Qogenin son mirası
Pol Qogenin, "nəcib vəhşi"yə çevrilmiş
Paris birja dəllalının,
Taiti və Sakit okeanın cənubuna etdiyi iki səfərdən
(1891-93 və 1895-1903) yaranan
şəkillər, heykəllər
və digər əsərlərdən ibarət,
bu zamana qədər keçirilmiş
ən geniş sərgi Parisdə Qrand Palasda ziyarət
sayına görə rekord qırdıqdan sonra, 29 fevralda Bostonda Təsviri İncəsənət Muzeyinə
gəlir. Niyə
Boston? Çünki Təsviri İncəsənət
Muzeyi Qogenin Taiti dövrünün ən möhtəşəm
və şübhəsiz
ki, ən böyük nümunəsinə,
"Biz haradan gəlirik?
Biz kimik? Biz haraya gedirik?"
əsərinə sahibdir.
Çox az
adam başa düşür ki, bu rəsm Manenin
"Çəmənlikdə səhər yeməyi",
Söranın "Qrand-Jatt"ı
və ya Pikassonun "Avinyon qızları" kimi
pre-modernist nailiyyətini əks
etdirən milli xəzinədir.
Qogen 1897-ci ildə
bu işə - yaradıcılığının zirvəsi olan bu əsərə başladığı zaman
acınacaqlı vəziyyətdə
idi, sifilisdən və elə bir irinli ekzemadan
əziyyət çəkirdi
ki, yerli sakinlər onu cüzamlı zənn etmişdilər. Vaxtilə bu, zəngin
yarı-perulu parisli, nəticədə bir quruşsuz səfilə çevrildi; daha da betəri, onun görmə qabiliyyəti zəifləməyə
başladı. Altı ay ərzində
rəsm çəkməyə
qadir olmadıqda, intihar edəcəyinə
and içmişdi. Ancaq
bunu etməzdən öncə Qogen son bir şah əsəri
yaratmağı qərara
almışdı və
bu əsərə özünün dediyi kimi: "bütün enerjisini qoymaq istəyirdi".
Qogen, onun saman daxmadan ibarət emalatxanasının
izin verəcəyi maksimum uzunluğa (12 fut 3 düym) çatana qədər yerli çuval bezinin uzun zolaqlarını
bir-birinə calamaqdan başladı - rəsmin nahamar, kobud fakturası bundan qaynaqlanır. Əgər Qogenə inansaq, bu isə heç
də həmişə
mümkün deyil, o, ənənəvi olaraq böyük miqyaslı işlərin tələb
etdiyi ilkin etüdlərə üz tutmadan bu mürəkkəb
kompozisiyanın eskizini
çıxarmış və rəsmi bir ay içində başa vurmuşdu. Əslində,
bu islaholunmaz mif ustası, bir il və ya daha
çox vaxt ərzində kompleks bir kompozisiya planlamaqda idi və hətta kalka üzərində mürəkkəb maket də düzəltmişdi
ki, bu da
əslində digər
eskizlərin də varlığını təsdiq
edir. 1898-ci ilin
iyununda o, hələ də tamamlayıcı ştrixləri əlavə
edirdi.
Qogen bir dostuna məktubunda izah edirdi ki,
"Biz haradan gəlirik?" Maori mifologiyası aspektində
doğum, həyat və ölüm haqqında bir meditasiyadır. Məktub
həmçinin bizə
məlumat verir:
"Sağ və solda, yuxarıda parlaq sarı ləkələr, bir freska və ya qobelenin çürüyərək
altdakı qızılı
divarı aşkara çıxaran künclərini
bildirməkçün nəzərdə
tutulmuşdu ... Sağa
doğru ... yatan bir uşaq və
üç çömbəlmiş
qadın. Bənövşəyi
geymiş iki adam bir-biriylə
fikirlərini paylaşırlar.
