Hekayə diskurs kimi:
"Qan azlığı, yaxud ölən
uşağın xatirələri"
Kamran Nəzirli həyata, dünyaya və varlığa dair mətləbləri sadə şəkildə təqdim edən və daha çox uşaqların şəffaf dili, boyasız ifadə tərzi ilə oxucuya çatdıran yazıçıdır. Yazıçının mətnlərində obrazlara kənardan baxmaqdan daha çox qəhrəmanların həyatlarını yaşamaq meyli qabarıqdır. Ona görə bu hekayələrdə hər obraz öz daxili səsi, daxili intonasiyası ilə görünür. Sonu olmayan rəngarəng arzular, puç olan ümidlər, yarımçıq qalan talelər və s. Kamran Nəzirlinin hekayələrində nəql olunan hadisələrdən sonra yerdə qalan təəssürat - psixoloji çırpıntı, mənəvi təlatüm də bununla əlaqəlidir, əslində. Əksər hallarda bu hekayələr obrazın öz dilindən verilir. Qəhrəman oxucu ilə üzbəsurət olub öz tarixçəsini danışır sanki. Yazıçının "Ağ kölgə", "Dəcəl əcəl", "Qoca uşaq", "Şopenin sonatası", "Əkizlər" və indi təhlil predmetinə çəkmək istədiyim "Qan azlığı, yaxud ölən uşağın xatirələri" hekayəsi. Bu hekayələri birləşdirən bir məqam da var: onların hamısının qəhrəmanı uşaqdır. Əslində uşaq da demək olmaz onlara, yaşlarından böyük görünürlər, çünki yaşlarından daha artığını yaşayıblar. "Ölən uşağın xatirələri" hekayəsində deyildiyi kimi: "Mən hər şeyi vaxtından tez, lap tez anlamağa başladım, düşündüm və bu düşüncələr mənə rahatsız bir həyat bəxş elədi. Sən demə mənim ölümümə əsas səbəb də düşünməyim oldu. Beş yaşından düşünməyə başlayan uşaqdan nə gözləyəsən?..
Bu uşaqlar cəmiyyətdə, ətrafda baş verən hadisələrin, mühitdə yaşanan müxtəlif olayların dərkidir əslində. Yazıçı vaxtından əvvəl böyüyən bu uşaqlarla zaman, gələcək, insanlıq üçün narahatlığını dilə gətirir kiçik mətnlərində. Cəmiyyətə mesajlar ötürür. Bu hekayələrdə nəfəs qısa, dil sadə və təmtəraqdan uzaqdır. Kamran Nəzirli uşaqların dili ilə insan mühitinin ayrı-ayrı kəsirlərini ifadə edir və bu fərdi qayğıların, dərdlərin timsalında ümumən insanlıq makromühitinin neqativ yönlərinə diqqət çəkir. Məsələn, müəllifin "Ağ kölgə" hekayəsində belə bir epizod var:
"Biz həyətə düşəndə qəflətən gün çıxdı. Mən anamım qabağında gedən kölgəsinə baxdım, qaraydı. Qəribəydi, qorxmadım. Sanki mənim də kölgəm qaralıb qovuşmuşdu anamınkına, mehribancasına yol gedirdilər. Bir az toxtadım. Birdən barmağımı öz kölgəmə sarı tutub anama nəsə demək istədim, amma o, məni qabaqladı:
- Öz kölgəndi, canım mənim, qorxma!
Göydən arabir iri yağış damçıları tökülürdü, anam çantasından gün çətirini çıxartdı, gülə-gülə əlavə elədi:
- Görünür, səssiz şimşək çaxıb, işığı sənin kölgənin üstünə düşüb…Səssiz şimşək uşaqların kölgəsinə düşəndə o, ağ olur…(Əlbəttə, bunu özündən uydurmuşdu!)
- Niyə?
- Çünki sən paksan, günahsızsan… Orbitindən heç vaxt çıxmırsan... Allah baba səni də, kölgəni də beləcə qoruyur... qara-qura şeylərin hamısından qoruyur səni...
- Bəs sənin kölgən niyə qaradı, ana?
- Böyüklərin kölgəsi qara olur, canım mənim!
- ............"
