Zarafatların qürub çağı
Milan Kunderanın "Mənasızlığın
təntənəsi" romanı üzərinə qeydlər
Elə ədəbi mətnlər var ki, o mətnlərin
daxilində illüziyalar sağlam məntiqin sərhədlərini
aşır. Ədəbi gerçəkliklə ədəbi yalan
üz-üzə dayanır və yalan özünün
sarsılmaz mənasızlığı ilə gerçəkliyə
qalib gəlir. Müasir dövrün məşhur
yazıçılarından olan çex yazıçısı
Milan Kunderanın mətnləri yalanla gerçəkliyin
mübarizəsi üzərində qurulub və bu mübarizədə
yazıçının bir silahı var - zarafat. Kunderanın mətnlərində zarafat refleksi dilin
semantik qaydalarına ziddir və əks təsir oyadır.
Təsadüfi deyil ki, Kundera ədəbi
yaradıcılığa "Zarafat"la başlayıb.
"Zarafat" onun 1967-ci ildə
yazdığı ilk romanın adıdır. Beləcə, yarım əsrdir ki,
yazıçı oxucularıyla zarafatlaşmaqda davam edir.
Bu yoluxucu zarafat tədricən bütün Avropa
romançılığına sirayət etməkdədir.
Ədəbi metodikaya çevrilən bu zarafat əslində
Kunderanın üslubudur. Onun həyatı kədərli zarafatlarla
zəngindir. Gəncliyində
dünyanın xilasını "xoşbəxt sovet
yazıçıları" kimi kommunizmdə görən
yazıçı bir müddət sonra xəyal
qırıqlığı yaşadı və bu doktrinanın
əleyhinə çıxış elədi, Kommunist
Partiyasından qovuldu. O, başına gələnləri
zarafat kimi qəbul edib bütün bu hadisələri
"Zarafat" romanında qələmə aldı. 1968-ci ilin Çexoslovakiya hadisələrindən
sonra isə Praqa Musiqi və Sənət Akademiyasındakı
işindən uzaqlaşdırıldı və siyasi
basqılara məruz qaldı. Son olaraq vətənini
tərk etmək məcburiyyətində qaldı. 1979-cu
ildə yazdığı "Gülüş və yaddaş
kitabı"na görə
Çexoslovakiya hökuməti onu vətəndaşlıqdan
məhrum etdi. Kundera 1981-ci ildən Fransa vətəndaşlığına
qəbul olundu. "Varlığın
dözülməz yüngüllüyü"nü oxuyanlar
yazıçının bu dözülməz
ağırlığa necə, hansı mənəvi
gücün hesabına tab gətirdini yəqin ki,
anlayırlar. Üstəlik, hər
romanıyla bu amansız gerçəkliyə zarafatla cavab vermək
də insandan yenilməz iradə tələb edir. Bu cür ağır zarafatları ədəbi mətnin
nüvəsinə yerləşdirmək bacarığı
Milan Kunderanı müasirlərindən fərqləndirən
cəhətlərdəndir. O, tarixin basqısını
zaman-zaman üzərində hiss etmiş bir
yazıçıdır.
***
Keçək "Mənasızlığın təntənəsi"nə.
Avropa mənəvi böhran dönəmini
yaşayır.
Bəziləri düşünür ki,
Avropanın əsrlər boyu Yaxın Şərqə
vurduğu zərbələr bumeranq kimi özünə
qayıdır. Bu mənəvi deqradasiya Qərb
insanının şüurunda və təfəkküründə
qlobal çaşqınlıq yaradır. Dəyərlər
aradan qalxır və insan həyatı mənasızlıqla əhatə
olunur. Milan Kunderanın sonuncu - "Mənasızlığın
təntənəsi" romanı bu çaşqınlıq
dönəminin tragikomik situasiyalarıyla zəngindir. Bəşəriyyət
sanki dəhşətli bir uçurum
qarşısındadır və bu uçurumdan xilas yolunu
yazıçı müqavimət göstərməkdə
görür: "Müqavimət üçün təkcə
bir yol qalır - dünyanı ciddi qəbul etməmək".
Bu baxış mənasızlığın
paradiqmasıdır.
