Hər tale bir kitabdır
Ali
Kafkasyalının “Kafkas koçakları” kitabı
haqqında
Ali Kafkasyalı Türkiyədə doğulub, orada
boya-başa çatıb, orada təhsil alıb. Zəngin tərcümeyi-halı
var, bir müddət Fransada çalışıb. Hazırda Ərzurum Atatürk Universitetinin
professorudur. Bu yaxınlarda Ankarada nəşr etdirdiyi "Kafkas
koçaqları" romanı isə sırf Azərbaycan ədəbiyyatının
faktı hesab edilə bilər.
Ali bəyin atası, eyni zamanda romanın əsas qəhrəmanı
Aloy Hacı Qazax rayonunun İkinci Şıxlı kəndindəndir. 1921-ci ildə Sovet hökumətindən
qaçaq düşüb, ömrünün sonuna qədər
hökumətə tabe olmayıb, onunla eyni taleyi
bölüşən qaçaq dəstəsi ilə bərabər
Türkiyəyə keçib, mərkəzdən uzaq Qars əyalətində
məskunlaşıb, ailə qurub, oğul-uşaq sahibi olub.
Ali bəyin
sənədli roman kimi təqdim etdiyi "Kafkas
koçaqları" müəllifin atasından dönə-dönə
eşitdiyi, gözünü dünyaya açandan
yaddaşına köçürdüyü həyat hekayələri
üzərində qurulub. Qeyri-adi bir tale
nağılı olan romanda təsvir edilən yerlərin bəzilərini
Ali bəy yalnız 1987-ci ildə, "peresrtoyka" vaxtı
Azərbaycana gələndə görə bilmişdi. O
vaxta qədərsə atasının tale nağılından
keçən insanların kimliklərini, xarakterlərini, orada
təsvir olunan yerləri öz təxminləri ilə təsəvvüründə
yaratmış, öz yaddaş nağılını
yaratmışdı və bu romanın strukturunda diqqəti cəlb
edən əsas keyfiyyət də yaddaşın
nağılı olmasıdır...
Uşaqlıqdan bəzi epizodlarını eynilə, bəzilərini
də fərqli şəkildə eşitdiyim bu nağıl mənə
də çox yaxın və doğmadır. Sovet hakimiyyəti qurulanda
Aloy Hacı ilə bərabər silaha sarılıb "tərki-vətən"
olanlardan ikisi - Gülalıoğlu Aslan və
Gülalıoğlu Əmrah mənim
qohumlarımdır: Aslan, ata nənəmin dayısı,
Əmrah isə əmisi oğludur. Bu qohumluq sonradan atamın
ata nəslinin başına bəla gətirmiş, dağda
"qaçaqlara çörək verdiyinə görə"
adı mənə qoyulan Məti babamın ömürlük
gedər-gəlməzə göndərilməsi, ailəninsə
"səsinin alınması" - bütün vətəndaşlıq
hüquqlarından məhrum edilməsi ilə nəticələnmişdi...
Aslan və
Əmrah Gülalıoğullarının əsərin baş
qəhrəmanı Aloy Hacının silah yoldaşları kimi
təqdim edildiyi roman sadəcə bir ailənin, bir qrup
insanın tarixinə deyil, xalqımızın tarixinin
çox mühüm məqamlarına güzgü tutan ciddi ədəbiyyat
hadisəsidir. Romanı hadisəyə çevirən
başlıca keyfiyyət isə əsərin
yazılış üslubu, oradakı insanların və hadisələrin
təqdimat tərzidir. "Kafkas koçakları" ənənəvi
yazılı ədəbiyyat texnikasından daha çox
söyləmə, nağıletmə texnikasına əsaslanır
və keçmiş aşıqların günlərlə
davam edən "qara nağılı" kimi oxucunun diqqətini
sona qədər öz arxasınca aparır, mətndən
yayınmağa qoymur. Çünki romanın təsir
gücü sadəcə bir insanın başına gələn
macəralarla məhdudlaşmır. Müəllif
bizi sanki at üstündə həmin hadisələrin
bağlı olduğu tarixi epoxanın içindən
keçirir. Romanda təxəyyül məhsulu
olan, yaddaş nağılına sonradan daxil edilmiş hadisələr
(məsələn, Şərif Şikəstənin yük
qatarında sürgünə göndərilməsi və ya
dedektiv elementləri ilə qələmə alınmış
minbaşı Qəhrəman Paşanın Tiflisdən
qaçırılması kimi) də dastan, şifahi nitq
estetikasını pozmur, ümumi strukturla bütövlük təşkil
edir.
