Ağlıma da gəlməzdi ki, divarın o tərəfi

Anna Axmatovanın gizləndiyi otaqdı...

 

 Daş pilləkənləri qalxdıqca ayaq səslərim geniş mərtəbələrdə əks-səda verirdi. İkinci mərtəbədə dayanıb dincimi alanda ətrafa boylandım. Özümü bir anlıq Oktay Mirqasımovun filmlərində hiss etdim. Qapıya yaxınlaşıb zəngi basanda müsahibim gülərüzlə qapını açıb məni evə dəvət etdi. Geniş, işıqlı otaqdakı masanın arxasında rejissor Oktay Mirqasımov əyləşib çay içirdi. Əynində rus kaftanlarını xatırladan yaxalıqlı köynəyi, gözündəki eynəyi və ağarmış saç-saqqalı ilə Tolstoyu xatırladırdı...

Otağa girən kimi ürəyimdən keçənləri dedim:

- Pilləkənləri qalxarkən özümü sizin filmlərinizdə hiss etdim.

- Maraqlıdır, hansı filmdə?

- "Günaydın, mələyim".

- Deməli, siz mənim filmlərimi izləyirsiniz...

Biz Oktay müəllimlə ayaqüstü söhbətləşərkən Ayan xanım da bir kənarda dayanıb məni müşahidə edirdi. Aktrisadır axı. Bütün ömrü müşahidələr, sınaqlar, yaşantılar içərisində keçib.

Onunla söhbət etməyi çoxdan arzuladığım üçün vaxt itirmədən başladıq.

Beləliklə, bugünkü "Dördüncü divar" layihəsinin qonağı Rus Dram Teatrının aktrisası, xalq artisti, həddindən artıq nəzakətli insan Ayan Mirqasımovadır. (Samirə Əşrəf)

 

- Bizdə teatrın, kinonun vəziyyətindən danışarkən sizə elə gəlmir ki, həm də dünya kinosunun, teatrlarının vəziyyətinə nəzər yetirib, sonra danışmaq lazımdır?

- Nə vaxtsa deyirdilər ki, teatr öləcək. Ancaq teatr ölmədi. Teatr necə var, eləcə də öz əvvəlki yerində, incəsənətin bir sahəsi olaraq qaldı. Teatrda müəyyən tənəzzül gedə bilər, müxtəlif dəyişikliklərə məruz qalar, yeni maraqlı istiqamətlər yaranar. Teatr həmçinin, Stanislavski sistemindən uzaqlaşıb yenidən həmin sistemə qayıdar. Və yaxud da Meyerhold sisteminə, Çexov teatrına keçid edər, Brext teatrına məxsus olan səhnə sistemlərini xatırlada bilər. Dünyada yaranan yeni dramaturgiyadan, dramaturqlardan təsirlənə bilər. Lakin teatr heç zaman ölə bilməz. Əlbəttə ki, teatr olduğu yerdə qalmır, hər zaman dəyişir.

Bu gün mən Rus Dram Teatrında işləyirəm. Bizim teatr çox maraqlı, sintetik teatrdı. Orda müxtəlif janrda tamaşalar səhnələşdirilir, fərqli rejissorlar dəvət olunur, müxtəlif eksperimentlər həyata keçirilir. Mən görürəm ki, teatr olduğu yerdə qalmır, daim inkişaf edir.

- Teatr həm də canlı sənətdir axı...

- Bəli. Teatr canlı və daim hərəkət tələb edən sənət sahəsidir. Hətta bir zamanlar kinonun da öləcəyini, televiziyaya məğlub olacağını deyirdilər. Ancaq görürsünüz ki, bu mümkün deyil. Biz gözləyirik, inanırıq ki, bir çıxış yolu olacaq. Yeni bir dalğa yaranacaq. Dünya kinematoqrafiyasında İtaliyada "neorelizm" cərəyanının, Fransada isə "yeni dalğa" cərəyanının yaranması Alen Rene, Fransua Trüffo, Jan Lyuk Qodar kimi şəxsiyyətləri yaratdı. Onların hamısı qeyd etdiyim cərəyanlar nəticəsində meydana çıxdılar. Sonra isə yenidən bir sakitlik yarandı.

