Eposda türk dövlətçiliyi

 

III yazı

 

"Bütün türk ədəbiyyatlarını tərəzinin bir gözünə, "Kitabi-Dədə Qorqud"u digər gözünə qoysan, "Kitabi-Dədə Qorqud" ağır gələr".\ Mehmet Fuad Köprülü

Yaxın Şərq xalqları tarixlərinə və cəmiyyətlərinə, etnogenik, geosiyasi və coğrafi durumlarına uyğun olaraq, ədəbiyyatda müxtəlif janrlar yaratmışlar. Səhra ərəbləri sonralar Məqtəl kitabları üçün əsas olan qəsidə, zərif dilə və zövqə malik olan farslar qəzəl, sərhədsiz düşüncəyə, dünya haqqında qlobal təsəvvürə, böyük çöl mədəniyyətinə malik türklər epos yaratdılar. Yazılı ədəbiyyatda möhtəşəm eposdan sonra "Xəmsə" yarana bilərdi və bu belə də oldu: Nizaminin "Xəmsə"si - qədim türk epos təfəkkürünün yavrusu yazılı ədəbiyyatda uğurlu davamı idi. Epos islam dinindən əvvəlki dövrlərin hadisəsi idi. Yalnız sonralar türklər İslam dininə yiyə durdu. Artıq əvvəlki yazılarda qeyd etdiyimiz kimi, türklərin dini təbiətdən gələn Tanrı möcüzəsi idi. Qədim türklər üçün təbiətdən böyük və ilahi heç nə yox idi, onlar zikrlə, ayin və dualarla yox, real, sərt işlə məşğul idilər.

Türk dövlətçiliyinin çox qədim və zəngin tarixi, siyasi ideoloji formaları var. Bu bacarıqlı, mənəviyyatlı və qəhrəman xalq dünyaya on yeddi imperiya bəxş edib. Türklərdə dövlət hakimiyyətin təməli idi. Böyük türk imperialarının tarixi və təcrübəsi göstərir ki, güclü hakimiyyət hələ güclü dövlət deyil: güclü dövlət, ədalətin, qanunun hakim olduğu ali qurumdur...

Türk eposunun zirvəsi, şah əsəri "Kitabi-Dədə Qorqud" dastanıdır. Yaranmasının 1300 illiyini dünya səviyyəsində tarixi mədəni hadisə kimi qeyd etdiyimiz bu möhtəşəm epos bizim eradan öncəki son və bizim eranın önlərindəki hadisələri əks etdirir.

Azərbaycan filoloji fikrinin 37-ci ildə repressiyaya uğramış fədakar nəslinin tədqiqatlarından üç mülahizəni misal gətirmək istəyirəm. 1925-ci ildə 19 yaşlı türkoloq Əli Nazim yazırdı: "Orxon-Yenisey" kitabələri ədəbiyyatımızın daha təkamül etmiş və irəliləmiş səhifələridir. Bunlardan daha əski, daha ibtidai və xəlqi şeirlər bunları doğurmuşdur: "Bu kitabələr yazıldığı zaman türklər artıq şəhərli olmağa başlamışlardı. Demək ki, onlar istər həyatda, istər ictimai vəziyyətcə və istər ədəbiyyatca bir sıra dövrlər keçirmişlərdi. Buradan da bəlli olur ki, Orxon yaxud Turfan ədəbiyyatı Azərbaycan ədəbiyyatının başlanğıcı deyildir" ("Ədəbiyyatımız və ədəbiyyat tariximiz", "Yeni yol" qəzeti, 10.11.1925).

Böyük türkoloq Bəkir Çobanzadə 1936-cı ildə yalnız siqnal nüsxəsi çap olunub yasaq edilmiş, Moskva yaxınlığında Ximki şəhərinin arxivində saxlanılan bir kitabında yazırdı ki, eramızın II əsrində Bizansdan türklərə bir nümayəndə gəlmiş, özləri ilə yazılı müqavilənamə gətirmişlər. Türklər də buna cavab olaraq Bizansa bir müqavilə göndərdilər. Bu sənəd, oğuz türkcəsi ilə yazılmışdı. Deməli, II əsrdə türk dili rəsmi dövlət dili idi. O ki, qaldı Orxon-Yenisey kitabələrinə, Bəkir Çobanzadə yazır: "Miladi VII əsrdə "Orxon kitabələri"ndə gördüyümüz yazı olduqca mükəmməl surətdə işlənmiş, inkişaf etmiş bir yazıdır. Bu işlənmənin bir neçə əsrlərə möhtac olduğunu söyləməyə hacət yoxdur" (Türk ədəbiyyatı, B., Azərnəşr 1929, səh 27.).