Əslində, ədəbiyyatımızda 1920-30-cu illəri
əhatə edən dramatik epoxa barədə xeyli əsərlər
yazılıb.
Bunların arasında Səməd Vurğunun "Komsomol
poeması", İsmayıl Şıxlının
"Ölən dünyam", Fərman Kərimzadənin
"Qarlı aşırım" kimi ədəbiyyatımızın
klassikasına çevrilmiş maraqlı nümunələr də
var. "Kafkas koçakları" romanında isə tarixi
proseslərə baxış xeyli fərqlidir.
O da
maraqlıdır ki, Azərbaycan romanlarında ölkəmizin
Gürcüstan və Ermənistanla sərhədində yerləşən
İkinci Şıxlı kəndinin özünəməxsus
yeri və obrazı vardır. Kəndin tarixini
romana ilk dəfə Mehdi Hüseyn gətirmişdi. Bu kənddə doğulmuş M.Hüseynin 1933-cü
ildə qələmə aldığı
"Daşqın" romanında Azərbaycanı və
Borçalını bürümüş vətəndaş
müharibəsinin qanlı ünvanlarından biri kimi
İkinci Şıxlı seçilmişdi. Ədibin bir
qədər sonra - 1936-37-ci illərdə yazdığı
kolxoz quruculuğunu əks etdirən "Tərlan"
romanında da məkan İkinci Şıxlı kəndidir
(yeri gəlmişkən, bu əsərdə də
Gülalıoğlu obrazı var: inamsızlıqla
yanaşdığı kolxoza ziyan vurur, "sinfi düşmənlərin"
dəyirmanına su tökür). İsmayıl
Şıxlının 1960-cı illərin əvvəllərində
nəşr etdirdiyi "Dəli Kür" romanında bu kənd
Göytəpə adı ilə bəylik, zadəganlıq zəmanəsinin
və əxlaqının "qırılma məkanı"
kimi göstərilib. İsmayıl
Şıxlının ömrünün sonunda qələmə
aldığı "Ölən dünyam"ın məkanı
da İkinci Şıxlıdır... Bunlar, məncə,
təsadüf deyil. Ölkənin Qərb
qapısı olan İkinci Şıxlı kəndi hələ
XIX əsrdə Rusiya imperiyası üçün Qafqazda
xristian dünyası ilə müsəlman dünyası
arasında astana idi. Azərbaycan müstəqillik
qazandığı ilk illərdə gürcü menşeviklərinin
torpaq iddialarının, talançı hücumlarının hədəflərindən
biri sərhəddəki Şıxlı kəndi olmuşdu.
1918-ci ildə yeni qurulmuş Azərbaycan Cümhuriyyətinə
yardıma gələn Türk İslam Ordusunun ölkəmizdəki xilaskarlıq
yürüşü bu kənddən başlamışdı.
Nəhayət, 1921-ci ilin fevralında bolşeviklər
Gürcüstan üzərinə İkinci Şıxlı kəndindən
basqına keçmişdilər... Bütün bunlar yüz
illər boyu öz təbii stixiyası ilə yaşayan kəndin
həyatının axarını, sözün həqiqi mənasında,
"daşırmış", tarixinin gedişini yerindən
oynatmış, bu kiçik məkan zamanın yaddaşında
"yığılmış enerjiyə"
çevirmişdi.
Mehdi Hüseyn "Daşqın" romanında
İkinci Şıxlı kəndinin başından keçənləri
bolşevik inqilabı və vətəndaş müharibəsi
kontekstində göstərməyə
çalışmışdı. Mənə elə gəlir ki, 24
yaşlı müəllifin "Daşqın"
romanındakı ən böyük bədii (eləcə də
tarixi) yanlışlıq bunda idi: müəllif təhkiyənin
istiqamətini baş verən hadisələrin içindəki
insanın taleyinə deyil, bolşevik inqilabına, siniflər
arasındakı mübarizəyə yönəltməyə
çalışmışdı: özü də həmin
inqilabın nəzəriyyəçilərinin mövqeyindən.
