Mir Cəfərin qara
maşını
1930-cı
illərdə Sovet cəza orqanlarının əsas nəqliyyat vasitəsi "emka"lar
(QAZ M-1) idi, ona rusca "qara quzğunlar", "Marusya"
da deyirdilər.
"Emka"lar haqqında
mətnlərin Stalin dönəminin
informasiya məkanında
geniş dolaşması
qətiyyən mümkün
deyildi. Təsadüfi deyil ki, M.C.Bağırov, L.Beriya ilə bağlı əhvalatları yalnız
onların ölümündən
sonra danışmaq imkanı yarandı. 2005-ci ildə folklorşünas
Sədnik Paşa Pirsultanlı bu rəvayətlərin bəzilərini
toplayıb çap etdirmişdi. Bu şifahi
mətnlərdə, folklor
söyləmələrində (rəvayətlər, şayiələr) həmin
cəlladların obrazı
sözügedən qara
maşınlarla birlikdə
təqdim olunur,
"M-1" isə hakimiyyətin
simvolu kimi çıxış edir.
Bu rəvayətlərdə Mir Cəfər Bağırovun
qara maşını hər yerdə və həmişə Xıdır İlyasın
göy atı kimi peyda olur. O, dara düşənləri xilas
edir. Rəvayətlərin birində deyilir
ki, müharibə vaxtı Səfərəliyev
(indiki Samux) rayonunun Nəbiağalı
kəndində bir qarının evi yanır. Hara şikayət edirsə, bir xeyri olmur.
"Bir gün arxda paltar suya
çəkəndə baxıb
görür ki, bir maşın gəlir. "Paltarı
arxın qırağında
qoyub maşına tərəf yüyürdü.
Maşın dayandı
və nurani bir kişi
ondan soruşdu:
- Bacı, bu nə
təlaşdı keçirirsən?
- Qardaş, qurbanın olum, mən belə düşündüm
ki, maşında gələn böyük adamlardan biri olar, ondan imdad
almaq üçün
qaçıb gəldim…"
M.C.Bağırovun maşınının hərəkətinə
maneçilik ölümə
bərabər idi. Qara maşının xofu əslində tiran
qorxusu ilə eyniləşirdi. Uzun müddət
Dərnəgül taxıl
məhsulları kombinatının
direktoru işləmiş
Nadir Quliyevin "Çörəyi
itirməzlər" kitabında
M.C.Bağırovla bağlı
bir xatirəsi maraq doğurur. "Zuğulba stansiyasına
çatanda neft buruğunun necə fontan vurduğunu gördüm və sürəti daha da artırdım.
Bir gözüm
buruqda qalmışdı,
buna görə də dövlət bağına çatdığımı
hiss eləməmişdim. Qəflətən darvazadan maşın çıxdığını görəndə Allah üzümə
baxdı ki, çaşmadan sükanı
sağa döndərib
əyləci basdım.
Mənim
maşınım divara
dəyib azacıq əzilsə də dayandı. Qabaqdakı maşından iki
nəfər dərhal
yerə atılıb sürətlə mənə
yaxınlaşdı. Bağrım yarıldı. Başa düşdüm
ki, Mir Cəfər Bağırovun maşınıdır.
Məni bir göz qırpımında
yerə endirdilər.
Yəqin
elə güman eləmişdilər ki,
sui-qəsd hazırlanıb,
mən də onun iştirakçısıyam.
Nələr keçirdiyimi təsəvvür
etmək çətin
deyil. "Damarlarımda
qanım dondu" sözlərinin mənasını
məhz həmin an tamam-kamal anladım.
Addım
ata bilmirdim. Yerimdə mıxlanıb qalmışdım.
Bu zaman minik maşınının qapısı
açıldı. Mir Cəfər Bağırov
düşdü. Şəklini
hər yerdə görmüşdüm, dərhal
tanıdım…"
S.P.Pirsultanlının yazıya aldığı
bu mətnlərdə
mifoloji düşüncə
"adil hökmdar"
arxetipini bərpa etmək istəyir.
"Bağırov Göygölə
getməli olur. Onu Gəncə
şəhər rəhbərləri
müşayiət edirlər.
Göygölə çatar-çatmaz maşının təkəri
çuxura düşür.
M.C.Bağırov gölməçənin
o tayına keçəndən
sonra maşından düşüb deyir:
- Gəncə şəhər
partiya komitəsinin birinci katibindən soruşun, gələn il də
Göygölə bu yolla gedəcəyəm?
- Yox, yoldaş Bağırov, Göygölə
təzə yol çəkəcəyəm" (S.P.Pirsultanlı. "Mir Cəfər Bağırov
yaddaşlarda").
