Professor Mir Cəlal Paşayev
və Nizami adına
Ədəbiyyat İnstitutu
Arxiv materialları əsasında ilk
dəfə
II məqalə
Əvvəli qəzetimizin 1915-ci il 13 fevral tarixli sayında
SSRİ
Elmlər Akademiyası Azərbaycan Filialının Nizami
adına Ədəbiyyat və Dil İnstitutu 1942-ci ildə iki
şöbədən: 1. Ədəbiyyat və dil
, 2. Lüğət şöbələrindən ibarət
idi. Professor Mir Cəlal Paşayev bu şöbələrdən
ən böyüyünə - özündə Əlyazmalar
fondunu, folkloru və mətnşünaslığı da ehtiva
edən Ədəbiyyat və dil şöbəsinə rəhbərlik
edirdi.
İnstitutun
1942-ci ilin yekunları haqqında hesabatında
yazılırdı: "Ədəbiyyat və dil şöbəsi
Azərbaycan ədəbiyyatının inkişaf tarixi, klassiklərin
əsərlərinin nəşrə hazırlanması, Azərbaycan
şifahi xalq yaradıcılığının toplanması
və tədqiqi, Azərbaycan dilinin elmi işlənib
hazırlanması və dialektlərin
araşdırılması problemləri ilə məşğul
olur" (AMEA RH Arxivi, fond-5, siyahı-4, s.v.-6, qutu-72).
Bu
yığcam cümlə Mir Cəlal müəllimin rəhbərlik
etdiyi şöbənin mövzu, tarixi mərhələ,
ixtisas sahələri baxımından nə qədər
geniş, əhatəli, ağır və məsuliyyətli
problemlərin altına çiyin verdiyini, az qüvvə ilə
nəhəng işlərin qulpundan
yapışdığını, nəhayət? böyük bir boşluğun yığcam
zaman müddətində doldurulmasına təşəbbüs
göstərdiyini özündə əks etdirir.
Şöbə
əməkdaşlarının fərdi iş planlarına
müharibə şəraiti ciddi əl gəzdirsə də,
1942-ci ildə mühüm problemlərin icrasına
başlanılmış, "Azərbaycan ədəbiyyatı
tarixi" üzrə 27 ç.v əvəzinə 34 ç.v.
həcmində tədqiqat və toplama işi
görülmüşdür. Azərbaycan ədəbiyyatının
qədim dövrünə aid Mikayıl Rəfili 1 ç.v., Qədim
və Orta əsrlər üzrə Həmid Araslı 10
ç.v., XVII-XVIII əsrlərə aid Məmmədhüseyn
Təhmasib 4 ç.v., XIX əsr üzrə Feyzulla Qasımzadə
8 ç.v. XX əsrin əvvəlləri (Sovet dövrünə
qədər) Mir Cəlal Paşayev 5 ç.v. və institutun
direktoru Məmməd Arif Dadaşzadə Sovet dövründən
bəhs edən 6 ç.v. həcmində material
hazırlamışdır.
Mir Cəlal
müəllim İnstitutun ona həvalə etdiyi fərdi
iş planından əlavə "Antifaşist alman
yazıçıları" (Q.Mann, L.Feytvanger və A.Sveyq
haqqında //SSRİ EA Azərbaycan Filialının Xəbərləri.-
1942.- ¹ 1.- s.13-18), "Anamın kitabı"nda vətənpərvərlik"
("Vətən uğrunda" jur.- 1942.- ¹ 4-5.- s.90-98),
"Füzulinin "Rind və Zahid"əsərində
yenilik və köhnəliyin mübarizəsi" (SSRİ EA
Azərbaycan Filialının Xəbərləri.- 1942.- ¹ 2.-
s.38-43) və s. elmi, ədəbi-tənqidi və publisistik məqalələr
yazaraq dövrünün ən nüfuzlu mətbuat
orqanlarında çap etdirmişdir. O bədii
yaradıcılıq sahəsində də fəal
çalışmışdır. "İlyas",
"İsrafil", "Şərbət" və "Vətən
hekayələri" adlı yığcam həcmli
kitabçaları işıq üzü görmüş, on
üç hekayəsi qəzet və jurnallarda nəşr
olunmuşdur. Fədakar, səmərəli əməyin
sanbalı və miqyası vurğulamağa əsas verir ki, Mir
Cəlal müəllimi müharibədən, döyüşən
cəbhədən azad etsələr də o özünü ədəbiyyat
cəbhəsindən, fikir, söz döyüşündən
bir an da olsun azad etməmişdir.
