Türk etnosunun
poetikası
Professor Kamran Əliyevin monoqrafiyası
İstanbulda çap olunub
Professor Kamran Əliyevin "Açıq
kitab - "Dədə
Qorqud" monoqrafiyası
bugünlərdə İstanbulda
"Ötükən" nəşriyyatı
tərəfindən çap
olunub. Kitab bundan əvvəl İranda fars
dilində nəşr
edilmişdir.
Monoqrafiya Azərbaycan türkcəsindən Türkiyə
türkcəsinə Rabia
İşık tərəfindən
çevrilmişdir. Çevrilmənin redaktorları
prof. dr. Mehman Musaoğlu və Tuğba Bayraqdarlardır.
Monoqrafiyaya prof. dr. Əhməd
Bican Ərcilasun ön söz, prof. dr. Mehman
Musaoğlu isə son söz yazmışdır.
Prof. dr. Əhməd Bican Ərcilasun ön sözünü sizə təqdim edirik.
"Dədə Qorqud
Kitabı" təkcə
ədəbi bir şah əsər deyil. Yalnız orijinal bir dil mətni də deyil. O, eyni zamanda türklərin,
oğuzların mifoloji
anlayışlarının, əfsanəvi və dastanvari həyatlarının
güzgüsüdür. Bu gözəl əsərdə,
mifdən əfsanəyə,
əfsanədən dastana,
eposdan tarixi həyata keçidin izləri izlənilə bilər. Bu səbəblə
əsər bir çox elmin araşdırma sahəsinə
daxil ola
bilər. Dilçilik,
ədəbiyyatşünaslıq, şifahi xalq ədəbiyyatı (mif, əfsanə, dastan, xalq şeiri, adətlər və s.), semiotika, tarix, sosiologiya… Onun müasir ədəbiyyat
və incəsənətdə
əks olunması da öz-özlüyündə
ələ alınması
lazım olan ayrı bir sahədir.
Bu səbəblərlə Azərbaycanda Dədə Qorqud araşdırmalarına
qorqudşünaslıq (Qorqud
elmi) deyilməsi son dərəcə yerində
bir mövqedir.
Dədə Qorqud mətnlərinin bu günə qədər ən çox dilçilər tərəfindən tədqiq
edilməsi son dərəcə
təbiidir. Çünki bu günə
gəlib çatmış
olan iki əlyazmanın da, hər şeydən əvvəl düzgün və sağlam şəkildə təsbiti
lazım idi. Əsrlər
əvvəl qələmə
alınmış olan
əlyazmaların təbii
olaraq bir çox oxunma və anlaşılma problemi vardı. Və hər şeydən əvvəl bunların həll edilməsi, aradan qaldırılması
lazım idi. Belə ki, bir çox
problem hələ də
həll edilməmiş
olaraq qalır. Dilçilər hələ də
bu problemləri həll etməyə çalışır.
Əsərdə bir sıra dil
(oxuma və anlaşılma) problemlərinin
hələ də mövcud olması, əlbəttə, onun digər elm sahələri
tərəfindən öyrənilməsinə
əngəl təşkil
etməməlidir. Belə ki, Fuad Köprülüdən bəri
əsərin ədəbi
cəhətdən öyrənilməsinə
davam edilir. Şifahi xalq ədəbiyyatı, xüsusilə dastançılıq
baxımından da əsər üzərində
bir çox araşdırma aparılmışdır.
Mətnlərin tarixi hadisə
və şəxsiyyətlərlə
əlaqəsi də tədqiqat sahələrindən
biridir və bu məsələdə də bəzi işlər görülmüşdür.
Dədə Qorqud boyları Oğuznamə də adlandırılır. Bu səbəblə
Oğuznamə adlanan digər əsərlərlə
müqayisə də bir araşdırma mövzusudur. Bu sahədə də bəzi işlər mövcuddur.
Mətnin
içinə girmək;
mətndəki hadisələrin
təşkilini, mövzu
və anlayışları,
motivləri, şəxsiyyətləri,
zaman və məkanı, mətnin başlama, inkişaf və son xəttini, üslubunu, mətn daxilindəki xüsusi formulları, xüsusi söyləmə texnikalarını
öyrənmək ədəbiyyatşünasların
işi olduğu qədər şifahi xalq ədəbiyyatı mütəxəssislərinin də
işidir. Bu sahələrin
hər biri öz nöqteyi-nəzərindən
mətnin içinə
daxil olur, öz üsulları ilə mətni öyrənir və müxtəlif dəyərləndirmələr
edərək bəzi nəticələrə çatır.
Azərbaycanın tanınmış mədəniyyət
xadimi, ədəbiyyatşünas
Kamal Abdulla "Gizli Dədə Qorqud" kitabı ilə ilk dəfə mətnin içinə girmiş, mətnin içində dolaşan itigözlü bir səyyah kimi gördüklərini,
kəşf etdiklərini
və hətta bəlkə də görmədiklərini bizə
çatdırmağa çalışmışdır.
Kamal Abdulla mətnin içinə o qədər
enmişdir ki, mətn içindəki sirləri, gizlilikləri ortaya çıxarmaqla yetinməmiş, oradan bir də almaz
çıxarmışdır: Yarımçıq əlyazma.
Kamal Abdullanın oxuculara belə dediyini hiss edirəm: "Mən bir tədqiqatla
bu sirləri sizə açıqlaya bilmədim; bəlkə bu romanla bəzi
sirləri açıqlayaram."
"Gizli Dədə Qorqud"dan sonra indi də "Açıq Kitab: Dədə Qorqud" gəldi qarşımıza.
