsəri
oxumayan və ümumiyyətlə müəlliflə tanış olmayan oxucu da onun ədəbiyyatımızdakı
mövqeyini təyin edə bilər. Vaqifdəki
bu bacarıq onun təhlil üsulunda, bədii əsərə
yanaşma prinsipindədir".
Beləliklə,
altmışıncılardan tədqiqat işi yazan, namizədlik
dissertasiyası müdafiə edən, məqalələr
çap etdirən, elmi konfranslarda söz açan Vaqif Yusifli
ustad tənqidçilərin və həmin
altmışıncıların dəstəyi ilə səksəninci
illər elmi-ədəbi mühitinin ön mövqeyinə,
diqqət mərkəzinə çəkilmişdir. "Nəsr:
konfliktlər, xarakterlər" adlı monoqrafiyası (1986) ilə
o, artıq Yusifli Vaqiflə, necə deyərlər,
vidalaşmış və həmişəlik olaraq Vaqif Yusifli
kimi yolunu davam etdirməyə başlamışdır.
Altmışıncıların Vaqif Yusifliyə bu qədər
qayğı ilə yanaşmalarının bir səbəbi həmin
illərdə hələ də elmi-ədəbi mühitdə
onların yaradıcılığına ikili münasibətin
mövcud olduğu dövrdə Vaqif Yusiflinin irihəcmli namizədlik
dissertasiyası səviyyəsində bu məsələ barədə
müsbət tərəfdən tərəzinin gözünə
ağır bir daş ata bilməsi idi. İkinci tərəfdən
isə Vaqif Yusiflinin "Müasir Azərbaycan bədii nəsrində
konflikt və xarakter" mövzusunda müdafiə etdiyi namizədlik
dissertasiyası yüksək elmi-nəzəri səviyyəsi
ilə diqqəti cəlb edirdi. Bu
dissertasiya Azərbaycan ədəbiyyatşünaslıq elminə
gənc, istedadlı, zəhmətkeş və perspektivli bir tənqidçi
və ədəbiyyatşünasın gəldiyini bəyan
etmişdir. Hətta Dissertasiya
Şurasına sədrlik edən akademik Məmməd Cəfər
Cəfərovun da Vaqif Yusiflinin əsəri haqqında müsbət
fikirlər söyləməsi onun imicini daha da
artırmışdır. Bununla da Yusifli
Vaqif mərhələsi bitmiş, Vaqif Yusiflinin yeni
dövranı başlanmışdır. Sonrakı illərdə
Vaqif Yusifli çalışqan, zəhmətkeş, sadə,
qayğıkeş və istedadlı bir elm adamı kimi
başlanğıc mərhələdə qazandığı
yüksək imici nəinki qoruyub saxlamış, yazıb
çap etdirdiyi çoxsaylı sanballı məqalələr
və əhəmiyyətli kitablarla, mötəbər
yığıncaqlarda - qurultaylardakı, yaradıcılıq
müşavirələrindəki dərin məzmunlu,
düşünülmüş çıxışları
ilə daha da artırmış və inkişaf etdirmişdir.
Buna görədir ki, hələ elmlər namizədi
olduğu illərdə onun adını heç tərəddüd
etmədən respublikamızdakı ən məhsuldar elmlər
doktorları ilə bir cərgədə çəkmək
heç kəsi qətiyyən təəccübləndirməmişdir.
Vaqif Yusifli ilk növbədə tanınmış ədəbiyyat
tənqidçisidir. Ədəbi prosesin faktları və hadisələri,
ədəbiyyatımızın uğurları və kəsirləri,
problemləri və vəzifələri Vaqif Yusiflinin elmi
araşdırmalarında aydın və konkret şəkildə
öz əksini tapır. Hətta xüsusi bir
yaradıcılıq sahəsi kimi ədəbi tənqidin də
qayğıları və gedişatı onun təhlillərində
və araşdırmalarında özünəməxsus yer
tutur. Artıq uzun illərdir ki, ədəbi tənqid
haqqında ən sanballı söz deyənlərin arasında
Vaqif Yusiflinin fikirləri və mülahizələri mötəbər,
tutarlı, əhəmiyyətli söz kimi səslənməkdədir.