Bu kiçik parça müəllifin niyyətini, qabartdığı ideyanı ifadə etməyə bəs edir. Burada ağ rəng təmizliyin rəngi kimi simvollaşır. Vicdana kölgə salmazlar, mənasında. Ümumiyyətlə, nəsrdə çinar obrazı və ağ rəng həmişə mənəvi təmizlik estetikasının, ümidin rəmzi sayılıb. Bu hekayədə də belədir. Kamran Nəzirli nəsrində istənilən situativ məqam, ən minimal epizod belə obrazın daxili açımına xidmət eləyir. Məsələn, nümunə gətirdiyimiz "Ağ kölgə" hekayəsində "orbit" sözünün ehtiva eləmiş olduğu ifadə çalarını müəllif elə mənalandırır ki, əlaqəli mətnlə uğurla motivləşir: "...çox sonralar biləcəkdim ki, nəinki kosmonavtlar, elə adi insanlar da orbitdən kənara çıxanda kölgələri yox olur və onlar ölürlər...Görünür, anam elə bu səbəbdən deyirmiş ki, insan orbitindən çıxanda kölgəsi itir və o, ölür."
İnsanın özünüdərkə aparan mərhələsinin uşaq nəzərləri ilə mənalanması, belə bir oyanışın baş vermə məqamını ehtiva edən epizod qüvvətliliyi Kamran Nəzirlinin əsərlərinin leytmotividir. Yazıçı bu missiyanı əksər hallarda əşyalara, detallara həvalə etməklə gerçəkləşdirir. Bəhs etdiyimiz hekayədə də kölgə amili insanın öz başlanğıcından qopması, saflıq dünyasından ayrılışı, ruhsal-mənəvi aləminə yadlaşma, daxili tarazlığın pozulması kimi simvolik çalar kəsb edir: "Mənim ağ kölgəm düz əlli ildi ki, məndən aralıdır. Bəlkə də mən ondan ayrı düşmüşəm? Bəlkə elə buna görə o vaxtdan, bircə dəfə də olsun, ağ kölgəmi yadıma salmamışam? Eh... o qədər işlər, o qədər qorxulu-qorxusuz anlar, günlər, aylar və illər olub ki... Heç baş qaşımağa macal tapmışam ki?! İndi kölgəm anamınkı kimi qaralıb, o məni hər gün izləyir. Qorxuram o da itsin. Ağ kölgəm üçün isə burnumun ucu göynəyir".
Ağ kölgəsi özündən aralanmayan uşaqlar Kamran Nəzirli nəsrində daha çoxdular. Müəllif onları bakirəlik, nizam, xilas rəmzi kimi saxlayır mətnlərində. Hətta ömürləri yarıda qırılsa, xoşbəxt olmasalar belə dünyaya uşaq nəzərləri ilə baxmağın səadətini yaşadır müəllif. Onların əli ilə "ölümsüz ağaclar əkməyə" inanır bəlkə də. Haqqında bəhs etməyə çalışacağımız "Qan azlığı, yaxud ölən uşağın xatirələri" hekayəsində olduğu kimi...
Əsərin ölən adamın dilindən nəql edilməsi nəsrdə az rast gəlinən bədii üsul deyil. Kamran Nəzirlinin sadə sintaktik tərkibdə qurduğu cümlələrində dərin mətləblər ehtiva olunur. Hekayə bu cümlələrlə başlayır: "Öləndə mənim on yaşım vardı; mən onca il yaşadım, düz onca il. Və bu on ilin sonuncu beş ilini düşünməyə başladım, yəni ağlım kəsdi; ağı qaradan, istini soyuqdan ayırd edə bildim. Mənim üçün bütün rənglər eyni dərəcədə gözəgəlimli və yararlıydı. Mən bu rənglərə təzəcə alışmışdım. Mənim üçün pis şey yox idi; amma ürəyimin lap dərin qatlarında nədənsə qorxurdum, nədənsə çəkinirdim. Sonradan mənə məlum oldu ki, bu qorxulu şey xəstəlikdir".
