"Dünya ədəbiyyatına ən çox təsir edən üç şeir" layihəsindən ikinci şeir

 

Fernando Pessoa

 

Portuqaliyalı şair, yazıçı, tərcüməçi, filosof-esseist, dramaturq, Cəmisi qırx yeddi il yaşamağına baxmayaraq, iki dildə (portuqal və ingilis) çoxsaylı əsərlər yaradıb, ölkəsində avanqard ədəbiyyatın əsasını qoyub. Çoxsaylı təxəllüslərdən əlavə (bəzi mənbələrə görə yetmiş iki, bəzi mənbələrə görəsə yüz otuz altı imza ilə yazıb), Pessoa dünya ədəbiyyatına üç heteronim qazandırıb. Heteronimlər uydurma olsa da, hərəsinin öz fəlsəfəsi, öz yazı tərzi, öz düşüncəsi, hadisələrə öz baxışı, hətta öz uydurma bioqrafiyaları vardı. Elə təqdim etdiyimiz "Dəniz odası" şeiri Alvaro de Kampuş heteroniminin şeiridir.

 

Dəniz odası

 

Bu yay səhəri kimsəsiz körpüdə dayanıb

Baxıram çayın mənsəbinə, baxıram Sonsuzluğa,

Baxıram və uzaqdan nöqtə kimi görünən ağ-qara gəmini görüb

Sevinirəm.

O uzaqdan yavaş-yavaş yaxınlaşır, aydınlaşır,

Gəldikcə arxasınca nazik tüstü buraxır.

O yavaş-yavaş yaxınlaşır, və səhəri özüylə gətirir, və çayda

Burda, burda dənizçilərə xas canlanma başlayır,

Yelkənlər açılır,

Körpüyə bağlı gəmilərin arasında balaca qayıqlar görünür,

Dənizdən pərən-pərən düşmüş xəfif külək əsir.

Amma ruhum gördüklərimin,

Limana girən gəminin yanında yox, uzaqdadır.

O Uzaqlığın, Səhərin,

Dənizə qaynayıb-qarışan bu Anın,

İçimdə ürəkbulanması kimi qaynaşan xəstəhal şirinliyin,

Xəyali dəniz tutmasının yanındadır.

 

Ruhumun bütün azadlığıyla baxıram uzaqdakı o gəmiyə

Və içim çalxalanmağa başlayır.

Səhərlər limana yaxınlaşan gəmilər

Vidaların və səfərlərin

Acı və şirin xəyalını bir yerdə gətirirlər.

Uzaq limanların və başqa zamanların, başqa limanlardakı

Oxşar insanların xatirələrini gətirirlər.

Gəmilərin gəlməyi, limana yan almağı

Və bunu damarlarımda hiss edirəm

Ağlagəlməz eyhamlar, qorxulu oxşarlıqlar

Haçansa mən olan o insanı diriltməyə çalışırlar içimdə.

Ah, bütün körpü daş tənhalığa dönür

Və gəmi körpüdən ayrılır.

Gəmiylə körpü arasında müəyyən məsafə olduğu

Məlum olan kimi,

Səbəbini bilmədiyim həyəcanlar qayıdır.

Və sirrli şəkildə mənə də aid olan

Başqa birisinin xatirələri içində tapıram özümü.

 

Ah, kim bilir, kim bilir

Haçansa, hələ mən mən olmamışdan qabaq

Mənim də belə bir limandan yola çıxıb-çıxmadığımı,

Dan söküləndə günəşin çəpəki şüaları altında

Başqa bir limandan ayrılıb ayrılmadığımı?

Kim bilir, kim bilir,

Hansısa qədim, yarıyuxulu bir şəhərin

Getdikcə böyüyən ticarət limanının

Üç-dörd nəfər dayanmış körpüsündən gedib getmədiyimi?

 

Hə, körpü, həqiqi körpü daşları

Həqiqi, gözlə görünən körpü -

İstəmədən nümunə götürdüyümüz körpü,

Qeyri-ixtiyari xəyalını qurub

Həqiqi sahildə tikdiyimiz körpü.

 

Öz körpülərimiz

Və tikiləndən sonra onlara deyirik

Həqiqi-Şeylər, Ruhun-Yaratdığı, Daşdan-Ruhdan-Varlıqlar

Və daxili dünyamıza qapı açılır elə bil,

Heç nə dəyişmir,

Amma hər şey başqa cür görünür.

 

Ah, Xalq-Gəmilərlə ayrıldığımız Böyük Körpü!

O Böyük İlk Körpü, əbədi və müqəddəs!

Hansı limandan? Hansı sularda? Və nə üçün bunları fikirləşirəm?

Başqa körpülər kimi körpü, amma Yeganə Körpü!

Onlar kimi sübhü səs-küylü sükutla dolu,

Böyük ticarət karvanlarının gəldiyi,

Yaxınlıqdakı zavodların bacalarından çıxan tüstünün

Qaranlıq sularının üstünə bulud kölgəsi kimi düşdüyü.

 

Ah, səssizliklə qayğıların doldurduğu saatlarda

Sirr və məna dondurulur,

Amma başqa körpülərdən bu körpüyə yol yoxdur!