Etiraf edək ki, M.C.Paşayev elmi, bədii
yaradıcılıqla pedaqoji fəaliyyəti böyük
ustalıqla əlaqələndirməyi, hər üç sahədə
böyük uğurlar qazanmağı yüksək səviyyədə
bacarırdı. O paralel olaraq Azərbaycan Dövlət Universitetində
dərs deyir və məhz bu təhsil ocağının təqdimatı
əsasında Ali Attestasiya Komissiyasının 4 iyul 1942-ci il tarixli (Protokol ¹ 16) qərarı ilə ona
"Azərbaycan ədəbiyyatı tarixi" ixtisası
üzrə dosent elmi adı vermişdir. Mir Cəlal müəllimə
Tomskdan ünvanlanan protokoldan çıxarışı
SSRİ Xalq Komissarları Soveti yanında Ali Məktəblərlə
İş üzrə Ümumittifaq Komitəsi Ali Attestasiya
Komissiyasının sədr müavini İ.Aqroskin imzalamışdır.
Görülən
işlərin nəticələrini nəzərdən
keçirdikdə əminliklə belə bir qənaətə
gəlmək olar ki, M.C.Paşayevin həm elmi, ədəbi-bədii
yaradıcılığı, həm də ədəbiyyat və
dil şöbəsinə rəhbərliyi 1942-ci il üzrə çox uğurlu olmuşdur.
Xüsusilə şöbənin 30 m.v. həcmində "Azərbaycan
ədəbiyyatı tarixi" qısa kursunu az
müddətdə başa çatdırması o dövr
üçün böyük elmi-ədəbi hadisə idi.
Nizami adına Ədəbiyyat və Dil İnstitutu
Ədəbiyyat və dil şöbəsinin 1943-cü il
üçün nəzərdə tutulan tədqiqat planı
müharibə əhval-ruhiyyəsi üzərində köklənmişdir
desək yəqin ki, yanılmarıq. Mövzuların
təqdimat rakursu vətənpərvərlik
duyğularının ovxarlanmasına meylləndirilmişdir.
Cəmiyyətdə elan edilmiş siyasi
şüarların - "Hər şey vətən müharibəsinin
qələbəsi üçün, hər şey hitlerizmin
darmadağın edilməsi üçün, hər şey qəhvəyi
taunun birdəfəlik ləğvi üçün!"
- çağırışının təsiri
altında araşdırma planlarının hazırlanması
duyulmaqdadır. Tədqiqat işlərinin sərlövhələrini
nəzərdən keçirək: "Azərbaycan
xalqının qəhrəmanlıq eposu "Dədə Qorqud"
(1 m.v., icraçı Həmid Araslı), "Nizami əsərlərində
qəhrəmanlıq və vətənpərvərlik motivləri"
(6 m.v., icraçı Heydər Hüseynov), "Şah
İsmayıl Xətai Azərbaycan ədəbi dilinin müstəqilliyi
və işlək olması uğrunda mübariz kimi" (1, 2
m.v., icraçı Həmid Araslı), "Azərbaycan
xalqının qəhrəmanlıq eposu "Koroğlu"
(30 m.v., icraçılar Məmmədhüseyn Təhmasib və
Əhliman Axundov)," "Alovlu vətənpərvər Məhəmməd
Hadi" (1, 2 m.v., icraçı Mir Cəlal Paşayev) və
s.