İlk cümlədən artıq oxucu hadisələrin, olayın içinə daxil olur. Proseslər adət etdiyimiz xətt üzrə - əvvəldən sona doğru təsvir olunmur, yəni qalxıb enmə trayektoriyası ilə cızılmır. Öz taleyini yaşayıb bitirmiş qəhrəmanın həyatının nəqli eynisəsli ahəngdə verilir. Səssiz, xəfif və soyuq ladda. Bu üslub hekayədə sonadək qorunur. Gərginlik deyilən nəsnəni ilk cümlələrdən adladır oxucu. Çünki başlanğıcdan ölüm adlı reallıqla üz-üzə qoyur müəllif onu. Adama elə gəlir ki, ölümlə bağlı ağrısız düşünür qəhrəman. Hətta ölümə laqeydcə yanaşma da hakim olur hekayənin ilk cümlələrində. Sonra isə bu laqeydlik, bu soyuqqanlı təhkiyəni psixoloji gərginlik, ağrı, sızıltı əvəz edir. Ölümlə həyat qarşılaşır əslində. Ölən uşağın dili ilə həyatın cavabsız sualları önündə düşüncələrə daldırır müəllif. Və buna təhkiyənin ritmini pozmadan nail olur. Sadəcə mühakimələrin tutumu, qoyulan məsələlərin açımı ilə. Həyatın adiləşən, günü-gündən sarsıdıcı gücünü itirən ölümlərinə, o ölümləri yaradan səbəblərə diqqət çəkməklə. Uşaq ölümlərinə laqeydliyi bəşəriyyətin bəlası səviyyəsində təqdim etməklə: "Hələ ölməyimə səkkiz saat vardı. Bu qiyamət səhər sübh, saat beşdə baş verəcəkdi. Axşamçağı Bahar xala bir dəstə ağ xalatlı əmi və xala ilə birgə mənə baş çəkməyə gəldi. O, həmişəki kimi əli ilə saçlarımı sığalladı, soruşdu: - Necəsən, Azərin? - ....... Cavab verməyə heyim qalmamışdı. Bahar xala əmilərə, xalalara üzünü tutub deyirdi: -Uşaqlara qan lazımdı, qan! Yeməkdən çox qan lazımdı, eşidirsiz? - Qan yoxdu! - Axı mən neyləyim, hə? Hara gedim, kimə deyim? - Donorlar azalıb... Qan vermirlər... - Bə bu tifillər ölsün? - Bir şey fikirləşərik... Biz nə edə bilərik? Dünyada o qədər belə xəstələr var ki, çatdıra bilmirik... Gözləyin... Bəlkə sabah oldu?"
Amma Kamran Nəzirlinin hekayəsində bura başqa səbəblər də qatılır. Bir uşağa sevgi, diqqət və qayğı hər şeydən daha vacibdir. Hekayədəki uşaq da xəstəliyinin deyil, daha çox kimsəsizliyin - atasızlığın acısını çəkir. Onun ilk baxışda xəstəlik əzabı ilə yaşadığı həyatının arxasında ancaq özünə bəlli olan həsrət, nisgil var. Taleyin ona ayırdığı qısa ömür möhnətini gözlərini yola dikib atasını düşünməklə, onun yolunu gözləməklə keçirir bu balaca qızcığaz: "Atam bu evin giriş qapısının hardan olduğunu o köşkdə işləyən xoşsifət, qarabuğdayı əmidən soruşmuşdu; köşkün sahibi məni və atamı mehriban baxışlarla süzdü, əli ilə darvazanı göstərdi. Sonra "Allah köməyiniz olsun!" deyib bizi mərhəmət dolu baxışlarıyla düz darvazaya qədər ötürdü. Mən onu bir qədər atama bənzədirdim. Elə bilirdim hər səhər o köşkü açan əmi, atama bənzəyən əmi məni düşünür, atamı tanıyır, atamın yerini də bilir; o, hər səhər köşkün pəncərəsəni qaldırandan, yerini və təzə qəzetlərini rahlayandan sonra elə bilirdim ki, bax indicə mənə əl edəcək, gülümsəyəcək, daha sonra məni işarə ilə yanına səsləyəcək, saçlarımı tumarlayıb mənə şad xəbər verəcək: "qızım, atan sənin dalınca gəlib..."
"Qan azlığı, yaxud ölən uşağın xatirələri" hekayəsində O.Henrinin "Sonuncu yarpaq" hekayəsi ilə səsləşmələr var. Hər ikisində ölümcül xəstə olan, son günlərini yaşayan uşaq təsvir olunur. O.Henrinin hekayəsində uşağın son ümidi ağacdan düşəcək son yarpaq olur, "Ölən uşağın xatirələri"ndə isə körpələr evinin yanında qoyulan, atasının nə vaxtsa gəlib onu aparması üçün yola bələdçilik edəcək qəzet köşkü: "Həmin gün səhərədək atamın yolunu gözlədim. Onun gələcəyinə elə inanırdım ki... Düşünürdüm ki, o, mütləq gələcək, mənə qan gətirəcək. Məni özüylə aparacaq. Mən sağalacağam... Səhərə yaxın özümdə bir güc hiss etdim, durub pəncərəni açdım. Gördüm ki, yekə bir qaldırıcı kran hər səhər ümidlə baxdığım o qəzet köşkünü yerli-dibli götürüb iri maşının kuzovuna qoydu. Bir azdan o köşkün ətrafındakı xırda mağazalar da yox oldu. Hamısını dağıdıb sökdülər. Qəhər məni boğdu. Bəs atam bu evi necə tapacaq? Yolu kimdən soruşacaq? Bir anlıq qulaqlarım uğuldadı; elə bildim sel gəlir və bu sel indicə gəlib mənim nəfəs aldığım o xırda ağacları da kökündən qoparıb atacaq".