 

Yuxulu sulara qara kölgəsi düşən körpü,

Gəmilərdəki canlılıq,

Gəmidən düşən sərnişinlərin narahat tərpənişləri,

Keçib gedən və davam etməyən insan-simvollar,

Çünki gəmi limana qayıdanda,

Göyərtədə mütləq nələrsə dəyişilib!

 

Ey sonsuz qaçışlar, uzaqlaşmalar, müxtəliflik təəssüratı!

Dənizçilərin və dəniz səfərlərinin əbədi ruhu!

Gəmi limandan çıxan vaxt,

Qayıqların suya düşən əksi!

Həyat kimi sularda üzmək, səs kimi yayılmaq,

Avropadakı kimi yox, həqiqi günlərə oyanmaq,

Dəniz tənhalığında möhtəşəm limanlar görmək,

Birdən-birə qabağında açılan

Saysız heyranedici sahillərə çıxmaq...

 

Ey uzaq sahillər, uzaqda görünən limanlar!

Sonrasa - yaxın sahillər, yaxında görünən limanlar!

Hər səfərə çıxmağın və sahilə çatmağın sirri

Qərarsızlığının və anlaşılmazlığının əzabı

Bu mümkünsüz kainatın!

Uzaq adaların dərin dənizlərindən keçəndə

Geridə qalan o uzaq adaların sahillərində,

Gəmi yaxınlaşdıqca evləri və insanları

Getdikcə böyüyən o limanlarda

Boğazımıza dolan axmaq qəhər.

 

O səhər sərinliyi limana çatanda

Və o səhər solğunluğu yola çıxanda

Bağırsaqlarımızı sıxan

Və qorxuya oxşayan hiss -

Uzaqlaşmağın və ayrılığın arxaik qorxusu

Çatmağın və Yeniliyin qədim mistik qorxusu -

Tüklərimizi biz-biz edir, bizə əzab verir.

 

Yenə də bir az sərin bu yay səhəri

Gecənin əlaməti hələ tam çəkilməyib.

Yavaş-yavaş güclənir içimdəki fırtına.

Və gəmi

Uzaqdan yaxınlaşdığını gördüyüm üçün yox,

Limana girməli olduğu üçün girir limana.

 

Artıq nəzərimdə canlanır

Başdan-başa, gövdəsinin bütün cizgiləriylə.

Və titrəməyə başlayır hər tərəfim,

Bütün bədənim və dərim.

Heç bir gəmidən çıxmayan, amma içimdə hiss etdiyim səsin

Bu gün körpüdə onu gözləməyimi tapşırdığı o canlı ucbatından.

 

Sahilə yaxınlaşan gəmilər,

Limandan çıxan gəmilər,

Uzaqdan keçən gəmilər,

(Elə bil kimsəsiz sahildən baxıram onlara) -

Bütün bu gəmilərə baxdıqca,

Gedib-gələn gəmilər yox,

Başqa şey imiş kimi duyğulandırır məni.

 

Və bu gəmilər,

Yaxından baxanda hündür dəmir divarlar kimi görünən gəmilər,

İçəridən kayutlara, salonlara, işçi otaqlarına baxanda

Ucları göyə tərəf millənən dor ağaclarına baxıb,

İplərin arasından tullananda, ensiz pilləkanlardan düşəndə,

Dəniz havasına qarışmış mazut iyini iyləmək -

Yaxından baxanda həm fərqli, həm də oxşardır gəmilər,

Eyni həsrəti, eyni yanğını hiss etdirirlər sizə,

Amma fərqli formada.

 

Bütün bu dəniz həyatı, dənizçiliklə bağlı hər şey!

Qanıma işləyən dənizin bu incə xırdaçılığı.

Və xəyalını quraram o izaholunmaz səfərlərin.

Ah, o uzaq sahillər üfüqdə görünən!

Ah, o burunlar, adalar, qumlu sahillər!

 

Dənizə tərifdir o tənhalıqlar, necə ki,

Məktəbdən qalma məlumatla,

Sakit okeanın ən böyük okean olduğunu

                        fikirləşmək əsəblərimizi korlayar.

 

Və dünyadakı hər şeyin dadı

Qupquru səhraya dönər içimizdə!

Atlantik okeanın daha yumşaq, daha insani uzanışı.

Dənizlərin ən sirlisi, Hind okeanı!

Ey gözəl Aralıq dənizi, sahil bağçalarındakı daş heykəllərin,

Sahil küçələrinə çırpılan dalğaları seyr etdiyi sirrsiz, sadə dəniz!

Bütün dənizlər, boğazlar, körfəzlər,

Qucaqlamaq istəyirəm hamınızı,

Qollarıma almaq və ölmək!

 

Və siz, dənizlə bağlı olan hər şey!

Xəyallarımın köhnə oyuncaqları!

Daxili dünyamda səhman yaradın məndən xəbərsiz!

 

Dor ağacları, yelkənlər, iplər, kanatlar,

Bacalar, pərvanələr, kayut pəncərələri,

Qalaq-qalaq, dağ kimi tökülür içimdən

Qapısı açılan şkafın içindəkilər necə dağılırsa, elə.

Azğın arsızlığımın qəniməti olun siz,

Xəyal ağacımın meyvələri olun,

Nəğmələrimin mövzusu, damarlarımın qanı.

Sizin gözəlliyinizin bağlarıyla bağlansın xarici dünyaya

Metaforalarla, ədəbiyyatla bəzəyin məni.

