İsa Martha və Məryəmin evində
Esse
Vatsapın status səhifəsinə göz
gəzdirirəm. Bir xanımın paylaşımı
diqqətimi çəkir.
"İlahi, nə axmaq şeydir
natamam qalmaq".
Özünü kimsə ilə
müqayisə etmək
yaşamağa imkan vermir. Bu hal
qibtə hissi oyadır. Bundan da qısqanclıq,
həsəd, kin və
paxıllıq törəyir.
Sentimental hisslər də baş qaldıra bilər. Romantik, duyğusal depressiya yaşayanlar da olur. Bu xanımda qarışıqdır.
Hərəsindən bir
az var. Natamamlıq
kompleksi hərədə
bir cürədir. Bəziləri də özünü
təsdiqlə əlləşir.
Şəxsi həyatında, karyerada,
sosial şəbəkələrdə
və sənətdə.
Sənətdə təsdiqolunma istəyi
ən gözəl və nadir olanıdır.
Ancaq istedad və intelllektin yerini məzmunsuz nümayiş alırsa, faydasızdır.
Halbuki, həyat buna vaxt ayıracaq qədər uzun deyil. Başqaları ilə müqayisə
və ya bəhsə girmək ömür çürütməkdir.
Yaşamağı və var olma səbənini unudub öz-özünə
deyinməkdir. Biri
gözəllik və çirkinlik, o biri varlılıq
və yoxsulluq, başqası zəkilik və dayazlıq kompleksinə girir.
İngilis yazıçı Antoniya
Syuzen Bayettin "İsa Martha və
Məryəmin evində"
hekayəsinin qəhrəmanı
Dolores kök və çirkin bir qızdır. Üstəlik, xanım Konçitanın
evində qulluqçudur.
Özündən gözəl və
varlı qadınlara nifrət edir. Onlara qulluq etmək dözülməz həddə
gəlir. Nəhayətdə xanım Konçita ilə dalaşıb oranı tərk edir. Bir restoranda ofisiant
işləməyə başlayır.
Restoran sahibi və müştərilərə aqressiya
ilə yanaşır.
Çirkin və gombul
olmağın kompleksi
ona əzab verir. Dolores natamamlıqdan
qaynaqlanan aqressiya və acığını
başqalarının üstünə
tökür. Hər gün
restorana gələn rəssam bu vəziyyəti müşahidə
edir. Və restoran sahibi
Konsepsion və Doloresin rəsmini çəkir. Tabloda amiranə
davranışlar sərgiləyən,
müştəbeh bir
müdirin eqoizmi ən incə cizgilərinə qədər
öz əksini tapır. Onun arxasından boylanan
kinli və çirkin ofisiant "ölümsüzləşir". Tabloya ilk baxan müdir Konsepsion özünü görmür. Doloresin çirkinliyinə
kinayə edir. Dolores də öz
növbəsində Konsepsionun
iti baxışlarını
ələ salır.
Hər ikisi şaqqanaq çəkir. Sənət
isə ikisinə də zərif bir yumorla gülür.
XVII əsr ispan rəssamı Dieqo Velaskesin "İsa Martha və Məryəmin evində" tablosunun dekonstruksiyası olan hekayə sistem içərisində sistem
yaradır. Velaskesin tablosu sənətlər
arasında ünsiyyət
qurur. Hekayə və rəsm
sənəti müasir
dövrə köçürülür.
Tabloda iki qadının mətbəxdəki fəaliyyətinin
naturası verilir.
Masada 4 balıq, 2 yumurta,
2 baş da sarımsaq var. Arxa fonda isə İsa,
Martha və Məryəmin
tablosu. Məişət işləri və
dini dəyərlər
bir yerdə təsvir edilir. Antoniya Syuzen diqqəti bu məqama çəkir. Çünki
natamamlıq kompleksi daha
çox məişət
fonunda baş verir. Bir də radikal
dindarlıqda. Sosial-mədəni problemlərin qaynağı
birbaşa maddi təminatsızlıqdır. Ordan digər yerlərə yayılır. Ondan xilas
olmağın yolu özünü nədə
və hardasa tapmaqdadır. Vaskes və
Bayett özlərini sənətdə təsdiq
edirlər. Bəs Dolores kimi adi məişət
dərdləri və natamamlıqdan əziyyət
çəkənlər nə
etməlidir? Özü və
mövcud şəraitlə
barışmalıdır. Çünki dünya işıqlı
və həyat doludur. Fəaliyyətdir. Natamamlıq süstlük gətirir.