Mənim ən çox sevdiyim film də elə "Yeni dalğa" cərəyanı nəticəsində ekrana çıxan Fransua Trüffonun "400 zərbə" filmidir.  İlk dəfə həmin filmə Moskvada universitetdə oxuyarkən baxmışdım. O qədər təsirlənmişdim ki, dörd gün özümə gələ bilməmişdim. Bu günə qədər bu film məni maraqlandırır, düşündürür. Çalışıram ki, tələbələrim də bu cür filmləri izləsinlər.

- "Özgə vaxt" filmini filmoqrafiyanızdakı ən çətin filmlərdən biri hesab etmək olar. Necə oldu ki, həmin filmə çəkildiniz, özü də Ələddin Abbasov kimi bir aktyorla?

- Mənim üçün çox böyük fəxrdi ki, Ələddin Abbasov kimi böyük sənətkarla, kinomuzun əfsanəsi ilə bir çəkiliş meydançasında olmuşam, filmə çəkilmişəm. Onunla işləmək mənim üçün böyük məktəb idi. "Özgə vaxt" filminin mövzusu çətin, fərqli və fəlsəfi idi. Hər tamaşaçı bu filmi başa düşə bilməz. Filmdə müxtəlif simvollar, fəlsəfi fikirlərlə yanaşı, qəhrəmanlar da asan anlaşılan qəhrəmanlar deyillər. Ata xəstədir, qızı isə onu əlillər evinə qoymağa razı olmur. Atasına özü baxır, övlad kimi borcunu yerinə yetirir. Ancaq digər tərəfdən o, öz həyatını, öz vaxtını yaşaya bilmir. Atasının ölümündən sonra isə onun yerində əyləşir, onun kimi göyərçinləri yemləyir və s.

- Ayan xanım, filmin çəkilişləri necə keçirdi, hansı pərdəarxası çətinlikləriniz olurdu?

- Ələddin müəllim sənətinə, peşəsinə sadiq, fədakar insan idi. İnanın ki, çəkiliş vaxtı mən Ələddin müəllimdən bircə dəfə də olsun ərköyün hərəkət görmədim. O, çəkilişlərə görə Gəncədən bura gəlib qızının evində qalırdı. Ev kinostudiyaya yaxın olsa da, o, artıq xeyli yaşlanmışdı. Ələddin müəllim üçün nəzərdə tutulan qrim çox çətin və mürəkkəb qrim idi. Obraza uyğun olaraq, onun bir qaşının üzərindən və çənə tərəfdən plastrla dartılıb qrimlənirdi. O cür ağır qrimdə Ələddin müəllim səhərdən-axşama qədər çəkilişdə iştirak edirdi və inanın ki, bir dəfə də olsun yorğunluqdan, əziyyətdən şikayət etmirdi. Boş olanda isə əyləşib quşlara dən səpir, onlarla əylənir, "mator" deyilən kimi isə yenidən tam formada roluna hazır olurdu. Sözləri də, nə edəcəyini də həmişə əzbər bilirdi. Yəni sözün əsl mənasında peşəkar aktyor idi.

- Aktyorlarla münasibəti necə idi?

- O, çox sadə insan, gözəl dost, müsbət adam idi. Hamı onu çox sevirdi və ona həsəd aparırdı ki, o yaşda elə mürəkkəb rola çəkilməyi bacarır. Çünki filmin çəkilişinin bir hissəsi qış fəslinə düşmüşdü. Pavilyon da soyuq olurdu. Quşları da aparıb-gətirmirdilər, həmişə orda qalırdı. Ona görə də quşlar məkana öyrəşmişdilər. Amma çəkiliş qrupu işi tez vaxtda başa çatdırmağa nail olmuşdu.

- Film nə qədər vaxta çəkildi?