Çünki həqiqətən, tam mənasıyla

                        dənizdə olan gəmi hissiyyatımdır mənim

Və sahildə ağaran körpü əsəblərimin dərmanıdır.

 

Təsadüfi bir fit eşidilir çaydan, təkcə bir fit.

Birdən sarsılır ruhum

Və getdikcə böyüyür içimdəki fırtına.

 

Ah, gəmilər, səfərlər bilinməyən ölkəsinə

Bir gəmiçinin, o köhnə dostun!

Az şey deyil burda bizimlə gəzən birinin

Sakit okeandakı bir ada yaxınlığında boğulub öldüyünü bilmək!

Biz, onun köhnə dostları, haqlı bir qürurla,

Və sirrli bir inamla danışacağıq hamıya,

Daha dərin mənası olduğunu bütün bunların

O olan gəminin yolunu itirməyinin

Və ciyərlərinə su dolduğu üçün boğulmağının!

 

Ah, qayıqlar, katerlər və yelkənli gəmilər!

Heyif ki, getdikcə dənizlərdə sayı azalan yelkənlilər!

Mən müasir sivilizasiyaya düşkünəm

                        bütün ruhumla bağlıyam maşınlara,

Mən mühəndisəm, savadlıyam, xaricdə oxumuşam,

Yelkənli və taxta gəmilərdən başqa

                        gəmi görmək istəmirəm bir daha

Və tanımaq istəmirəm köhnə dəniz həyatından başqa bir həyat!

 

Çünki Məsafədir köhnə dəniz həyatı

Varlığın yükündən azad Uzaqlıqdır!

Və necə də daha gözəl həyatı xatırladır mənə burdakı hər şey,

Daha yavaş gedildiyi üçün daha əngin görünən bu dənizlər.

Daha az bildiyimiz üçün daha da sirlilər.

 

Uzaqdakı hər tüstü bir gəmidir yaxınlaşanda

İndi uzaqdan görünən hər gəmi,

                        uzaqdan görünən gəmi idi keçmişdə.

Üfüqdəki gəminin görünməyən dənizçiləri

Görünən dənizçiləridir keçmişdəki gəmilərin

Keçmişdə yavaş gedən yelkənlilərin təhlükəli səfərlərinin,

Yelkənli və taxta gəmilərin aylarla çəkən səfərlərinin.

Yavaş-yavaş sehrinə düşürəm dənizlə bağlı hər şeyin.

Təpədən-dırnağacan qaplayır məni körpünün havası,

Qabaran sularına batıram Taxunun,

Və xəyal görməyə başlayıram,

                        suların xəyalı sarır dörd tərəfimi,

Və şiddətlə silkələyir məni getdikcə güclənən fırtına.

Sular çağırır məni,

Dənizlər çağırır məni,

Məni çağırır bütün uzaqlıqlar

Və dənizlərin keçmişdə yaşanmış bütün çağları məni çağırır.

 

Sən, ingilis dənizçi dostum, Cim Barns, sən idin

Mənə öyrədən o qədim ingilis çağırışını.

Qanıma hopdu sənin o insanlıqdan uzaq qışqırmağın.

Elə bil hansısa bir mağarada əks-səda verən

Və Uzaqlarda, Dənizdə, Gecələr ola biləcək

Bütün pis hadisələri xəbər verən çağırışın...

 

(Həmişə qışqıranda böyük, gündən qaralmış əllərini

Ağzının yanlarına qoyub qışqırırdın:

A-a-o-o-o-o-o-o-o-o-o-o-o---u-u-u-u-u...

Aho-o-o-o-o-o-o-o-o-o-o-o-o-o-u-u-u-u-u-u.....)

 

İndi səni dinləyirəm burdan, qulağım səsdə.

Xəfif külək əsir. Günəş çıxır. Hava qızışır.

Yanaqlarımın qızardığını hiss edirəm.

Gözlərim hədəqəsindən çıxır.

İçimdəki coşqu dolub daşır

Ey qışqırıq

Atəşin və hirsin qızdırıb partladır az qala

İçimdəki bütün qorxuları!..

Qanıma qarışır hardan gəldiyini bilmədiyim

Keçib-getmiş bir eşqin harayı və dönüb

Eyni güclə çəkir və itələyir məni,

Eyni güclə iyrəndirir məni fiziki və mənəvi anlaşılmazlıqlarıyla

Aralarında yaşadığım bu gerçək insanların həyatından!

 

Ah, gedə bilmək, necə olsa, hara olsa!

Gedə bilmək o açıq dənizlərə, dalğalar, təhlükələr içindən

Yol almaq ənginliklərə, başqa yerlərə, Uzaqlığa,

Qeyri-müəyyənlik içində, sirli gecələrin qaranlığında,

Küləyə, qasırğaya düşmüş bir toz zərrəsi kimi sovrula-sovrula!

 

Getmək, getmək, heç dayanmadan getmək!

Qanadlanmaq üçün qaynayır qanım!

İrəli atılmaq istəyir bütün bədənim!

Selə düşmüş kimi çırpınır, kükrəyir bədənim!...

Köpüklənir qaynar istəklərim

Və qayalara çırpılan dalğaya oxşayıram mən!

 

Bunu fikirləşmək - Ey çılğınlıq! Bunu fikirləşmək - Ey hirs!

