Azərbaycan şeirinin qərib səhifələri
III məqalə
3. Xorasanlı Xoca Dehhani
Azərbaycan
oxucusuna adı yalnız Türkiyə ədəbiyyatının
nümayəndəsi kimi tanış olan, təqribən 100 il
boyunca azsaylı irsi ilə tədqiqat obyekti olan Xoca Dehhaninin
şəxsiyyəti və yaradıcılığı barədə
bəhsə başlamamışdan öncə bu problemin
kökündə duran Xorasanda yaranan oğuz ədəbiyyatı
və onun Azərbaycanla əlaqəsinin tarixinə ümumi
şəkildə bir ekskurs etməyə ehtiyac vardır.
Xorasan
bölgəsində yaranan ilk oğuz ədəbiyyatı
örnəkləri, dil xüsusiyyətləri və nümayəndələrinin
Azərbaycan türkcəsi ilə bağlılığı,
ilk dövrlərdə həmin nümunələrdə Şərq
və Qərb ədəbi türkcələrinin bəzi
müştərək ləhcə özəlliklərinin
tarixi-siyasi proseslərdən qaynaqlanan səbəbləri indiyədək
elmi-nəzəri təhlilini tapmamış və bu ədəbi
təzahürlər Azərbaycan ədəbiyyatı kontekstində
öyrənilməmişdir. Halbuki tanınmış
dilçi alim Zeynəb Qorxmazın tədqiqatlarında faktiki material əsasında
Türküstandan Xorasana oğuz tayfalarının gəlişinin
səbəbləri, o cümlədən monqol
istilasının nəticəsi olaraq onların kütləvi
köçü və bu ərazidə sıxlıqla məskunlaşması
məsələləri elmi dəyərini almışdır.
Bu görkəmli dilçi alimə istinadən bir sıra
araşdırmalarda həmin proses dönə-dönə
vurğulansa da, Qərb türkcəsində ilk əsərlərin
bu bölgədə, yəni Xorasanda yarandığı xüsusi
araşdırılmamış və diqqət daha çox həmin
şairlərin bu bölgədən ayrıldıqdan sonra
bağlandıqları dövlətlərdəki fəaliyyətə
yönəldilmişdir. Xüsusilə Türkiyədə qələmə
alınmış çoxsaylı tədqiqat əsərlərində
Anadoluda ilk Qərb türkcəsində ədəbi əsər
yaradan müəlliflərin - Əhməd Fəqih, Dehhani və
digərlərinin Xorasandan Anadoluya getdikləri və türk
dilində ədəbiyyatın yaranmasında göstərdikləri
xidmət barədə məlumat verilir. Əslində
olduqca həssas olan bu məsələ dəqiq, uzunmüddətli
və təfərrüatlı tədqiqə möhtacdır.
Xorasan ərazisi və çevrəsinin orta
çağda oğuz türkcəsində ilk ədəbi
nümunələrin yaranması üçün münbit bir
zəminə malik olması, Azərbaycan türkcəsində
ilk poetik əsərlərin bu coğrafiya ilə
bağlılığının səbəbləri bir
sıra elm sahələrinin (siyasi tarix, dil tarixi, ədəbiyyat
tarixi və s.) əlaqəli şəkildə öyrənəcəyi
bir məsələdir. Bu problemə Azərbaycan
tədqiqatçıları Türkiyə və İran alimləri
ilə qarşılıqlı fikir mübadilələri,
obyektiv elmi müzakirələr vasitəsilə
aydınlıq gətirə bilərlər. Biz burada
mürəkkəb xarakterli bu proseslərin bir parçası
olaraq gördüyümüz Xoca Dehhaninin anadilli
yaradıcılığı ilə bağlı bir sıra məsələlərə
aydınlıq gətirməyə, onun və bəzi həmvətənlərinin Azərbaycan
ədəbiyyat tarixində də yeri ola biləcəyinə
işıq tutmağa çalışacağıq.
