"Həftənin rəngi"
Tanınmış
Polşa yazıçısı, həkim və pedaqoq
Yanuş Korçak Dünya Müharibəsi zamanı
Polşanın almanlar tərəfindən tutulması nəticəsində
çalışdığı, rəhbəri olduğu
"Kimsəsiz uşaqlar evi"nin
körpə sakinləriylə birlikdə cəza düşərgəsinə
aparılır. Vaqona keçməmişdən öncə SS
zabitinin biri onu tanıyaraq soruşur:
- "Kral Matiuş"u siz yazmısınız? Mən onu
uşaqlıqda oxumuşdum. Əla
kitabdır.
- Bəli,
mən yazmışam.
- Lap
yaxşı. Siz azad ola bilərsiniz.
- Necə?
Bəs uşaqlar?
- Yox,
uşaqlar gedəcək. Amma siz vaqonu tərk edə
bilərsiniz.
- Səhv
düşünürsünüz, cənab. Gedə
bilmərəm. İnsanların
hamısı yaramaz deyil.
Deyilənə görə, bir neçə gündən
sonra Korçak uşaqlarla birgə qaz kamerasına
aparılır. O, hara getdiyini çox gözəl bilirdi. Uşaqlar isə xəbərsiz idilər ölümə
getdiklərindən. Korçak uşaq
evinin ən kiçik nümayəndələrinin körpə
əllərindən bərk-bərk yapışaraq
ölüm astanasında belə onlara nağıl
danışırdı. Əbədi olaraq
mışıl-mışıl yatsınlar deyə.
Bilmirəm, bu hadisə yadıma haradan düşdü. Bəlkə də Azərbaycan
Dövlət Kukla Teatrının repertuarına nəzər
salaraq "Cırtdan", "Cik-cik xanım",
"Qırmızı papaq", "Göyçək
Fatma" və s. teatr tamaşalarını repertuarda
görüncə, üstəgəl, dünyanın acı həqiqətlərilə
göz-gözə dayanınca sanki "dövrdən geri
qalırıq" kimi düşüncələr beynimi
dumanlandırır. Texnikanın mövcud
olmadığı, təbiət rənglərinə
bürünmüş bir zamanın nağılları ilə,
tamaşaları ilə müasir uşaqları böyüdə
bilərikmi sualı məni çox
düşündürür. Çünki
dünyanın elə qorxulu nağılları yer üzərində
at oynadır ki, daha heç kim göydən
düşəcək almaların xülyası ilə
yaşamır.
Azərbaycan
Dövlət Pantomima Teatrının may repertuarında "Fəlakət
və insan" maarifləndirici uşaq tamaşası məni
sevindirdi. Şən tamaşa fövqəladə
hallar, təbiət kataklizmaları zamanı özünü
necə aparmasını, nə etməsini, nə ilə qorunmasını
uşaqlara əyləncəli dil ilə başa salır. Rol
ifaçıları jestlərlə nə etməyin məqsədəuyğun
olmasını uşaqlara çatdırır. Bunu ancaq alqışlamaq olar. Qeyd
edim ki, tamaşa 2015-ci ildən səhnəyə qoyulub.
"Başqasının övladına yad münasibət
bəsləmə. Özününkünə rəva bilmədiyini
başqasına rəva bilmə", söyləmişdi cənab
Korçak. Həmin polyak
yazıçısının fikirləridir bu fikirlər.
Bəlkə də dünyanın indi belə bir
devizə ehtiyacı var.
Deviz demişkən, internet səhifələrindən
birində "Kitabı tanıdın, kitabla tanının"
şüarı altında maraqlı bir paylaşım
gördüm.
Paylaşılan video çarx III BUKTREYLER
Festivalı-2018 çərçivəsində
hazırlanmışdı. Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi
altında düzənlənən bu festival
üçüncü ildir ki, fəaliyyətdədir. Video çarxları izlədikcə ilbəil gənclərin
daha professional işlərinin ortaya çıxmasının
şahidi oldum. Həmçinin,
tanıdığım, tanımadığım gənc qələm
sahiblərinin kitablarını video çarxlar vasitəsilə
izləmiş oldum. Gəncləri, kitab adına
edilən istənilən işi alqışlamağa dəyər.
