Kəlbəcər ətirli
poetik misralardan...
Bakıya çiskinli havalar qədəm qoyanda yeniyetmə
və gənclik çağlarımın bəzi dönəmlərini
yaşadığım Dəli dağın ətəkləri
yadıma düşür. İstisu da, Kəlbəcər
qəsəbəsinin özü də, Qoturlu dərəsi də,
Taxta da, Ceyran düzü də eynilə bu cür olurdu.
O yerlərin bir mənzərəsi də Bakının bu
vaxtlarına çox bənzəyirdi. Oralarda lalələr boz
dumanlar içində qızarardı, Bakıda isə
axşamın toranında tıxaclara dirənmiş
saysız-hesabsız maşınların qızaran
işıqları göz oxşayır.
O yerlərdə
çiskinli havalarda adamlar ya kiminsə evinə
yığışar, ya da ki, o vaxtların darısqal, amma ki,
dağ adamlarının ürəyi kimi geniş tutumlu çayxanalara
toplaşıb sazdan, sözdən, sənətdən,
havalardan, köçünü arana yola salmış yaylaq
yerlərindən danışardılar. Ən qəribəsi və
yadımda qalan bu idi ki, dəniz səviyyəsindən iki min
metrə yaxın olan hündürlükdə yerləşən
bu yerlərin insanlarının ən az
danışdıqları söhbətlər siyasətdən
olardı. Qəribə insanlar idi Kəlbəcərin o
dövrünün insanları... Xatırladıqca
gözlərim dolur, kövrəlmiyə bilmirəm. Həm
də ona görə ki, Dəli dağın o üzünə
aşsaydın, düşərdin mənim dünyaya gəlib,
bir neçə il bəxtəvər
yaşadığım Dərələyəz obalarına.
Havası, suyu, yemliyi, cincilimi, quzuqulağı, əvəliyi,
şıppırı, yarpızı, baldırqanı, sarı
çiçəyi... Eh, nə qədər sayım? Adamın canını polad kimi bərk eləyirdi.
Bir dəfə Bakıda pis xəstələnib,
düşdüm xəstəxanaya. Həkim biləndə
ki, harada dünyaya gəlmişəm, dedi ki: "Oğul, səni
saxlayan sümüklərinə işləyən havaynan su
oldu". Bir kəlbəcərli dostum var, gənclik
illərimdə, hələ şeir yazmadığım
vaxtlarda qoşmalarına həvəslə qulaq
asdığım Əyyub. Onu Kəlbəcər
camaatı "buxalter Əyyub" kimi tanıyır.
Deyir ki: "Camaat elə bilir ki, üzümüz bərkdir
ki, ölmədik. Yox, qağa,
sümüyümüz bərkdir. Vətəndə
olsaq da, bu qəribçilik sümüklərimizi
boşaldacaq".
Çiskinli Bakı havalarında Kəlbəcəri
düşünürəm. O illərdən hafizəmdə həkk
olunmuş şair övladlarını - Bəhmən Vətənoğlunu,
Sucəyəti, Şəmil Əsgərovu, Qəmbər Şəmşir
oğlunu, Məmməd Aslanı, Əlövsət
Ağalarovu düşünürəm. Yadıma,
mənə hər zaman xoş münasibət bəsləyən
Əvəz Şükürov düşür. Ona Kəlbəcər camaatı "Deputat Əvəz"
deyərdi. Çünki kolxoz sədri
işləyəndə Azərbaycan SSR Ali Sovetinin deputatı
seçilmişdi.
Öz kübarlığı və müdrik söhbətləri
ilə məclisi ələ almaq məharətiylə
seçilən ustad sənətkar Dədə Şəmşirin
təşkil etdiyi saz-söz məclislərini
xatırlayıram. O vaxtlar nə yaşım varıdı ki, mənim? Doqquzuncu, onuncu sinifdə
oxuyan cılız, atasız qalmış bir
uşağıdım. Heyran olurdum
adlarını sadaladığım və təəssüf
ki, bəzilərinin adlarını unutduğum söz
adamlarının söhbətlərinə. Maraqla qulaq
asır, hardasa onlara bənzəmək istəyirdim...