Bu
mövzulardan əlavə şöbədə Mir Cəlal
Paşayevin rəhbərliyi ilə "Qızıl əsgərin
kitabxanası" seriyasından "Faşist
işğalçılarına ölüm" devizi
altında 10 m.v. həcmində 10 kitabça hazırlamaq nəzərdə
tutulmuşdur. Vətənpərvərlik ruhunda yazılacaq
kitabçaların adları aşağıdakı kimi müəyyənləşdirilmişdir:
1. "Vətənə məhəbbətlə", 2.
"Poetik sözün qüdrəti", 3. "Bizim
andımız", 4. "Azərbaycanın qəhrəman
qızı", 5. "Düşmənə nifrət",
6. "Dədə Qorqud" eposundan xalq qəhrəmanı
Qaraca Çoban", 7. "Kişilik və dəyanət",
8. "Xalqların döyüş dostluğu", 9.
"Hitlerçilər sovet xalqına nə gətirir?" və
10. "Düşmənin hiyləgər niyyətini
ifşa edən məqalə".
Şübhəsiz ki, Ədəbiyyat və dil
şöbəsinin nəzərdə tutulan fəaliyyət
istiqaməti diqqətə çatdırılan mövzular ilə
yekunlaşmırdı. Əlyazmalar fondunun materialları, elmi publisistik məqalələr
əsasında, çoxəsrlik xalqlar dostluğunu
özündə əks etdirən "Qafqaz xalqlarının
dostluğu" adlı toplu da nəşr etmək plana
salınmış, işin icrası Mir Cəlal Paşayevə
və Həmid Araslıya həvalə olunmuşdur.
İnstitutun və şöbənin illik hesabatına əsasən
öncədən planlaşdırılan tədqiqat
mövzuları yüksək səviyyədə yerinə
yetirilməklə yanaşı plandankənar işlər də
həyata keçirilmişdir. "Azərbaycan ədəbiyyatı
tarixi"nin I cildi (qısa kurs) 40 m.v. həcmində
redaktə olunmuş və nəşrə təqdim
edilmişdir. İkinci cildin materialları makinada
yığılmış və icraçıları - Heydər
Hüseynov, Məmməd Arif Dadaşzadə, Mir Cəlal
Paşayev və Həmid Araslı idi. Ədəbiyyat
və dil şöbəsinin hazırladığı və
çapa təhvil verdiyi digər diqqəti cəlb edən
toplu "Vətən və ədəbiyyat"
kitabıdır. Bu topluda Mir Cəlal müəllimin
"Böyük kədər" məqaləsi də yer
almışdır.
Dosent Mir
Cəlal Paşayevin ədəbiyyatşünaslığa dair
məqalələrindən böyük şair Məhəmməd
Hadinin yaradıcılıq xüsusiyyətlərinə həsr
etdiyi "Şair-vətəndaş" ("EA Azərbaycan
filialının Xəbərləri", 1943, ¹ 4, s.66-80),
"Haqverdiyevin yaradıcılığı" ("Ədəbiyyat
qəzeti", 1943, 12 dekabr), "Nizaminin müsbət
obrazları" ("Vətən uğrunda", 1943, ¹ 6,
s.77-92), "Unudulmaz ədib" (Əbdürrəhimbəy
Haqverdiyev haqqında "Kommunist" qəz., 1943, 12 dekabr),
"Vətən və ədəbiyyat" ("Ədəbiyyat
qəzeti", 1943, 24 sentyabr) və s. əsərləri
dövrünün, zamanın ruhu ilə səsləşir,
mühüm aktuallıq, müstəsna əhəmiyyət kəsb
edirdi.