Burada belə
bir sual və müqayisə ilə problemə baxış
bucağımızı açıqlamaq istəyirik: necə
olur ki, əslən Azərbaycandan olduğu, bəzən
özü deyil, atası və ya babası Azərbaycan
doğumlu olan ərəbdilli məvali şairlərin Azərbaycan
şairi olmasını qəbul edərək, rəğbətlə
öyrənirik, lakin Xorasan və İran boyunca müxtəlif
bölgələrdə məskunlaşan qələm əhlinin
anadilli ədəbi əsərlərinə sahib çıxmırıq? Halbuki müqayisəmiz həmin şairlərin dilində
qabarıq olan təzahürün oğuz - Azərbaycan
türkcəsi olduğunu və Şərq türkcəsinin təsirinin
bəzi dil elementləri səviyyəsində
mövcudluğunu göstərdi. Həmin
dövrdə bu tərzdə müştərəklik qədim
özbək dilində qələmə alınmış əsərlərdə
oğuz türkcəsinin leksik vahidlərinin işlənməsində
də bariz görünür. Bunun nümunələrini
biz Hafiz Xarəzmi, Ətayi və digər Nəvaiyəqədərki
cığatay şeirində görə bilirik.
Qeyd etməliyik ki, Orta əsrlər Azərbaycan ədəbiyyatının
öyrənilməsi prosesində ciddi və təcrübəli
tədqiqatçılar belə çətinliklə üzləşirlər.
Orta çağ dövlətlərinin müasir dövrdən
fərqli bölgü
və sərhədləri, həmin sədlərin
hüdudlu çərçivəsini aşan dil və milli
baxımından mənsubiyyətlər, ədəbi-milli dilin
daşıyıcıları və bugünümüzə
ötürülməsində əvəzsiz xidmətləri
olan şairlərin çeşidli səbəblərdən
yaşamağa vadar olduqları mühacir həyatı və
s. bu və ya digər Azərbaycan şairinin elmi tərcümeyi-halının
dəqiqləşdirilməsində ortaya problemlər
çıxarır. Bu mənada Azərbaycan
şeirinin coğrafi sərhədlərini və daha ilkin
dövrlərin, xüsusilə XIII-XV əsrlər ədəbiyyatının
dil xüsusiyyətlərini müəyyənləşdirərkən
bir sıra spesifik xarakterli məsələləri də həll
etmək zərurəti yaranır. Belə
problemlərdən biri də orta çağ Azərbaycan ədəbiyyatının
ilk nümunələrinin tədqiqində üzə
çıxır və təəssüf ki, indiyədək
oğuz türkcəsinin ilk ədəbi nümunələrinin
yaradıcılarının Xorasan və çevrəsi ilə
bağlılığı və bunun mümkün səbəbləri
araşdırılmamışdır. Ümumiyyətlə,
orta çağ Xorasan bölgəsi türkcəsinin
bugünkü varislərinin kimliyinin müəyyən
olunmaması Azərbaycan ədəbiyyatı tarixində indiyədək
diqqət yetirilməyən bir boşluq
yaratmışdır... Halbuki, istər Azərbaycan,
istərsə də Türkiyə ədəbi dilinin ilk
örnəklərinin yaradıcıları Xorasan bölgəsindəndir.
Tarixən də, bu gün də Azərbaycan adlanmayan bu
torpaqlarda yetişən şairlərin ana dilinin Azərbaycan
türkcəsində olduğu bu günün baxış
bucağından təəccüb doğura bilər, lakin
Oğuz tayfalarının Xarəzm, Xorasan, Azərbaycan və
Anadolu xətti üzrə köçü və axını
barədə siyasi tarix, eləcə də dil və ədəbiyyat
tarixlərində yazılanları oxuduqda artıq təsəvvür
dəyişir... Bunu da vurğulamalıyıq ki, "Azərbaycan
türkcəsində yaranan ədəbi örnəklər"
deyərkən Azərbaycanı coğrafi hüdud və ya
siyasi-inzibati bölgüyə malik bir ölkənin deyil, bir
çox özəllikləri olan və geniş coğrafiyada
işlənən bir dilin adı olaraq nəzərdə
tuturuq.
Problemin köklü şəkildə öyrənilməməsi
isə indiyədək bir sıra yanlış nəticə və
qənaətlərə yol açmışdır. Bir çox
araşdırmalarda Əcəm, konkret olaraq, Xorasandan Anadoluya
gedən şairlərin türkcə
yaradıcılığı, onların türkcə
yazmağa başlaması Anadolu mühiti ilə əlaqələndirilir.