İllər keçdikcə Vaqif Yusifli Azərbaycanda
ədəbi tənqid cəbhəsinin ən aparıcı
simalarından biri kimi görünür. Ustad tənqidçilərin
yaşla bağlı təbii yarpaq tökümündən, nəsil
dəyişmələrindən sonra Vaqif Yusifli ədəbi tənqid
üzrə həmin boşluğu doldurmağa uğurla xidmət
edən, ustadların yerini boş qoymamağa
çalışan əsas tənqidçi missiyasını
şərəflə və fədakarlıqla yerinə yetirən
tənqidşünas səviyyəsində nəzəri cəlb
edir. İndiki halda hətta bir çox məqamlarda Azərbaycan
ədəbi tənqidi, yaxud çağdaş tənqidçi
anlayışları hamıdan çox Vaqif Yusifliyə aid
olur. O, artıq istəsə də, istəməsə də
milli ədəbi tənqidin çətin, məsuliyyətli və
şərəfli yükünü daşımalıdır. Və görükən budur ki, Vaqif Yusifli həmin
şərəfli missiyanı böyük vətəndaşlıq
məsuliyyətilə ardıcıl surətdə həyata
keçirməkdə davam edir.
Nəzərə çarpan bir cəhət də bundan
ibarətdir ki, Vaqif Yusiflinin ədəbi tənqidi əsərlərində
elmiliklə publisistika vəhdətdə çıxış
edir. Doğrudur, bu məqamlarda elmin payı həmişə
publisistikanın payından çox olur. Görünür,
dövri mətbuatla bağlı olması onun publisistikadan da
yan keçməsinə, xilas olmasına tam imkan vermir.
Buna baxmayaraq, Vaqif Yusiflinin tənqidində hər iki tərəfin,
hər iki arqumentin özünəməxsus yeri, bir-birini inkar
etməyən, lakin tamamlayan funksiyası vardır. Yusiflinin ədəbi-tənqidi
əsərlərində məsələnin qoyuluşu və
gedişatı, problemlərin şərhi bir qayda olaraq elmi-nəzəri
baxımdan izah və həll olunur. Publisistika
isə Vaqif Yusifliyə yalnız bəzi təfərrüatları
ifadə etməkdə, ekskurslardan və haşiyələrdən
faydalanmaqda yararlı olur. Nəticədə
həm dəyərli, sanballı, həm də geniş oxucu
auditoriyası üçün oxunaqlı ədəbi-tənqidi
əsərlər meydana çıxır. Bütün
bunlara görədir ki,
Vafiq Yusiflinin ədəbi-tənqidi məqalələri
təkcə həmin məqalələrin
aid olduğu yazıçılar, yaxud ədəbiyyatşünaslar
tərəfindən deyil, mütləq əksəriyyət tərəfindən
maraqla oxunur.
Bir cəhəti də ayrıca qeyd etməyi lazım
bilirəm. Vaqif Yusifli qərəzli tənqidçi deyildir.
Onun tənqidçilik fəaliyyəti yalnız
və yalnız yazıçının, ədəbiyyatın,
ədəbi prosesin inkişafına xidmət edir. Vaqif Yusifliyə hətta dostyana "sifarişlərlə"
müsbət ruhlu resenziya, məqalə yazdırmaq
mümkündür. Lakin qərəzli,
birtərəfli, inkaredici, necə deyərlər,
yıxıb-sürüyən sifarişlərin Vaqif Yusifli tərəfindən
qəbul ediləcəyinə heç vaxt inanmaq olmaz. Vaqif Yusifli elmiliklə, publisistika ilə, alimliklə
xeyirxahlığı üzvi surətdə birləşdirir.