Uğur onlarla olsun.
Ötən
həftə "Kaspi" qəzetindən sonra "Ədalət"
qəzeti də yazıçılara eyni sualla müraciət
edərək "Klassiklərə qarşı çıxmaq
olarmı?" sualı ətrafında cavab axtarmağa
çalışdı. Fikir mübadiləsi
aparan ziyalılar demək olar ki, eyni düşüncə məcrasına
gəlib çıxdılar. Əlbəttə,
istənilən professional şəkildə yazılmış
tənqidi, təhlil motivli yazılar təqdirəlayiq
sayıla bilər. Ədəbiyyatımızda
"heç kim", "heç nə"
bütləşdirilməyib. Belə deyib də
ədəbiyyatımız haqqında yersiz, gözdənsalma təbliğatı
aparmayaq. Savadı çatan şəxs
professional qələmini bu istiqamətdə sınayaraq cəsarət
nümayiş etdirə bilər. Əlbəttə,
etik çərçivəni aşmamaq şərtilə.
Çünki bu tip təftiş ədəbiyyatı yalnız
inkişafa doğru apara bilər. Amma şəxslərə, qələm
adamlarına filankəsi "bəyənirəm",
"bəyənmirəm",
"yaradıcılığı yoxdur" söyləmək
qeyri-peşəkarlıqdır və ciddi sayıla bilməz.
Ya ədəbiyyat adına qələmini mürəkkəbə
batırıb "yaxşı", "pis"
adlandırdığın yazıçıların, şairlərin
ədəbiyyat nümunələrini təhlil eləməlisən,
yox əgər bunu etməyə istedadın yetmirsə, susub kənarda
dayanmalısan. Lazımsız hay-küy, şou
məişət əhvalı yaradır. Ədəbiyyat
üst kateqoriyadır. Estetika mənbəyidir.
Burada başqa cür danışırlar.
Ötən həftə həm də yeni müsabiqə
elanlarıyla yadda qaldı. Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqı Azərbaycan kinosunun
yaranmasının 120 illiyi ilə bağlı "Yeni nəfəs-III"
adlı qısametrajlı ssenari müsabiqəsi elan etdi. Həmçinin,
Azərbaycan Respublikası Sərhəd Xidməti Azərbaycan
Sərhəd Mühafizəsinin 99-cu il
dönümü münasibətilə müsabiqə elan etdi.
Maraqlı
olay həm də Bakı Metropolitenində baş verdi. Azərbaycan Xalq Cümhuriyyətinin
100 İlliyi münasibətilə keçirilən fləşmobda
gənclər metro qatarında Səməd Vurğunun "Azərbaycan"
şeirini səsləndirdilər.
Cümhuriyyət mövzusu bu həftəni öz cənginə
ala bildi. Uzun müddətdir fəaliyyətini həvəslə
izlədiyim dəyərli gənc, kolleksioner,
araşdırmaçı Dilqəm Əhməd yenə də
ənənəvi, məsuliyyətli, təqdirəlayiq missiyasının
öhdəsindən cəsarətlə gəlir. İllərdir
dünyanın dörd bir yanından topladığı, pul
müqabilində aldığı, əldə etdiyi
Cümhuriyyət dövrünü əhatə edən məktubları,
sənədləri, kitabları, fotoları
Respublikamızın müxtəlif müəssisə, kollec, məktəblərində,
universitetlərdə sərgiləyir. Tədris ocaqlarına dəvət
alan kolleksiyaçı tələbələr,
müəllim heyəti, alimlər qarşısına
çıxaraq muzeylərimizdə, arxivlərimizdə belə
olmayan materialları tədbir
iştirakçılarının diqqətinə
çatdırır.
On yeddi apreldə həm də Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən "Azərbaycan Xalq
Cümhuriyyəti-100" loqotipi Azərbaycan ictimaiyyətinə
təqdim olundu. Qeyd edək ki, loqotipin müəllifi Zaur
Murad oğlu Həmzəyevdir.
