Mənim ixlasım

 

Əlhəmdu lillahi rəbbil aləmin

dənizlərin uzağında gözdən itən gəmilərin

günəşlərin, küləklərin, bihudə keçən günlərin

peşimanlığından sığındım sənə.

Dalğalar da sahilə danışar sirrini dənizlərin

yosunlar necə rəqs edər balıqların nəğməsinə...

 

İhdinəs-sirat əl müstəqim

Yanlışım yox, məhzun gözlüm,

mən hərdaim səni sevdim.

And olsun yeddi səmaya

yeddi rəngə

yeddi yerə

getdi ömür birdən-birə

birdən otuza, otuzdan əlliyə

bölündü aylara, günlərə, təqvimlərə

bölündü qayğılara, havaya, suya və sairəyə...

İyyəkə budu iyyəkən əstəin...

 

Bax, necə də tələsirsən yanımdan getməyə

gözümdən itməyə.

Bilirəm, əvvəl-axır unutmalısan məni

unutmalısan bu oyuncaq ev-eşiyi

qollarımdan getməlisən əvvəlcə

atmalısan bu beşiyi.

Böyüməlisən, tərk etməlisən hamını.

Mən çıxmalıyam axı burdan əvvəl-axır,

daha qorxum da yox adamlardan.

Məni öldürmək üçün bu quyuya atanlar

qorudular canavarlardan.

İnnəl insanə ləfi xusr...

 

Mən səni bir yol qazandım, hər gün itirdim

mən özümü səndə gördüm, səndən sevdim

mən özümü səndə tanıdım, səndə tapdım

qorxuram bir gün olmasan

dostlarım, doğmalarım

atam, bacılarım

heç kimsə məni xatırlamasın.

... Əlləzi yuvasvisu fi sudurinnas

 

Setara...

 

Sabahlar gözləyənə,

qapılar döyənə açılar.

Arzular istəyənə,

itənlər axtarana tapılar.

 

Balıqlar dənizlərin,

quşlar göylərin,

atlar da çöllərin duasıdı.

 

Gəlmiş isə ömrünə

bir qadın könlüyalın,

göz yaşı sevginin sərmayəsidi.

 

Xatirələr səfində

muhtemelen

səadətli günü vardır

yetimçə bir tifilin .

Bu gecənin qəfilində

səni düşündüm, Setara...

 

Evinizin qarşısında

pəncərinizin altında dayandım ağladım.

Demək ki,

bir kişi

evinizin qarşısında, pəncərənizin altında

dayanarmış ağlaya bilər imiş.

Günlər böylə keçər imiş, Setara,

fərq edər

ya bir qadın bədənində, ya bir kişi bədənində?

Bir gördün ömür dar gəlir əyninə...

 

Çiçəklərin açışını

çayların axışını,

buludların yağışını sən dəyişdin, ya Rəbb.

 

Ömür uzandı-uzandı,

bacım yuxuyozandı.

Bu sevgili gecə içrə

qarğa səsi azandı, ya Rəbb.

 

Görəsən çəkdirdiyim

bunca əzablar içində

getmək həvəsim nəydi?

Sənə bir etiraf borcum qaldı, Setara:

Günahlarımı güllə kimi sıxdım ömrümə,

məndən başqa hamıya dəydi.

 

Yollar uzandı-uzandı,

bacım yuxuyozandı.

məni özümdən qoru, ya Rəbb.

 

Şəhriyar del Gerani

 

Ədəbiyyat qəzeti.- 2018.- 28 aprel.- S.11.