Yenə də
bu gün, bax, bu çiskinli havada kitab rəflərimdə
olan çox saylı şeir kitablarının içərisindən
kəlbəcərli sənətkarların əsərləri
toplanmış nəşrləri yığdım yazı
masamın üstünə...
Çox
qəribədir - Kəlbəcərdə çox az adama şair deyərdilər. Əksər
hallarda aşıq deyərdilər. Dədə
Şəmşirin doğma kəndi Ağdabandan olan Qurbana
şair deyərdilər. O, gerçəkdən,
çox gözəl şair olub. Oğlu Şəmşir
aşıq kimi tanındı. Aşıq
Şəmşirin övladları sazı və sözü
çox yaxşı bilsələr də şair oldular.
Şükr ki, aşıq Şəmşirdən
xeyli söz inciləri qaldı. Əbədi düşmənlərimiz
Ağdabana və bu gözəl kənddəki şair Qurban
ocağına da od vurub yandırdılar. Yüzlərlə, minlərlə yüksək
poeziya nümunələri olan qoşmalar, gəraylılar,
müxəmməslər, bayatılar yanıb göylərə
sovruldu. Kəlbəcərin istedadlı
şair və aşıqlarının yaratdığı
incilər burdakı ürəkləri deyil, səmadakı
ulduzları isitmək üçün tüstüyə
dönüb o bənzərsiz yurdları əbədi tərk
etdilər. Şair Şəmil Əsgərovun
yaratdığı "Daş muzeyinə" qədər hər
şeyi məhv etdi xəyanətkar düşmənlərimiz.
Nələri getmədi, kimləri məhv olmadı gözəl
Kəlbəcərin!
Təəssüf ki, böyük Dədə Şəmşirin
şair oğlu Qəmbər müəllimin məndə
kitabları yoxdu. Kəlbəcərli dostum İmamverdi Cəfərov
da vəd etdi, amma gətirib çaxarmadı.
Şəmşir ocağının çox dərin
hörmətə malik olan varisi Cavid Qurbanovun kitablarını
bir daha varaqladım. Və ustad Şəmşirin o uzaq illərdə,
özü də bilmədən, mənə vermiş
olduğu ustad dərslərinin
qarşılığını ödəmək istərdim.
Mən Cavid Qurbanovun şeirlərinə yaxşı bələdəm. Şeirdən az-çox
başım çıxdığı üçün bu
yerdə böyük Türk şairi Nazim Hikmətin Azərbaycanın
mütəfəkkir alimi və şairi Mikayıl Rəfiliyə
yazdığı misraları xatırladım: "Şair ola bilərdin, Rəfili, professor oldun".
Cavid
Qurbanov şair ola bilərdi deyil,
şairdir! Eyni zamanda da dövlət adamıdır, mühəndisdir,
Millət vəkilidir.
Çox yüksək təşkilatçılıq
bacarığına malik olan bir şəxsiyyətdir. Mən də uzun illər müxtəlif vəzifələrdə
çalışdım. Amma, eyni zamanda şairliklə və
qeyri-şairliklə məşğul ola
bilmədim. Bəlkə bu, ona görədir ki,
mənim nəslimdə-kökümdə şair olmayıb.
Amma Cavid Qurbanovun şairlik mayası
çox-çox uzaq illərdən yoğrula-yoğrula gəlir.
Ona görə də Cavid Qurbanov üzərinə
düşən vəzifələrin öhdəsindən gəldikdən
sonra yorğun gözlərinin mürgüləri arasında
çox maraqlı, istiqanlı və obrazlı şeirlər
yaza bilir. Çünki Cavid müəllim möhtərəm
dövlət başçımızın uzaqgörənliklə
fərqlənən göstərişlərini uğurla yerinə
yetirdikdən sonra, Azərbaycan sərhədlərinin
hüdudlarını aşaraq "İpək yolu"nu yenidən
yaşatmaq üçün uzanan polad relslərin
üstüylə irəliləyən qatarların haralardan
keçəcəyini düşünüb, kövrələrək
deyə bilir:
Ömür
keçir pərdə-pərdə,
həsrət bizi saldı dərdə,
dağlar
qaldı Kəlbəcərdə,
dağlar
bizim dağlar deyil...