- Çəkilişlər bir ay təbii məkanda, təxminən üç ay yarım isə pavilyonda davam etdi. Ümumi olaraq dörd ay yarım çəkdi. Amma hazırlıq dövrü çox ciddi idi. Məsələn, mənim həmin rola təsdiq olunmağım üçün üç kino-sınaq keçirilmişdi. Çəkilişlər başlayana qədər mən bilmirdim ki, filmə çəkiləcəm, ya yox. Bundan başqa ev pavilyonda tikilmişdi. Və o zaman indiki kimi hər şeyi kompüterlə həll etmək imkanı yox idi. Filmdə yaradılan hər şey əl işi idi. Çünki orda bəzi fantastik səhnələr vardı. Misal üçün, filmin təxminən 43-cü dəqiqəsində belə bir səhnə var ki, mən gedirəm və qapıya çata bilmirəm. Onda mən həqiqətən də döşəmənin altına yeridilmiş təkərlər üzərindəki araba ilə hərəkət edirdim.

- Ayan xanım, yəqin siz də razılaşarsınız ki, bizdə qadın dramlarından bəhs edən filmlər çəkilməyib...

- Mən bilmirəm bu nə il bağlıdır. Amma bir az keçmişə dönüb, müşahidə etsək, görərik ki, o dövrdə qadın rolları qabarıq olan "Telefonçu qız", "Ötən ilin son gecəsi", "Qayınana" kimi filmlərimiz olub.

Ümumiyyətlə, bizim çox gözəl aktrisalarımız və böyük aktyor məktəbimiz var. Bunu atam (Oktay Mirqasımov - S.Ə.) da həmişə deyib, mən özüm də görmüşəm. Mənim ən sevimli aktrisam Şəfiqə Məmmədovadır. Onun filmlərinə baxanda həmişə Şəfiqə xanımın təbiiliyinə, obrazın yaşantılarını çatdıra bilmək peşəkarlığına heyran olmuşam. Bundan başqa Şükufə Yusupova, Həmidə Ömərova, Leyla Şıxlinskaya da mənim sevimli aktrisamdır. Şükufə xanımla Gülbəniz Əzimzadənin "Avqust gələndə" filmində işləmişəm. Həmidə xanım isə Oktay müəllimin üç filmində çəkilib və Oktay müəllim də Həmidə xanımı bir aktrisa kimi çox bəyənir. Keçmişə boylananda isə Hökümə Qurbanova, Nəcibə Məlikova, Barat Şəkinskaya, Leyla Bədirbəyli və Nəsibə Zeynalova kimi gözəl aktrisalarımız olub.

Bizim filmlərimizin mərkəzində isə nədənsə həmişə kişi obrazı olur. Mən bu barədə şikayət edə bilmərəm. Hətta bu barədə özümü bəxti gətirmiş aktrisa hesab edirəm.  Çünki "Özgə vaxt", "Günaydın mələyim" kimi filmlərdə baş rollarım var.

- Atanızın filmlərinə çəkilərkən hər hansısa qorxu və ya kompleks hissi yaşamısınız?

- "Günaydın, mələyim" filmindən əvvəl mən atamla "Ovsunçu" filmində işləmişəm. Ordakı rolum baş rol deyil. Həmin filmə çəkilən zaman özünə inamsızlıq hissi yaşayırdım. Çünki ilk dəfə idi ki, atamın filminə çəkilirdim. Bilmirdim çəkiliş vaxtı onunla ünsiyyətim necə alınacaq. Amma birinci gündən biz ata və qız fikrindən uzaqlaşdıq. Bundan sonra heç bir qorxu, həyəcan, kompleks yaşamadım. Onun çəkilişdəki davranışı sözün yaxşı mənasında məni təəccübləndirirdi.

- Bu həm də peşəkarlıqdır...

- Bəli. Bu peşəkarlıq Oktay müəllimdən gəlir. O, işlədiyi aktyorların hamısına öz övladı kimi yanaşır. Çəkiliş zamanı bir ailə ab-havası yaradır. Və mənə elə gəlir ki, atam iş prosesində böyük, peşəkar aktyorlarla işləyəndə onlarla elə rabitə qurur ki, onun filmində rolu pis ifa etmək mümkünsüz olur. Oktay müəllim bir rejissor kimi ona lazım olan nəticəni aktyordan almağı bacarır. Ümumiyyətlə, onunla işləmək maraqlıdır. "Ovsunçu" filmindən sonra isə atamın "Günaydın, mələyim" filminə çəkildim. Artıq orda tam rahat idim. Və sizə deyim ki, istər tamaşaçı, istərsə də aktrisa kimi yeganə filmdir ki, öz ifamdan tam razıyam. Ola bilər ki, bu təvazökarlıqdan uzaq səslənsin, amma elə filmlər var ki, mən orda öz rolumu sözün əsl mənasında yaşamışam.