Hələ 1997-ci ildə çap etdirdiyi
"Ürəyimi sərdim günəşə" adlı
kitabı həm də onun daxili aləmini, xarakterini də ifadə
edir. Bəlkə bu mülahizələri
oxuyarkən qeyd olunan cəhətlərin xüsusən tənqidçi
üçün tam yararlı olmadığını
düşünənlər də tapılacaqdır. Belələri
yalnız və yalnız, həm də qeyri-elmi şəkildə
ədəbi tənqidin vəzifəsinin, sadəcə, tənqid
etməkdən ibarət olduğunu düşünənlər
ola bilər. Tənqidi istiqamət
isə ədəbi tənqidin funksiyalarını tam ifadə
etmir. Gerçək ədəbi tənqid ədəbiyyatdakı
bütün halları - gözəlliyi də,
nöqsanları da, uğurları da, kəşfləri də
obyektiv elmi mövqedən, qərəzdən uzaq
yanaşmalarla dəyərləndirməyi bacaran tənqiddir.
Ədəbi tənqid hap-gop, şər-böhtan,
yalan-palan, qisas-filan deyil, özünəməxsus prinsipləri
olan elmdir. Vaqif Yusifli məhz bu qəbildən olan hərtərəfli
və obyektiv tənqidin təkcə
daşıyıcısı deyil, artıq həm də
tanınmış yaradıcısıdır.
Ədəbi tənqidlə ədəbiyyatşünaslığın
digər sahələri arasında möhkəm Çin səddi
çəkməyin mümkün olmadığını həm
də Vaqif Yusiflinin elmi fəaliyyəti bir daha təsdiqləyir. Tənqidçi Vaqif
Yusiflinin xalq şairləri Məmməd Araz və Fikrət
Qoca, habelə, Musa Yaqub
haqqındakı kitablarında ədəbiyyatşünaslıq
elminin ayrı-ayrı sahələrinin - ədəbiyyat
tarixçiliyinin, ədəbi tənqidin və ədəbiyyat
nəzəriyyəçiliyinin xüsusiyyətlərini
görməmək mümkün deyildir. İstər-istəməz
adları çəkilən sənətkarların həyatı
və mühitinə dair məlumatlar verən, onların yeri gəldikcə
tərcümeyi-hal faktlarından və müasirlərindən
söz açan müəllif ədəbiyyat tarixçiliyindən
faydalanır. Yaxud, istinad etdiyi sənətkarların
ayrı-ayrı əsərlərinin janr xüsusiyyətləri,
təsvir və ifadə vasitələrindəki orijinallıq
barəsində də yazmalı olan Vaqif Yusifli ədəbiyyat
nəzəriyyəsi məsələlərinə də
baş vurmalı olur. Əslində ədəbiyyat
nəzəriyyəsi məsələlərinə müəyyən
səviyyədə bələd olmadan mükəmməl tənqidçi
olmaq müşkül məsələdir. Vaqif
Yusifli poeziya və nəsr üzrə monoqrafik tədqiqatlarında
ədəbiyyat nəzəriyyəsi faktorunun yeri və rolu
daha aydın görünür. Ədəbi prosesin
gedişatına və ayrl-ayrı əsərlərə
nəzər salarkən də o, ədəbiyyat nəzəriyyəsi
notları olmadan təfərrüatı açmaq meylində
olmur. Lakin bütün məqamlarda onun
professional tənqidçilik məharəti əsərlərindəki
nəzəriyyə amilinə həmişə arxa planda qoyur.
Daha doğrusu, tədqiqatlarında və məqalələrində
tənqidçilik missiyasını yüksək səviyyədə
həyata
keçirən Vaqif Yusiflinin ayrıca nəzəriyyəçi
qismində çıxış etməsinə xüsusi
ehtiyac qalmır. Vaqif Yusifli ədəbi tənqid
sahəsində daha peşəkar və professionaldır.