Fikirləşdikcə sərhədlərini arzulara əsir həyatımın,

Birdən, sarsılıb yolundan çıxmış kimi içimi çulğayan o fırtına,

Rəhmsiz, şiddətli qayıdışıyla

Qabarır içimdə uğultusu, başgicəlləndirici sarsıntıyla.

Ey dənizçilər, miçmanlar! Komandalar, bosmanlar!

Gəmiçilər, matroslar, macəra axtaranlar!

Ey gəmi kapitanları, növbə tutmaq üçün dirəyə dırmaşanlar!

Kobud yataqlarında mışıl-mışıl yatan, hər anı təhlükəli olanlar!

Ölümü balış əvəzi başının altına qoyanlar!

Göyərtədə dayanıb ucsuz-bucaqsız

                                   dənizin sonsuzluğuna baxanlar!

Ey, limanda yük vuranlar!

Yelkənləri salanlar, kanatları bərkidənlər!

Gəminin yükünü anbara daşıyanlar!

Ey, ey, ey!

Başlarında beret, əyinlərində miləmil dənizçi köynəyi olanlar!

Bədənləri döyməli, ağızları qəlyanlı olanlar!

Günəş altında yananlar, yağış altında islananlar!

Qabaqdakı boşluğa baxmaqdan gözləri itiləşən,

Sinə gərdikləri küləklərdən daha da möhkəmləşənlər!

Ey, ey, ey, ey, ey!

Siz, Pataqoniyanı görənlər!

Siz, Avstraliyanın yanından üzənlər!

 

Heç görməyəcəyim yerlər gözlərinizə həkk olunub!

Heç vaxt gedə bilməyəcəyim yerlərə ayaq basmısınız!

Siz, uzaq adalardakı qəbilələrdən xırdavat alanlar!

Və bütün bunları sanki adi bir şey imiş, təbii bir şey imiş,

Həyat beləymiş kimi eləyən,

Elə bil bir tapşırığı yerinə yetirirmiş kimi yaşayanlar!

Ey, ey, ey!

Bugünkü dənizlərin insanları! Köhnə dənizlərin insanları!

Ey göyərtədəki satıcılar! Katorqa məhkumları!

                                               Lepanto əsgərləri!

Romadan qalma quldurlar! Qədim Yunanıstanın dənizçiləri!

Finikiyalılar! Karfaqenlilər! Ucsuz-bucaqsız dənizdə

                        Mümkünsüzü gerçəkləşdirmək üçün

Saqreşdən buraxılmış portuqallar!

Ey, ey, ey, ey, ey!

Kəşf etdiyiniz sahillərə işarə üçün daş sütunlar ucaldan

Və o adsız burunlara adını verənlər!

Birinci dəfə zənciləri alıb-satanlar!

Yeni qitələrdə birinci dəfə qul alveri edənlər!

Çaşqın zənci qadınlara birinci dəfə

                        avropalı orqazmını yaşadanlar!

Yaşıl bitgiləri bol olan sahillərdən

                        qızıl, xırdavat, ədviyyat və ox gətirənlər!

Dinc Afrika kəndlərini qarət edən

Və top səsləriylə yerliləri pərən-pərən salanlar!

Siz can alan, işgəncə verən, sonra da

Yeni dənizlərin sirlərinə aldanıb gələnlərin

                        payına əl qoyanlar! Ey, ey, ey, ey, ey!

Hamınıza birdən, bir-birinizə qarışmış, bağlanmış halda

Qanlı, qəddar, nifrət edilən, qorxulan, sayılan hamınıza!

Salam olsun, salam, hamınıza salam olsun!

Ey, ey, ey, ey, ey, ey, ey!

Salam! Sa-lam! S-a-l-a-m!

 

Yola çıxmaq istəyirəm sizinlə, sizinlə yola çıxmaq!

Hamınızla bir yerdə,

Getdiyiniz hər yerə!

Üz-üzə gəlmək istəyirəm qarşılaşdığınız təhlükələrlə,

Üzümdə hiss etmək üzünüzə vuran küləkləri,

Dodaqlarınızı öpən dəniz duzunun dadına baxmaq,

Zəhmətinizə şərik olmaq, fırtınalarınızı paylaşmaq,

Axırda sizin kimi o möhtəşəm limanlara çatmaq!

Sizinlə bir yerdə sivilizasiyadan qaçmaq!

Sizinlə itirmək hər cür əxlaq qayğısını!

İnsanlığımın artıq dəyişdiyini hiss etmək!

Cənub dənizlərində sizinlə yeni sulardan içmək!

Sizinlə yola çıxmaq

Və geridə buraxmaq -

Sivil paltarlarımı, kübar hərəkətlərimi,

Anadangəlmə içimdə gəzdirdiyim zindan qorxusunu,

Sakit həyatımı,

Həyəcansız, sakit, firavan həyatımı!

 

Dənizə, dənizə, dənizə, küləyə, dalğalara atmaq həyatımı!

Küləkdə köpüklərlə duzunu dadmaq üçün o böyük səfərlərin,

Basdırmaq üçün sümüklərimi o soyuq dənizlərə!

Hə, hə... Çarmıxa çəkin məni dənizdə yola düşəndə,

Çiyinlərimdə xaçı daşımaq sevinci!

