Muhsin Kadıoğlunun "Kızılelma"

kitabında türkün Qızıl Alma idealı

 

Şərq tarixi və mədəniyyətinin, eləcə də, türk kültürünün araşdırmaçısı görkəmli şərqşünas Hammer Purqştal (1774-1856) öz dərin tədqiqatlarının nəticəsi olaraq "Tarix türklərdən çox şey öyrəndi" qənaətinə gəlmişdi. Türklərin tarixə miras qoyduqları milli-mənəvi ideallardan biri də Qızıl Alma ilə bağlıdır. Qədim mifoloji, dini, tarixi-siyasi xüsusiyyətləri ilə müəyyənləşən, türk tarixinin önəmli mərhələlərində daha çox ön plana çıxan Qızıl Alma idealı günümüzdə də Türkiyədə müxtəlif məqalə, müsahibə və xəbərlərin mövzusuna çevrilməyə başlamışdır. Yazar, tədqiqatçı alim və türkçü ideoloq Muhsin Kadıoğlunun yeni nəşr olunmuş "Kızılelma" (2018) - "Qızıl Alma" kitabı isə bu sahədə olan mübahisəli fikirlərin, bəzən tarixi hadisələrdən xəbərsiz irəli sürülmüş yalnış mülahizələrin cavabı olaraq mövzuya aydınlıq gətirdi, Qızılalma idealını anlamaq üçün əsaslı istinad mənbəyinə çevrildi.

"Türk ordusunun 2018-ci ildə SuriyadaKı terror təşkilatlarını zərərsizləşdirmək üçün başladığı Zeytun Dalı hərəkatında qəzet müxbirlərinin "İstiqamət haradır?" sualına "Qızıl Alma" deyə cavab verən 26 yaşındakı çavuş Mehmet Kuzu Qızıl Almanın Türkiyə gündəminə daxil olmasına səbəb oldu" deyərək türklərin milli-mənəvi idealının zamanımız üçün aktuallaşmasının səbəblərini göstərən yazarın qısa bir zaman çərçivəsində meydana çıxan əsərini təsadüfü hesab etmək olmaz. Muhsin Kadıoğlu türk ideallarına sadiq olan, dünyanın çox müxtəlif ölkələrində türk, eləcə də islam izlərini araşdıran və çoxsaylı məqalə və kitabları ilə hətta unudulmuş, diqqətdən kənarda qalmış məsələləri meydana çıxaran yazarlardandır. Qızıl Alma idealı da yazarın müxtəlif əsərlərində öz əksini tapmışdır. Qızıl Alma idealını zamanın şərtləri və tələbləri çərçivəsində dərk edən yazar öz kitabında bunu aydın şəkildə ifadə edir: "Zaman dəyişmişdir. İnsanların hər baxımdan inkişaf etdiyi bir dövrdə yaşayırıq. Bu səbəbdən yenidən Qızıl Almadan söz edərkən dini müharibələri çağı və ya Fatehlər dövrü fəlsəfəsi ilə düşünə, davrana bilmərik. O halda islamı yaymaq və millətimizi güclü etmək, məzlumlara qol-qanad vermək hədəfini ifadə edəcək şəkildə Qızıl Almaya müasir bir anlam yükləmək və müasir dövrün Qızıl Alma düşüncəsini ortaya qoymaq aydınların vəzifəsidir". Əslində, müasir çağımızda Qızıl Alma idealının ən mühüm tərəflərindən biri tarixin müxtəlif dönəmlərində dünyaya yayılmış türk izlərini aşkar etmək, dünya mədəniyyətinə türklərin verdiyi töhfələri meydana çıxarmaqdır. Muhsin Kadıoğlunun fəaliyyəti müasir çağımızda buna ən mühüm örnəklərdəndir. Yazar bu kitabı ilə də müasir dövrün Qızıl Alma düşüncəsini  ortaya qoymuşdur.

Muhsin Kadıoğlunun kitabında Qızıl Alma idealı müxtəlif aspektlərdən araşdırılır, Qızıl Almanın mifoloji, dini, milli, çoğrafi, tarixi, siyasi, dövlətçilik, ədəbi özəllikləri meydana çıxarılır, türk, Şərq və Qərb mənbələrinə istinad olunaraq bu idealın türk və islam dünyasında, Qərb və xristian dünyasında çeşidli xüsusiyyətləri, fərqli səciyyələri və ortaq tərəfləri şərh olunur. Kitabın əhəmiyyəti də bu məqamda ortaya çıxaraq, Qızıl Alma idealını bütün tərəfləri ilə dəyərləndirmək yolu ilə aydın şəkildə dərk etmək imkanı yaradır. Yazarın "Qızıl Alma idealı da milli ideallarımızı unutduraraq və ya içini boşaldaraq yox etməyə çalışılan dəyərlərimizdən biridir" sözlərindən də bəlli olduğu kimi türk düşüncəsində mühüm əhəmiyyətə malik olan Qızıl Alma idealının nə demək olduğunu anlamağa ehtiyacımız var.

