Yenə də bu
gələn payız
Yenə
də bu gələn payız,
saçlarımı qışa
çəkir;
kirpiyimdən od götürüb,
gözlərimə maşa
çəkir;
yaşıl yarpaq lələk-lələk,
könlüm bir dəlicə külək;
hardasa gizlənib fələk,
ömrümüzü boşa
çəkir;
bu at qançır
olub, bəyəm,
əlimdə səyriyir
yüyən;
ruhum havalanıb, deyən
elə dağa-daşa çəkir;
toz olum, hara çəkilim,
bir daşda itər şəkilim;
bir yarpaq gətir, bükülüm,
buludlar yağışa
çəkir;
nə baxırsan, qərib-qərib,
dərd bizi yarpağa sərib;
ayrılığa sinə
gərib,
o dağlar, baş-başa çəkir;
bax, sinəmdəki
əziyə,
ağrıları kim gözüyə;
Tanrı
qoyub tərəziyə
bizi, dərdlə qoşa çəkir.
Bir qara yuxu içində
Bir qara yuxu içində,
yorğun gözlərim
səyriyir;
qalxıb ayıla
bilmirəm,
üstümə dağlar
yeriyir;
deyən unutdum, adımı
çağır, ruhum oyaqdımı;
yağış islatmır
adamı,
göydə buludlar çürüyür;
ağdı, ya qara, bilmirəm,
bir daşdı, qıra bilmirəm;
gedib çatdıra bilmirəm,
ordakı dağlar
əriyir;
nə var ki alın yazımda,
fələklər kimin yasında;
boz dağların arasında,
küləklər məni
sürüyür;
orda, bir ağsaçlı mələk,
göz yaşı ağappaq çiçək;
əlində bir taxta kürək,
ötən dərdləri
kürüyür.
Baxıram gündüzün qürub
çağına
Baxıram gündüzün qürub
çağına,
Günəş aşırımda yarıcan
qalıb;
qırmızıya çalır
sarı buludlar
yarı ilik qalıb, yarı qan qalıb;
ötən yaddaşımı
dərib göy üzü,
ruhumu üstünə
sərib göy üzü;
o uzaq göy üzü,
qərib göy üzü
yarı gecə qalıb, yarı dan qalıb;
dərdi sıxcalasan
suyu da çıxmaz,
çağır, Məlikməmməd
quyudan çıxmaz;
dünyanın qışı
da, yayı da çıxmaz,
ömür yarı
gedib, yarı can qalıb;
nə tez payız gəldi, nə tez qış
oldu,
illər qanadlanıb
nə tez quş oldu;
bütün sevgilərin
kökü yaşıldı,
bütün ayrılıqlar
sarıdan qalıb;
yağıb sellənib
də axıb getmişik,
dərdi, intizarı
yığıb getmişik;
hansı cəhənnəmə
çıxıb getmişik,
dağlar arxamızca
pərişan qalıb.
Bulud gəldi, yağmadı
heç
Bulud gəldi, yağmadı heç,
qalxım buludu əliyim;
başımda bulud papağım,
əlimdə gümüş
çəliyim;
çağırma, üzüm
səyriyir,
külək ələyimi
əyir;
qanadıma nəsə
dəyir,
qopub tökülür
lələyim;
and olsun axşam çağına,
bir səs gəlir qulağıma;
düşüm yolların
ağına,
üzü dağlara
ləliyim;
elə bumu, alın yazım,
kür ruhumu hardan asım;
göy üzünə
dua yazım,
bircə ağız
da məliyim;
nə var, nə var səndən
doğma,
dərd çeynədim
loxma-loxma;
gəl, üzümə
soyuq baxma,
yenə tutar dəliliyim.
Könül, çox da ah eyləmə
Könül, çox da ah eyləmə,
o buludun qarı keçər;
ürəyimə səda
düşər,
gəlib ahu-zarı
keçər;
gedər ağıl-huş
addıyar,
gözümüzdən yaş addıyar;
payız gedər,
qış addıyar,
dolanar baharı keçər;
yaman yuxaldır ney məni,
didərgin ruhum eymənir;
gətir, saplıyım
iynəni,
ildızından darı
keçər;
ötən günlər
nə saydadı,
dərdim o tay, bu taydadı;
dünya bir gözüm boydadı,
ortasından barı
keçər;
çıxdım daşın
arasınnan,
göznən qaşın
arasınnan;
yaynan qışın
arasınnan
bir dəlisov sarı keçər;
nədir, dünyadan
itiyim,
hansı cığırda
itdiyim;
bir ömür yoldu, getdiyim,
yarı qalar, yarı keçər.