Burada təqdim edilən və həyatdan daha çox inqilab
"nəzəriyyəsindən" gələn insanlar
tarixin onların üzərinə qoyduğu missiyanın deyil,
hakim ideologiyanın buyruğunun daşıyıcları kimi təqdim
edilmişdilər...
Sovet ədəbiyyatında bolşevik inqilabı və vətəndaş
müharibəsi mövzusunda əsər yazmaq ənənəsi
Mixail Şoloxovun "Sakit Don" romanından gəlirdi (Bu əsər
sonradan Nobel mükafatına layiq görüləcəkdi). M.Şoloxovun dahiliyi onda idi ki, o, inqilabın və vətəndaş
müharibəsinin tarixini deyil, inqilabın və müharibənin
məhv etdiyi insanların talelərini yaratmışdı. Yaşının yetkin çağında
yazdığı və dünya ədəbiyyatının
klassik nümunəsinə çevrilmiş "İnsanın
taleyi" əsərinin adı və məzmumu bu baxımdan
xüsusi məna və əhəmiyyət daşıyır.
"Daşqın"
ilə "Kafkas koçakları"
romanlarında tarixə münasibətin müqayisəsini
aparmaq üçün maraq doğuran detallardan biri
gürcülərin basqını zamanı əhalinin
Şıxlı kəndini tərk etməsi səhnəsinin təsviridir.
Mehdi Hüseyn bu ağrılı hadisəni müəyyən
dərəcədə kinayə və parodiya ruhunda təqdim
edirdi - kinayənin obyekti isə müsavat və menşevik
hökumətləri idi:
"Kənddə hamı əl-ayağa
düşüb, ev şeylərini bir-bir bayıra atır,
arabalara doldururdu.
...Şirəlinin
anası öz kiçik oğlu ilə daxmadan alaçıq
keçələrini, mis qabları, arpa unu
çuvallarını, eşşək xurcununu, qab-qacağı
ikitəkərli arabaya yığır, səsi gəldikcə
çığırır, kiçik oğluna
qarğış yağdırırdı:
- Səni
görüm cavan öləsən, səni görüm
işıqlı dünya üzünə həsrət
qalasan...
Bütün
kənd qaraçı köçü kimi cərgəyə
düzülüb Kür çayının axarı ilə qəza
mərkəzinə doğru irəliləyirdi..."
Mehdi Hüseyn insanların arabalara doluşub kəndi tərk
etməsinin əsas günahını müsavat və
gürcü menşevik hakimiyyətlərində və bu
hakimiyyətlərə inanan insanlarda görürdü. Bolşeviklər
gürcülərin işğal etdikləri kəndə
döyüşə-döyüşə, "xilaskar"
qüvvə kimi daxil olacaqdılar.
"Kafkas koçakları"nda eyni hadisə
xilasın, qurtuluşun deyil, sonrakı faciəvi hadisələrin
başlanğıcı kimi götürülüb:
"İkinci Şıxlı kəndi səssizliyə
bürünmüş, viranəyə dönmüşdü. Köç qafiləsi
get-gedə uzaqlaşırdı...
Bütün kənd camaatı atlı-arabalı yol
gedirdi. Gecənin qaranlığı bütün səsləri
udmuş, işıqları gizlətmişdi. Aprel
buludlarının dəstə-dəstə süzdüyü
göyün üzündə yuvarlana-yuvarlana batmağa yaxınlaşan Ayın
işığında köç karvanı
görünüb qeyb olurdu. Səssizliyi
qamçı şaqqıltıları, nal səsləri və
yol daşlarına çırpılan təkərlərin
taqqıltıları parçalayırdı. Hər kəs susurdu. Köç qafiləsinin
yerişi matəm yerişini xatırladırdı"...