Bağlayıb aparın məni çıxanda hər səfərə,

Onurğamı ağrıtsın kürəyimdəki çarmıx,

Bu ağrını hiss edim titrəyişlərlə!

Mənə istədiyinizi edin, təki mən dənizdə olum,

Göyərtədə, dalğaların üstündə,

Yaralayın, öldürün, bədənimi parçalayın!

Dənizin dəyişdirdiyi bir ruh

Ölümə çatdırmaq istədiyim,

Dənizlə bağlı nə varsa onların sərxoş etdiyi,

Gəmiçilərlə olduğu qədər,

Uzaq yerlər, limanlar, dibdə yatan balıqlar,

Hər cür ticarət,

Dirəklər, dalğalar

Başımı fırlatmalı

Ağrı və şəhvətlə Ölümə aparmalıdır

Dəniz cücülərinin qanını sümürdüyü bir cəsədi!

 

Sap düzəldin damarlarımdan, əzəzlələrimdən kanat!

Sonra dərimi soyub gəminin göyərtəsinə mıxlayın,

Hiss edim ağrısını vurulan mismarların

                        bu ağrı heç çəkilməsin!

Başımı əzə-əzə çıxartın gözlərimi,

Bağlayın bədənimi və qamçılayın, qamçılayın!

Küləyin dalğalandırdığı yelkənlər kimi qorxusuz olmaq!

 

Dənizin təhlükələri arasında eşidilən köhnə gitara havası,

Dənizçilərin eşitdikləri, amma təkrarlaya bilmədikləri bir mahnı!

O davakar dənizçilərin

Kapitanı dor ağacından asan

Başqa bir kapitanı da kimsəsiz bir adada qoyan.

 

Marooned!

Damarlarımdakı o qədim quldur yanğısını

                                   alovlandırdı tropik günəş.

Pataqoniya küləyi yaddaşıma qorxunc döymələr həkk etdi!

Atəş, atəş, içimdəki atəş!

Qan, qan, qan!

Elə bil beynim çatlayacaq bu saat!

Qızıl-qırmızı parçalara bölünür dünyam!

Zəncirlərin əks-sədasında bir-birinə dəyir damarlarım.

Və vəhşi bir səslə səslənir içimdə

Böyük Quldurun mahnısı,

Böyük Quldurun əcəl zəngi kimi guruldayan mahnısı.

Qorxunu iliklərində hiss edib ürpəşən adamları

Və göyərtədə ölüm qışqırıqları altında mahnı oxuyanları:

Ölünün sandığı üstündə on beş adam

o-ho-ho, bir də rom şüşəsi!

Sonra da o qışqırıq, havanı yaran qeyri-insani səs

Darby M'Graw-aw-aw-aw-aw!

Darby M'Graw-aw-aw-aw-aw-aw-aw!

Fetch a-a-aft the ru-u-u, -u-u-u-u-u-um, Darby!

Ey, anam, ey! Bax buna deyərəm həyat!

Ey, ey, ey anam, ey!

Ey, ey, ey, ey, ey!

 

Sınmış onurğalar, batan gəmilər, qanlı dənizlər!

Qana batmış göyərtələr, parçalanmış cəsədlər!

Göyərtəyə səpələnmiş kəsik barmaqlar!

Dörd tərəfə atılmış kəsik uşaq başları!

Gözləri çıxartılmış, inildəyən, qışqıran adamlar!

Ey-ey-ey-ey-ey-ey-ey-ey-ey-ey!

Ey-ey-ey-ey-ey-ey-ey-ey-ey-ey!

Məni soyuqdan qoruyan paltoya

            bürünürmüş kimi bürünürəm bütün bunlara!

İstidə divara sürtünən pişik kimi sürtünürəm

Ac şir kimi nərildəyirəm bunların arasında!

Qızmış kələ kimi hücum edirəm hamısına!

Dırnaqlarımla oyur, pəncələrimlə parçalayıram,

                        qana batırıram dişlərimi bunlarla!

Ey-ey-ey-ey-ey! Ey-ey-ey!

Birdən qulağımın dibində

Qorxunc bir səs eşidirəm,

Çağırır ovunu özünü göstərmək üçün

Ələ keçirtmək üzrə olduğu qayığı!

Aho-o-o-o-o-o-o-o-o-o-o-yyyy…

Schooner aho-o-o-o-o-o-o-o-o-o-o-o-o-yyy…

Bütün dünya silinir gözümdən artıq! Rəngim qaralır!

O qayığa tullanmaq istəyirəm!

Ey Quldurların rəisi! Quldurların kralı!

Qarət edirəm, öldürürəm, parçalayıram hər şeyi!

Ancaq dənizi hiss edirəm, ələ keçirtmək, qarət etmək!

Hiss etdiyim təkcə damarlarımın guppultusu,

Bir də gicgahlarımın zoqqultusudur!

Gözlərimi qaraldır qaynayan qanım!

Ey-ey-ey-ey-ey-ey-ey!

 

Ey, quldurlar, quldurlar!

Quldurlar, sevin məni və mənə nifrət edin!

Quldurlar, əriyib qarışım sizə!

Hirsiniz, qabalığınız necə də səslənir qanına

Bir vaxtlar mən olan və artıq təkcə

                        şəhvəti qalan qadının bədəninə!

