Məntiqli ölüm
arzulayan
"Fraqmentlər"
silsiləsindən
Hekayə
Tanışım Vaqifin oğlu da, qızı da liseydə əla oxuyurlar deyə, ataları hər ikisinin təhsil haqqını (ildə on altı min manat) ürəklə ödəyir. Oğlu bu yaxınlarda fizika-riyaziyyat üzrə şəhər olimpiadasında birinci yer tutub, adlayıb respublika mərhələsinə.
- Ay qardaş, respublikada ikinci yox e, lap üçüncü yer tutsun, liseyi qurtaran kimi Londonda oxutduracam. Lazım olsa, bağımı da, maşınımı da satacam, təki orda oxusun. Nə bilmək olar, bəlkə sabah Azərbaycana Nobel gətirdi? Düz demirəm bəlkə?
- Əlbəttə, düz deyirsən, - başımı tərpədirəm.
Səkkizinci sinifdə oxuyan oğlunun Nobel almasını elə arzulayır, həm uşağın özünə və atasına görə, həm də elə ölkəmizə görə bərk istəyirəm ki, tanışımın arzusu ürəyində qalmasın.
- Mənim vəzifəm nədi, ailəmi tam təmin eləmək, ildə bir dəfə onları xaricə gəzməyə aparmaq. Düzdü?
- Düzdü, - başımı tərpədirəm.
İndiyə qədər ailəsini dünyanın beş-altı ölkəsinə aparıb gəzdirib, avqustda isə mütləq Şamaxıdakı villalarında dincəlirlər. Arada villasının həyətində kabab mərasimi şəkillərini feysbukda paylaşır, üstündən on dəqiqə keçməmiş bir də görürsən inboksa yazdı. "Ayə, niyə layk eləmirsən şəkilləri?"
- Yadında saxla, soyuducu boş oldu, ya arvada vaxtında istədiyi paltarı, şubanı almadın, bil ki, arvadın, uşaqların yanında üzün qara olacaq. Başını ağrıtmaq olmasın, mən hələ təzə ailə quranda elə olurdu, evə iki kilo kartof almağa pulum olmurdu. Amma yavaş-yavaş biznesə girişdim, 28 mayda bir toçkam varıydı, beş ay sonra bir mağaza açdım Nərimanov tərəfdə, arada əlim yandı. Sonra yenə yaxşı qazanmağa başladım. Onda iki əlimi göyə açıb dedim, Allah, çox şükür, mənə ruzi göndərdin, həyatda məni bu mərtəbəyə çatdırdın.
"Bu mərtəbə" deyəndə, bir vaxtlar xırda bizneslə məşğul olan tanışım hal-hazırda İspaniyadan Azərbaycana topdansatış mebel vurur.
Arvadından razıdı, deyir, təzə evlənəndə, Allahdan üç şey istəyib, ailəsinin namusu, ruzisi, uşaqların sağlamlığı, bir də, yaxşı təhsil almaqları. "İndiyə qədər arzularımdan üçü də həyata keçir yavaş-yavaş".
Həyat yoldaşı doğrudan, namuslu qadındır. Özü qıraqda gəzsə də, arvadına qarşı çox diqqətcildir, amma dediyinə görə, uşaqları lap çox istəyir. "Sabah arvadı boşasam, gedib başqasını alaram, amma uşaqlarımı kimsə əvəz edə bilməz". Düzü, qayıdıb deməmişdim ki, sən sabah boşanıb təzədən evlənsən, ikincidən də uşağın ola bilər, amma bir müddət sonra görərsən, təzə aldığın birincini əvəz etmir.
- Həyatda hər şey öz nizamıyla, öz məntiqiylə getməlidi, - həvəslə feilin vacib formasına keçir, - yəni ata-ana öz övladlarını böyüdüb başa çatdırandan, oxudandan, nəvə görəndən sonra bu dünyadan sakitcə getməlidilər. Eləcə də mən iki balamı böyüdüb, oxudub, qıza ürəyi istədiyi cehizi verib layiqli bir oğlana ərə verməliyəm. Oğlum istədiyi işi əldə eliyəndən sonra, ona halal süd əmmiş bir qız tapıb evləndirməliyəm. Düz demirəm, qardaş?