Və
kirpiklərindən sallanan göz yaşlarını silərək
uzaqlara boylanaraq, müsahibələrinin birində dediyi kimi:
"Haçansa Murovdan Kəlbəcərin Yanşaq kəndinə
dəmir yolu çəkmək istəyi"nin
tez bir zamanda gerçəkləşməsini
düşünür.
O illərdə
Kəlbəcərin və İstisuyun yolları çox
ağır və xatalı idi. Sovet dönəmiydi,
hər şey Moskvadan asılı idi. Azərbaycanın
Cavid Qurbanov kimi vətənpərvər övladları da az deyildi. Amma Azərbaycanın
öz müstəqil dövlətçiliyi yox idi.
İndi isə var! Və tarix belə istək və
arzuların həyata keçirilməsinə münbit şərait
yaratdı. Az qalır, lap bir az qalır, rədd edərik
əbədi düşmənlərimizi torpaqlarımızdan və
Cavid Qurbanovun rəhbərliyi ilə nəinki ulu Murovdan qədim
Yanşağa dəmir yolu, üstəlik İstisudan
Bulannığa da asma yol çəkilər!
Cavid Qurbanov bir püxtələşmiş şair olsa
da, özünə təxəllüs götürmədi. Varaqlayaq şair Cavidin
"Yağışlı bir gün" kitabını:
Yollar
çətin, hər döngədə tərəzi,
çoxlarının bilinməyir mərəzi,
mən
olsam da bu dünyadan narazı,
keçənləri unutmayım, neyləyim?
Şeirin dərinliyinə varaq; döngə elə bir
yerdir ki, arxasında qarşına nə çıxa biləcəyindən
xəbərin olmur. Budur döngələrin "tərəziliyi".
Və sən sanbalını, çəkini,
şəxsiyyətini elə saxlamalısan ki, zamanın tərəzisi
səni nələrəsə qurban vermiyə. Üstəlik, dünyadan narazı olsan da,
"keçənə-güzəşt" deyərək
olan pislikləri belə unutmağı bacarmalısan. Cavid Qurbanov həyatın qarşıya
atdığı xırda problemlər qarşısında
xırdalanmamağı ustad Şəmşirdən
görüb-götürüb.
Kəlbəcər
dağlarının yaylağını, payızını
görməyən adam çətin ki, belə
bir obrazlı deyilişə qələm çala bilərdi:
Ağaclar
oxuyur vida nəğməsin,
tökülən yarpaqlar qəm pıçıldayır,
meşənin yolları xəzəl içində,
ayağım altında yer xışıldayır.
Yaylaqdan
arana köç başlayıbdır,
yolları qoyunlu-quzulu payız,
mən
yaza vurğundum bir zaman, Allah,
indi
sevgilimdir qızılı payız...
Bax, budur Cavidi şair kimi kökdə saxlayan. Qayıdıram
bayaqkı fikrimə - içində payız olmasaydı, Cavid
Qurbanov belə həzin notlarda köklənmiş misralar yaza
bilməzdi. Çünki o, üzərinə qoyulmuş
dövlət tapşırıqlarını şəxsi mənafeyindən,
hətta şairlik vergisindən də üstün tutan
adamdır! Şair Cavidin içini oxudan payız həsrəti,
Vətən təəssübü, itirilmiş (hələ
ki, itirilmiş) və o torpaqlarda yaşayacaq yeni
insanlarımız üçün yeni yollar salmaq arzusudur!
Görün
şair həmin şeirin sonuncu bəndində nə deyir:
Kövrələn
yarpaqlar sarı, qızılı,
yan-yörəm saralmış güldür, çiçəkdir,
Bilməzdim
ürəyim haçansa mənim
yazı
yox, payızı gözləyəcəkdir.
Nə deyəsən buna? Şairdir də!
Şair
Cavid Qurbanovun incəsənətin bütün növlərinin
əbədi mövzusu olan məhəbbət, sevgi mövzusuna
öz münasibəti var, "Sevgi yolları" adlı
şeirində olduğu kimi:
Sahildə
göy dənizə
ürəyimi açıram.