Bir sıra tədqiqat əsərlərində, xüsusilə
Türkiyədə yazılan araşdırmalarda təkcə
Xoca Dehhani deyil, Nəsimi, Rəfii və digərlərinin ana
dilində yazmasının səbəbi kimi onların Anadoluya
gedişləri və oradakı mühitin anadilli ədəbi
fəaliyyət üçün əlverişli olması
bildirilir. Halbuki nə yuxarıda xatırlatdığımız şairlərin, nə də
Əlvan Şirazi, Şəms Şirvani və digər
şairlərin dili sonradan öyrənilən dil deyil, ana dili
olaraq, təbii, səmimi və canlı bir dildir. Bu mənada, zənnimizcə, vurğulanması
lazım gələn məsələ Anadolu bəyliklərində
türkcə şeirin inkişafına münbit zəminin
olması, ana dilində yazıb-yaradan şairlərin orada
himayə olunmasıdır. Xorasan və
Əcəmdən gedən şairlərin həmin səfərlərə
qədər hansı dildə yazıb-yaratdıqlarının
faktiki material əsasında tədqiqi və bu bölgədə
oğuz ədəbiyyatının yaranma səbəbinin təfərrüatlı
araşdırılması isə bu məsələni
aydınlığa qovuşdura, natamam və təhrifli
düşüncələrin qarşısını ala bilər.
Məqalənin
birinci hissəsində qeyd etdiyimiz kimi, eyni bölgənin
şairi olan Həsənoğlunun Azərbaycan, Xoca Dehhaninin isə
Türkiyə ədəbiyyatının təməlini qoyan
şairlər kimi tədqiqata cəlb olunmasına indiyədək
müqayisəli şəkildə diqqət yetirilməmişdir.
Xorasandan olması öz əsərində ifadəsini
tapan Xoca Dehhaninin ədəbi fəaliyyətinin Türkiyə
ilə əlaqəli olması onun bu ədəbiyyatda ilk
dünyəvi şair, türk ədəbiyyatına İran
şeiri ənənələrini gətirən ilk şair kimi
öyrənilməsinə də səbəb olmuşdur.
Lakin artıq istedadlı tədqiqatçılar
Ersen Ersoy və Ümran Ayın birgə nəşr etdirdikləri
Xoca Dehhani divanı (Hoca Dehhani Divanı. Hazırlayanlar:
Ersen Ersoy, Ümran Ay, Ankara: Türkiye Bilimler Akademisi, 2017) onun
Həsənoğlunun müasiri deyil, XIV yüzillik şairlərindən
olduğunu üzə çıxardı. Bu mənada
Anadolu divan şeirinin ilk təməlini qoyan statusunu itirsə
də, bu söz ustasının orta çağ divan
şeirində xüsusi bir yerinin olmasını onun nisbətən
çoxsaylı ədəbi mirasının üzə
çıxarılması, eləcə də həmin əsərlərinin poetik və
dil-üslub xüsusiyyətləri faktiki material olaraq təsdiqlədi.
Artıq
Xoca Dehhaninin XIII deyil, XIV əsr şairlərindən
olması ilə bağlı elmi qənaət formalaşsa da,
onun ədəbi şəxsiyyəti və yetişdiyi
mühit, Anadoluda hansı bəyliklərdə fəaliyyəti
və s. kimi sualların dəqiq cavabı təfərrüatlı
tədqiqata möhtacdır. Biz bu məqalədə
həmin problemlərin müqayisəli-tarixi metodla tədqiqinə
çalışdıq.
Şair
haqqında orta çağ təzkirə müəllifləri
məlumat vermədiyi, son illərədək divanından yalnız bir neçə
şeir nümunəsi məlum olduğu üçün indiyədək
onun haqqında söylənilənlər daha çox təxəyyülün
məhsulu kimi dəyərləndirilə bilər. Bu yanlışlıqların başlıca
qaynağı isə Şikarinin (XVI) olduqca mübahisəli
fikirlərinin yer aldığı "Qaramannamə" əsərində
şairin Səlcuqi I Əlaəddinin sifarişi ilə farsca
"Şahnamə" yazmağa başlaması və əsəri
bitirmədən vəfat etməsi barədə bəhsidir.
Keçən yüzillikdə bu mülahizəni möhkəmləndirmək
niyyəti ilə şairin bir qəsidəsində yer alan "əlayi-din" ifadəsini işlətməsinə
də sıx-sıx istinad edilmişdir. Halbuki həmin qəsidənin
yer aldığı Ömər bin Məzidin "Məcmüətün-nəzair"
adlı nəzirələr toplusunun digər nüsxəsində
misra fərqli
biçimdədir
("Şahənşahi-fələk-rifət, əlayi-bir
dinül-dünya çün...") və bu beytdə, eləcə
də sonrakı iki misrada ("Əli vardur əgər hər
kim görə zahir dilər isə // Əli gibi göz
açub gör cahanda Şiri-mərdanı") ön planda
olan dünyəvi məmduhun deyil, kafirləri məhv edən
hz. Əlinin yüksək epitetlərlə mədhidir.