Muhsin Kadıoğlu Qızıl Alma idealının türk millətinin mifoloji qatlarına qədər getdiyini əsaslandırmaqla onun ön plana çıxmasının əsas mərhələlərini də göstərir. Yazar, ilk növbədə, bu idealın mahiyyətini açıqlayır: "Türk milliyətçiliyinin önəmli simvollarından biri olan Qızıl Alma obrazı türk dövlətləri üçün bir hədəfi və məqsədi təmsil edir. Yetişməsi gərək olan bir yer, fəth edilməsi lazım bir diyar kimi bəzən dövlət qurmaq idealını, bəzən cahan hakimiyyətini, bəzən də türk birliyi idealını ifadə etmişdir". Çağımıza qədərki Qızıl Alma idealını bu şəkildə dəyərləndirən M.Kadıoğlu ilk mərhələdə Qızıl Almanın mifoloji qatda, ədəbiyyat nümunələrində ifadə olunduğunu göstərərək onun daha çox mücərrəd ideal şəklində səciyyələndirildiyini ifadə edir. Yəni simvol olaraq milli-mənəvi abidələrdə öz əksini tapan Qızıl Alma idealı tarixi-coğrafi məkan kimi türk dövlətçiliyinin inkişafı nəticəsində cahan hakimiyyəti fikrinin əsasında dayanmış və onu doğurmuşdur. Buradan da M.Kadıoğlu türk mədəniyyəti və tarixindəki Qızıl Alma idealının islam düşüncəsi ilə birləşərək milli-dini səciyyə daşıdığını əsaslandırır. Yazar Qızıl Almadan bəhs edən ilk qaynaqlar arasında təqdim etdiyi, 1473-cü ilə aid "Saltıknamə"yə istinad edərək Qızıl Almanı belə şərh edir: "Qızıl Alma Osmanlı dönəmində Sultan Murad Xudavəndigarın İzniki fəthi sonrasında gördüyü röya ilə gündəmə gəlmişdir. Sultan Murad Xudavəndigarın Hz. Məhəmmədi röyasında görməsi və Hz. Məhəmmədin "Qızıl Almanı sizin nəsliniz fəth edəcək, aləm sizə boyun əyəcək" şəklindəki müjdəsi ilə xristianlara aid böyük şəhərlərin ələ keçirilməsi milli olduğu qədər dini bir hədəf halına gəlmişdir. Beləliklə, Türk Cahan hakimiyyəti məfkurəsi İslamın cahana yayılması idealı ilə qovuşmuşdur". Yazara görə, Qızıl Almanın birinci mənası "qızıl top"dur, bu anlamda əldə ediləcək böyük bir qəniməti bildirir. Muhsin Kadıoğlu həm Qızıl Alma sözünün işləndiyi ən qədim mətnlərdən biri olan "Saltıknamə"də, həm də Evliya Çələbinin "Səyahətnamə"sində sözügedən türk idealının bu şəkildə yer aldığını qeyd edir.  Yazar belə bir fikri ifadə edir ki, "Saltıknamə"də danışılan röya ilə Qızıl Alma "qənimət" ölçüsündən çıxmış, islam bayrağının üzərinə sancılması gərəkən ən böyük xristian kilsəsi olaraq ortaya qoyulmuşdur". Bu baxımdan da yazarın XVII əsrdə yaşamış məşhur türk səyyahı Evliya Çələbinin "Səyahətnamə"sinə istinadına görə,  altı Qızıl Alma hədəfinin hər biri Qərb ölkələrindəki kilsələrdən ibarətdir. Evliya Çələbi də bu Qızıl Alma hədəflərinin Əndəlusun məşhur alimi Mühyiddin İbn əl-Ərəbi  tərəfindən göstərildiyini qeyd etmişdir.