Mən
ölümdən qorxmuram,
sənsizlikdən qaçıram...
Şair sevgini ölümdən üstün tutur,
ölümü öz sevgisiylə, vəfasını qoruyub
saxladığı sevgisiylə hədələyir.
Nə qədər
gözəldir "Yenə də sənsizlik" şeirindəki
bu misralar:
Səhər
açılmamış
yenə
də axşam düşür.
Gecənin
qaranlığında
mənim
pəncərəm üşüyür...
Yox, qaranlıq üşütmür pəncərəsini
Cavid müəllimin, içindəki həsrətin
qaranlığı üşüdür bu pəncərəni. Və əsas
budur ki, Cavid Qurbanovun əksər şeirlərində
cansız əşyalara ruh verilir, bu əşyalar həyata vəsiqə
alır. Küləyə toxunmaq olur, çeşmə
insanla adam dilində danışa bilir:
Ağacların
yarpağından
külək damcılar qoparır.
Elə
bil ki, yağan yağış
mənim
könlümü suvarır.
Ruhum
dağda, özüm burda,
bu şəhərin
dağları yox.
Külək
gəzən, külək qovan
toz-torpaqlı bağları çox...
Çox yaza bilərdim, şair dostum, qələm
yoldaşım, ulularına qəlbən bağlı
olduğum şair qardaşım Cavid Qurbanovun
yaradıcılığından. Əgər qələm
adamı şairdirsə, onun şairliyini sübuta yetirməyə
nə ehtiyac var?!
Məni çox kövrəldən
aşağıdakı misralardan yazdıqlarıma son nöqtəni
həkk etməzdən qabaq, şair qardaşıma Azərbaycan
naminə, onun çiçəklənməsi naminə öz
polad iradəsi ilə polad yolların salınmasında
uğurlar diləyirəm. Ən pis iş
insanın öz böyükləri qarşısında
üzü qara olmasıdır. Hesab edirəm ki,
(və təkcə mən deyiləm belə düşünən)
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin
sədri Cavid Qurbanovun həm öz vicdanı, həm də Vətəni
qarşısında üzüağdır. Çünki Kəlbəcər dağları öz
insanlarını saflığa, dözümlülüyə
öyrədib.
Cavid
Qurbanov ona görə Bakıda vicdanla çalışa bilir
ki, adsız bir şeirində yazdığı kimi:
Payız
axşamında meşə sakit, lal,
deyəsən meşənin yuxusu gəlir.
Buralar bənzəyir
bizim yerlərə,
bu yerdən
Kəlbəcər qoxusu gəlir...
Doğma qoxudur Kəlbəcər qoxusu, yeniyetmə
çağlarımdan sevdiyim Kəlbəcərin qoxusu. Şair Cavid Qurbanovun
şeirlərindən Kəlbəcər meşələrinin
təmiz nəfəsi, dumduru çeşmələrinin şəfalı
sularının sərinliyi, qışda belə isti olan
arı pətəklərinin dadlı, şirin, ballı ətri
gəlir...
Böyük
rus şairi N.A.Nekrasovun belə misraları var: "Savaşlar
qoymurdu şair olmağa, nəğmələr savaşdan
saxladı məni..."
Daşlı-kəsəkli, dərəli-təpəli,
uçurumlu-sıldırımlı yerlərlə yollar
çəkilir, dəmir yolları salınır. Cavid Qurbanov bu
yollarla gah pay-piyada, gah isti və sərin vaqonlarda gedə-gedə
haçansa Murovun ətəklərindən ulu Kəlbəcərin
Yanşaq kəndinə çəkmək istədiyi dəmir
yolları düşünür. Çox
güman ki, bu yazını oxuduqdan sonra o, İstisudan
Bulanlığa quş kimi uça-uça gələn asma
yolun xırda vaqonlarını düşünəcək.
Uğurlar
Sizə, şair və mühəndis Cavid Qurbanov.
Həmin
bu vaqonlarda Kəlbəcər torpaqlarında görüşmək
arzusu ilə,
23.04.2018
Vahid ƏZİZ
Ədəbiyyat qəzeti.- 2018.- 28
aprel.- S.14-15