Zərifə Əliyeva – qaranlığa nur saçan zəka

 

Dünən M.F.Axunzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi münasibətilə “Zərifə Əliyeva – qaranlığa nur saçan zəka” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərginin açılışından əvvəl Milli Kitabxananın direktoru Kərim Tahirov görkəmli alim, dünya oftalmologiya elminin tanınmış simalarından olmuş Zərifə Əliyevanın həyat yolundan söz açıb. Böyük alimin dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəldiyini, seçilmiş insanlardan olduğunu söyləyən natiq onun Azərbaycanda oftalmologiya elminin inkişafındakı xidmətlərindən bəhs edib.

Azərbaycanda göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmış, yüksəkixtisaslı kadrların hazırlanmasına böyük əmək sərf etmiş görkəmli alimin işıqlı obrazının, parlaq xatirəsinin daim anılacağı vurğulanıb.

Kərim Tahirov tibb elminin inkişafına böyük töhfələr verən akademiklərimizdən olan Zərifə xanımın yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür-gün yoldaşı, gözəl ana kimi əbədiləşdiyini, həyat və fəaliyyətinin müasir gənclər üçünbir örnək olduğunu söyləyib.

Direktor Milli Kitabxananın əməkdaşları tərəfindən alimin yubileyi münasibətilə fundamental biblioqrafik vəsait və elektron məlumat bazasının hazırlandığını və yaxın günlərdə təqdimatının keçiriləcəyini qeyd edib.

Direktor müavini Ədibə İsmayılova və şöbə müdiri Aygün Hacıyeva nüfuz qazanmış dövlət xadiminin ailəsində dünyaya göz açmış, zəngin mənəvi mühitdə tərbiyə almış, fəal ictimai xadim, fitri istedada malik olan novator alimin zəngin elmi irsi, tibbipedaqoji fəaliyyəti, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, bu sahədə qazandığı nailiyyətlər haqqında çıxış ediblər.

Sonda tədbir iştirakçıları Milli Kitabxana tərəfindən təşkil olunmuş “Zərifə Əliyeva – qaranlığa nur saçan zəka” adlı alimin Azərbaycan və xarici dillərdə olan əsərləri, haqqında yazılmış kitab və fotoşəkillərdən ibarət geniş sərgi ilə tanış olublar.

 

Ədəbiyyat qəzeti.- 2018.- 28 aprel.- S.7.