İntihara belə qapı
açır. İşıqlı və həyat dolu dünyada var olmamaq cinayətdir.
Gərək hər kəs
özünü nədəsə
tapa. Yerişindən belə zövq
almalıdır insan.
Xüsusi iş-gücü, sosial statusu olmayan bir insan
özünə məşğuliyyət
tapanda həyatına işıq və harmoniya gəlir. Zövq almaq işin əsas formuludur. Bayettin hekayə və rəsm sənətini birləşdirməsi də
təadüfi deyil.
Çünki bütün incə
sənətlər ilk növbədə
zövq formalaşdırır.
Rəssamlıq, teatr,
kino və ədəbiyyat kimi sənətlər insana bir əndam aynasında özünə lümlüt
baxmaq şəraiti yaradır. Bu, soyunmaq
anlamına gəlmir.
Özünüironiya və
gerçəkliklə üzləşməyi
bacarmaqla mümkündür.
Çünki bu zaman ruh və cismin
həqiqəti ortaya çıxır. Komplekslərdən xilasa estetik terapiyadır bu. Ən çox başqalarının
maddi və mənəvi təminatını
mənimsəyənlər görünür
bu aynada. Ancaq bu məqam digərindən
incə bir xətlə ayrılır.
Birində özünü tapmaq
mövcuddur. Fərdin xilası
aparıcıdır. İkinci
də isə ümumi ,
bəşəri xislətin
inadkarlığı. İsa obrazı
da xüsusilə seçilib. İsa heç
bir maddi ambisiya və mövqe güdməyən
peyğəmbərdir. İsada mənəvi
təkamül vacibdir.
Ümid duyğusu da qabarıqdır həyatımızda. Natamamlıq sindromuna
son qoya biləcək gücdədir. Sənətin ümidi fərdlərin hər növ kompleksdən arınmasınadır.
Təkcə bu zaman mədəni və komplekssiz bir toplum yaranar.
Yoxsa kəndli və şəhərli, mədəni
və "zırrama"
bölgülərinə ehtiyac
yoxdur. Yüksək texnologiya dövründə
kəndli-şəhərli bölgüsü forma olaraq
mövcuddur. Əyalət və ya meqapolisdə
yaşamaq kübarlıq
əlaməti deyil.
Ziyalı elitası da, sadə, zəhmətkeş bir
kəndli də həyatında harmoniya axtarır. Bayettə görə, sənətlə
harmoniya tapmaq mümkündür. Haqlıdır. Ancaq bu yolla aqressiya
dolu bir mühitdə dincliyə qovuşmaq olar. Onda şair demişkən
"sevda kədəri,
xəstəlik kədəri,
qocalmaq kədərin"dən
başqa heç bir dərd döyməz
qapımızı. Heç gərək
də yoxdur. Xəstəlik və qocalıqla mübarizə insan
təbiətinin var olmaq səbəbidir. Natamamlıqdan xilas olmağa
çarədir. Sevgi isə
ixtiyarsız bir dünyadır. Hər zaman
ona möhtacıq.
Azadlıq və çörək
uğrunda mübarizə
isə absurddur. Çünki azadlıq da,
çörək də
hər kəsin təbii haqqıdır.
İnsan olmaq və yaşamağın səbəbidir.
Təbiətdəki möhtəşəm yardımlaşma və sərbəstlik yetməzmi?
Yenə də sənət imdada yetişir. Natamamlıqdan və şəhərli-kəndli
qovğalarından xilas
olmağın yolu bütövlük və gözəllik duyumundadır.
"Bir ağac
kimi tək və hür, bir meşə kimi qardaşcasına".
İsa
Martha və Məryəmin
evinə belə bir gözəllik və anlayış gətirir. Empatiya və həqiqət
duyğusunu işə
salır.
Ülvi BABASOY
Ədəbiyyat qəzeti.- 2018.-
28 aprel.- S.19.