Mir Cəlal
müəllimin 1942-1943-cü illərdə məzuniyyətə
çıxmaması (buna görə direktorun 01.11.1943-cü
il tarixli 61 saylı əmri ilə ona konpensasiya ödənilmişdir
- A.R.), gərgin və intensiv elmi, ədəbi-bədii
yaradıcılıq işləri, pedaqoji fəaliyyətlə
məşğul olması səhhətinə mənfi təsir
göstərmiş, 18-28 fevral (Əmr ¹ 16, 04.03.1943) və 9-20
oktyabr 1943-cü il (Əmr ¹ 63, 10.11.1943) tarixlərində əmək
qabliyyətini itirərək xəstəliklə mübarizə
aparması müvafiq sənədlərdə öz əksini
tapmaqla yanaşı ümumi yaradıcılıq prosesinə
də şübhəsiz ki, mənfi təsir göstərmişdir.
1943-cü
ildə Nizami adına Ədəbiyyat və
Dil İnstitutunda struktur dəyişikliyi edilmiş, dosent Mir Cəlal
Paşayevin rəhbərlik etdiyi Ədəbiyyat və dil
şöbəsindən folklor və əlyazmalar ayrılaraq
müstəqil şöbələrə çevrilmişdir. Folklorşünas Əhliman Axundov Əlyazmalar fondu və
nadir kitablar qurumunun müdiri təyin edilmiş, Mir Cəlal
Paşayev isə noyabr ayının birinci dekadasında
Lüğət şöbəsinin rəhbərliyinə gətirilmişdir.
Bu təyinat gerçəkləşdirilərkən
şübhəsiz ki, Mir Cəlal müəllimin 1930-cu illərdə
Ensiklopediya və Lüğət İnstitutunda şöbə
müdiri vəzifəsində çalışması, elmi
işçilərin peşəkarlığına,
yaradıcılıq potensialına yaxından bələd
olması nəzərə alınmışdır.
İkinci Dünya müharibəsinin qüruba
yaxınlaşması Akademiyanın divarları arasında da
açıq-aşkar duyulmaqda idi. Mənəvi ruh
yüksəkliyi böyük qələbənin uzaqda
olmadığından xəbər verirdi. 1944-cü ildə
Az.FAN-da, o cümlədən Nizami adına
Ədəbiyyat və Dil İnstitutunda geniş islahatlara
başlandı, elmə üz tutan gənclərə
qapılar geniş açıldı.
İnstitutun tərkibi 1944-cü ildə 1. Ədəbiyyat
və dil, 2. Folklor, 3. Əlyazmalar
və nadir kitablar və 4 Lüğət şöbələrindən
ibarət idi. Ədəbiyyat, dil və
folklor şöbələri Azərbaycan ədəbiyyatının
inkişaf tarixini, klassik ədəbiyyatın çapa
hazırlanmasını, şifahi xalq
yaradıcılığının toplanması və
araşdırılması, Azərbaycan dilinin və onun
dialektlərinin tədqiqi ilə məşğul olurdu.
Əvvəlki illərdə olduğu kimi 1944-cü ildə
də institutun planında aparıcı mövzu "Azərbaycan
ədəbiyyatı tarixi"nə dair işin intensiv
aparılması, tədqiqatın elmi mündəricəsinin
genişləndirilməsi və məzmununun, mahiyyətinin dərinləşdirilməsi
məsələlərinə diqqətin artırılması
nəzərdə tutulmuşdur.
Azərbaycan ədəbiyyatının XVII-XVIII
yüzilliklər üzrə tədqiq məsələlərini
Həmid Araslı, XIX əsrə aid materialların hazırlanmasını
araşdırıcı Feyzulla Qasımzadə, XX əsr Azərbaycan
ədəbiyyatı tarixinin icrasını isə Mir Cəlal
Paşayev öz üzərinə
götürmüşdü. Bundan əlavə, böyük ədib
iki il müddətinə (1944-1946) "XX əsr Azərbaycan ədəbiyyatı"
mövzusu üzərində ciddi
çalışmağı, həm altıcildlik ədəbiyyat
tarixi üçün XX yüzilliyin 1905-1920-ci illərinin ədəbi-mədəni,
ictimai-siyasi mənzərəsini işıqlandırmaq, həm
də doktorluq mövzusunun parametrlərini müəyyənləşdirmək
niyətilə tədqiqat işinin planını tərtiblədi...
