"Yatağını dəyişən çay kimisə həyatın..."

 

Bura qürbətdi, könlüm, nə qohumun, nə yadın

Sən yox, tale görmədə qürbətin sonlarını.

Yatağını dəyişən çay kimidir həyatın,

Səninlə oynamada tale oyunlarını...

Hər təsadüfdə bir zərurətin olduğunu hələ ilk həyat təcrübələrimdən bilirəm. Parisdə Fransa Elm, Sənət ədəbiyyat akademiyasının üzvü seçildiyim bu akademiyanın keçirdiyi "Avropa azadlıq sevgisi" şeir yarışmasının qaliblərindən biri olduğumdan təqdimat törənlərində iştirak etmək üçün Fransaya yola düşərkən Avropa ölkələrində çap olunan kitablarımdan götürəndə içimdən bir səs hər ehtimala qarşı Türkiyədə çap olunan "Unutduğum yerdəyəm" kitabını da götür deyəcəkdi

Mərasim öncəsi adımıza ayrılmış yerlərdə oturduğumuz zaman yanımda suyu canayaxın bir adam da əyləşəcəkdi. Yeri gələndə mənə tərcüməçilik etsin deyə, məclisə Parisdə yaşayan kürəkənimi götürmüşdüm. Amma ətrafımda yalnız akademiyaya üzv seçilən, ya da "Avropa azadlıq sevgisi" şeir yarışmasının qalibləri əyləşəcəyindən, kürəkənim məndən xeyli arxada oturmalı olacaq beləcə çevrəmdəki adamlarla hardasa ünsiyyət qurmaq imkanım azalacaqdı. Bildiyim ruscanın burada elə işə yaramadığından əlac ala-yarımçıq ingiliscəyə qalırdı, o da rabitəsiz sözlərimdən bir şey anlaya bilən olsa

Amma sol yanımda oturan  qanı canayaxın adam pıçıltıyla məndən söz soruşanda, onun türk olduğu anlaşılacaq bu da məni xeyli sevindirəcəkdi.

Sən demə, Avropa Elm, Sənət ədəbiyyat akademiyasının məsul katibi ukraynalı şair dostum Dmitro Çistyak bu qanı canayaxın adamı bilərəkdən mənim yanımda oturtmuşdu. Beləcə, bu adamın Amerikanın ən böyük şəhər ali məktəbi Nyu York City Universitetinin professoru Sultan Catto olduğunu öyrənəcək onunla yaxından tanış olacaqdıq.

Dünyanın bir çox akademiyalarının, elm ocaqlarının üzvü olan Sultan bəy uzun müddət dünyaca məşhur bu universitetdə aspirantura şöbəsinin müdiri işləmiş, Türkiyə türk dünyasından gələn istedadlı  gənclərin Amerikada təhsilinə yardım etmişdir. İndi o gənclərin bir çoxu Amerika universitetlərində müəllim kimi fəaliyyətlərini davam etdirirlər. Yeri gəlmişkən, onu vurğulamağım da gərəklidir ki, Sultan bəy fizika-riyaziyyat sahəsində dünyanın sayılıb-seçilən alimlərindən biridir demək olar ki, ən önəmli elm mərkəzlərində il boyu konfranslara qatılmaqda məruzələr etməkdədir. Fizik olduğunu öyrənəndə içimdə bir "fiziklər liriklər" paraleli baş qaldıracaqdı. Sən demə, bu paralelin fikrimdən keçməyi boşuna deyilmiş.

Sultan bəy elə həmin məclisdəcə Amerikada çap olunan ingilis dilində yazılmış şeirlərindən ibarət kitabını mənə bağışlayacaqdı. o zaman türk dilində çap olunan "Unutduğun yerdəyəm" şeirlər kitabımı boşuna gətirmədiyimə sevinəcək, kitablarımızı dəyiş-düyüş edəcəkdik.

Sultan bəy elmi konfransda məruzə etmək üçün Parisdə olduğundan, təqdimat mərasiminə gələ bilməyən amerikalı şair dostu Stanley H.Barkanın mükafatını almaq üçün bu tədbirdə iştirak etdiyini söyləyəcəkdi...