- Ayan xanım, atanızın rejissor olması sənətdə sizə hansısa köməkliklər edib? Və ya aktrisa kimi sizin də istər kinoda, istərsə də teatrda çətinlikləriniz olub?

- Bilirsinizmi, mən Stanislavski məktəbini çox bəyənirəm. Əgər nə isə qazanmışamsa da, bu məktəbə borcluyam. Sənətdə də həmişə Stanislavski texnikası ilə hərəkət etmişəm. Bir sözlə bu məktəb mənim üçün divar olub. Stanislavski məktəbinin bir neçə əsas prinsipi var. Bunlar haqqında danışmayacam. Amma birini demək istərdim. Başqalaşma... Yəni mən səhnədə, kinoda özümü yox, başqa bir adamın obrazını yaradıb təqdim edirəm.

Mən sizə "Günaydın, mələyim" filmi ilə bağlı bir sirr açım. Filmin ssenarisini Oktay müəllim çoxdan yazmışdı. Amma nədənsə bu mövzu üzərində işləmək istəmirdi. Və filmdəki baş qəhrəman aktrisa yox, müəllimə idi. Mövzu eyni idi, amma qadının peşəsi başqa idi. Filmin əsas ideyası bundan ibarət idi ki, qadın ərini itirsə də, ona qarşı sadiq olur, onun məhəbbətinə xəyanət etmir və qarşılaşdığı çətinliklərə davam gətirməyi bacarır. Bu ibrətamiz pritçada rejissor fəlsəfi fikirlərini, əxlaq prinsiplərini çox ifadəli şəkildə çatdırmağı bacarıb. Bu filmdə atamın özü, onun əqidəsi, həyatı və şəxsiyyəti var.  Sonradan isə atam həmin obrazın peşəsini aktrisa kimi təqdim etdi. Bunun mənim aktrisalığımla əlaqəsi yox idi. Sadəcə, o, istəyirdi ki, film daha ziddiyyətli və baxımlı olsun. Mən də bu rolu ifa edən zaman çalışdım ki, bir aktrisanın dramını çatdırım. Əlbəttə, hər bir aktyorun sənət həyatında məhsuldar illəri də olur, passiv dövrləri də. Bir nəfər teatr haqqında çox maraqlı fikir bildirmişdi: "Teatr qəsbkar insanların məkanıdır". Əgər aktyor və aktrisalarda qəsbkarlıq, cəsarət, ambisiya olmasa, teatr da maraqlı olmayacaq. Rəqabət olanda teatr daha da irəli gedir. Bunlar teatrın xüsusiyyətləridir. Təkcə bizim teatrdan söhbət getmir. Bütün dünya teatrlarında bu  ab-hava var.

- "Günaydın, mələyim" filmindəki Mədinə ilə Ayan Mirqasımova arasında bənzərlik var?

- Qətiyyən. Mədinə məndən daha iradəli, daha güclüdür. O, daim nəsə axtarır, təkbaşına mübarizə aparır. Məndən daha ideal səviyyədədir.

- Rus kinosunun nəhənglərindən hesab olunan Aleksey Batalovun tələbəsi olmusunuz. Batalovdan öyrəndikləriniz aktrisalıq həyatınız boyunca sizə bəs etdi?

- Batalovu çox sevirəm, o, mənim üçün çox doğma insandı. Burda bizim onunla şəklimiz də var (Yaxınlıqdakı masanın üzərində Batalov, Oktay Mirqasımov və özü olan şəkli göstərir). 2010-cu ilin oktyabr ayında Bakıda "Üns" Teatrının səhnəsində onun yaradıcılığına həsr olunmuş gecə keçirilmişdi. Batalov özü həmin gecədə iştirak etdi, səhnəyə çıxdı. Uşaqlığından, anasından danışdı. Onun anası Stanislavskinin tələbəsi olub. O, bir az da yumorla deyirdi ki, "mən Stanislavskini görməmişəm, amma səsini ana bətnində olarkən eşitmişəm". Batalovun çox gözəl yumor hissi vardı.