Kundera
romanı personajlarla tanışlıqla başlayır, əsərin
qəhrəmanları əhlikef, laübalı, dünyanı
ciddiyə almayan, mənasızlığın əsirinə çevrilmiş
adamlardır. Aleni anası istəməyərəkdən
dünyaya gətirib və körpə ikən atıb gedib.
Anasıyla onu bağlayan yeganə bağ göbəkdir.
O, anasıyla ilk və son dəfə on yaşında
görüşür və bu görüşdə anası
barmağını onun göbəyinə sürtür. Və roman Alenin göbək haqqında
düşüncələriylə başlayır. Göbək dünyanın məhvəridir, əsərdəki
bütün hadisələr insan bədənin ortasında yerləşən
bu dəliyin ətrafında cərəyan edir. Avropa bu dəliyin başına dolanmaqdadır. Burda kimlər yoxdur ki?! Tabeçiliyində
olanlarla məzələnən Stalin, prostat vəzi xəstəliyindən
əziyyət çəkən və tez-tez altını
batıran Kalinin, dikbaş Xruşşov, yuxulu Brejnev... Yazıçı ayrı-ayrı dönəmlərdə
sovet imperiyasının rəhbərləri olmuş siyasi
liderlərlə məzələnir və onlara bu günün
Avropasından baxır. Bu gün onlar məzə
obyektidir. Amma müvazinətini itirmiş və
öyünməli çox az şeyi
qalmış Avropanın özü də svilizasiyanın təhlükəli
istiqamət aldığı məchul alatoranlıqda çox
gülməli görünür. Vaxtilə Stefan
Sveyq Avropanı irq fanatizmindən və imperializmdən uzaq
görmək istəyirdi. Amma dünya növbəti
müharibəyə hamilə idi. "Bir
avropalının xatirələri"ni
yazan Sveyq dözmədi, xanımıyla birgə intihar etdi. Ekzistensialist fəlsəfə də insanı xilas edə
bilmədi. Bu gün Avropa yenə
kompasını itirmiş gəmi vəziyyətindədir.
Çağımızın
yazıçısı Kundera bu dövrü "Mənasızlığın
təntənəsi" kimi xarakterizə edir. Bu mənasızlığı incələmək isə
çoxlu araşdırmalara yol açır. İrrasional ovqat oxucuya da sirayət edir. Kundera dramatik gerçəklikləri məsxərə
obyektinə çevirir, janrın forma sabitliyindən birmənalı
olaraq imtina edir. Stalinlə Kalinin
arasındakı dialoq və onların iclası
yarımçıq buraxıb qaçması absurd
situasiyadır. Sonra onlar harda peyda olsalar
yaxşıdır? Parisin xiyabanlarından birində!
Ovçu görkəmində bığlı kişi
(Stalin) təbii ehtiyacını ödəmək
üçün Fransa kraliçası Mariya Mediçinin heykəlinin
arxasına çəkilmiş bir qocanı (Kalinini) güllələmək
istəyir, güllə kraliçanın daş burnunu
qoparır. Kundera dünyanın mənasızlığından
daha çox insanların həyatın mənasını
anlamaqda çətinlik çəkdiyini önə çəkir.
Laqeyd, etinasız bir nəsil yetişir. "Etinasızlıq mövcudluğun mahiyyətinə
çevrilir". 85 yaşlı
yazıçının gəldiyi qənaətə baxın:
fərdiliyin illüziyası sabun köpüyü kimi
dağılır və qarşımızda mənasızlıq
adlı nəhəng bir dağ ucalır. Bu əsər
yazıçının Avropadakı dəyərlərin
çöküşünə protestidir.
Bir dəfə yazmışdım ki, Milan Kundera da oxucunu
labirintə salmağı xoşlayan
yazıçılardandır, hətta kifayət qədər
hazırlıqlı oxucu da bəzən onun alt qatında
çox mənalar dolaşan sadə cümlələrinə
ilişib qalır. Həyatın mürəkkəbliyini bu qədər
sadə cümlələrlə ifadə edə bilmək
üçün məhz Milan Kundera olmaq lazımdır.