Ədəbiyyatşünaslıq elminin müxtəlif
istiqamətlərindən sintez halında faydalanmağı
bacaran Vaqif Yusiflinin üstünlüyü, fərdi
özünəməxsusluğu müraciət etdiyi
mövzulara ədəbi tənqid müstəvisində
yanaşanda daha qabarıq şəkildə diqqəti cəlb
edir. Yəni artıq Vaqif Yusifli nədən,
yaxud kimdən yazırsa-yazsın həmin məsələni,
yaxud şəxsiyyəti yüksək səviyyədə
xüsusi professionallıqla ədəbi tənqid
prizmasından mənalandırmağın, təhlil edib dəyərləndirməyin
öhdəsindən gəlməyi bacarır.
Vaqif Yusifli üçün bir peşəkar tənqidçi
kimi ədəbiyyatın nəsr və poeziya qolları daha
doğmadır. O, professional nəsr tənqidçisi olmaqla
yanaşı, eyni səviyyədə də peşəkar
poeziya tənqidçisidir. Vaqif Yusiflinin illərdən
bəri nəsrin problemlərinə dair yazdıqlarını
bir yerə yığsaq, bir neçə cildlik kitab alınar.
Və ya Yusiflinin poeziyaya dair indiyədək
çap etdirdikləri bir neçə sanballı doktorluq
dissertasiyası üçün yetərli sayıla bilər.
Bütün bunların müqabilində Yusifli
Vaqif Əziz oğlunun mümkün olduğundan daha gec
doktorluq dissertasiyası müdafiə etməsi heç də
təəccüblü görünməmişdir. Yaxından tanıyanlar yaxşı bilirlər ki,
Vaqif Yusifli üçün elm-ədəbiyyatşünaslıq
fəxri ad, yaxud elmi rütbə almaqdan çox sevdiyi, ürəkdən
bağlandığı, həyatının üzvi tərkib
hissəsinə çevrildiyi professional yaradıcılıq
sahəsidir. Bununla belə, Vaqif Yusifli
doktorluq dissertasiyası müdafiə edən qədərki
çoxillik və çoxcəhətli məhsuldar, səmərəli
elmi fəaliyyəti ilə elmlər doktorluğu
üçün müəyyən olunmuş hədləri
çoxdan aşmış, keçmişdir. Ona görə
də Vaqif Yusifli 2011-ci ildə "Müasir Azərbaycan
poeziyasında ənənə və novatorluq" mövzusunda
doktorluq dissertasiyası müdafiə edəndə elmi-ədəbi
mühitdə hər kəs bir-birindən soruşmuşdu ki,
"niyə Vaqif Yusifli elmlər doktoru deyildir?" Vaqif Yusifli isə təqdim etdiyi sanballı doktorluq
dissertasiyası ilə Azərbaycan şeirinin XX əsr mərhələsi
haqqında daha əsaslı elmi ideyalar irəli sürməsi
və dərin müqayisəli-nəzəri tədqiqatları
ilə yeni hədəflərə
çatdığını meydana qoymuşdur. Heç
tərəddüd etmədən demək mümkündür
ki, Vaqif Yusiflinin çağdaş Azərbaycan poeziyasına həsr
olunmuş "Poeziyanın illəri və yolları"
monoqrafiyası ölkəmizdə yaranmış ən
sanballı elmi-tədqiqat əsərlərindən biridir. Bu, Azərbaycan poeziyası, müasir dövrün
şeir məktəbləri, yaradıcılıq prosesləri,
şeir vəznləri haqqında ciddi, bitkin və ümumiləşdirilmiş
əhəmiyyətli tədqiqat əsəridir. Daha çox nəsr tədqiqatları ilə
tanınan Vaqif Yusifli bu əsəri ilə həm də bərabər
səviyyədə poeziya tədqiqatçısı olduğunu
isbat etmişdir.