- Elədi, qardaş.
- Sonra nəvələrimi görməliyəm, axşam işdən gələndə onlarla oynamalıyam. Allah eləməsin mənim ölümümü atam-anam görə, mən dədəmin, əmilərimin, dayılarımın çiynində gedəm. Ya Allah göstərməsin, - hər iki qulağını tutub "kış-kış" edir, - övlad itkisi başıma gələ.
- Allah eləməsin, o nə sözdü, - sözünü kəsirəm, istəmirəm çox dərinə getsin.
- Demək istədiyim odur ki, həyatın qanunuyla, məntiqiylə atam-anam mənim çiynimdə getməlidi, eləcə də mən qocalıb yetmiş beş yaşa çatanda, oğlumun, qardaşı oğlanlarımın çiynində getməliyəm o dünyaya. Düz demirəm?
Vaqifin həvəslə izah elədiyi məntiqli ölüm konsepsiyasına qulaq asa-asa, məni gic gülmək tutur, amma özümü bir təhər saxlayıram, avazın yaxşı gəlir, oxuduğun Quran olsa məsəlini deyəmmirəm, əminəm ki, desəm, xətrinə dəyər.
- Yox, əlbəttə düz deyirsən. Amma yetmiş beş yox, ən azı doxsan yaş arzulayıram sənə, - artıq gülməyimi saxlayammıram.
- A kişi, sən
elə bilirsən zarafat eliyirəm? Mən bayaqdan ciddi şeylər danışıram,
sən də arsız-arsız hırıldayırsan,
- küsür məndən.
- Yaxşı, sən niyə balaca uşaq kimi küsürsən məndən?
Nə pis bir şey dedim
axı? Gülməyimə fikir vermə,
sənin həyat fəlsəfənə hörmətlə
yanaşıram. Ona görə
də maraqlı söhbətinə davam elə, - yenə əvvəlki ciddi görkəmimə qayıdıram.
Onunla ildə
bir-iki dəfə görüşürəm, hər
dəfə eyni həvəslə arzularını
bölüşür, oğlunun,
qızının liseydəki
uğurlarından danışır. Soruşuram ki,
işdi-şayət, yuxarı
siniflərdə oğlundakı
kimi, qızının
da hansısa fənn üzrə xüsusi istedadı üzə çıxsa, onu tək oxumağa
xarici ölkəyə
göndərərsən? Bu sualı bir neçə dəfə eşidibmiş kimi, o dəqiqə cavab verir:
- Ehh, sən elə
bilirsən, mən onu fikirləşməmişəm?
Mənim planım belədi, oğlan məktəbi qurtarandan sonra gedib bir
il Londonda
oxuyar, oranın qayda-qanununa öyrəşər.
Sonra da qızı göndərərəm
ora, bir yerdə qalarlar, qız həm ev işlərini
görər, həm də dərslərini oxuya-oxuya qardaş nəzarəti altında olar.
Vaqifin həyat eşqi, səliqəli-parlaq arzuları
haqda fikirləşə-fikirləşə
ürəyimdə, belə
pis çıxmasın,
qorxa-qorxa dua edirəm ki, tanışım sağ ikən Allah-Taala ata-anasını səksən-səksən
beş yaşında
o dünyaya göndərsin.
Eləcə də tanışımın
uşaqları sağ-salamat
böyüsün, oğlan
fizika üzrə
Nobel, ya heç olmasa, nüfuzlu beynəlxalq mükafat alsın. Qız da istədiyi
sənətin sahibi olsun, hər ikisini evləndirsin, nəvələri axşamlar
çıxsınlar belinə,
otaqda o baş-bu baş çapsınlar bunu. Nəhayət, Vaqif səksən
beş-doxsan yaşında
gecə yuxudan ayılmadan qəfil vəfat eləsin, aparıb el adətiylə
dəfn eləsinlər
onu. Sanki bu arzularımı onunla bölüşürmüş kimi xəyalən ona sual verirəm:
"Düz demirəm,
qardaş?" - "Əlbəttə, düz deyirsən," - cavab verir.