Azərbaycanda
Sovet hakimiyyəti elan edildiyi gün - 1920-ci il
aprelin 28-də gürcülərin Azərbaycanın sərhəd
kəndinə hücumu xalqda böyük illüziya
yaratmışdı. Qeyd etmək lazımdır
ki, o vaxt onsuz da Azərbaycana qarşı torpaq iddiaları olan
Gürcüstan qoşunlarının Şıxlıdakı
Sınıq körpü ilə Poylu körpüsü istiqamətindən
ölkəmizə hücumu Orconikidze başda olmaqla
bolşevik liderlərin təhriki ilə baş vermişdi. Gürcülər
bunu o vaxt Azərbaycan tərəfindən gözlənilən
Sovet işğalına qarşı "təhlükəsizlik"
tədbiri kimi qələmə verməyə
çalışmışdılar. Beləliklə,
Sovet ordusu 1921-ci ilin fevralında gürcü işğalı
altında olan Şıxlı kəndinə "xilaskar"
kimi gəlmişdi. Lakin bolşeviklər kəndə
daxil olarkən əsl məqsədlərini də ortaya
qoymuş, kommunist ideologiyasına tabe olmayan insanları, eləcə
də yerli mühafizə dəstələrinin
döyüşçülərini qılıncdan
keçirmişdilər.
Romanda göstərilir ki, Azərbaycanın Qərb
qapısından - İkinci Şıxlı kəndi üzərindən
Gürcüstana keçən Sovet əskərlərinin qətlə
yetirdikləri özünümüdafiə dəstələrindən
birinin başçısı Bayramoğlu Məhəmməd -
Aloy Hacının atası idi. O, Yuxarı Salahlı kəndi
yaxınlığında şəhid olub və həmin yerdəki
təpənin üstündə dəfn edilib. Aloy
Hacı qadağalar üzündən atasının məzarına
iki ildən sonra başdaşı qoyarkən sovet çekistləri
tərəfindən həbs edilib və Qazax qalasına
aparılıb. Hacı böyük iradə
və cəsarət göstərərək Qazax qalasından
qaçıb. Romandakı hadisələrin
əsas hərəkətverici qüvvəsini və nüvəsini
də Aloy Hacının qaçaqlıq macəraları təşkil
edir.
"Kafkas koçakları" hadisələrin
baş verdiyi zaman və məkan, eləcə də personajlar
baxımından İsmayıl Şıxlının
"Ölən dünyam" romanı ilə yaxından səsləşir.
Bu mətnlərdə kəsişən məqamlar
da tapmaq mümkündür.
Başlıca fərq isə ondadır ki,
"Ölən dünyam"da ictimai ümumiləşdirmə
əsas məqsəd kimi qarşıya qoyulub.
İsmayıl Şıxlı müəllif qeydində
yazmışdı: "O adamların həyatından əsər
yazmaq mümkündür ki, bu həyat cəmiyyətin ictimai,
siyasi və sosial tarixi ilə səsləşsin və nəticə
etibarilə fərdi tərcümeyi-hal ictimai tərcümeyi-hala
çevrilsin". "Ölən
dünyam"da fərdi talelər xalqın taleyinin
daşıyıcısı kimi tarixin kəskin ziddiyyətlərini
əks etdirir, insanlar ziddiyyətlərin daim bulanan
burulğanı içində verilir, səslərin, rənglərin
qarışığından zamanın tünd mənzərəsi
yaradılır.
"Kafkas koçakları"nda Aloy Hacınının və silahdaşlarının keçdikləri ölümlü-itimli yol, xalqın öz içindən çıxmış qaçaqlara böyük sevgisi və rəğbəti dastan üslubu ilə nağıl edilir: burada rənglər daha çox ağ-qara, insanlar qəhrəman-qorxaq, qoçaq-alçaq cəbhələrindən təqdim olunur. Oxucu əsasən qaçaqların başlarına gələn hadisələri, onların qeyri-adi igidliklərini izləyir. Aloy Hacının və yaxın silahdaşlarının qaçaqlıq həyatının bitməsi ilə roman da başa çatır. Onlardan nağıl kimi xatirələr, dillərdə və ürəklərdə dolaşan bayatılar qalır:
Gül adamlar,
Şeh düşər, gülə damlar.
Əl-ələ verib getdi
O igid, gül adamlar...
Romanlar müxtəlif, mövqelər və üslublar fərqli olsa da, bir şey tam aydındır ki, cəmiyyətin ictimai, siyasi və sosial tarixi ilə nə dərəcədə və necə səsləşməyindən asılı olmayaraq hər insanın taleyi bir kitabdır və yazılmış, yazılmamış bu kitablar bizim tarximizdir.
"Kafkas koçakları" tariximizin yazılmış kitablarından biridir...
Məti OSMANOĞLU
Ədəbiyyat qəzeti.- 2018.- 28
aprel.- S.18.