İşin
həcmi 20 çap vərəqi, yerinə yetirmə müddəti
1946-cı il dekabr ayınadək. Başlanıb - 1944" (AMEA RH Arxivi. Fond-7, s-1, iş-678, qutu-59, səh.-117).
Tədqiqat işinin planını nəzərdən
keçirdikdə Mir Cəlal müəllimin doktorluq
dissertasiyası üçün hazırladığı
plan-prospektin ilk variantı olduğuna əminlik yaranır. Şübhəsiz ki,
"Azərbaycanda ədəbi məktəblər"
adlı tədqiqat işinin mündəricəsi, miqyası və
əhatə dairəsi mövcud iş planından daha
genişdir.
Azərbaycan ədəbiyyatı tarixinin öncəki
dövrlərlə, mərhələlərlə müqayisədə
zaman baxımından XX əsr yarıya yetməsə də, ədəbi
şəxsiyyətlər, hadisələr rakursundan dönəm
çox zəngin, ziddiyyətli və mürəkkəb idi. Dövrün,
epoxanın bütöv panoramını təqdim etmək,
geniş tədqiqatlar aparmaq üçün Azərbaycandakı
arxivlər mükəmməl və bitkin deyildi. Rusiya imperiyası dövründə Qafqazın
ictimai-siyasi, ədəbi-mədəni mərkəzi
missiyasını bir əsrə yaxın ləyaqətlə
daşıyan Tiflisdəki dövlət arxivini
araşdırmağa ciddi ehtiyac duyulurdu. Beləliklə,
1944-cü ilin fevralın 27-də Az.FAN-ın rəhbərliyi
böyük elmi işçi, filologiya elmləri namizədi
Mir Cəlal Paşayevi 15 gün müddətinə konfransda
iştirak etmək və arxivlərdə araşdırmalar
aparmaq üçün Tiflis şəhərinə ezam etdi. Toplanılan yeni ədəbi materiallar əsasında
ədəbiyyat tarixi üçün nəzərdə tutulan
10 m.v. həcmində tədqiqat işi vaxtında və
yüksək səviyyədə icra edildi. Tədqiqat işində ilk dəfə dövrün
mühüm ədəbi hadisələri, tarixi şəxsiyyətləri,
o cümlədən Məhəmməd Hadi, Əli Nəzminin
həyat və yaradıcılığı əhatə
olunmuşdur. Mir Cəlal müəllim Cümhuriyyətə
qədərki dövri mətbuata xüsusi diqqət
ayırmış, "Məzəli" jurnalı və onun
qurucusu Haşım bəy Vəzirovun jurnalistlik fəaliyyətini
geniş işıqlandırmış, Abdulla bəy Divanbəyoğlu,
Əbdülxalıq Cənnəti, Abdulla Tofiq və b. həyat
və yaradıcılığını təhlil etmiş və
obyektiv dəyərləndirmişdir.
Direktor Məmməd
Arif Dadaşzadənin və elmi katib Yusif Mirbabayevin
imzaladığı Nizami adına Ədəbiyyat
və Dil İnstitutunun 1944-cü il üçün elmi-tədqiqat
işləri haqqında hesabatında "İnstitutun plandankənar
işləri"nin 5-ci paraqrafında yazılır:
"Az.FAN Nizami adına Ədəbiyyat və Dil
İnstitutunun Əsərləri" toplusu tərtib
edilmişdir. 1 ¹-li məqalələr toplusuna Mir Cəlalın
"Divanbəyoğlunun yaradıcılığı
haqqında", "Cənnəti haqqında",
H.Araslının "Füzuli haqqında" və "Saib
Təbrizi haqqında", M.F.Axundzadənin və
A.P.Çexovun çap olunmamış məktubları
M.A.Dadaşzadənin şərhləri ilə daxil
edilmişdir" (AMEA RH Arxivi, fond-5, siyahı-4, saxlama vərəqi-16,
qutu-73, səh.-132-136).