Burada M.Kadıoğlu çox mühüm bir məqama diqqəti çəkir. Tarixdən məlumdur ki, ərəb cəmiyyətində meydana gələn islam dininin haqq dini kimi dünyada yayılmasında türklərin əvəzedilməz rolu olmuşdur. İslama qədər çox zəngin milli-mənəvi ənənələrə, dövlətçilk tarixi və mədəniyyətə malik türklər islamın yüksəlməsində həlledici işlər görmüşlər. M.Kadıoğlu da bu tarixi gerçəkliyi xatırladır: "İslamın dünya dini olması üçün aparılan mübarizədə başlanğıc mərhələdə ərəblər əsas rol oynamışlar. Lakin islamın yayılmasında ərəb millətinin enerjisi, sadəcə, 400 il yetərli oldu. 1000 ilinə gəldiyində islamın yayılmasında əsas rolu türklər oynamağa başladılar. Qaraxanilər, Altınordu, Babur, Memluk və Osmanlı kimi türk imperatorluqları min il boyunca islamın ucalması üçün mücadilə etdilər və çox uğurlar qazandılar. Diqqət edilərsə, ərəblərin bir zamanlar islamı yaydığı bölgələrdə islamın yalnız adı qalmışdır. Halbuki türklərin islamı yaydığı ərazilərdə başda Albaniya və Bosniya olmaqla islam hələ də qəlbdən qəbul olunan bir dindir. Bu məqamı gözdən qaçırsaq, Qızıl Alma idealının əsas hədəfini görə bilmərik".

Beləliklə, "Qızıl Alma həm dini, həm də milli bir ideal olaraq fatehlərin irəli aparan gücü olmuşdur" deyən Kadıoğlu XVI əsri Qızıl Alma idealının ikinci, yeni və daha fəal bir mərhələsi kimi dəyərləndirir: "Sultan Süleyman dövründə Qızıl Alma fikrinin canlandığı məlum olur. Osmanlı imperiyası "Cahan dövləti" olduğu inancını mühafizə etdiyi dövrlərdə Qızıl Alma fikri canlı olmuşdur. 1684-cü ildə öldüyü güman edilən Evliya Çələbinin tez-tez ələ keçirilməyən Qızıl Almaları xatırlatması, müasiri olan Peçuylu İbrahim Əfəndinin də Qızıl Almadan söz etməsi, Osmanlı aydınları arasında Qızıl Alma fəlsəfəsinin canlı bir şəkildə var olduğunu göstərir". Yazar qeyd edir ki, Qızıl Alma idealı Osmanlı İmperiyasının qurulmasından 50 il öncə vəfat edən Mühyiddin İbn əl-Ərəbi  tərəfindən dilə gətirilmiş, o Osmanlı İmperiyası dönəmində ələ keçirilməyən Qızıl Almaların ələ keçiriləcəyi müjdəsini vermişdir. Evliya Çələbiyə əsaslanan Kadıoğlu onun fikirlərinə istinad edir: "Budin, Egre Esterqom, İstolni-Belqrad kimi dörd Qızıl Alma qalaları Osmanoğlunun əlindədir. İnşallah, yaxında daha ikisinin də Osmanoğlu əlinə keçirəcəyinə Şeyx Həzrəti  Mühyiddin İbn əl-Ərəbi  işarət etmişdir".

Qızıl Alma idealının tarixi köklərini araşdırarkın qırmızı rəngin türk və dünya mədəniyyətindəki simvollarının, qədim mifoloji mətnlərin, dastan və tarixi qaynaqların, XVI əsrə aid bir sıra mənbələrdə, eləcə də bədii ədəbiyyatda Qızıl Alma idealını ifadə edən örnəklərin kitabda təhlilə cəlb olunması M.Kadıoğlunun məsələyə çox geniş çərçivədə yanaşmasından irəli gəlməkdədir. Onu da qeyd edək ki, hələ XII əsrdə böyük Nizami Gəncəvi İsgəndər obrazı ilə cahan hakimiyyəti ideyasını obrazlaşdırarkən Qızıl Alma idealına diqqət yetirmişdir:

 

Məndən - İskəndərdən bu namə getsin,

Dörd yox, bircə olan anama yetsin

Anacan, qətrəyə döndüsə çeşmə,

Su qabı suda da sınar, qəm çəkmə!

Ağacdan düşdüsə bir qızıl alma,

Narınctək rövnəqdən düşüb saralma!

 

Qızıl Alma idealının üçüncü mərhələsi olaraq M.Kadıoğlu XX əsrin əvvəllərində, milli məfkürə tariximizin mühüm bir dönəmində bu idealın türk birliyi ideyası kimi meydana çıxdığını göstərmişdir: "Son yüzildə Ziya Gökalp və Ömər Seyfəttin tərəfindən yenidən gündəmə gələn, daha sonrakı illərdə milliyyətçi qruplar tərəfindən sahiblənən Qızıl Alma idealı türklərin "milli ideal" halına gətirdiyi bir islam idealıdır. Yazara görə, Ziya Gökalp, bu obrazı Turan İdealı ilə birləşdirərək ona yeni bir anlam qazandırmışdır. Ziya Gökalp 1914-cü ildə dərc etdirdiyi "Qızıl Alma" adlı mənzum əsəri ilə bu fikri yenidən gündəmə gətirdi. Ziya Gökalp üçün Qızıl Alma məkana bağlı olmayan bir fikirdir. Bunun əksinə olaraq Ziya Gökalpın müasiri olan digər milliyyətçi yazarlar Qızıl Alma"nı "Turan Coğrafiyası" kimi görmüşlər".