Göründüyü kimi, kontekstdən ayrılmış
"əlayi-din" ifadəsi ətrafında olan mülahizələr
və beytdə Əlaəddin adlı bəylərdən
birinin mədh olunması düşüncəsi təqribən
100 il boyunca müxtəlif yozum, təkrar və
yanlışlara yol açmışdır.
Türkiyə ədəbiyyatşünaslarının da
qeyd etdiyi kimi, Dehhanini ədəbiyyata qazandıran şəxs
görkəmli alim M.F.Köprülü olmuşdur. "Onun şeirlərindəki
dilin Yunus və Əhmədi-Fəqihə bənzəmədiyi"ni bildirən alim (M.F.Köprülü-zade
Selçukiler Devrinde Anadolu şairleri: Hoca Dehhani. // Hayat,
Sayı 1, Kanun-i evvel, 1926, s. 4-5) bu fərqliliyin
qaynağını onun dilində İran ədəbiyyatının
təsiri kimi dəyərləndirilən elementlərdə
görür. Amma son illərdə üzə
çıxarılan Xoca Dehhani divanı bu məsələyə
bir aydınlıq gətirdi: zaman etibarilə o iki şairdən
sonra yaşayan Dehhani və yaradıcılığı
anadilli ədəbiyyatın daha sonrakı inkişaf mərhələsinə
aid olduğu üçün dil fərqliliyinin olması təbii
bir ədəbi təzahürdür.
Əsərləri
əsasında Dehhaninin uzun bir ömür
sürdüyünü müəyyənləşdirən tədqiqatçılar
şairin təqribən XIV əsrin sonunda vəfat etməsi
faktına istinadla doğum tarixinin XIV əsrin I rübünə təsadüf etdiyi qənaətinə
gəlmişlər. (Ersen Ersoy - Ümran Ay. Hoca
Dehhani hakkında yeni bilgiler. // Divan Edebiyatı
Araştırmaları Dergisi, Sayı: 15, İstanbul, 2015, s.
11). Bu mülahizələrə tədqiqatçı
alim Günay Kutun Şeyxoğlunun (ö. 1414) "Kənzül-kübəra
və məhəkkül-üləma" (1401) adlı əsərindəki
qeydi əsasında verdiyi təhlil də yardımçı
olmuşdur. Araşdırıcı qaynaqdakı: "Nicə
ki mərhum Xoca Dehhani eydür. Beyt: Bənəm
ol hümayi-dövlət ki, bu aşiyana gəldüm" ifadəsinə
istinadən şairin XIV əsrin sonralarında vəfat etməsini
nəzərə çatdırmışdır. Burada
haşiyə çıxaraq, Dehhaninin sonuncu misrasının Xətainin
məşhur: "Mən ol şəhbazi-kuhsarəm, baş əyməm
qülleyi-Qafə // Neçə ənqa kimi yavru uçurdum
aşiyanimdə" beyti ilə assosiasiya doğurduğunu və
bu səsləşmənin təsadüf
olmayacağını da vurğulamaq istərdik.
Dehhaninin
özü Xorasandan olduğunu həsrət və nisgili
açıq duyulan aşağıdakı beytində dilə
gətirir:
Üz
urub tapuna gəldi, icazət ver ana, şəha
Ki, yenə dövlətində bən görəm
mülki-Xorasani.
Şairin vətəninə dönüş
üçün hökmdardan bu tərzdə icazə istəməsi
onun saraya müəyyən bağlılığının
olmasını, bəlkə də müəyyən bir vəzifəyə
təyin olduğu üçün iznə ehtiyacı
olduğunu göstərir.
Dehhaninin
adının əvvəlində gələn "Xoca"
epitetinin əslinin "Xacə" ola biləcəyi
tarixilik baxımından daha doğru görünür. Zamanla anlamları qovuşan və biri digərinin
yerində işlənən "xoca" və "xacə"
ifadələrinin anlam yükü fərqli olmuşdur.