Həmin gecə çox yüksək səviyyədə keçirildi. O, gecənin sonunda Moskvada ondan təhsil alan tələbələrini səhnəyə çağırıb dedi: "Mən sevinirəm, burda - Bakıda mənim tələbələrim, aktyorlarım və aktrisalarım var". Biz də özümüzü balaca uşaq kimi hiss edərək yavaş-yavaş səhnəyə çıxdıq və rahatlıq tapdıq ki, bizi düşünən böyüyümüz, qoruyucumuz, məktəbimiz var.

- Tələbələrindən orda kimlər vardı?

- Mən, Mələk Abbaszadə, Səidə Vəlibəyova, Cavanşir Hacıyev, Əbdülqani Əliyev və İlqar Həsənov. Bizim səhnəyə çıxmağımız ekspromt oldu. Mən bütün tələbələr adından çıxış edib ona öz təşəkkürümü bildirdim.

- Sonralar Batalovla əlaqə saxlayırdınız?

- Biz onunla tələbə olarkən də dostluq edirdik. Bizə axı təkcə Aleksey Batalov dərs demirdi. Onun ana bir, ata ayrı qardaşı Boris Ardov da dərs deyirdi. Onun qızı, aktrisa Anna Ardova ilə də dostluq edirdik.

Mən onların məşhur Ordınka məhəlləsində yerləşən evlərində dəfələrlə olmuşam. Batalovun qardaşı Boris Ardov satirik yazıçı Viktor Ardovun oğlu idi. O, həmin evdə doğulmuşdu, Batalov da o, evdə yaşamışdı. Onların anası Nina Olşevskaya da bayaq qeyd etdiyim kimi, Stanislavskinin tələbəsi olmuşdu. Nina xanım, repressiya illərində ən yaxın rəfiqəsi olan Anna Axmatovanı Ordınkadakı evində gizlədib.

Bir dəfə mən onlardaydım. Dəhlizdən ötüb keçirdim. Ağlıma da gəlməzdi ki, dəhlizin divarının o biri tərəfində Anna Axmatovaya məxsus otaq ola bilər. Birdən Boris Ardov mənə bir nöqtə göstərib dedi ki, bura toxun. Toxunan kimi qapı açıldı. Qarşımda balaca bir otaq gördüm. Orda bir balaca divan, ikona, kitab şkafı və tumba vardı. Vəssalam. Anna Axmatova ordan çıxanda otaq necə idisə, sonralar da o cür vəziyyətdə saxlanılmışdı.

- Axmatovanın gizləndiyi yeri görəndə nə hiss keçirdiniz?

- Çox həyəcanlanmışdım. Boris Ardov mənə dedi ki, gəl, əyləş onun çarpayısında. (gülür) Ardov tez-tez Anna Axmatova haqqında maraqlı əhvalatlar danışırdı. Boris Pasternak və rus ədəbiyyatı gümüş dövrünün nümayəndələri hesab olunan bir çox yazıçı, şairlər, aktrisalardan Faina Ranevskaya həmin evdə olmuşdular. Şeir gecələri təşkil etmişdilər.

Ümumiyyətlə, onlar ailəlikcə çox gözəl insanlar idilər. Mən ömür boyu bu ailəyə minnətdaram. Heç vaxt onlardan kobud, ürəkqırıcı sözlər eşitməmişəm. Batalov həmişə aktrisalara deyərdi: "Sən ağıllı, həm də gözəlsən." Bunu hamımıza - Mələyə də, mənə də, Gülzara da deyirdi. Əgər nə isə xoşlarına gəlmirdisə, onu çox nəzakətlə deyirdilər ki, burda nə isə düz alınmayıb.

- Ayan xanım, sizin tələbəlik illəriniz daha maraqlı olar...

