Sonuncu Yeni - Şəhriyar
del Gerani
XX yüzil Azərbaycan
poeziyasında dövrləşdirmənin
ədəbi-estetik mahiyyətini
nəzərə almayanlar
sosrealizmin vahid dəyirmanında üyüdülən
ədəbiyyatımızın dünya ədəbi-estetik
uyğarlığına çıxış
nöqtəsini də
qapadılar. Qapanmasaydı, ədəbi dialektika
nəsildən-nəsilə radikal nihilizmlə deyil, öz təbii axarı ilə ötürülsəydi
son yüz ildə ən fərqli aşamalardan keçən
Azərbaycan poeziyasının
siması şübhəsiz
ki, indikindən xeyli fərqli olardı. Poeziyadakı qütbləşmələr mənəvi və ideoloji deyil, estetik dəyərlərlə
ölçülsəydi, o zaman, "Dənizə atılmış balıq
şəkilləri"nin şairi,
təbii ki, "göylərə baxıram
qapısı bağlı"
deyən şairin yoluna təzim etməməkdə haqlı
olardı. Məhz belə
oldu ki, Orxan Vəlinin Əhməd Haşimə qarşı çıxmasıyla
türk poeziyası
modern dünya şeirinin
mərkəzində qərarlaşa
bildi. Orxan Vəli Haşimin "Göllerde bu dem bir kamış
olsam!" deyə dilə gətirdiyi "bir günün sonundakı arzu"suna
"Eskiler alıyorum"da
ironiya qarışıq
bir göndərmə
edib, "bir de rakı şişesinde balık olsam" deməklə dünya dağılmadı ki. Amma tezis antitezisi
doğurdu, türk poeziyası ifadə imkanları baxımından
yeniləşdi, simvolizmdən
sürrealizmə, yaxud,
"Sərvəti-fünun"dan... "Qərib"ə adlaya bildi.
Quranın Fatihə, Əsr
və Nas surələrinə, Lukanın
və Mattanın İncilinə referenslər
edərək yazdığı
şeirlər Şəhriyar
del Geraninin Səməd
Vurğunun yaradıcılığı
ilə bağlı
nihilist düşüncələrinə mənəvi yöndən
deyil, estetik yöndən baxmağı
zəruri edir. Çünki bu şeirlər
çağdaş və
gənc Azərbaycan poeziyasının poetik iqlimini bütün əlvanlığıyla yansıdır.
Deməzdim ki, Şəhriyar "Qərib"ə,
yaxud İkinci Yeniyə doğru gedir, amma Qəribdən
və İkinci Yenidən, daha çox isə İkinci Yenidən yola çıxdığı
şübhəsizdir. Şeirlərini
daha çox İkinci Yeni havasında yazsa da, Şəhriyar del Geraninin poetikası
modern Türkiyə poeziyası
ilə Azərbaycan şeiri arasında ortaq nəfəsdir. İkinci Yenidən gəlsə də, İkinci Yeninin paradiqmalarını
dəyişən Şəhriyar
özü yeni paradiqmalar yaradır.
Cemal Süreyanın
"Sayın Tanrıya
kalırsa seninle yatmak günah, daha neler" misralarına qarşılıq
Şəhriyar del Gerani "Azan səsinə
diksinər bu şəhərdə günahlar...
" deyir. "Dənizlərin uzağında
gözdən itən gəmilərin... peşimalığı"ndan
Allaha deyil, məhzun gözlüsünə
sığınan Şəhriyar
del Gerani təkcə elə bu misralarına
nəzərən mübaliğəsiz
deyə bilərəm
ki, Orxan Vəlinin təbiriycə,
"küffarın" estetik
təmayüllərinə, tutaq ki, ətəkləri
havada sovrulan incə, upuzun, gözəl gəmiyə və o "gəminin üzdüyü dəniz"in
metafizik dərinliyinə
aşina şairdir. Təkliyin üfüqlərdə
görünən mirajını
yaradıb, o mirajda Aləmlərin Rəbbi ilə məhzun gözlünü, yaxud Rəblə Setaranı sürreal müstəvidə
eyniləşdirən, yaxud
şüuraltında cərəyan
edən təsəvvürləri
sözə, misraya çevirə bilən Şəhriyar Yenidir.
Ən cazib olanı isə bu: "Setara" və "Mənim ixlasım"ın yazarı
"Kitabeyi-səngi məzar"ın
və "Üvercinka"nın
müəllifləri ilə
eyni yaşdadır...
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2018.-
28 aprel.- S.11.