Poetik ovqatın üfüqləri
"Şair
ola bilməzsən
anan
doğmasa şair.
Missən,
a balam,
hər
sarı köynək qızıl olmaz!"
Böyük
şairimizi Məhəmmədhüseyn Şəhriyarın bu
misralarını ilk dəfə ən azı on neçə il əvvəl Təbrizdə sürücü
kimi tanıdığım Əlirzadan eşitdim.
Poeziya sənəti, şair sözü haqqında,
klassiklərin (lap elə müasirlərin də) dəyərli,
real qəbul edilmiş fikirlərinə, rəylərinə
dair onlarla (bəlkə də daha çox) misal çəkmək
mümkündür.
Bununla belə,
təəssüb və təəssüflə qeyd etməyi
vacib bilirəm ki, dövri mətbuat səhifələrində,
radio verilişlərində, telekanallarda və s. poeziya,
şeir sənəti barədə yanlış, cılız,
qeyri-elmi, subyektiv fikirlərlə üzləşməli oluruq
və çox vaxt belə hallara münasibət bildirmirik, nədənsə
susuruq...
Bir-iki misal çəkim.
Universitet
professorlarından biri şeir sənəti haqqında qəzet
vasitəsilə hökm verir: "şeiri, şairliyi sənət
kimi qəbul etmək qüsurlu düşüncədir.
Şairlik hobbidir…"
Başqa bir məmur qəzet
müsahibəsində buyurur ki, şeir yazıram, bu, mənim
hobbimdir.
Yazıçılar Birliyinin üzvü, filankəs bu
fikirləri qafiyələndirərək car çəkir ki,
şairlik nə sənətdir, nə peşədir, Allah
vergisidir.
Sən
demə, Nizami Gəncəvidən üzü bəri
bütün şairlərimiz sənətlə yox, hobbi ilə
məşğul olurmuşlar, biz bilməmişik…
Sən
demə, söz sənətinə görə, qələminə
görə həbs edilən, sürgün olunan,
boğazına kəndir keçirilən, güllələnən,
dərisi soyulan bu istedadlı şəxsiyyətlər hobbi ilə
məşğul olurmuşlar, sənətlə yox…
Adam az qalır havalansın…
İndi çoxları şeir yazır. Şeir yazmaq qadağan
deyil… Amma əsl poeziyaya dəxli olmayan cızmaqaralar xalqın
zövqünü korlamağa istiqamətlənib…
Kitab nəşr etdirmək kostyum sifariş etməkdən
asan olub.
Bir də
görürsən ki, vəzifə kürsüsündə əyləşmiş
bəstəkar filankəsov televiziyada çıxış edərkən
musiqi sənətimizin aktual problemlərindən, misal
üçün, opera, balet, musiqili komediya, lap elə
professional mahnı janrlarının inkişafındakı
durğunluqdan danışmaq əvəzinə, şeir oxuyur:
"sən demə ürək dəmir deyilmiş, ətdən
imiş"…
Ümid
edirəm ki, Nizami adına Ədəbiyyat
İnstitutunun fədakar əməkdaşları, vəzifəyə
gəlişilə bu institutun ab-havasını yeniləşdirmək
yolunda cəsarətlə çalışan hörmətli
akademikimiz İsa Həbibbəyli məni narahat edən belə
məsələlərə biganə qalmayacaqlar, fikirlərini
bildirəcəklər…
Hələ
onu demirəm ki, telekanalların birində milli
poeziyamızı, şairlərimizi
hörmətdən salan, onların əməyini
ucuzlaşdırmağa, gözdən salmağa xidmət edən "Xalqın şairi" adlı
verilişlərlə baş qatırlar, bəzi hallarda psixi
problemləri olan kəslər teleekrandan bizə "dərs
deməyə" başlayır və s.
Müqtədir
şairlərimiz Səməd Vurğun, Bəxtiyar Vahabzadə…
haqqında bir ovuc "sarı köynək" nadan cəfəngiyyat
danışmaqla məşğuldur, hətta boylanıb ötən
əsrlərdə yaşamış məşhur klassiklərimizə
də diş qıcıyanlar peyda olub.
Bu yazdıqlarım mənim şəxsi fikirlərimdir. Nə dərəcədə
haqlıyam-haqsızam, onu deyə bilmərəm.