"Xoca" daha çox müəllim, tərbiyəçi,
sahib və s. kimi anlamları daşıdığı halda, tədqiqatlarda
"xacə"nin seyid, şərif kimi
imamların nəslindən gələnlərə deyilməsi
barədə mülahizələrə rast gəlirik. Onu da qeyd etmək istərdik
ki, bu gün Xoca Nəsrəddin (Molla Nəsrəddin) şəklində
işlənən məşhur ad belə Anadoluda yazıya
alınmış orta çağ qaynaqlarında Xacə Nəsrəddin
şəklində yer alır.
Şairin təxəllüsü tədqiqatlarda "ətriyyatçı"
və "nəqqaş" kimi mənalarla əlaqələndirilsə
də, bu məsələ xüsusi tədqiqə
möhtacdır. Belə ki, şair öz təxəllüsünü bəzən
"dəhan", "söz" və yaxın mənalı
ifadələrlə assosiasiya içində sıx-sıx
istifadə edir. Bir örnək verməklə kifayətlənirik:
Söziylə
gərçi Dehhani gövhər kanıdurur illa,
Zər
oldı işi, çün verdi
gönül sən sim simaya.
Tanınmış dilçi alim G.Kut hətta
"Nolaydı?" rədifli şeiri üzə
çıxardığı məcmuədə şairin təxəllüsünün
"Dəhani" şəklində hərəkələndiyini
bildirir.
(Günay Kut. Yazmalar Arasında-II // Osmanlı
Araştırmaları, VII-VIII, İstanbul, 1988, s. 183).
Qeyd etməliyik
ki, həm Həsənoğlu, həm Dehhaninin şeir dilində
iki üslub müşahidə olunur: bunların biri, əsasən,
sonrakı dövr klassik şeirimizdə müşahidə
olunan ərəb-fars sözləri ilə əruzu təmin
olunmuş bir dildir, digəri xalq şeirinin oynaq tərzinin
divan ədəbiyyatına tətbiqi ilə yaradılan və "Kitabi-Dədə
Qorqud" dastanlarının dilini xatırladan bir üslubdur. Hər iki şairin yeri gəldikcə bu
üslublardan birinə üstünlük verdiyi nəzərə
çarpır.
Dehhaninin
dili və üslubunda onun kimi xorasanlı olan Həsənoğlunun
yazı və deyiş tərzi ilə yaxından səsləşməni
görmək mümkündür:
Əcəb
bilsəm bəni şeyda qılan kim?
Bana bu
eşq odın peyda qılan kim?
Əcəblərəm
əcəb qaldum, ilahi,
İman əhlin
dutub tərsa qılan kim?..
Dehhani:
Əcəb bu dərdümün dərmanı yoxmı?
Ya bu səbr etməgün oranı yoxmı?
Yanaram
mumləyin başdan ayağa,
Nədür bu, yanmağun payanı yoxmı?
Dəlübdür
cigərümi qəmzən oxı,
Ara yürəkdə, gör, peykanı yoxmı?
Gülər
düşmən bənüm ağladığıma,
Əcəb şol kafirün imanı yoxmı?
Gözi xənçərlərin
boynuma çaldı,
Əcəb ol
zalimün imanı yoxmı?
...Bəgüm,
Dəhhaniyə ölməzdin öndin
Tapuna irməğə
imkanı yoxmı?
Həsənoğlunun ilk iki beytini, Dehhaninin isə
ixtisarla verdiyimiz qəzəllərinin, göründüyü
kimi, dil-üslub özəlliklərinin
yaxınlığını sübut etmək
üçün xüsusi və təfərrüatlı təhlilə
belə ehtiyac yoxdur.
Ömər
bin Məzidin "Məcmüətün-nəzair"ində
Dehhaninin bu şeirinə Əhmədinin və toplunun tərtibçisinin
nəzirələri qələmə alınmışdır.
Əhmədinin nəzirə şeirində
("Əcəb bu möhnətün payanı yoxmı?
// Bana bir rahatun imkanı yoxmı?") Dehhaninin qafiyə
sözlərindən bir neçəsini istifadəsi onun
çağdaşının bu şeirini çox bəyəndiyini
göstərir.
Şairin
məqtə beytində yer alan "ölməzdin
öndin" kimi Şərq türkcəsində ifadə,
çox güman ki, bölgənin ləhcə xüsusiyyətlərindən
irəli gəlir. Eyni xüsusiyyəti Qənbəroğlu
şeirində də müşahidə etmişdik, məsələn,
şair bir qəzəlində "bəni" deyil,
"bini" şəklində ifadəyə
üstünlük vermişdi.