Bütün davranışlarını mənimsəyən bir heyvan olmaq istəyərdim,

Dişlərini onurğalara keçirdən,

Dirəkləri gəmirib göyərtədəki qanı və qətranı içən,

Yelkənlərlə avarları, ipləri dişləyən bir heyvan,

Dişi bir dəniz vəhşisi cinayətlərinə doymayan!

Əlaqəsiz və oxşar duyğular simfoniyası yüksəlir,

Qanımda uğuldayan fırtınalı cinayətlərin, dənizin orkestrı,

Ruhumda azıb yüksələn bir qasırğa,

Gözlərimi qaraldan və bütün bunları ancaq dərim

Və damarlarımla görüb xəyal etməyimə

                                   yol açan isti bir toz buludu!

Quldurlar, quldurluq, gəmilər və o saat,

Qənimətlərin yükləndiyi o dənizçilik anı,

Dustaqların qorxudan az qala dəli olduqları

Bütün cinayətləri, dənizi, gəmiləri, göyü, buludları,

Küləkləri, qışqırıqlarıyla,

Necə istəyərdim bütün onlarla,

                        onların hamısıyla bədənim əzab çəksin,

Bədənim və qanım, bütün varlığım bir yumaq olsun,

Qaşınan yara kimi çiçək açsın ruhumun xəyali ətində!

 

Ah, o günahların hamısına ortaq olmaq!

Bütün o qarətlərin baş verdiyi yerlərdə olmaq!

Bütün o qanlı faciələrdə yaşayan və ya yox olan hamı olmaq!

Dünyanın bütün quldurlarının qurbanı olmaq!

Bədənimlə quldurların təcavüz etdikləri, öldürdükləri,

Yaralayıb parçaladıqları qadınlar qadını olmaq!

Hücum edilmiş bədənim onların hamısına xidmət edən

Və bütün bunları, bunların hamısını

            bir anda onurğasında hiss edən qadın bədəni olsun!

Ah, mənim tüklü, qaba, macərapərəst qəhrəmanlarım!

Mənim dəniz vəhşilərim, beynimin yaratdığı kişilər!

Axmaq duyğularımın aşiqləri!

Sevgiliniz olmaq istəyərdim sizi hər limanda gözləyən!

Sizlər, onun yuxularında sevilən və nifrət edilən quldurlar!

Çünki o ancaq ruhuyla da olsa, sizinlə olacaq, dənizdə

Təcavüz edilən qurbanlarınızın çılpaq bədənləriylə bir yerdə!

Və sahildə qayıtmağınızı gözləyəcək, qayıtsanız əgər,

Eşqinizdən dəli olmuş halda içəcək bütün o əngin,

O sis və qaranlıq qoxularla dolu zəfərlərinizin şərəfinə

Və şəhvətiniz boyunca qızıl sarı bir ayin havası çalacaq fitlə!

 

Gövdəsi parçalanmış, bağırsaqları deşilmiş, qanlar axanda,

Tam ortasında ikən sizinlə bağlı xəyallarımın,

Özümü itirmişəm, artıq sizə aid deyiləm, sizəm mən,

Ardınızca gələn nəfəsim sizin ruhunuzdur artıq!

Bütün o vəhşiliyi etdiyiniz vaxt içinizdə olmaq,

O həyəcanlarınızı içimdə hiss etmək

Siz dənizləri qana batıranda,

Arada hələ canını  tapşırmamış yaralılarla

Çəhrayı dərili körpələri köpək balıqlarına atıb

Baxsınlar deyə analarını göyərtənin qırağına sürüdəndə!

O qarətlərdə sizinlə olmaq!

Özümü qarətinizin simfoniyası ilə ahəng içində tapmaq!

Ah, ifadə edə bilmərəm nə qədər sizinlə

                                   bir yerdə olmaq istədiyimi!

Orda ancaq qadınınız, bütün qadınlarınız,

                                   bütün qurbanlarınız yox,

Bunların hər biri və hamısı olmaq - kişisi, qadını, uşağı, gəmisi -

Və ancaq o an, gəmilər və dalğalar yox,

Ancaq ruhlarınız, bədənləriniz, hirsiniz, qənimətləriniz yox,

Bunlar olmaq deyil istəyim, bunların hamısından çox,

                                   Belə olmağın Tanrısı olmaq!

Bir Tanrı olmaq lazımdır, qarışıq bir inancın Tanrısı olmaq!

Hissiz, ürəksiz, şeytanxislət bir Tanrı!

 

Ah, yaxşılaşdırmaq üçün isgəncə verin mənə!

Xəncərlərinizin deşdiyi parçaların

                        ipliyinə döndərin damarlarımı!

Bədənimi təcavüz etdiyiniz qadınların bədəninə!

Sərhədsiz xəyallarımın alovlanan çarxı

Elə ölçüsüz və ürküdücü sürətlə fırlanır ki,

Qanadlanan ağlım küləyin qovduğu

Bir duman qatından başqa bir şey deyil indi!

Ölünün sandığı üstündə on beş kişi

O-ho-ho, bir də rom şüşəsi!

Ey-ey-ey-ey-ey-ey! Ho ho ho hoy, hoy!

 

Lənətə gəlsin, bunlarla əlaqəsi olmayan

                        mənim həyatım kimi bütün həyatlar!

Mən, mühəndis, savadlı adam, bu işdən başı çıxan biri,

Amma sizə tərəf gələndə tərəddüd edən,

Uğurlarınız qarşısında məğlub, ürkək!