Əsərin əsas qəhrəmanlarından olan Aleni
atası böyüdür, amma atası dünyasını dəyişəndən
sonra o, məhz onu körpə ikən atıb getmiş
anasının şəklini böyüdüb divara vurur. Yazıçı
bundan əvvəl bir hadisəni də nəql edir. Alenin anası ona hamilə ikən intihar etmək
üçün özünü körpüdən çaya
atır, gənc bir oğlan bunu görüb onu xilas etmək
istəyir. Amma intihar məqsədilə
çaya tullanan qadın öz xilaskarını suyun dibinə
çəkib onun üstünə çıxır. Oğlan suyun dibində boğulub ölür. Qadın qatilə çevrilir, özü də, bətnindəki
körpə də sağ qalır. Həyatın
acı zarafatı. Bu, mizahın faciə ilə
kəsişdiyi nöqtədir. Roman bu tipli
paradoksal, məntiqin sınırlarını zorlayan
situasiyalarla zəngindir. Bəs bütün
bu məntiqsizliyi doğuran səbəblər
hansılardır? Bu mənasızlığın
mahiyyətində nə dayanır? Böyük
həqiqətləri ciddiyə almamaq
mümkündürmü? Kundera cidd-cəhdlə
mənasızlığı bizə sevdirməyə
çalışır. Yazıçı
öz vətənindən miras qalan xəyal
qırıqlığını, aldığı mənəvi
yaranı zarafatlarla ovutmağa çalışır. Romandakı dörd obrazın baxış
bucağı ilə Stalinin mövqeyi ziddiyyət təşkil
edir. Stalin iclas zamanı tabeçiliyində olanlara bir əhvalat
(kəklik əhvalatı) danışır və onun zarafat
etdiyini heç kim anlamır. "Çünki onun ətrafındakılar
zarafatın nə olduğunu bilmirdilər". Yazıçı hesab edir ki, məhz bununla da tarixin
yeni, ən böyük mərhələsi başladı.
Dünyanı zarafatın nə olduğunu bilməyənlər
idarə etməyə başladı və bu, Avropanın
süqutu idi. Obrazlardan biri Şarl marionet
teatrı üçün məhz bu əhvalatı pyes kimi
işləmək istəyir.
"Mənasızlığın təntənəsi"
sadə dildə yazılıb, sətiraltı eyhamlar isə
oxucunu düşünməyə vadar edir. Hər bir
hadisə "niyə" sualını doğurur, bu suala
cavab tapmayınca rahatlıq tapa bilmirsən. Absurd situasiyanın
alt qatında gizlənən və reallıqdan qidalanan mənanı
yaxalamağa can atan oxucu hər dəfə dalana dirənir. Kundera keçmişi, bu günü və gələcəyi
ustalıqla bir-birinə bağlaya bilir. Göy
üzündən enən mələklər, qoca diktatorun
mazoxist şəfqəti, mənasızlığın ziyafət
zamanı qadının barmağına lələk kimi
toxunması... Hamısı işarələrdir.
Personaj qadının cazibə mərkəzini
onun göbəyində görür. Qadın
göbəyi insanın özündən qopmasının,
kimliyini itirməsinin simvoludur.
Avropa mənasızlıq dönəmini yaşayır və
çıxış yolunu mənasızlıqda görür. Bu isə
insanı məsuliyyət hissindən azad edir. Kunderanın bədii məntiqi bu günün
yaşam formulunu zarafat qiyafəsində görür. Adətən, vəziyyət mürəkkəbliyə
doğru gedəndə çıxış yolunu zarafatda
görürlər. Kundera da çox
güman ki, sadiq oxucularıyla zarafatlaşmaq istəyib.
Amma çox ağır zarafatdır!
Çoxları düşünür ki, bu əsər
Kundera yaradıcılığının yekunudur. "Zarafat"la
başlayıb zarafatla bitirmək... Amma hələ
ki, Kundera yaşayan dahilər sırasındadır. Bu
tipli əsərlər yazan yazıçının gözlənilməz
zarafatlarına hər an hazır olmaq
lazımdır.
Qərb insanı üçün zarafatın da limiti
bitir, zarafatlar özünün qürub çağını
yaşayır.
Doğrudanmı mənasızlıq Avropanın
yeganə xilas yoludur?!
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2018.- 28
aprel.- S.10.