Həmçinin,
ABŞ-ın ən böyük şəhərlərindən
olan Çikaqo şəhərinin meri Ram Emanuel Azərbaycan
Demokratik Respublikasının 100-cü ildönümü ilə
əlaqədar olaraq rəsmi bəyanat verərək 1918-ci il
28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi
parlamentli respublika olan Azərbaycan Demokratik
Respublikasının qurulması və dünyanın digər
demokratik dövlətləri, o cümlədən, ABŞ tərəfindən
tanınması qeyd olunduğunu söyləmişdir. Sənəddə bildirilir ki, Azərbaycan Demokratik
Respublikası müstəqilliyinin qısa müddət ərzində
irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən
asılı olmayaraq bütün vətəndaşlara bərabər
seçki hüququnu tanımaqla yanaşı, müsəlman
dünyasında ilk dəfə olaraq qadınların
seçki hüququnun verilməsini təmin edib. Eyni zamanda, sənəddə Azərbaycan Demokratik
Respublikasının 1920-ci ildə öz müstəqilliyi
uğrunda mübarizə aparmasına rəğmən onun
Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə
yenidən öz müstəqilliyini bərpa etməyə nail
olduğu vurğulanır.
Sonda
şəhərin meri Ram Emanuel imzaladığı bəyanatda
2018-ci il 28 may tarixini Çikaqoda Azərbaycan Milli Günü
elan edərək bütün Çikaqo sakinlərini Azərbaycan
xalqının çoxsaylı töhfələrini qeyd etməyə
çağırır.
Naxçıvan Dövlət Musiqili Dram Teartı da Xalq
Cümhuriyyətinin 100 illik yubileyinə səylə
hazırlaşır. Qurban Səidin "Əli və Nino"
romanının motivləri əsasında
yazıçı-dramaturq Əli Əmirlinin qələmə
aldığı eyniadlı pyesi əsasında hazırlanan
tamaşanın məşqlərinin keçirilməsi
haqqında məlumatı mətbuatdan aldıq. Tamaşa
may ayının sonuna qədər teatrsevərlərə təqdim
olunacaq.
Ötən həftə Rusiyanın "Literaturnaya
qazeta" nəşrinin Azərbaycan ədəbiyyatına
ayırdığı "Müasir Azərbaycan ədəbiyyatı"
səhifəsinin də ilk təqdimatı oldu. Qəzetin 11 aprel nömrəsində
Əli Kərim, Vaqif Səmədoğlu, Ramiz Rövşən,
Vaqif Bayatlının şeirlərinin dərc olunduğu
qoşa səhifə "Baş verən şeirlər"
"Ön sözü" ilə təqdim edildi. Qeyd edək ki, layihə Azərbaycan Respublikası
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin
"Milli ədəbiyyatın beynəlxalq miqyasda
tanıdılması və təbliği" istiqamətində
həyata keçirilib.
Həmçinin, ötən həftə Ədəbiyyat
İnstitutu ilə Azərbaycan Yazıçılar Birliyinin Bədii
Tərcümə və ədəbi Əlaqələr Mərkəzi
arasında əməkdaşlığa dair memorandum
imzalandı.
Nəşriyyat
işinə gəlincə... Onların işini
qənaətbəxş hesab etmək olar. Əgər
bəzi çatışmamazlıqları, sistemsizliyi nəzərə
almasaq. Dünya ədəbiyyatı
nümunələrinin dilimizə çevrilməsində
iştirak edən nəşriyyatların sayəsində kitab
mağazalarımız bədii kitablarla zənginləşir.