Kamran Əliyev də mətnlərin içinə
girmişdir. Amma o "gizli
bir tərəfi yox, hər şey
açıq" - deyir.
Əlaqələr qurur. Hadisələr arasında, insanlar arasında, ifadələr
arasında. Demək istəyir
ki, bu əlaqələri
qursanız hər şey üzə çıxar. Niyə o qədər
qəhrəman Təpəgözün
öhdəsindən gələ
bilmir, ancaq Basat gələ bilir? Çünki Təpəgözün mifik bir tərəfi
də var, o bir pəridən doğulmuşdur. Onunla döyüşən
qəhrəmanlardan da
yalnız Basatın mifik tərəfi vardır, onu aslan böyütmüşdür.
Aruz Qocanın
mənfi bir şəxsiyyətə bürünüşünü,
K.Əliyevin araşdırmasından
sanki addım-addım
təqib edə bilirsiniz. Niyə digər Oğuz
qəhrəmanlarında hər
şey üç və ya üç
yüzdür, Aruz niyə, altmışdır.
Rəqəmlərin bir-birilə və
şəxslərlə münasibətlərini
izləsəniz K.Əliyev
kimi, bu sualın da cavabını tapa bilərsiniz.
Hələ Dəli Domrulun tənhalığı. O, yalnız
digər Dədə Qorqud qəhrəmanları
öz boyunda yer almadığı üçün yalnız
deyildir. Eyni zamanda qorqudşünasların
bir qismi də onu tənhalığa
tərk etmək istəyir. "Dəli
Domrul" boyu, digər boylardan fərqli imiş, digər boylar bir yana,
"Dəli Domrul"
boyu bir yana imiş. Kitaba sonradan və süni bir şəkildə
buraxılmış kimidir.
Kamran Əliyevin buna üsyan etdiyini hiss etmiş kimiyəm. Amma o, üsyanını qəzəblə, hiddətlə
ortaya qoymur. İynəylə quyu qazırmış
kimi mətnləri didişdirir; Digər boylarla oxşar və paralel tərəfləri tapır
və Dəli Domrulu əsərin olmazsa olmaz bir
parçası halına
gətirir. Dəli Domrul
tənhalıqdan xilas
olmuşdur.
Türk şeirinin doğuşunu və təkamülünü
"Dədə Qorqud
Kitabı"nda axtarmaq
və tapmaq. Məni ən
çox həyəcanlandıran
məsələlərdən biri, bəlkə də birincisi budur. Misradan beytə, beytdən
bəndə, oradan poeziyaya keçid. Yenə də addım-addım izləyir K.Əliyev və bizi şeirin
seyrangahına çıxarır.
Həm də bəzən yorğa yerişli, bəzən dörd nala qaçan ağ
boz atların belində. İndi türk şeirinin
qanadları ilə daha şüurlu olaraq uça bilərik. Bu eyni zamanda Türk
etnosunun poetikasıdır.
Bəzi ədəbiyyatşünasların,
bəzi şairlərin
poetikası olduğu kimi, etnosların da poetikası olmalıdır və məhz türk etnosunun poetikası, "Kitabi-Dədə Qorqud"un sətirləri (misralarımı desəm?)
arasındadır. Kamran Əliyev
o sətirlərdə gəzmiş
(yoxsa at çapmışmı
desəm?) və etnosumuzun poetik icadını, poetik anlayışını ortaya
qoymuşdur. Əsasən Əliyev bu əsərdən əvvəl
də etnopoetika üzərində çalışmış
bir ədəbiyyatşünas
və folklorşünasdır.
Araşdırmalarını Azərbaycan romantikləri
üzərinə yönəltmiş
bir elm adamının bəlkə də əldə etməsi lazım olan təbii bir nəticəyə çatmışdır
Əliyev. Bu səbəbdən
də oxucular bəlkə kitabın sonunda yer alan Əliyevin tədqiqatları ilə maraqlanacaqlar. Bəlkə də onların
bir qismini də türk oxucusuna qazandırmaq yerində olacaqdır.
Kamran Əliyevin
bu əsəri təkcə qorqudşünasların
deyil, Dədə Qorqud üzərində çox da dayanmamış
ədəbiyyatşünasların da marağına səbəb olmalıdır. Çünki bu əsər, bir ədəbi mətnə necə yanaşılması, bir ədəbi mətnin içinə necə girilməsi barədə də bizə yaxşı bir nümunə təşkil
edir. Eynilə Kamal Abdullanın
aparıcı əsəri
kimi.
Belə çıxır ki, Dədə Qorqud boyları bizi bəsləməyə davam
edəcək. Etnosumuzun köklərini onda
tapdığımız kimi
şaxələnməsini, göyərib meyvə verməsini də onda tapacağıq. "Dədə Qorqud
Kitabı" kimi bir şah əsərə
sahib olmaqla yalnız qürur hissimiz daşmayacaq, şüurumuz
da bilinəcəkdir.
Onunla köklərimizdən hər
dəfə yenidən
doğulacaq və göy qübbəsinə
budaq salacağıq.
Gəlin, Dədə Qorqud kimi yum verək:
Yerli qara dağımız yıxılmasın / Kölgəlicə
qaba ağaclarımız
kəsilməsin / Qamən
axan görkli suyumuz qurumasın / Qanadlarımızın ucu
qırılmasın / Qadir
Tanrı bizi namərdə möhtac etməsin / Allahın verdiyi ümidimiz bitməsin!
Prof. Dr. Əhməd
Bican Ərcilasun
Ədəbiyyat qəzeti.- 2018.-
28 aprel.- S.3.