 

Ah, quldurlar! Quldurlar!..

...Dənizlərə atın məni, adaların qumlarına basdırın!

Bütün qurbanlarınıza çevirin məni!

İnsanlıq üçün əzab çəkən İsa-Məsih kimi

Əlinizə düşən hər qurban üçün əzab çəkim.

Sürüdüyünüz bir şey edin məni

            - Ah, o nə zövqvericidir - sürüdülən şey olmaq

Qamçıladığınız atların quyruğunda...

Amma bütün bunlar dənizdə olsun, də-niz-dəə,

DƏ-NİİİZ-DƏƏƏ!

He-he-hey-hey-hey! He-he-hey! DƏ-NİİZ-DƏƏ!

He-he-hey, hey-hey! He-he-hey! He-he-hey!

Hər şey qışqırır! Qışqırır hər şey! Küləklər, dalğalar, gəmilər!

He-he-hey, hey-hey! He-he-hey! He-he-hey!

Mahnı oxuyur, qışqırır hər şey!

ÖLÜNÜN SANDIĞI ÜSTÜNDƏ ON BEŞ ADAM

YO-HO-HO, BİR DƏ ROM ŞÜŞƏSİ

He-he-hey, hey-hey! He-he-hey! He-he-hey!

Ho-ho-hoy-la-hoy-la-hoy-h-O-O-O-la-la-ha!

AHO-O-O-O-O-O-O-O-O-O-yyy! ...

USKUNA AHO-O-O-O-O-O-yyy! ...

Darby M'Graw-aw-aw-aw-aw-aw!

DARBY M'GRAW-AW-AW-AW-AW-AW-AW!

FETCH AFFFT THE RU-U-U-U-UM, DARBY!

Ho-ho-ho-ho-ho-ho-ho-ho-ho-ho-ho-ho-ho-ho!

HO-HO-HO-HO-HO-HO-HO-HO-HO-HO-HO-HO-HO!

HO-HO-HO-HO-HO-HO-HO-HO-HO-HO-HO!

HO-HO-HO-HO-HO-HO-HO-HO-HO-HO-HO-HO!

HO-HO-HO-HO-HO-HO-HO-HO-HO-HO-HO!

 

İçimdə bir şey parçalanır.

Artıq heç nə hiss etməyəcək qədər çox şey hiss etdim,

Ruhum tükəndi, qalan təkcə bir əks-sədadır içimdə.

Getdikcə azalır fırtınanın gücü.

Gözlərimin üstündən götürür əllərini xəyallarım.

Suların üstündə yosun kimi üzəndə parçalanan xəyallarım...

Oho-o-o-o-o-o-o-o-o-o-o-yy…

Uskuna aho-o-o-o-o-o-o-o-o-o-o-yy..

 

Ah, necə qaplayır həyəcanımı!

İçimdəki dənizin əsən  bu gecə sərinliyi!

Birdən qabağımda, gecə dalğalarının

O əngin insan sirriylə dolu bir gecə dənizi.

Ay doğur üfüqdə və bir damcı göz yaşı kimi

Canlanır içimdə şən uşaqlığım.

Dalğa-dalğa qayıdır keçmişim və o dəniz səsi

Bir qoxuya, bir səsə, bir mahnının əks-sədasına dönür

Uşaqlığımı xatırlayıb

Bir daha heç yaşaya bilməyəcəyim o sevinci çağırırmış kimi.

Çayın sahilindəki o köhnə, səssiz evdəydi...

(Otağımın pəncərələri, yemək otağındakılar da

Alçaq evlərin üstündən yaxınlıqdakı çaya baxırdı,

Texoya, həmin bu Texoya, amma başqa bir nöqtədən,

                                               bir az aşağıdan...

İndi qayıtmalı olsam həmin pəncərələrə,

                                   onları artıq tapa bilmərəm.

Uzaq dənizlərdəki bir gəminin

                        dumanı kimi uçub getdi o günlər...)

Təsvirəgəlməz yumşaqlıq,

Az qala göz yaşardan bir peşmanlıq,

Bütün o qurbanlar - xüsusən də uşaqlar - ucbatından,

Özümü qədim bir quldur hesab etdiyim,

Onları da qurbanlarım kimi fikirləşdiyim üçün.

Ürəkparçalayan mənzərədir, onların qurbanlarım olmağı.

Sonra daha şirin bir yumşaqlıq,

Çünki əslində, qurbanım deyil onlar.

Qarışıq bir duyğudur, buxardan maviləşən pəncərə şüşəsi kimi

Yaralı ruhuma köhnə mahnılar oxuyan.

Ah, necə gətirə bilmişəm ağlıma belə şeyləri?

Nə qədər uzağam bir az əvvəlki özümdən!

Qatmaqarışıq duyğular - gah elə, dah da tam əksi!

Bir qağayı uçur

Və artıq içimdəki yumşaqlıq.

Baxmayaraq ki, bu müddət ərzində heç nə dəymədi gözümə.

Bədənimdə sığal kimi bir şey idi hiss etdiyim

Bütün bu müddət ərzində gözlərimi

                        heç çəkmədim uzaqdakı xəyalımdan.

Çay sahilindəki evim,

Çay sahilində keçən uşaqlığım,

Gecələri otağımın çaya baxan pəncərələri

Və sularda əks edən ay işığı!..