"Azərbaycan" jurnalı Vaqif Yusiflinin həyatında
xüsusi yer tutur. O, bu jurnalda şöbə müdirliyindən baş
redaktorun müavinliyinə qədər şərəfli bir
yol keçmişdir. "Azərbaycan"
jurnalının öz nüfuzunu, səviyyəsini, klassik
imicini qoruyub saxlamasında və daha da inkişaf etdirməsində
Vaqifin danılmaz xidmətləri vardır. Hətta Vaqif Yusiflinin "Azərbaycan"
jurnalındakı çoxsaylı yazılarından
çıxış edərək demək
mümkündür ki, ədəbi tənqid sahəsində
ayrıca bir "jurnal tənqidi" janrının da formalaşdığı
müşahidə olunur. Vaqif Yusiflinin
şərti olaraq "jurnal tənqidi"
adlandırdığımız məqalələri həcminin
genişliyi, ciddi elmi-ədəbi problemlərə həsr
olunması kimi xüsusiyyətlərlə səciyyələnir.
Fikrimcə, artıq Vaqif Yusiflinin özü haqqında da ən
azı "jurnal tənqidi" səviyyəsində, yaxud
"icmal tənqidi" formatında ümumiləşmiş
geniş həcmli xüsusi bir elmi yazıya ehtiyac vardır. Vaqif Yusiflinin çoxillik səmərəli elmi fəaliyyəti
bunlardan da böyük monoqrafik tədqiqat üçün də
material verə bilər. Vaqif Yusiflinin Azərbaycan
Respublikasının əməkdar mədəniyyət
işçisi fəxri adını qazanmasında "Azərbaycan"
jurnalının, bu jurnalda çap olunmuş ciddi ədəbiyyatşünaslıq
əsərlərinin payı çoxdur. Hətta "Məmməd
Araz dünyası" adlı monoqrafiyasına görə
layiq görüldüyü Məmməd Araz ədəbi
mükafatına nail olmasında da "Azərbaycan"
jurnalında əldə etdiyi təcrübənin, yiyələndiyi
qələm vərdişlərinin rolunu da etiraf etmək
lazım gəlir.
Vaqif
Yusiflinin elmi taleyi Azərbaycan Milli Elmlər Akademiyası
Nizami adına Ədəbiyyat İnstitutu
ilə üzvi surətdə bağlıdır. O, bu elmi-tədqiqat
institutunda filologiya üzrə namizədlik (fəlsəfə
doktorluğu) və doktorluq dissertasiyaları müdafiə
etmişdir. Bizim hər birimiz kimi, Vaqif Yusifli də
Nizami İnstitutunda elmi məktəblərdən keçmiş,
ustad dərsləri almışdır. Hazırda
filologiya elmləri doktoru Vaqif Yusifli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
"Ədəbi tənqid" şöbəsinə rəhbərlik
edir. Daha doğrusu, Azərbaycan ədəbi tənqidinin
görkəmli simalarından biri olan Vaqif Yusifli indi Ədəbiyyat
İnstitutunda "Ədəbi tənqid" şöbəsinin
qurucusu missiyasını uğurla həyata
keçirir. "Ədəbi tənqid"
şöbəsi Ədəbiyyat İnstitutunda ən son
yaranmış şöbələrdən biri olsa da, Vaqif
Yusiflinin məqsədyönlü fəaliyyəti sayəsində
bir çox elmi uğurlara imza atmışdır. İlk növbədə "Ədəbi tənqid"
şöbəsinin fəaliyyət konsepsiyası işlənib
hazırlanmışdır. Şöbə
artıq özünün ixtisaslaşmış gənc elmlər
doktorlarını və fəlsəfə doktorlarını
yetirmişdir. Bundan başqa, qısa
müddətdə Vaqif Yusiflinin özünün və onun
xeyir-duası ilə şöbə əməkdaşlarının
sanballı monoqrafik tədqiqatları yazılıb nəşr
edilmişdir. Eyni zamanda, Nizami adına Ədəbiyyat
İnstitutunda 2014-cü ildən ardıcıl olaraq
keçirilən "Ədəbi proses"
yaradıcılıq müşavirələrində də
Vaqif Yusifli başda olmaqla bu elmi-tədqiqat ocağının
"Gənc qvardiyası" aparıcı mövqedə
dayanaraq xüsusi fəallıq göstərir. Vaqif
Yusifli Ədəbiyyat İnstitutunun yeni dövr "Ədəbi
proses" hərəkatının əsas hərəkətverici
qüvvəsidir. Artıq beşincisi
çapa hazırlanan "Ədəbi proses"
kitablarının məsul redaktoru kimi də Vaqif Yusifli ustad tənqidçilik
vəzifəsini şərəflə yerinə yetirir.