Hekayə
qəfil bitir. Gözlənilməyən anda. Yaşanıb qəfil
bitən ömürlər kimi. Oxucu hazırlıqsız şəkildə
mətnə daxil olduğu kimi eyni durumda oranı tərk edir.
Müəllif susqun uşaq nəğməsi ilə paralel
şəkildə təbiətdə gedən oyanışdan
yazır, ətrafda olan səs-küyü canlandırır. Bu
küyün və qarışıqlığın içində
qəfil bizi tərk edən uşağın səsi olur:
"Sübh çağının səssizliyni adamların
ucadan bağırtıları və iri maşınların
mator uğultuları pozmuşdu. Bir azdan yel gücləndi,
adamların boğuq, qatmaqarışıq səslərini ətrafa
yaydı. Həyətdə bülbüllər və
sarıdimdiklər artıq başlamışdılar
oxumağa. Görünür, onların qanı var, ona görə
belə gur oxuyurlar. Quşlar necə də bəxtəvərdilər?
Bu, yadımda qalan sonuncu havaydı..."
Vəssalam.
Müəllif on illik bir ömrü - həsrəti, nisgili,
ağrıları ilə birgə bir qızın
sıxılmış təhkiyəsi içərisinə
yerləşdirir. Həm də ibrət edir: uşaqlar
üçün valideyn yoxluğu xəstəlikdən daha
ağır yaşanan dərddi.
Körpələr evinə atılmış uşaqlar pəncərədən
çölə dikilən bir cüt gözdür əslində.
Kamran Nəzirlinin bütün hekayələrində ideya qabarıqlığı əsas götürülür. Bütün situasiya, obrazın yaşantısı, düşüncələri, düşdüyü vəziyyət ona xidmət edir. Məsələn, bayaq bəhs etdiyimiz "Ağ kölgə" hekayəsində kosmonavtın ölüm səhnəsinin kiminsə dilindən bu şəkildə verilməsi: "- Çox cavan, yaraşıqlı bir kişiydi…İki uşağı qaldı yetim. Kostya (görünür, ərini nəzərdə tuturdu) Vladimir Mixalıçı yaxşı tanıyırdı...Yalan-gerçək, deyirlər, orbitdən kənara çıxıb...- həyəcandan Nina xalanın tünd-çəhrayı dodaqları titrəməyə başladı. (Doğrusu, mən "orbit" sözünün mənasını bilmirdim, sonradan anam deyirdi ki, orbit göy cisminin hərəkət yoludu, o dairədən çıxmaq olmaz, çıxdınsa, məhv olarsan. Anam fizika müəllimiydi, belə şeyləri yaxşı bilirdi)", - müəllifə "orbit" - dairə məqamını vurğulaması, mətnin nüvəsinə çatmaq üçün gərək olur. Yaxud "Ölən uşağın xatirələri" hekayəsində tez-tez təkrarlanan qan azlığı və valideyn sevgisindən məhrumluq paralel şəkildə qəhrəmanın mühakimələrindən keçir. Hansı yetirir uşağın ölümünü? Hansı səbəb olur bir uşağın həyatını bitirməyə? Hansı daha çox vahimə doğurur uşaq həyatında? Hər ikisi. Çünki hər iki səbəbi əzab kimi yaşayır qəhrəman. Öz içində mühakimə edir atasını. Qan azlığına görə sona çatan uşaq həyatlarına biganə olanları.
Kamran Nəzirli ölümdən sonrakı həyatda
belə personajların dili ilə ölüm, varlıq məqamı
haqqında düşündürməyi bacarır. Laqeydliyə
meydan oxuyur, onu ölümü labüdləşdirən,
insanların sonunu yetirən amil olaraq mənalandırır,
özünüdərketməni, daxili məzmuna sadiqliyi nəsr
əsərlərinin əsas elementinə çevirir. İnsan
onu əhatə edən sevgi və diqqətdən məhrumsa,
bu onun hisslərinə, yaşamına, arzu və xəyallarına
tragizm gətirəcək. Ölümdən daha ağır
tragizm. "Ölən uşağın xatirələri"
hekayəsi də bu qata vurğusu ilə diqqət çəkir.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2018.- 28
aprel.- S.2-3.