Çömbəlmiş böyük bir
fiqur ... qolunu yuxarı qaldırır və heyrətlə taleyi şübhə altına almağa cəsarət edən bu ikisinə baxır. Mərkəzdə kimsə meyvə
yığır ... idol, onun
əlləri sirli bir şəkildə qaldırılıb ... sanki
axirətə işarə
edir. Nəhayət, ölümə yaxın olan yaşlı bir qadın, görünür
ki, hər şeyi qəbul edir ... O, hekayəni tamamlayır!"
Qogenin bizə deyə bilmədiyi yeganə şey budur ki, mərkəzdəki meyvə toplayan və çox vaxt qadın hesab edilən fiqur,
- əslində bir
mahudur: mistik güclərinə görə
hörmət edilən
qadınsı kişi
kastalarından biri. Qogen Taitiyə çiyinlərinə
qədər uzanmış
saçlarla gəldikdə
əvvəlcə bir qrup gülüşən yerli qız onu mahu hesab
etmişdi. Saplantılı qadın düşkünü
olsa da, Qogen bu məxluqlara
valeh olmuş və bir çox
əsərlərində onları
təsvir etmişdi.
Bundan sonra isə, indi olduğu kimi əsrin sonu hermafrodit kultu ilə üst-üstə düşmüşdü.
"Biz haradan gəlirik?"-i bitirdikdən sonra, Qogen özünü
öldürmək əhdini
yerinə yetirməyə
qərar vermişdi. O, dağa
çıxdığını, böyük dozada mərgümüş qəbul
etdiyini və bədənini qarışqaların
acgözlüklə yeyəcəyi
ümidi ilə ölməyə uzandığını
iddia edirdi. Ehtimal edilir ki, mərgümüş
işə yaramamışdı;
daha böyük ehtimal isə bu idi ki,
o heç nə qəbul etməmişdi.
Sivilizasiya adlandırılan şeyin
Taitini necə korladığına nifrət
içində, Qogen primitivizmin müqəddəs
ocağını axtarmağa
davam edirdi. O, Hiva-Oa
şəhərindən təxminən
1000 mil məsafədə, Markiz
adalarında, elə bir gözəl cəhənnəmdə yerləşdi
ki, orada katolik və protestant missionerləri dənizçi
və qaçaqların
yaydığı Avropa
xəstəliklərindən məhv olmaqda olan polineziya əhalisinin ruhsal aləmi uğrunda mübarizə aparırdı.
Və burada, böyük ağrı və zillət içində, o sekvoya ağacından oyulmuş təbii ölçülü
çılpaq qadın
relyefləri və
Port Səiddə aldığı
pornoqrafik fotoşəkillər
dəsti ilə bəzədilmiş "Maison
du Jouir" ("Həzz
Evi") adını verdiyi saman daxmasında
101 il bundan əvvəl, 54 yaşında
vəfat etdi.
Ölüm anınadək Qogen artıq Paris avanqardı üçün bir əfsanə idi. Onun işlərinin
qiyməti sürətlə
artmağa başlayırdı.
Və sonra, 1919-cu ildə Somerset
Moem, Polineziya cənnətində yeni bir həyat qurmaq üçün həyat yoldaşını,
ailəsini və sərvətini qurban verən bir rəssam haqqında açar-romanını, "Ay və qara qəpik"
əsərini nəşr
etdirdi. Kitab ictimaiyyətin xəyallarını
uzun müddət məşğul etmişdi.
Dünyaca məhşur aktyor
Corc Sandersin Qogeni yerlilərə inanılmaz dərəcədə
uyğunlaşmış təkəbbürlü
ingilis kimi canlandırdığı, 1943-cü ilin film versiyası, Qogenin qəhrəmancasına
nailiyyətlərini daha
da banallaşdırmışdı.
Boston sərgisinin mükəmməl
kataloqu rekordlar qırır. Heç bir halda bu möhtəşəm, "həyatda bir dəfə olan" sərgini qaçırmayın.
İngilis dilindən tərcümə
edən: Günay Rzalı
Ədəbiyyat qəzeti.- 2018.- 28
aprel.- S.13.