"Ədəbi proses" yaradıcılıq müşavirələrində
"İlin ədəbi mənzərəsi" mövzusunda
məruzələrindən başqa, həm də "Bölgələrdə
ədəbi həyat" məsələlərinə həsr
edilmiş məruzələri ilə Vaqif Yusifli tənqidçilik
fəaliyyətində ölkə ədəbiyyatını
bütün coğrafiyası ilə əhatə etmək
missiyasını yerinə yetirməyin zəruriliyini və əhəmiyyətini
meydana qoymuşdur. Onun "Bölgələrdə
ədəbi həyat" adlanan kitabları ölkə üzrə
bu istiqamətdə yazılıb çap olunmuş ilk tədqiqatlardır.
Həm də xeyirxahlıq nümunəsi olan bu
kitablar Azərbaycanın paytaxtı ilə yanaşı,
regionlarda yazıb-yaratmaqda davam edən şair və
yazıçılara, xüsusən gənc qələm sahiblərinə
qol-qanad verir, beləliklə, ölkə üzrə ədəbiyyatın
inkişafının canlandırılmasına müsbət mənada
təsir edir. Vaqif Yusiflinin bu qəbildən olan növbəti
"Şabran ədəbi mühiti" kitabı Bakı
şəhərinə yaxın olsa da, özünəməxsusluqları
ilə diqqəti cəlb edən bu regionda yaranan ədəbiyyatı
fərdi xüsusiyyətləri və əsas simaları ilə
birlikdə geniş oxucu auditoriyasına təqdim edir.
Vaqif Yusiflinin Azərbaycan ədəbiyyatında ən
çox sevdiyi sənətkar Məhəmməd Füzulidir. O, Füzulinin qəzəllərinin
çoxunu əzbərdən bilir. Ədəbiyyatşünaslıq
mühiti onu Məhəmməd Füzulinin sinədəftəri
kimi qəbul edir. Füzuli qəzəllərindəki bəzi
müəmmaların açılmasında Vaqif Yusiflinin yazıları və
söhbətləri cəlbedicidir və əsas
funksiyasını yerinə yetirir. Bu mənada
uzun illərin mütaliəsi və müşahidələrindən
sonra bu günlərdə nəşr etdirdiyi "Azərbaycan
qəzəli" kitabı (2018) Vaqif Yusiflinin sönmək
bilməyən Füzuli sevdasından doğmuşdur. Bu monoqrafik tədqiqat Vaqif Yusiflinin illərdən bəri
qəlbinin dərinliklərində və yaradıcılıq
ovqatında yaşamaqda davam edən Füzuli sevdasının
ümumiləşmiş yekunudur. Ümumiyyətlə
Vaqif Yusiflinin tənqidçilik fəaliyyətində, ədəbiyyatşünaslıq
tədqiqatlarında böyük demokrat yazıçı Cəlil
Məmmədquluzadənin sözləri ilə desək,
"Füzulidən bir duz" vardır. Bu
əlamət Vaqif Yusiflinin ədəbi-tənqidi fikirlərindəki
bəzi obrazlı cümlələrdə, ara-sıra
yazdığı "arayışi-söhbət"
xarakterli şərhlərində aşkar nəzərə
çarpır. Lakin bunlar alovlu tənqidçi-ədəbiyyatşünas
Vaqif Yusiflinin tükənməz Məhəmməd Füzuli
sevdasını tam ifadə etmək gücündə və həcmində
deyildir. Ona görə də Vaqif Yusifli, necə deyərlər,
qəlbinin dərinliklərindəki Füzuli sevdasını
bir qədər masştablı şəkildə ifadə etmək
üçün tənqidçilik fəaliyyəti ilə ədəbiyyat
nəzəriyyəçiliyinin qovşağında
yazılmış "Azərbaycan qəzəli"
kitabını qələmə almışdır.