Ballada
Gecənin yaxasını
bir bəyaz ulduz sökür;
bir səhər də açılır,
elə buna da şükür;
buludlar lələk-lələk,
göy üzündə
bir mələk;
dodağında çiyələk,
məni çarmıxa çəkir;
mən nə bilim suçumu,
üzüm-gözüm acımı;
payız qara saçımı,
ağca yarpağa bükür;
bilmirəm, nədi
bu səs,
içim boşca
bir qəfəs;
min ildi nəfəs-nəfəs
canımı bir dərd sökür;
göyün düz qırağında,
Tanrının çırağında;
bir kağız varağında,
fələyin evi çökür;
payızın yağışları,
yuyur yor-yoxuşları;
göy üzünün
quşları,
buludda bostan əkir;
yazım qışımın
üstə,
üzüm daşımın
üstə;
süzür başımın
üstə,
ruhum hayana səkir;
hərə bir dərd hayında,
mələklər bal ayında;
Tanrı
öz sarayında,
ağlayır hönkür-hönkür.
Ürəyimdə bir söz qalıb
Ürəyimdə bir söz qalıb,
gəl, səni agah eyliyim;
tellərini sər üzümə,
öpüm, qibləgah
eyliyim;
yolu keçirdim, yarıdan,
pörşüləndim, sən
sarıdan;
gəldim ki, səni yarıdam,
gəlmədim, günah
eyliyim;
ocağın közün
döndərim,
könlümün gözün
döndərim;
fələyin üzün
döndərim,
dərgahına ah eyliyim;
ötən dərdi
kim araya,
ağ saçı büküm qaraya;
gedim çıxım,
bir saraya,
özümü padşah
eyliyim;
kür ruhumdan qopum yenə,
gəlim, çalım-çapım
yenə;
səni hardan tapım yenə,
özümə ürcah
eyliyim.
Könül qapılarım açıq
qalıbdı
Könül qapılarım açıq
qalıbdı,
hara çınqı
düşür qoru mənimdi;
qapını kəsdirən
qara qışın da
çovğunu, boranı,
qarı mənimdi
bir xəyal quşuyam çağların
üstə,
alışıb yanıram
ahların üstə;
ruhum veyillənir dağların üstə,
həsrətin, qubarın
barı mənimdi;
bilmirəm nədəndi
dərdim, azarım,
harda tüstülənir
qara məzarım;
elə hey payıza düşür güzarım,
payız bağlarının
sarı mənimdi;
bir az ərköyünəm, bir
az da bədəm,
bir qaynar ürəyəm, bir cılız bədən;
hər sözün-söhbətin
bilmirəm nədən
zəhrimarı mənim,
çoru mənimdi;
min illər öncəki günah yadımda,
yanıb əriyirəm
bir ah odunda;
dünyada nə varsa günah adında,
yarı fələyindi,
yarı mənimdi.
Yenə nəsə olmalıdı
Yenə
yay gedər payıza,
yenə quşlar köç eliyər;
yenə yazın yaratdığın
payız gəlib
heç eliyər;
yenə nəsə olmalıdı,
yenə ürəyim doludu;
yenə o payız buludu
göy üzündə
kəkəliyər;
yenə gələr tozanağı,
süpürər dağdan
aşağı;
payızın dəli
sazağı
yenə məni gic eliyər;
göy üzü hərdən deyinər,
qara buludlar öyünər:
yenə ürəyim döyünər,
yenə həsrət beçəliyər;
durum hansı yana baxım,
yenə qaynıyır günahım;
heç bilmirəm
dəli ruhum
haralarda gecəliyər.
Hələ nə gedib ömürdən
Hələ nə gedib ömürdən,
nə ağıl, nə huş qalıbdı;
başımı atıb
yatmışam,
payız gedib, qış qalıbdı;
bilmədim, bu yer haradı,
gəl, bu cığırda sür atı;
Həmzə apardı, Qıratı,
yerində bayquş
qalıbdı;
boz qayada qurdum hanı,
yerim hanı, yurdum hanı;
içimdəki dərdim
hanı,
kipriyimdə yaş qalıbdı;
daş atır hər yoldan ötən,
dərd bükülür,
çətən-çətən,
min ildi sökülür vətən,
nə torpaq, nə daş qalıbdı;
nə gedibsə, haqdan gedib,
vardan gedib, yoxdan gedib;
lələ köçüb,
çoxdan gedib,
yurd-yuvası boş qalıbdı;
yay lalıyır, qış lalıyır,
dağ lalıyır, daş lalıyır;
göy üzündə
quş lalıyır,
dərd içib, sərxoş qalıbdı.
Nazim Əhmədli
Ədəbiyyat qəzeti.- 2018.- 28 aprel.- S.20.