Oğlunu itirdiyi üçün məni çox sevən xalam...

Mənə layla çalıb yatızdıran o yaşlı qadın

(Laylalıq yaşım çoxdan keçsə də)...

Bunları xatırlayıram, göz yaşları tökülür

                                   qəlbimə və yuyulur həyatım

Və bir dəniz mehi əsməyə başlayır içimdə.

Hərdən "Katrineta gəmisi"ni oxuyardı xalam:

Katrineta gəmisi gedir

Dənizin dalğalanan üzündə...

Ya da orta əsrlərdən qalma həsrət dolu

"Gözəl İnfanta" mahnısını... İndi xatırlayıram

            əks-səda verir içimdə yaşlı qadının səsi,

O günlərdən bu yana onu nə qədər az xatırladığımı,

            onunsa məni nə qədər çox sevdiyini xatırladaraq!

Və ona necə dönük çıxdığımı - axırda da həyatımı nə etdiyimi.

Gözəl İnfanta idi bu...

       Gözlərimi yuman kimi xalam da oxumağa başlayardı:

Dünya gözəli şahzadə

Oturub bağçasında...

Gözləri açardım, baxardım ay işığındaaydınlanıb pəncərə,

Sonra gözlərimi yumub sakit bir yuxuya gedərdim.

Dünya gözəli Şahzadə

Oturub bağçasında...

Saçlarını darayır

Qızıl darağı əlində.

Ey mənim uşaqlığım, sınmış oyuncağım!

Qayıda bilməmək o keçmişə, o evə, o sevgiyə,

Orda qala bilməmək həmişə uşaq, həmişə şən!

 

Osa bütün bir keçmişdi o, bir küncdə qalan o küçə fənəri.

Fikirləşdikcə içimdə bir ürpərti,

            bir aclıq qovuşa bilməyəcəyim bir şeyə.

İzaholunmaz, axmaq bir əzab verir mənə bunu fikirləşmək.

Ah, hər yana sovrulan bir duyğu qasırğası!

Ruhumdakı incə, başgicəlləndirən qatmaqarışıqlıq!

Göz yaşları, əbəs göz yaşları,

Ruhu yalayıb keçən küləklər...

Qurtulmaq üçün bu duyğulardan, köməyə çağırıram

Bilə-bilə, ümidsiz, susamış, əbəs yerə

Can verən Qoca Quldurun mahnısını:

Ölünün sandığı üstündə on beş adam

Yo-ho-ho, bir də rom şüşəsi!

 

İndi vida edirəm bu saat yola çıxmalı olan

Bu biri gəminin gövdəsində. İngilis yük gəmisidir bu,

Fransız gəmiləri kimi çox pis,

Yola çıxacağı şübhəsiz ki, dünənki qəzetin

                        axırıncı səhifəsində elan edilib.

Təsir edir mənə bu yoxsul gəminin belə təbii gedişi.

Bilmirəm nə üçün, ehtiyatlanır bir az

İşini görən vicdanlı adamlar kimi.

Budur, uzaqlaşır dayandığım körpüdən.

Budur, yavaş-yavaş uzaqlaşır...

Kardiffə? Liverpula? Londona? Nə fərqi var ki?

O, işini görür. Bizim də etdiyimiz kimi...

Yaşamaq gözəldir!

Yaxşı yol! Yaxşı yol!

Yolun açıq olsun, xəyallarımın həyəcanını

Və əzabını mənimlə paylaşan

Və gedişini görüm deyə məni təzədən

                        həyata bağlayan gəmiçi dostum.

Yaxşı yol! Yaxşı yol! Həyat belədir, neyləyək?...

Gedişin elə təbii, elə ümidvericidir ki,

Lissabon limanından çıxanda,

Qəribə, tanış bir məhəbbətlə doldurur içimi...

Nə üçün? Hardan bilim?... Get... Dayanma...

Xəfif bir titrəməylə

(T-t-t-t-t...)

Dayanır içimdəki fırtına.

 

Keç get, gəmi, keç get, dayanma...

Mənə baxma, uzaqlaş, gözdən it,

Get, uzaqlaş qəlbimdən,

Uzaqda gözdən it, uzaqlarda...

Mən kiməm axı, ağlayım?

Mən kiməm axı, danışıb səni sevim?

Mən kiməm axı, sənə baxıb ağlımı itirim?

Gəmi körpüdən aralanır, günəş yüksəlir qızılı rəngdə,

Damlar parıldamağa başlayır,

Şəhərin bu tərəfi par-pardır...

Get daha, mənə baxma,

Əvvəlcə çayın ortasında aydın görünən gəmi ol,

Sonra getdikcə uzaqlaşan gəmi,

Sonra da üfüqdəki qara nöqtə...

Sonra heç, təkcə mən və yoxluğunun ağrısı

Və artıq günəşlə parıldayan böyük bir şəhər

Və gəmiləri olmayan körpü kimi həqiqi və çılpaq bu saat

Kim bilir, hansı duyğunu izləyir kimi yarımdairə çəkən

Həyəcanlı ruhumun səssizliyində...

Uzaqlıqlar, Köhnə Dənizlər

 

Tərcümə etdi: Həmid PİRİYEV

 

Ədəbiyyat qəzeti.- 2018.- 21 aprel.- S.16-18.