XX əsr boyu və son günlərimizə qədər Aka Gündüz, Ömer Seyfettin, Nihal Atsız, Niyazi Yıldırım Gençosmanoğlu, Dilaver Cebeci, Ragıp Şevki Yeşim kimi şair və yazarlarla yanaşı, Muhsin Kadıoğlu da Qızıl Alma idealını dəfələrlə öz əsərlərinin mövzusuna çevirmişdir. Müasir dövrümüzü isə Muhsin Kadıoğlu Qızıl Alma idealının yeni mərhələsi kimi dəyərləndirir. Bu mərhələnin ilk sanballı və genişhəcmli əsəri də elə yazarın öz kitabıdır.

Ənənəvi olaraq Qızıl Alma idealının ilk mənbəyi kimi "Ergenekon" dastanı göstərilmişdir. M.Kadıoğlu bu fikirlə razılaşdığını ifadə etməklə yanaşı, bu idealın mənbəyinin daha əvvəlki dövrlərə gedə biləcəyini də istisna etmir: "Ergenekon" dastanında "Ergenekon"dan çıxmaq və itirilmiş olan əski yurdu təkrar ələ keçirmək" fikrinin ilk Qızıl Alma idealı şəklində şərh etmək doğru olsa da, bu hadisədən əvvəl Qızıl Alma fikrinin olmadığını düşünmək yalnışdır. "Tanrı Göy ilə Yeri yaradanda ikisinin arasında Türkləri yaratdı" şəklində ümumiləşdirilə bilən qədim türk fəlsəfəsi Qızıl Alma idealının Osman Turanın ifadəsiylə "Türk Cahan hakimiyyəti" məfkurəsi olduğunu göstərməkdədir. Bu da bizə Qızıl Alma idealının tamamilə milli bir fəlsəfə olduğunu isbatlamaqdadır". Düşmənin hiyləsinə hədəf olan türklərin Ergenekon düzənliyində yenidən törəyib təkrar öz torpaqlarına dönmə əzmini və düşmənlə mübarizəsini ifadə edən dastanın Qızıl Alma idealının təməlində dayanması təsadüfi deyildir. XVI əsrdən yeni bir vüsət alan Qızıl Alma Cahan hakimiyyəti idealının istiqamət hədəfləri də Avropa ölkələri idi. Burada "əski yurda təkrar dönmək" fikirləri də Qızılalma idealının köklərini daha qədim zamanlarda tapa bilmək ehtimalını artırmaqdadır.

Muhsin Kadıoğlu Qızıl Almanı Qərb və türk mənbələrində araşdırmış, çox önəmli faktları ortaya çıxarmış, bu idealın ilkin qaynaqlarını müxtəlif tədqiqatçıların nəticələrinə əsaslanaraq belə ifadə etmişdir: "Şərqi Anadolu ilə Azərbaycan türkləri arasındakı geniş yayılmış inanca görə, Dağıstanın şimalındakı əski Xəzər türklərinin paytaxtında 920-ci ildə İbn Fadlanın da görüb təsvir etdiyi xaqanın ipək otağının təpəsindəki "Altın Top"un olduğu yer Qazqazın cənubunda və Ön Asiyadakı türklərin fəth ölkəsi olaraq Qızıl Alma (Qızıl top) adı ilə simvollaşdırılmışdır".

Muhsin Kadıoğlu Qızıl Alma idealının hədəf etdiyi altı Qızıl Almanı - Roma, Viyana, Budin, Esterqom, İstolni-Belqrad, Egre Qızıl Almasını ayrı-ayrı bölümlərdə şərh etmiş, onların tarixi, coğrafi, dini, mədəni və eyni zamanda, strateji əhəmiyyətini göstərmişdir. Evliya Çələbinin "Səyahətnamə"sində təqdim edilən fakt və örnəkləri əsas alan yazar hər bir Qızıl Alma hədəfinin seçilməsi səbəbini aydın şəkildə izah etmişdir.

Muhsin Kadıoğluya görə, Qızıl Alma bir utopiya deyil, konkret hədəflər siyahısıdır. Bu hədəflərdən birinə yetişdikdən sonra digər hədəfə yönəlirik. Lakin hər bir dövr türk Qızıl Almasını öz şərtləri və reallıqları çərçivəsində dəyərləndirməyi və istiqamətləndirməyi tələb edir.

 

Bəsirə ƏZİZƏLİ

 

Ədəbiyyat qəzeti.- 2018.- 28 aprel.- S.4-5.