Ənənəmə sadiq qalaraq ötən həftə
bir neçə kitab mağazasında oldum. Kitab üzlüklərində xarici ədiblərin
ad yazılışını görüncə paradoksal duruma
düşdüm. Doğrusu, bu kobud səhv bir az məni qorxutdu da. Son zamanlar bir
çox nəşriyyatlarda qəribə tendensiyanı sezmək
mümkündür. Xarici müəlliflərin
adları kitabın üz qabığına elə xarici əlifba
ilə yazılır. Onların deyiliş
qayda-qanununa uyğun şəkildə yazılır. Məsələn, nədənsə Deyl Karnegi
adı kitab üzünə Deyl Carnegi kimi və yaxud Markes -
Marques kimi yazılır. Özüm
dilçi olaraq bunu olduqca kobud səhv
adlandırırardım. Əlifbamızda
"K" - olduğu halda, nəyə görə ingilis
"C"sı yazmalıyıq, bunu anlamadım. Dilimizdə müəlliflərin adlarının
rahat səslənişi olduğu halda niyə dilimizi zorlayaraq
Marques deməliyik, bunu da anlamadım.
Ötən
həftə "Azərbaycan Televiziya və Radio Verilişləri"
Qapalı Səhmdar Cəmiyyəti "Bizə xatirələr
qalacaq" sənədli televiziya filminin istehsalının
başa çatdığını mətbuat orqanlarına xəbər
verdi. Filmdə görkəmli
aktyor, xalq artisti Eldəniz Zeynalovun taleyinə,
yaradıcılıq yoluna nəzər salınıb. Ekran işində aktyorun iştirak etdiyi
tamaşalardan, çəkildiyi kinofilmlərdən,
"Mozalan" kinojurnalından kadrlar yer alıb.
Cavid Zeynallının təqdimatında APA TV-də
yayımlanan "Sözün kodu" verilişini son
zamanların maraqlı verilişləri sırasına əlavə
etmək olar.
Yersiz hay-küydən, qeyri-ciddi ab-havadan uzaq olan
bu veriliş 2018-ci ilin 15 martından yayımlanır.
Verilişə dəvət alan, xüsusi həssaslıqla seçilən qonaqlar dərin
fikirləriylə auditoriyanı öz ətrafında cəm
edə bilir. Samballı verilişlərin "yox"
olduğu bir dönəmdə araya-ərsəyə gələn
"Sözün kodu" verilişini hazırlayan kollektivə,
APA TV-yə ancaq
təşəkkür etmək qalır.
Aprelin 21-i Bakı görkəmli ingilis şairi, dramaturqu
Uilyam Şekspirin ruhunu hiss edəcək. Dramaturqun anadan olduğu
gün münasibətilə təşkil edilən tədbir
Britanya Şurası, S.Vurğun adına Rus Dram Teatrı və
"Quvantum Kvartet" adlı simli kvartetin dəstəyi ilə
"YARAT" Müasir İncəsənət Mərkəzində reallaşacaq. Konsert
çərçivəsində Avropa və digər xarici bəstəkarların
əsərlərinə müraciət olunacaq.
Həftəni al-əlvan həftə kimi dəyərləndirmək
olar. Yazın gəlişi, oyanış, istilik incəsənət,
ədəbiyyat aləmində də hiss olunmaqdadır. İki həftədir maraqlı şeirlərilə
diqqət çəkən Rəşad Nağı Mustafa
sosial şəbəkədə şeirlərini təkrar
paylaşsa belə (şeirlərlə "Ədəbiyyat qəzeti"ndən
tanışıq) ilk dəfə oxuyurmuş kimi yenə də
xoşhal olduq.
Məsciddəyəm,
kim var ki?
Bir
Allahdı, bir də mən.
Susuram,
danışıram,
darıxıram yerdə mən.
Bir
küncdə oturmuşam
əllərimi yoruram.
Allah evindən
göyə
duaları qovuram.
İnsan
günah edəndi,
Tanrı bağışlayandı.
Bu gün
yenə içirəm
dünən pozduğum andı.
Burda təqvim
hicridir,
burda
şəvval ayıdır.
Günahlar
maneədir,
Dua dilimdən
çıxır
minarədən qayıdır.
Bu evə
gəlib-gedən
neçə milyon adam var.
Məscidin
imamından
çox
şey bilir divarlar.
Günel EYVAZLI
Ədəbiyyat qəzeti.- 2018.- 21 aprel.- S.23.