İndi qəzet
və jurnal, kitab bolluğu fəslidir, şeir, nəsr
nümunələri nə qədər desən… Sürətli internet yürüşü
başlanıb. Və günlərin bir
günündə həftədən-həftəyə,
aydan-aya təkmilləşən, cəlbediciliyi ilə fərqlənən
"Ədəbiyyat qəzeti"ndə Esmira Məhiqızı
adlı bir xanımın şeirlərini həyəcanla
oxudum. Murdar ermənilərin canavar
caynağında çabalayan balaca qızın "Qaqa!
Qaqa!" deyə
çığırtısını eşitmək necə də
dəhşətliymiş.
Mənə
elə gəldi ki, qəzetin özü də
qardaşını haraylayan biçarə qızcığazın fəryadına qoşulub
"Qaqa! Qaqa!" deyə
qışqırır. O şeiri ikinci dəfə oxuya
bilmədim, qorxdum.
Əsl poeziya nümunəsi olan o şeir (təəssüf
ki, şeirin adını unutmuşam) məni əməlli-başlı
sarsıtdı.
Hər
şənbə günü gəlişini gözlədiyimiz
"Ədəbiyyat qəzeti"nin 31 mart
2018-ci il tarixli nömrəsində görkəmli şairimiz
Vahid Əzizin silsilə şeirlərini oxudum və bu
şeirlərə münasibətimi bildirmək, nəsə
yazmaq qənaətinə gəldim.
Hazır mətn barədə fikir demək (təhlilə
cəhd göstərmək) özü bəlkə də o əsəri
yazmaqdan çətindir, məsuliyyətlidir desəm, ədəbiyyat
alimləri yəqin ki, məni qınamazlar.
Vahid Əziz şairdir, şeir quraşdıran, qafiyə
güdən deyil. Uzun illərdir ki, onun kitablarını, mətbuatda
çıxan şeirlərini izləyib oxuyuram. Televiziya çıxışlarına baxıram.
Hələ
onu demirəm ki, hərdən gecələr evə zəng edib
deyir: "Məmmədzadə, qulaq as, sənə yeni
şeirlər oxuyacam".
İndi də
bu kövrək bahar günlərində onun "Ədəbiyyat
qəzeti"nin bir səhifə dolu
şeirləri qarşımdadır.
Böyük
Füzulinin çox məşhur "Pənbeyi-daği-cünun
içrə nihandır bədənim" misrasından pərvazlanan
yeni bir ovqat adamı heyran edir:
Mənimlə,
ey Füzulim,
Vahid Əziz dərdə şərik.
Mənim
də can diləyən
Var - Vətənimdir,
Vətənim!
Bu
sözlərin mənası və deyim tərzi bir-birini
tamamlayıb bizləri silkələmirmi?..
Vahid Əzizin şeirlərində anamız, ruhumuz,
bütün varlığımız Azərbaycan təbiətinin
əzəməti, bənzərsiz hüsnü dağ
çeşmələri kimi çağlamaqdadır.
Çiçəklər
yeriyib qalxar zirvəyə,
Çiskinlər əriyib axar dərəyə.
Hələlbət,
Vahid Əziz, qocaldın deyə,
Sinənə taxdığın gül yaraşmadı.
Misraların
sehrinə, əhval-ruhiyyəsinə diqqət edək:
çiçəklər zirvəyə qalxmaq, zirvədə
görünmək üçün yeriyirmiş, çiskinlər
(qar, buz yox ha…) əriyib dərələrə
axırmış… bizlərin isə bu hallardan xəbərimiz
yoxmuş, bu möcüzələri yalnız bir nəfər
- şair Vahid Əziz görə bilərmiş, duya bilərmiş…
Bir daha
geridönməz cavanlığın həsrəti,
yanğısı isə qocalmış bir insanın
yaxasına sancılmış gül kimi adamı
sızıldadır…
Vahid
Əziz optimist, yaşamaq eşqi coşub-daşan, həyat tərzində
gözütoxluğu, gümrahlığı ilə müsbət
enerji paylayan
insandır və bu nikubinlik, həyatsevərlik onun
yazılarında yamyaşıl bir yamacı, səsli-küylü
dağ çayının sahilini, yağışdan
sonrakı may səhərinin rayihəsini xatırladır.
"Məndə"
şeirinin zirvəsinə baxaq:
Dağların
yönü məndə,
Dumanı, çəni məndə.
Yar bir
qaranquş ola
Axtara dəni məndə.
Dağların
çəni məndə,
Gizlədir səni məndə.
Yarım,
dəlilik etmə,
Olaram dəli
mən də...
Bu misralar
hazır mahnı mətnidir, məncə… Heç
də təsadüfi deyil ki, Vahid Əzizin sözlərinə
bəstələnmiş mahnıları həvəslə dinləyirik.