Xoca Dehhaninin dili Həsənoğlu və Nəsiminin
dili arasında keçid mərhələsi kimi dəyərləndirilə
bilər.
Şairin dili öncəki yüzilliklərə nisbətən
ərəb və fars sözləri ilə yüklü
görünsə də, Əhmədi, Nəsimi və
Şeyxi kimi çağdaşı şairlərlə
müqayisədə daha sadə və türk sözlərinin
üstünlüyü ilə yazılması baxımından
seçilir. Onun bir çox spesifik cəhətləri
olan dilində mürəkkəb izafət tərkiblərinin
azlığı da diqqətimizi cəlb etdi. Tədqiqatçıların da qeyd etdiyi kimi,
"Xoca Dehhaninin türkcəsi olduqca sadə, işlək və
səmimi bir türkcədir. Ərəbcə
və farsca tərkiblər yox deyiləcək qədər
azdır. 106 mənzumədən 28 dənəsi heca vəzninin
11-lik ölçüsünə uyğun gələn qısa
qəliblərlə yazılmışdır... Dili gündəlik
danışıq dilinin zəngin ifadələri ilə bəzənmişdir:
"Ayruğa deməzəm, eşid, axir sana derəm",
"halal ola qara qanum gözün qarasına",
..."ayağın tozına fəda
olsun", "odur aşıq ki bilməz bunı,
anı", "qullarından xəta, kərəm səndən"..."
(Ersen Ersoy - Ümran Ay. Hoca Dehhani hakkında yeni
bilgiler, s. 14-15). Şairin dilində istifadə olunan
"əlüni özindən yumaq", "göz qara
qılmaq", "işinə gireh salmaq", "qıya
baxmaq", "turaq tutmaq", "kitab tutmaq",
"eşitməzə urmaq" (Yenə orada, s. 15) kimi frazeologizmlərin
bir qismini türkiyəli həmkarlarımız arxaikləşmiş
("artık söyleyişten kalkmış") kimi qeyd etsələr
də, bunlardan bəzisi dialektlər və ya ədəbi
dilimizdə işlənməkdədir: "işinə
düyün (gireh) düşmək", "qıya
baxmaq", "eşitməzliyə vurmaq", "yanıb
yaxılmaq" və s. Bir nümunəyə nəzər
salaq:
Dehhani,
müdam olsa bu məşuq mühibbi,
Yanub yaxılub eyləməsə zar, nolaydı?
Burada bir
cəhəti də vurğulamaq istərdik ki, XIII-XV əsrlər
Azərbaycan şairləri Azərbaycan türkcəsinin bəzi
xüsusiyyətlərini kalka yolu ilə fars
dilindəki ədəbi məhsullarına nəql edə və
ya ana dilinin sözlüyündən bəzi kəlmələri
olduğu kimi farsdilli poetik mətnə yerləşdirdikləri
kimi, türk coğrafiyasının hansı bölgəsində
yaşamasından asılı olmayaraq, ana dilinin bir sıra ləhcə
xüsusiyyətlərini də qorumuşlar.
Əsərlərinin
dil özəllikləri əsasında belə bir qənaətə
gəldik ki, Dehhani eyni kəlmələri təkrara, onlar vasitəsilə
məna və üslub
çalarları yaratmağa meyilli bir şairdir. Bəzən
isə şair eyni bir anlamın fərqli ifadə şəkillərinə
üstünlük verərək, şeiriyyətinə fərdi
sima qazandıra bilmişdir:
Xətü
xalü saçun görüb gönül sevdasına
düşmiş,
Zi mişkin göz qara idüb nə düşdi bunca
sevdaya.
"Xətt", "xal" və "saç" üçlüyü qarşısında şair "qara" epitetini sinonim kimi nəzərdə tutduğu üç söz ("mişkin", "qara" və "sevda") ilə ifadə edərək, rəng eyniyyətinə diqqəti yönəldir və sənətkarlıq örnəyi olan bu maraqlı beyt həm ləffü nəşr, həm də təfriqü cəm poetik fiqurlarının xüsusiyyətlərinə malikdir.
Səadət
ŞIXIYEVA
Ədəbiyyat qəzeti.- 2018.- 28 aprel.- S.26-27.