Böyük Terrorun qara maşınları
əhalidə güclü
xof-qorxu hissi yaratmışdı. Bu qorxu
uşaqlara da keçmişdi. Deyilənlərə
görə, uşaqlar
dustaqları aparan qara "Marusya"nı görən kimi, tində-bucaqda gizlənirdilər, qaçıb
arxa həyətlərdə
gözdən itirdilər.
Analar ipə-sapa yatmayan, dəcəllik edən uşaqları da bu maşınla qorxudurdular. Şəhərdə sayiələr dolaşırdı
ki, həmin qara maşında uşaqları oğurlayırlar.
Bu maşına düşmək
artıq azadlıq və həbs arasında sərhədin keçilməsi idi. Böyük
Terror qurbanlarının biri
xatırlayır: "1946-cı ilin günəşli may günündə məni küçədə tutub
saxladılar, qara
"EMKA"nın qapıları
ilə həyatım uzun, ağır müddətə qapandı".
Ceyran xanımı
Mollayevin (M.Hüseyn nəsrində M.C.Bağırovun
prototipi) dəniz qırağındakı bağına
dəvət edirlər. Aktrisa südəmər
uşağı olduğunu,
səsinin yerində olmadığını bəhanə
gətirib qonaqlıqdan
imtina edir. Telefondakı qorxunc səs onun sözünü
kəsir: "Sabah axşam
saat yeddidə maşınla gəlib səni özüm aparacağam" (M.Hüseyn.
"Yeraltı çaylar dənizə axır").
Qara maşın
neçə-neçə evlərə,
ailələrə ayrılıq
acısı, ölüm
havası gətirdi.
37-ci ilin qara gecələrində bu qara maşınlarda günahsız insanları
tutub apardılar. Elə yerə
apardılar ki, "oradan" bir daha qayıdış yox. Müşfiqi apardılar. Cavidin, Cavadın dalınca gəldilər. R.Rzanın
"Qızılgül olmayaydı"
poemasında həmin kabus maşının adı keçir:
Neçə mərd oğulların
adı silindi
dirilər sadalağından,
yetmiş günah
asdılar hər ayağından
gedənlərdən neçəsi
axşam evində
yatıb, gecə
getdi.
Gedənlər bilir gedən
gedən də necə getdi.
Cavanlar vardı ki,
Qaynar suya düşmüş çiçək kimi
soldular.
Qocalardan
nə deyim
Əydilər, əyim-əyim.
Kimisi, getdi
bir də geri dönmədi
qara maşina minib.
Kimisi, xoşbəxt oldu
əqlini itirib.
Repressiyalar yaşamış insanların bu qara maşınla bağlı söhbətləri travmatik nevroz xəstəsinin yuxusunu (Z.Freyd) xatırladır. Xalid Səid Xocayevin qızı Bəhicə xanımın xatirəsini həyəcansız oxumaq olmur:
"Atamı 1937-ci ilin 3 iyununda gecə həbs etdilər...
Mən yatmışdım. Gecə saat 12 radələri (hələ bir az da gec) olardı. Qəribə səslər eşidib yuxudan oyandım. Gördüm ki, ev adamla doludur... Demək olar ki, səhərə qədər axtarış apardılar. Yazı stolunda çoxlu yazılar vardı. Onları da götürdülər. Kitab dolabındakı kitabların da hamısını apardılar... Atamı aparanda anama onun ardıyca çıxmağa icazə vermədilər. Amma mən fürsət tapıb küçəyə çıxdım. Dəqiq xatırlayıram, yağış yağırdı. Özü də necə yağış... Mən ağlayırdım. Atam məni qucaqlayıb öpdü. Məni çox istəyirdi. Mən də onu çox istəyirdim. Şübhəsiz, anamı da çox istəyirdim. Amma könlümdə atamın yeri başqaydı. Onu qara maşına mindirib apardılar. Küçə boyu çoxlu qara maşınlar dayanmışdı. Bizimlə üzbəüz qonşu evdən də çoxlu adam tutmuşdular. Hərbi işlər komissarı Qambay Vəzirov da o evdə olurdu. Kənd təsərrüfatı komissarı da həmin evdə yaşayırdı. İkisini də həbs etdilər. O bir dənə evdən həmin gecə dörd-beş adam apardılar. Bizim binadan da tutulanlar, güllələnənlər çox oldu. Orxanbəyli vardı. Həkim. İstanbul Darülfünununda təhsil alıb gəlmişdi. Əlində əsa gəzərdi. Çox gözəl geyinərdi. İstanbul ləhcəsində danışardı. Onu da güllələdilər. Xanımı vardı. Fərihə. Əslində, bizim yaşadığımız bina Orxanbəylinin babasına məxsusdu..." (A.Turan. "Xalid Səid Xocayev - şəhid türkşünas").
Bu qara maşınlar repressiya tariximizin bir faktı, Stalin terrorunun əyani sübutu deyil, milli faciə-travma yaddaşımızın şəhadət simvoludur…
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.- 2018.- 28
aprel.- S.12.