Şeir
bizləri həyatı sevməyə, insanları
tanımağa (riyakarlardan uzaq!), hər saatın, hər
günün qədrini bilməyə, onu qiymətləndirməyi
bacarmağa səsləndirməlidir, düşünürəm…
Məşhur
"Toy-bayramdır bu dünyanın əzabı"
misrasındakı hikməti necə unutmaq olar…
Onsuz da
hamımız bilirik ki, "Ölüm haqdır,
çıxmaq olmaz əmrdən"… Sabaha
ümid, şükranlıq, inam, yaşamaq, var olmaq duyğusu
Vahid Əziz poeziyasının qanıdır, mayasıdır,
desəm düz olar.
Həsrətin, nisgilin, ayrılığın əbədiliyinə
inanmır Vahid Əziz. Həyatı, ömrü, taleyi hərəkətdə
olan, qoşa rels üstündə şütüyən qatara
oxşadan şair dostum ümidini qəti itirmir:
Həyatda
heç nəyə şübhə etmirəm,
Qatardı,
bəlkə də geriyə döndü...
Hər
gedən ömür-gün qatarı geriyə dönə
bilirmi, görəsən?..
"Yaralı" şeirinin ovqatı bir
başqadır. Bu şeirdəki misraların dəruni məntiqi,
fəlsəfi siqləti adamı düşüncələrə
doğru çəkir. Doğrudan da qara yellər, dərmansız
dərdlər, sağalmaz yaralar, dözülməz acılar,
qəfləti ölümlər bəzi hallarda daha çox
işıqlı, insansevər, millətinə,
torpağına vurğun, comərd, sədaqətli şəxslərə
hücum edib bizləri kədərləndirir…
Belə hadisələrə onlarla, yüzlərlə
misal çəkmək mümkündür.
Vahid
Əziz təəssüflə yazır:
Heç
görmədim cır meyvəyə qurd düşə,
Əsil-köklü
göyçəkləri yaralı...
Dünya,
zaman, ömür, yaşamaq duyğusu, gənclik, qocalıq
kimi bütün həyati olaylar Vahid Əziz poeziyasının
əbədi mövzusudur və bu real problemlərə
şairin öz şəxsi münasibəti, qənaəti
heç kəsdə şübhə yaratmır, istər-istəməz
müəlliflə
razılaşmalı olursan:
Getməz
damaqlardan gəncliyin dadı
Hər kəsin əbədi yaşamaq adı.
Lənət
o günə ki, yandığın odu
Doğmalar
soyumuş kül bilib keçə...
Mən Vahidin qarşımdakı digər şeirləri
haqqında da söhbət aça bilərəm, fikir deyə
bilərəm və belə bir məsuliyyət məni qəti
narahat etmir.
Yuxarıda
qeyd etdiyim kimi, indi şeir yazanların sayı şairlərin
sayını üstələyib… Yazanlar oxuyanlardan çoxdur…
Elə bu
məqamda qədim bir yapon şairinin rus dilində nəşr
edilmiş kitabının girişində oxuduğum bir hikmətli
fikri bu yazıda təkrar etməyi vacib bildim: "Onun bir
çox müasirləri şeir uydururdu, o isə
yaradırdı".
Vahid
Əzizin poetik ovqatının üfüqləri çox
genişdir, həddi-hüdudu yoxdur və onun bir bənd
şeirini misal çəkib, "Ədəbiyyat qəzeti"nə
təşəkkürümü bildirməklə bu yazıya
nöqtə qoymaq məqamı yetişdi, deyəsən:
Köç
edirik nisgil dolu qəlbimiz,
Neçə-neçə gözün yaşı silinər.
Həyatdaykən
bilinməyən qədrimiz
O
dünyaya köç edəndə bilinər...
Belə
demə, Vahid Əziz! Yaxşını pisdən,
ağı qaradan, nadanı, riyakarı qeyrətli adamlardan,
istedadı diletantlardan seçməyi bacaran qədirbilən
millətimizlə öyünməliyik, fəxr etməliyik.
Əsl sənət ölməzdir, sənətkar əbədiyaşardır,
deyiblər.
Sənin
şeirlərini oxudum, ruhum təzələndi, Vahid Əziz!..
Ulu Şəhriyarın
ruhu şad olsun!
Ramiz MƏMMƏDZADƏ
Ədəbiyyat qəzeti.- 2018.- 21
aprel.- S.22.