Dədələri, zamanında Şimali Qafqazdan Türkiyəyə köç etmişlər. Dörd yaşında Türkiyəyə gələn Sultan bəy on iki yaşına qədər Türkiyədə yaşamış oxumuşdur. Sonra ailə Türkiyədən Amerikaya köç edəcək orada yerləşəcəkmiş. Yeniyetməliyi, gəncliyi, təhsil yüksəliş illəri Amerikada ingilis dili ortamında keçmişdir. Sonralar Nyu-Yorkdan mənə məktubların birində türkcə şeirilərinə giriş kimi beş-on cümləlik bir xatirə yazısı da göndərəcəkdi. Mən o yazını da burada olduğu kimi vermək istəyirəm. Bu yazı hardasa usta-çıraq  münasibətlərinin qədər önəmli olduğunu anlamaq baxımından da  dəyərlidir. Şərqdə qədər ki, usta-çıraq (şagird) ənənəsi davam edirdi, Şərq ucalmağında, gəlişməyində idi. Elə ki, bu ənənə yerini Avropadan gələn milli olmayan adətlərə buraxdı, Şərq yavaş-yavaş çökməyə üz qoydu. Sultan bəy xatirədən əvvəl gərəkli bir bilgini yazmağı da unutmamışdı: "Fəza bəy məmləkətimizin yetişdirdiyi ən böyük elm adamımızdı. yazıq ki, Türkiyədə  kim olduğunu zamanında elə anlamadılar, ta ki, İsraildə ona "Eynşteyn" medalı verilənə qədər." Bu sətirləri oxuyub düşünməyə bilmədim, dünyaca ünlü elm adamı olan Sultan bəyin necə, vətənində dəyəri bilinirmiş).

"…Fəza  bəyi düşünürdüm. İllərcə birlikdə işlədiyim Fəza bəyi! Məndən öncə on iki tələbə yetişdirmişdi. Sıra mənə gəlmişdi. Ondan dərs alarkən ev tapşırıqlarında çözdüyüm fizikariyaziyyat problemləri  arasına, oxuduğum şairlərin şeirlərini, ara-sıra ingiliscə yazdığım öz şeirlərimi də qatıb Fəza bəyə verərdim. Müəllimim tapşırıqları oxuyub geri qaytardığı zamanlar yanıma gələr, göndərdiyim şeirləri bəyəndiyini söyləyər, təşəkkür edərdi. Bəzən də öz şeirlərini, əski osmanlıca yazılmış, yeni türkcəyə çevirdiyi tərcümələri oxuyardı. Uşaqkən buraxıb getdiyim Türkiyə, heç görmədiyim İstanbul haqqında mənə danışar, bəzi şeirləri oxumadan öncə, necə oxunacaqlarını, yəni İstanbulun hansı səmtinin hansı əski nərdivanlarından enərkən o misraların oxunmasının gərəkdiyini, şəhərin divarlarının, əski səkilərinin səslərini, o səkilərin, şəhərin görüntülərini anladar, məni sanki kiçik nağıllarda yaşadırdı. Yaz ayları Avropaya, Türkiyəyə gedər, aradan həftə belə keçmədən, poçt kartları  yollayardı. Bu kartların içlərində şeirlər olardı, bir də nə işlər gördüyünü, kimlərin musiqisini dinlədiyini yazardı. Ona öz gəncliyini andırdığımı deyirdi. Bəzi günlər sabahın onundan gecənin ikisinə qədər  elmi işlərlə məşğul olar, arada yemək yeyər, televizora baxar, şeirlər oxuyar, bildiyimiz şairlər ətrafında mübahisə də edərdik. On boyutlu dünyalarla uğraşar, boyutları dördə endirər baxardıq, böyük boyutlu dünyaların dünyamızı necə doğurduğuna. Günlər deyil, illər belə keçmişdi. Mənə oxuduğu şeirlərini, onu dinləyərkən əski karvansara divarlarına bənzəyən qafamda tutmağa çalışar, içimə qazıyardım. Bu gün yaşlanmışam, könlümün divarlarında, Maraşlı Şeyxoğlunun solmuş sətirlərini arayıram (Maraşlı Şeyxoğlu adı bəlkə Azərbaycandakı dəyərli oxucularımız üçün bilinən bir ad deyil. Faruq Nafiz Çamlıbelin "Yağız atlar kişnədi, meşin qırbaç şakladı" misrasıyla başlayan "Han divarları" şeiri içərisində yer alan  "Maraşlı Şeyxoğlu Satılmışın" da dördlüklərinə yer verilmişdir. Bu divarlara həkk edilmiş dördlüklər əslində şeirin özünü təşkil edir. Demək olar ki, Maraşlı Şeyxoğlu həm məchul, həm də məşhurdur).