Elmi
qaynaqlardan məlumdur ki, Nizami adına
Ədəbiyyat İnstitutunun ilk elmi əsərlər
toplusundan ibarət olan "Ədəbiyyat məcmuəsi"
1946-cı ildə işıq üzü görüb. Amma bir
fakt söyləməyə əsas verir ki, elmi-tədqiqat
ocağının ilk məqalələr məcmuəsi Mir Cəlal
müəllimin təşəbbüsü və tərtibi ilə
məlum tarixdən iki il əvvəl - hələ
1944-cü ildə hazır idi...
İlin elmi-ədəbi hadisələrindən biri
şübhəsiz ki, uzun illər Mir Cəlal Paşayevin və
onun həmkarlarının fasiləsiz üzərində
çalışdığı ikicildlik "Müxtəsər
Azərbaycan ədəbiyyatı tarixi" (50 ç.v. həcmində)
kitabının nəhayət ki, işıq üzü
görməsi oldu. Bu dərslik həm geniş ədəbi ictimaiyyət, həm
də ali məktəblərin humanitar fakültələri
üçün böyük bir boşluğu aradan
qaldırmaqla yanaşı yazılmaqda olan altıcildlik
"Azərbaycan ədəbiyyatı tarixi"
üçün də mükəmməl model, misilsiz
nümunə missiyasını daşıyırdı. Müxtəsər Azərbaycan ədəbiyyatı
tarixinin 2-ci cildinin XX əsr Azərbaycan ədəbiyyatı
hissəsi (Müxtəsər Azərbaycan ədəbiyyatı
tarixi. Bakı, 1944, 2-ci cild, səh.145-249)
Mir Cəlal müəllimin təfəkkürünün və
gərgin əməyinin məhsulu idi.
Həmin
hesabatın elmi təbliğat sahəsində görülən
işlər barədə qeyd olunmuşdur ki, Az.FAN-ın elmi
sessiyalarında, ictimai təşkilatlarda və hospitallarda Mir
Cəlal Paşayev "Cənnətinin vətənpərvər
şeirləri", "Cənnətinin
yaradıcılığı, dövlət teatrında və
Yazıçılar İttifaqında fəaliyyəti",
"Vətən və ədəbiyyat", "XX əsr ədəbiyyatı"
və b. mövzularda məruzələr etmişdir. Eləcə də vətən, vətənpərvərlik
və qəhrəmanlıq mövzusunda radio vasitəsilə
M.A.Dadaşzadə, Mir Cəlal Paşayev, H.Araslı,
F.Qasımzadə, M.Təhmasib, Ə.Axundov, Ə.Mirəhmədov
çıxışlar etmiş və müsahibələr
vermişlər.
M.C.Paşayev
Azərbaycan Yazıçıları İttifaqında
yaradıcılıq hesabatı vermiş ("Ədəbiyyat
qəzeti". 1944, 11 mart), Yazıçıların
pleniumunda məruzə etmiş ("Ədəbiyyat qəzeti".
1944, 18 may), Füzuli "Əsərləri"nin 1-ci cildinə "Füzuli lirikası"
adlı (Füzuli. Əsərləri. Bakı, 1944, 1-ci cild. səh.6-32) geniş
ön söz yazmış, "Əbdürrəhim bəy
Haqverdiyevin yaradıcılığı" ("Vətən
uğrunda" jur. 1944, ¹ 1, səh.37-45), "Səhhətin
romantikası" ("Ədəbiyyat qəzeti". 1944, 30
avqust - 13 sentyabr), "Kamil ustad" ("Kommunist". 1944, 24
dekabr), "Cəlil Məmmədquluzadənin hekayələri"
("Kommunist". 1944, 29 noyabr), "C.Məmmədquluzadənin
dramaturgiyası" ("Ədəbiyyat qəzeti". 1944,
24 dekabr), "Zeynal Cabbarzadənin şeirləri" (Ədəbiyyat
qəzeti". 1944, 24 dekabr) adlı elmi tənqidi məqalələrini,
"Vətən" (Azərnəşr, 1944, 154 s.) sərlövhəli
irihəcmli hekayələr kitabını, "Vətən
uğrunda" jurnalında "Açıq kitab"
romanını, çoxsaylı hekayə və oçerklərini
nəşr etdirmişdir.