...Görəsiz, tanışım
necə ora-bura qaçır, çay, halva daşıyan uşaqlara tez-tez iş buyurur: "Bura iki dənə
çay", "Ora
iki halva", "O stola
üç dənə
salat". Atasının
üçündəyəm, əldən-ayaqdan gedir ki, gələnlər məclisdən razı getsinlər, hüzrü elə həvəslə, şövqlə idarə edir, az
qalırsan yas tamadası deyəsən buna. Plovu, çayı məktəbdə
oxuyan qardaşı oğlanları gətirib masaya düzürlər, oxumaqla araları yoxdu deyə, əmiləri bu işi onlara tapşırıb.
Öz oğlu
isə bayaqdan oturub elə bil kimisə gözləyir. Bir azdan məlum olur ki, doğrudan
da atalı-balalı səbirsizliklə BDU-nun fizika-riyaziyyat
fakültəsində dərs
deyən Sahib müəllimi gözləyirlərmiş.
Vaqif əsas qonağı oğluyla üzbəüz
otuzdurur.
- Atanın neçə yaşı varıydı?
- Sahib müəllim başsağlığı verəndən
sonra gözlərini qıyıb soruşur.
- Yetmiş yeddi. Üçcə il
də yaşasaydı,
- tanışım təəssüf
hissiylə başını
bulayır.
"Bəs deyirdin yaşamaqçün yetmiş
beş bəsdi?"
- fikirləşirəm.
- Hə, neynəmək olar, Allahın işidi, - Sahib müəllim
təsəllifason deyir.
- Elədi, - "Nədən
rəhmətə getdi?"
sualını verməyə
imkan vermədən, üzündən səbirsizlik
yağan tanışım
tez keçir əsas məsələyə,
- Bu, mənim oğlum
Anardı. Keçən
həftə toyda sənə danışmışdım,
bu il
respublika olimpiadasında...
Oğlunun uğurlarından danışır,
sonra BDU-nun müəllimi
başlayır suallar verməyə, Anar cavab verdikcə, atası məmnunluqla başını tərpədir. Tanışım
soruşur, mən bunu Oksfordda oxutdursam yaxşıdı,
yoxsa Harvardda, Sahib müəllim cavab verir ki, hələ
tələsmə, qoy
uşaq liseyi qurtarsın, sonra ətraflı danışarıq.
"Bir də,
dediyin universitetlərdə
təhsil haqqı çox bahadı, qoy bakalavrı Almaniya, ya Fransanın
universitetlərinin birində
oxusun, magistratura sonranın işidi," -
əlavə edir.
- Əmisi, Anar gərək uzağı iyirmi ilə Nobel ala, - atasının gözləri
parıldayır.
Sahib müəllim onun qolundan tutub
gülə-gülə deyir:
- A kişi, hara
tələsirsən? Anar
hələ Oksfordun magistraturasını bitirməlidi,
dalınca doktorluğu
müdafiə eləməlidi,
Nobeldən qabaq xeyli mükafat var, onları almalıdı...
Anarın gələcəyini elə
həvəslə müzakirə
edirlər, molla daxil, həmin masa arxasında oturanların çoxu onlara diqqət kəsilir, arada "Halaldı", "Maşallah"
sözləri eşidilir.
Ehh, həyatda bütün ölümlər bu cür məntiqli olsaydı, nə varıydı ki...
19 oktyabr, 2014-22 sentyabr, 2015
15-25 aprel, 2018 (əlavələrlə)
Bakı
Alpay AZƏR
Ədəbiyyat qəzeti.- 2018.- 28
aprel.- S.5.