Roman oxuyan qız

 

Səməd Vurğunda bir motivin semiotikasına dair

 

Nədənsə Səməd Vurğunu fəal roman oxucusu kimi təsəvvür edə bilmirəm

Az qala lətifəyə dönmüş bir xatirə yarpağı bu gümanımda yanılmadığımı göstərir. Mehdi Hüseynin qızı Zivər xanım xatırlayırdı ki, atası Səməd Vurğundan "Mənim "Tərlan" romanımı oxumusanmı?" - deyə soruşur. Səməd Vurğun "Oxumuşam, yaxşı əsərdi, amma bir iradım var, o da gərək Tərlanın başına örpək örtməliydin", - deyir. Atam heyrət içində deyir: "Ay Səməd, oxumamısan, mənim qəhrəmanım Tərlan kişidi, kişi başına örpək örtsə, olar? Oxumamısan, əsərdən heç xəbərin yoxdur".  - Ay Mehdi, atası rəhmətlik, elə yazmısan ki, qadınlığı ilə kişiliyi bilinmir…" (Z.Hüseynova. "Dəryadan damlalar")

Məqalələrinin, məruzələrinin böyük əksəriyyəti poeziya (qismən dramaturgiya) haqqındadır. Roman haqqında ya ötəri, ya da tezis şəklində bəhs edib.

Əlbəttə, böyük şair romanın əhəmiyyətini vacibliyini yaxşı anlayırdı, onun  cəmiyyətə təsir gücünü dəqiq bilirdi. "Böyük romanlar dastanlar yaratmaq böyük enerji yaradıcılıq cəsarəti tələb edir". (S.Vurğun. "Böyük Vətən müharibəsi ədəbiyyatımız"). Hətta romanı (məsələn, Nizaminin "İskəndərnamə"sini, Füzulinin "Leyli Məcnun"unu) dastanın sinonimi kimi düşünürdü.

Yazımız da S.Vurğunda bu motivin semiotikasına həsr olunub. "Roman oxuyan qız" motivi bir sıra əsərlərinin işarə sistemində diqqətçəkən məqama malikdir. Semiotika baxımdan istənilən işarə müəyyən ideyanı təqdim edir, Y.Lotmanın təbiri ilə desək, "başqa, daha qiymətli məzmunu ifadə edir". İşarə həmişə kiməsə ünvanlanır ona görə öz oxunuşunu (yozumu) tələb edir.

Maraqlıdır: şairin şeirlərini cəbhədə yaralı əsgər son nəfəsdə, ağsaçlı alim, dağda çoban əzbər söyləyir. Görünür, bu obrazlar onun alter-eqosudur. Amma qadın personajları roman oxuyur... Şeirlərinin biri belə adlanır: "Qız roman".

S.Vurğunda roman həyatın metaforasıdır. Şairin çox işlətdiyi "ömür kitabı" ifadəsi roman anlamındadır.

 

Həyat da bir romandır, o yaradılır

Dünya binasını qoyandan bəri.

Tez-tez varaqlanır, tez-tez dadılır

Gah şirin, gah acı səhifələri...

 

Faşistlərin xarabalığa çevirdiyi səhərdə, bir evin həyətində ağaca qonmuş göyərçini görən şairin şüuraltı mexanizmi "işə düşür" xəyalən o evin sahibinin obrazını yaradır": "Bu eyvanda o saf pəri / Çox vaxt roman oxuyarmış. / Arabir əlləri / İsti corab toxuyarmış" ("Göyərçin").

"Xanlar" pyesində Mehribanın zəngin ailənin övladı olan sevimli əyləncəsi roman oxumaqdır. O, bütün suallara cavabları şirin xəyallarını romanlarda axtarır: "Ancaq bu kitablar, bax, bu romanlar. / Başqa bir aləmdən danışır bunlar..."

Nəhəyat, bir gün Mehribanın romanlarda axtardığı, xəyallarında qurduğu obraz (Xanlar) qarşısına gerçək çıxır. Dənizdə boğularkən Xanlar onu "vaxtsız" ölümdən xilas edir".