- Əgər bir insan seçdiyi peşəni ürəklə seçib tələbə olursa, onun üçün tələbəlik illəri xoşbəxtlik dövrü hesab olunur. Mən tələbə olarkən bir auditoriyadan o birinə qaçırdım, başqa kursdan olan rejissorlarla tamaşalar üzərində işləyirdim, rəqs etməyi, oxumağı öyrənirdim. Həftədə iki, üç dəfə film izləyirdim. Bizə o zaman dünya kinosunu, sovet kinosunu, müasir filmləri, Hollivud filmlərinin hamısını göstərirdilər. Sonra isə bizdən həmin filmlərin müzakirəsini tələb edirdilər. Bu, məcburi idi. Bu gün siz atamdan, Həmidə xanım Ömərovadan və orda təhsil alan digər sənət adamlarının hansından soruşsanız, mən dediklərimi deyəcəklər. Çünki oranın havası belə yaradıcılıq, sənət qoxuyurdu.

- Yeri gəlmişkən, bizdə də ötən əsrin ortalarından başlayaraq elə yaradıcı atmosfer olub...

- Bəli, haqlısınız. Tofiq Kazımov, Mehdi Məmmədov məktəbini yada salsaq, görərik ki, onların yaratdığı məktəb var. Mən indi tələbələrimə Stanislavski sistemi haqqında dərs deyirəm. Həmin dərsliyi bizim dilə Mehdi Məmmədov və Əzizağa Quliyev tərcümə edib. Mən dərslikləri rus dilində olanlarla tutuşdururam və tərcümədə heç bir fərq, qüsur görmürəm.

Oktay Mirqasımov, Bəsti Cəfərova, Məmməd Səfa, Azad Şükürov, Gülşad Baxşıyeva, İham Namiq Kamal bu gün də İncəsənət Universitetində həmin ənənələri davam etdirirlər.

Mən Mixail Çexovun məktəbini də sevirəm. O, Anton Çexovun qardaşı oğlu, Stanislavskinin isə tələbəsi idi. Və Stanislavski onu çox sevirmiş, ona həmişə baş rolları həvalə edirmiş. Deyilənə görə o, Stanislavskinin quruluşunda Qoqolun "Müfəttiş" əsərində Xlestakovu dahiyanə şəkildə ifa edib. O dövrdə həmin tamaşa anşlaqla keçib.

Amma sonradan Mixail Çexov vətəni tərk edib əvvəl Avropaya, sonra Amerikaya gedir. Hollivudda isə Çexov Stanislavski texnikası üzərindən öz kitablarını yazır. Hollivud aktyorlarından bir çoxu onun tələbələri olmuşlar. Bunların arasında Merlin Monro da olub.

- "Məkanın melodiyası" filmində aktrisa Mehriban Zəki ilə tərəf-müqabili olmusunuz. Hal-hazırda hər ikiniz də istər teatr, istərsə də kinoda tanınan aktrisasınız. Mehriban xanımla filmdə tandem necə idi?

- Həmin filmdə bizim münasibətimiz konflikt üzərində qurulub. Rejissor da istəyirdi ki, bu konflikti daha da gücləndirsin, rəqabət yaratsın. Amma peşəkar aktrisalar bilirlər ki, sənət sənətdir. Biz hamımız insanıq. Çəkiliş zamanı da hər hansısa narahatlıqlar olmayıb. Biz çalışırdıq konflikti filmdə yaradaq.

Mən tələbələrimə də həmişə deyirəm ki, konflikti həyatda yox, yaradıcılıqda tapmağa çalışın, orda yaradın. Çünki əgər aktyor konflikti həyatda yaratsa, onun içində heç nə qalmayacaq.

Aktyorlar həyatda çox sakit olurlar, bir növ özlərini ətrafdan qoruyurlar. Onlar bütün hisslərini, emosiyalarını səhnə üçün saxlayırlar.

- Ayan xanım, dinə, Tanrıya münasibətiniz necədir?

- Mənim babam Mir Əsədulla Mirqasımov Mir Möhsüm Ağa ilə dayı oğlu-bibi oğlu olublar. Yəni, Ağanın anası Xədicə xanım ulu babamın bacısı olub. Allaha çox inanıram. Hansısa fövqəlqüvvənin olduğuna şübhəm olmayıb. Uşaqlıqdan Allahın varlığına inanmışam.

 

Söhbətləşdi: Samirə Əşrəf

 

Ədəbiyyat qəzeti.- 2018.- 28 aprel.- S.6-7.