Bununla belə
etiraf edilməlidir ki, 1943-cü ildə olduğu kimi,
M.C.Paşayev 1944-cü ildə də 1 saylı Müalicəxananın
verdiyi əmək qabiliyyətini itirmə vəsiqəsinə
əsasən mart ayının 13-dən 16-dək (Əmr ¹ 20),
may ayının 25-dən iyun ayının 22-dək, iyunun 4-dən
10-dək (Əmr ¹ 20), iyulun 1-dən avqustun 19-dək (Əmr ¹
32) müddətlərdə müalicə olunmuş, institutla əlaqələrini
zəiflətmişdir. Xəstəlik, işlərin gərgin
məcrada inkişafı onunla nəticələnmişdir ki,
Mir Cəlal Paşayev İnstitutun 1 dekabr 1944-cü il 47 saylı əmrinə əsasən Ədəbiyyat
şöbəsinin müdiri vəzifəsindən azad edilərək
baş elmi işçi vəzifəsinə
keçirilmiş, onun yerinə həmin tarixdən Ədəbiyyat
şöbəsinin müvəqqəti müdirliyinə
baş elmi işçi əvəzi Beydulla Musayev gətirilmişdir.
İstinad edilən sənədlər düşünməyə
əsas verir ki, Mir Cəlal müəllim xəstə
olduğu, müalicə aldığı günlərdə də
qələmini əldən yerə qoymamışdır. Fəaliyyət
sferasının mündəricəsini və mahiyyətini
vizual nəzərdən keçirməklə böyük ədibin
elm cəbhəsində, bədii yaradıcılıq sahəsində
göstərdiyi şücaəti, fədakar əməyi heyrət
doğurur desək - bəlkə də görülən
titanik işlərin sanbalı, əhəmiyyəti haqqında
gerçək, doğru mənzərəni ən zəruri təfərrüatları
ilə əks etdirməkdə çətinlik çəkmiş
olarıq. Mir Cəlal Paşayevin elm, ədəbi-bədii
yaradıcılığı, pedaqoji fəaliyyəti Azərbaycan
xalqının davamlı tərəqqisinə
hesablanmış təmənnasız övlad borcu, müqəddəs
vətənpərvərlik missiyasıdır.
***
Nizami adına Ədəbiyyat və Dil İnstitutu
Elmi Şurasının 1945-ci il yanvar ayında rəsmi olaraq
üç iclası keçirmişdi. M.A.Dadaşzadənin sədrliyi,
Mir Cəlal Paşayev, Həmid Araslı, Yusif Mirbabayev, Əliheydər Orucov, Məmmədhüseyn
Təhmasib, Beydulla Musayev, Əhliman Axundov, Əziz Mirəhmədov,
Musarza Əsgərli və Novruz Ağayevin iştirakı ilə
baş tutan ilk yığıncağın gündəliyi əsasən
iki mövzunun müzakirəyə
çıxarılmasından ibarət idi. İkinci mövzu
üzrə "1945-ci il planında aşağıdakı
ixtisar və dəyişikliklər edilir: 1. Baş elmi
işçi Paşayev Mir Cəlalın xəstələnməsinə
görə ədəbiyyat tarixinə aid planı 10 çap vərəqəsindən
4 çap vərəqəsinə endirilir. 2. İnstitutun
direktoru Dadaşzadə M.A.yoldaşın institut daxilində
başqa elmi məqalə və rəhbərliyi çox
olduğundan Cəfər Cabbarlı haqqında yazacağı
elmi əsərin həcmi 5 çap vərəqəsindən
3 çap vərəqəsinə endirilir" (AMEA RH Arxivi. Fond-7, s-1, iş-13, q-2, səh.100).