 

İndi oxuduqca bu romanları,

Sənin bənzədiyin qəhrəmanları

Bunlarda gördükcə... deyim... bilsən,

Gözümdə qədər sən böyüyürsən!

 

Burada bir haşiyə, yaxud müqayisə yerinə düşərdi. "Yevgeni Onegin"də sentimental romanlar oxuyan Tatyana xəyallar, yalanlar dünyasında yaşayır. "O məftun olmuşdu ədib Russonun, bir Riçardsonun yalanlarına". Tatyana Larinanın mütaliəsi XVIII əsr Rusiyasında oxucu mədəniyyətini oxucu zövqünün göstəricisidir.

S.Vurğun bir seirində ("Salam, Moskva!") Tatyana obrazının "proeksiyasını" dəyişir. Bu Tatyana artıq gerçək qəhrəmanları - Vətənin igid müdafiəçilərini sevir.

 

Qapamış Tatyana öz romanını,

Örtmüş pəncərəni o nazlı mələk.

Seyr edir zamanın qəhrəmanını,

Əynində şinel var, çiynində tüfəng...

 

S. Vurğunda "roman oxuyan qız" motivi sanki "Tatyana arxetipinin" invariantıdır. Şair özü bunu etiraf edir: "Puşkinin Tatyanası mənim üçün böyük mənalı bir kəşf oldu. Bu obrazı dərk edəndən sonra mən Şərq poeziyasında bir çox obrazların mücərrəd abstrakt xarakterini başa düşdüm".

Təsadüfi deyil ki, müəllif  haşiyələrində, lirik ricətlərdə Humay Tatyana ilə müqayisə edilir: "Humay düşündürür, Humay ağladır, / O Tatyanadır, Ofelyadır...", yaxud: "Sənət vadisində gəlsin üz-üzə, / Sənin Tatyananla mənim Humayım.

Bir məsələ burasındadır ki, S.Vurğunun adını çəkdiyimiz mətnlərində roman oxuma aktı "ölüm-yuxu" kontekstini şərtləndirir. Qız roman oxuduğu yerdə dərin şirin yuxuya gedir.

 

Bəlkə bir xəyaldır, yatmamış o qız?

Külək, gəl oyatma sən onu vaxtsız,

Ayırma sevdalı bir kainatda,

Bəzən şirin olur yuxu həyatdan.

Yatır sevdalı qız ruhu mehriban.

 

Yatır sinəsində açıq bir roman,

Külək oynatdıqca varaqlarını.

Qızcığaz oyanır ağır yuxudan,

Azca sığallayır yanaqlarını.

Sonra şirin-şirin yuxuya gedir.

Bu gözəl aləmi yenə tərk edir...

 

("Qız roman")

 

"Göyərçin" şeirində "yuxu ölümdür" metaforik motivi gerçəkləşir. O gözəl qızın "oxunmamış ömür kitabından" son varaq yadigar qalır. Qız ölür - roman yanırGöyərçin həmin qızın sərgərdan, qərib ruhudur.

 

Dilə gəlir göyərçin :

Yaman olur hicran dağı.

O dağ altda, toz içində

Bir romanın son varağı

O gözəldən yadigardır.

Ən uğursuz bir zamanda,

O dilbər , o roman da

Yanıb getdi varaq-varaq,

Sən uğursuz taleyə bax!

 

S.Vurğunun mistik təhtəlşüurunda kitabın (romanın) tamamlanması (yanması) ömrün bitməsini bildirir. Ömür kimi, roman da yarımçıq qalmalıdır. Bu "yarımçıqlıq" kompleksi "Mən tələsmirəm" şeirinin ruhuna hopubdur: "Ömrün kitabını tamamlamağa / Çox da can atmasın əlimdə qələm..."

Böyük şair inanırdı ki, hər oxunmamış ömür romanından mütləq bir boş səhifə, bir oxunmamış varaq qalır ki, onu da vaxtsa bir qız oxuyur

 

Rüstəm KAMAL

 

Ədəbiyyat qəzeti.- 2018.- 21 aprel.- S.26.