Beləcə, o zamanlardan qalan, gənclik illərinə aid bu şeir parçasını, sizə bu divarlardan qoparıb oxuyum:

Kiçikkən qafam nə bərraqdı,

Pırıl-pırıl hovuzumda.

Ağlım bir qırmızı balıqdı.

Başımın doğrusuna düşünürdüm...

Bir anda başqa fikrə saparkən

arxamda iz belə buraxmazdım...

Her şey asan və işıqlıydı..."

Türkiyədən uşaq yaşlarından ayrılsa da, türkcə elə mükəmməl danışırdı ki, heyran qalmamaq mümkün deyildi.

Yaxından tanış olduqca Sultan bəyin Qaraçay türkü olduğunu da öyrənəcəkdim. Qaraçay türkü olması onu mənə daha da yaxın edəcəkdi. Bir adam az deyil, milyon adam çox. Moskvada ikiillik ali ədəbiyyat kurslarında oxuduğum zamanlarda sinfimizdə damarında hardasa türk qanı axan ondan çox yazıçı vardı, amma damarındakı bu türk qanını idrak edən tək bircə dostum olacaqdı ki, o da qaraçay yazıçısı Musa Batçayev idi.

Qaraçaylar İkinci Dünya müharibəsi zamanı Qazağıstana sürgün edilmiş, olmazın müsibətlər çəkmişdilər. Musa bütün bu dözülməz zülmlərə baxmayaraq, türk olduğundan əsla vaz keçməmiş, əksinə, türkə, türklüyə sevgisi birə on qat artmışdı. Mənə olan qardaş sevgisi buradan qaynaqlanırdı. Qaraçaylı olmağıyla qaraçaylıları mənə sevdirmişdi. Zamansız, faciəvi bir şəkildə dünyasını dəyişsə də, xatirəsi mənimçün bu günçox əzizdir. Bəlkə Sultan bəyin mənə, mənim ona olan sevginin mayasında da elə Musa Batçayevin uzaq sevgisi dayanır, nə bilim

Parisdə Sultan bəy məni atasına oxşadıb deyirdi: - İnşallah, evimizdəki şəklini gəlib görəcəksiniz,  sanki iki damla su kimi bir-birinizə bənzəyirsiniz. Uzaq Amerikada türk-qaraçay adətlərini - ailə ortamını necə qoruyub saxladıqlarından elə həvəslə danışırdı ki, böyük-kiçik, ata-oğul, qayınana-gəlin, usta-çıraq münasibətləri mənə hardasa keçən əsrin əllinci, altmışıncı illərində qalmış kənd adətlərimizi xatırladırdı… Amma kəndimizdə lap çoxdan unudulmuş bu müqəddəs və gərəkli adətlərin uzaq Amerikada bir ailə ortamında okeanda ada misalı bu gün  yaşadılması məndə sevincqarışıq heyrət də oyadacaqdı.

Sultan bəy bir zamanlar türkcə də şeirlər yazdığını, onların  bəsit yazılar olduğunu söyləmişdi, amma təkidimdən sonra o şeirlərdən bir neçəsini mənə göndərəcəkdi. Təbii ki, Sultan bəyin ingiliscə yazdığı şeirlərdən tərcümə edibçap etdirmək olardı. Amma mən bunu etmədim, edə bilmədim. Sultan bəyin türkcə yazdığı şeirlərdən örnək verməklə kifayətləndim.  Rusiyada deyil, elə Bakının küçələrində öz ana dili ilə yox, ruscaya başqa dillərdə alayarımçıq danışanlara örnək olsun deyə, uzaq Amerikada, ingilis dili ortamında yaşayan dünyaca ünlü bir alimin öz dilini unutmadığı, unutmağı bir tərəfə, o dildə necə şeirlər yazdığını da görsünlər.

 

Məmməd İSMAYIL

 

Ədəbiyyat qəzeti.- 2018.- 28 aprel.- S.8.