"Azərbaycan qəzəli" kitabı müstəqillik
dövrü ədəbiyyatşünaslıq elmimizdə qəzəl
janrının tarixinə və poetikasına həsr
olunmuş ilk sanballı elmi araşdırma kimi mühüm əhəmiyyətə
malikdir. Kitabda Azərbaycan qəzəlinin mənşəyi,
inkişaf mərhələləri və
yaradıcıları haqqında tədqiqat əsas yer tutur.
Burada ədəbiyyat tarixçiliyi ilə nəzəriyyəçiliyin
sintezi vasitəsilə Azərbaycan ədəbiyyatında qəzəl
janrının yeri, mövqeyi, əhəmiyyəti və
müasir inkişaf səviyyəsinə dair elmi qənaətlər
öz əksini tapmışdır.
Əgər belə demək mümkündürsə
Vaqif Yusifli çoxəsrlik Azərbaycan poeziyasında Azərbaycan
qəzəlinin təkamül prosesinə Füzuli qəzəllərinin
işığında nəzər salmış, nəticə
etibarilə böyük qəlb şairinin qəzəldəki
əlçatmazlığını bir daha etiraf etməli
olmuşdur.
O, yazır ki, "bu sətirlərin müəllifi (yəni
Vaqif Yusifli - İ.H.) az-çox klassik poeziyamıza vurğun
bir şəxsdir və Füzuli heyranıdır. Təkcə
Füzulinin deyil, klassik poeziya nümunələrinin əksəriyyətini
dönə-dönə mütaliə edir, ən çox
klassik poeziyada işlənən bədii təsvir vasitələrinə
diqqət yetirir. Və etiraf edir ki, Füzuli qəzəllərində
olan bu möcüzələrə heç bir şairdə təsadüf
etməyib".
Daha çox müasir ədəbi proseslə əlaqədar
olan tənqidçilik sənəti ustadının klassik ədəbiyyata
bu qədər dərindən bələdliyi və
vurğunluğu özü də başqa bir möcüzədir. Bəlkə də
məşhur "Şikayətnamə"si Füzulini tənqidçi
Vaqif Yusifliyə yaxınlaşdırmışdır. Hər
halda "Azərbaycan qəzəli" kitabı Füzuli və
qəzəl haqqında sırf tənqidçinin
yazdığı nadir və qiymətli kitablardandır.
"Azərbaycan qəzəli" kitabında da Vaqif
Yusiflinin tənqidçilik missiyası qabarıq şəkildə
diqqəti cəlb edir. Kitabda Azərbaycan qəzəlinin
inkişaf mərhələlərindən söz
açılarkən bu janrda yazan sənətkarların və
ya onların ayrı-ayrı qəzəllərinin
mayasındakı müasirlik əlamətlərindən, cəmiyyətlə
əlaqəli məqamlardan da geniş bəhs olunur ki, bunlar tənqidçilik
vəzifəsinin təzahürləridir. Və
məsələnin bu cəhəti, yəni qəzəl
janrına tənqidçi baxışının
işığında nəzər salınması "Azərbaycan
qəzəli" kitabını Vaqif Yusifli imzasına daha da
doğmalaşdırır. Kitabda məsələnin
şərhi üçün müxtəlif lüğətlərdən
və dərsliklərdən alınmış nəzəri məlumatlar
gətirilsə də, müəllifin özü də imkan
daxilində mövzuya həm də nəzəri cəhətdən
yanaşmağa cəhd göstərsə də, tənqidçilik
izi qalmışdır. Bu mənada Vaqif
Yusiflinin "Azərbaycan qəzəli" kitabı tənqidçi
gözü ilə nəzəri mövzuda yazılmış əhəmiyyətli
tədqiqatdır.