İnstitut
Elmi Şurasının növbəti iclası beş
gün sonra keçirilir...
Şübhəsiz
ki, beş gündən sonra yenidən elmi
şuranın iclasını keçirmək Azərbaycan Elmlər
Akademiyasının təşkili məsələsilə
birbaşa bağlı idi və yuxarı qurumların təşəbbüsü,
təklifi və təkidi ilə baş tuturdu. İnstitutun tərkibindən
ayrılaraq şöbələrin müstəqil struktura - Dil
İnstitutuna və Nizami adına Azərbaycan ədəbiyyatı
tarixi muzeyinə çevrilməsi mühüm ictimai-siyasi
hadisə olmaqla yanaşı bu prosesin Ədəbiyyat
İnstitutuna vurulan "zərbə" kimi də dəyərləndirmək
birmənalı olaraq yanlış və əsassızdır. Çünki, Azərbaycan elm məbədinin
SSRİ Elmlər Akademiyasından birbaşa
asılılığa son qoyulması milli
akademiyamızın, eləcə də onun tabeliyində fəaliyyət
göstərən elmi-tədqiqat institutlarının səlahiyyət
hüdudlarını genişləndirirdi.
İnstitut Elmi Şurasının növbəti iclası yanvar ayının 29-da (protokolu ¹ 3) əvvəlki tərkibdə keçirilmiş, gündəliyə "Fərdi planların müzakirəsi və təsdiqi" daxil edilmişdir. Bu müzakirə gecikmiş olsa da, fərdi planlar akademik İ.İ.Meşşaninovun tənqidi mülahizələrindən, xəbərdarlığından sonra mövzular və onların həcmi sıxılmış, süzgəcdən keçirilmiş, ən real görünən elmi işlər gündəliyə çıxarılmışdır. Elmi Şurada müzakirə olunan və təsdiq edilən işlərdən bir qismi bunlardır: "1. Mir Cəlal Paşayev: Ədəbiyyat tarixindən dörd çap vərəqəsi və Cəlil Məmmədquluzadənin əsərlərini 15 çap vərəqəsindən ibarət III cild materiallarının redaktəsi. 2. Araslı H.: Ədəbiyyat tarixindən 6 ç.v. və fərdi normasından əlavə olaraq ədəbiyyat tarixindən 4 ç.v. və Füzuli əsərlərinin III cildinin tərtibi və s.
Müharibə illərində arxa cəbhədə çalışan cəsur insanların, zəka, təfəkkür sahiblərinin fövqəladə fədakarlığı, cahanşümul cəfakeşliyi faşizm üzərində qələbəni, zəfər gününü anbaan yaxınlaşdırırdı. Reystaq üzərində qələbə bayrağının dalğalanmasına ay yarım qalmış Azərbaycan Xalq Komissarları Soveti 27 mart 1945-ci il tarixli qərarı ilə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının bazası əsasında müstəqil, milli Respublika Elmlər Akademiyasının yaradılması haqqında qərar qəbul etdi...
SSRİ Elmlər Akademiyasından birbaşa korrelyasiyaya, asılılığa son qoyan Azərbaycan alimləri elmi fəaliyyət sferalarını genişləndirir, fundamental tədqiqatlar sahəsində nəhəng uğurlara imza atmağa çox hazırlıqlı və şanslı idilər. Akademiyanın rəyasət heyətində, bölmələrində aparılan yeniləşmə, struktur dəyişiklikləri özünü institutlarda və şöbələrdə də şübhəsiz ki, ciddi şəkildə büruzə verirdi.
Mabədi var
Asif Rüstəmli
AMEA N.Gəncəvi adına Ədəbiyyat
İnstitutunun şöbə müdiri,
filologiya üzrə elmlər doktoru, ADMİU-nun professoru
Ədəbiyyat qəzeti.- 2018.- 21 aprel.- S.14-15.