Azərbaycan qəzəlinin əsas
yaradıcılarının bu janrda yazılmış
seçilmiş örnəklərindən verilmiş
seçilmiş nümunələr Vaqif Yusiflinin bədii
zövqünü ifadə etməklə bərabər,
monoqrafik tədqiqatdan istifadə olunması imkanlarını
daha da artırır.
Filologiya elmləri doktoru Vaqif Yusiflinin çoxillik və
səmərəli elmi fəaliyyəti müasirləri olan tənqidçi
və ədəbiyyatşünaslar tərəfindən
yüksək qiymətləndirilmişdir.
Ədəbiyyatşünaslıqda "bədiiliyi, sənətkarlığı
əsas şərt sayan tənqidçi" (K.Talıbzadə),
"ənənəvi ehkamçı və sxolastik ədəbi-tənqidi
ənənədən tamamilə
fərqlənən, ...yenilik və müasirlik
axtarışları ilə seçilən" (Yaşar
Qarayev), "tənqidimizin zəhmətkeşi"
(Elçin), "ədəbiyyat gəmisinin dor ağacından baxan adam" (Vilayət Quliyev),
"tənqidi də yaradıcılıq kimi qəbul edən" (Xeyrulla
Əliyev), "orijinal tənqidçi dünyası olan",
"daim axtarışda" (İntiqam Qasımzadə),
"peşəkar tənqidçi olmaqla yanaşı, eyni
zamanda peşəkar ədəbiyyatşünas" (Arif
Əmrahoğlu), "səciyyəvi üslub sərbəstliyi"
(Əsəd Cahangir), "Vaqif Yusifli: tənqidçi əxlaqı
və obrazı" (Rüstəm Behrudi),
"çağdaş ədəbi proseslə nəfəs
almağı bacaran", "tənqidçi ünsiyyəti
olan" (Tehran Əlişanoğlu) və nəhayət
"İşıqaxtaran" (Məmməd Oruc) və
başqa təyinatlarda onun portreti
canlandırılmışdır.
Bu gün filologiya elmləri doktoru Vaqif Yusifli - Azərbaycan
ədəbiyyatında ədəbi tənqidin aparıcı
simasıdır. Vaqif Yusifli - ustad tənqidçidir. Ədəbi
tənqidin nəzəriyyəsinə aşina olan Vaqif Yusifli
real ədəbi prosesdə vətəndaş tənqidçi
missiyasını şərəflə yerinə yetirir. Bütün mənalarda o, Azərbaycan ədəbi tənqidinin
Vaqifidir. Yeni tənqidçilər nəsli
üçün Vaqif Yusifli əsl canlı tənqidçilik
məktəbidir. Vaqif Yusifli isə heyrətamiz
dərəcədə yorulmadan yazıb ardıcıl olaraq
çap etdirdiyi sanballı ədəbi-tənqidi əsərləri
ilə əsl fədakar tənqidçi olmağın ibrətamiz,
düşündürücü yeni dərslərini meydana
qoymaqda davam edir.
Uğur olsun, ədəbi tənqidin ustadı Vaqif
Yusifli.
Yetmiş yaşın mübarək!
İsa HƏBİBBƏYLİ
Ədəbiyyat qəzeti.- 2018.- 21 aprel.- S.10-11.