Nəhayət, 20-30-cu illərin gənc nəzəriyyəçi alimi A.Musaxanlı ("Ədəbiyyatdan iş kitabına, 1928) yazdığı, "Yazı ədəbiyyatı" fəslində belə qənaətə gəlir ki, "Orxon kitabələri"nin dili imajlı dildir" (s.30). Bu mülahizələr sübut edir ki,  "Kitabi-Dədə Qorqud" dastanları formalaşanda  IV-VII əsrlərdə, yüksək şəhər mədəniyyətinə malik, şəhərli türk eli, zəngin türk dili və türk dövləti mövcud idi. "Kitabi-Dədə Qorqud" eposunun əsas ideyası türk tayfalarını -24 oğuz tayfasını vahid xalq və dövlət halında birləşdirməkdən ibarətdir. Burada tayfa bizim indi anladığımız məhdud çərçivədə deyil, müəyyən ərazi, maddi, mənəvi, əxlaqi birgəlik malik El mənasında işlənilir. Hər Elin öz siyasi başçısı var. "Kitabi-Dədə Qorqud" eposunda müxtəlif tayfaları Xalq birliyinə - vahid türk dövlətçiliyinə gətirib çıxaran əsas siyasi-ideoloji amillər, hansılardır və bunların əlaqələri necə qurulur?! Bu qlobal problemi tezislər şəklində təsəvvür üçün bəlkə də mübahisə doğuracaq bir məsələni bildirməliyik. Belə ehtimal edirik ki, "Kitabi-Dədə Qorqud" 1300 ildən daha erkən dövrlərin hadisəsidir. Görkəmli qorqudşünaslar (H.Araslı, V.Jirmunski, M.Ergin, O.Şaiq, M.Təhmasib, X.Koroğlu, Ə.Dəmirçizadə, F.Zeynalov və S. Əlizadə) eposda cərəyan edən hadisələri VI-VII əsrlərə aid edirlər. Dastanın mətnindən görünür ki, onun formalaşması, əvvəla, mifik təfəkkürümüzlə bağlıdır, ikincisi də islamiyyətin meydana gəlməsinə qədərki dövrdə müxtəlif tarixi mərhələlərdə baş vermişdir. Dastanın mətnində həm mif çaları, həm də onun yazıya alındığı ehtimal olunan - X əsrə qədərki müxtəlif tarixi və mənəvi əxlaqi anlam tərzləri mövcuddur. Nəzərə alsaq ki, islamiyyət meydana gəldikdən sonra bütün türk yürüşləri islam bayrağı altında keçib, onda eposun sonralar çox ciddi şəkildə islamlaşdığını, hətta dini variantların (məsələn: "Bəkir oğlu İmranın boyu"nu yaradıldığını söyləmək olar. Maraqlıdır, bəs necə eləmək olur ki, epos yalnız türk tayfalarının öz aralarında və boylarda kafirlər adlanan mücərrəd düşmənlə mübarizə ilə hüdudlanır? Nəyə görə "Kitabi-Dədə Qorqud" dastanlarında təcəssüm tapan real tarixi dövrlərin VI-IX əsrlərin qlobal tarixi hadisələrinə münasibət yoxdur? Məsələn, ərəb yürüşləri, Babəkin başçılığı ilə 20 illik Xürrəmilər hərəkatı və s. kimi olaylar doğrudanmı dastançını maraqlandırmamış, yaxud belə böyük proseslərdən xəbərsiz olmuşdur. İnanmaq çətindir. Təfsilatlara varmadan belə nəticəyə gəlirik ki, "Kitabi-Dədə Qorqud" VI-IX əsrlərdən çox-çox əvvəl təşəkkül tapmış və bizim eradan ən azı hunların Azərbaycana gəlişindən (II əsr) əvvəlki dövrün hadisələrini əks etdirən abidədir. Həm tarixilik duyumu, həm bədii təfəkkür tutumu baxımından epos mifdən islama qədər böyük bir dövrün səviyyəsini əks etdirir. Mifi ideologiyanın genetik mənşəyi hesab etsək, onda xalq ideologiyasının təşəkkülündə II mərhələ kimi "Kitabi-Dədə Qorqud" eposundan bəhs etmək olar. Tayfa və birliklərin erkən dünya duyumu və düşüncə tərzini əks etdirən mifdə hələ dövlətçilik təsəvvürləri formalaşmamışdır. Türk dövlətçiliyi haqqında ikin təsəvvürlərə məhz "Kitabi-Dədə Qorqud"da rast gəlirik. Bunun atributları təxminən aşağıdakılardır: vətənçilik, Bayandur xanın başçılıq etdiyi siyasi-hərbi ierarxiya, ailə kultu ("Ana haqqı - Tanrı haqqı") taktika və strategiyası olan ordu, özəl ənənələrə malik El kultu, "Qonşu haqqı - Tanrı haqqı"dır.

Eposun 12 boyundan yalnız birinci və on ikinci boyunda türklər arasında konflik meydana gəlir. Birinci boyda Dirsə xan və oğlu Buğac, on ikinci boyda isə İç Oğuz və Dış Oğuz boyu arasında. Qalan boyda isə türklər həmişə birləşir. Qəhrəmanlıqlar göstərir, "Təpə kimi ət yığıb, göl kimi qımız sağdırıb, bayram edirlər".

"Kitabi-Dədə Qorqud" vətənçilik haqqında dastandır. Burada vətən anlamı, Dəmir qapı Dərbənddən tutmuş Göyçəyə, Əlincandan tutmuş Zəncana və Anadoluya qədərki ərazini əhatə edir.

Dastanın "Bayburanın oğlu Bamsı Beyrək" boyunda belə deyilir: "Qanğan oğlu Bayandur xan yerindən durmuşdur. Qara yel üstündə hündür ağ evini tikdirmişdir". Burada qara yel anlayışı - türklərin vətəni timsalındadır. Belə çıxır ki, bütün yer üzü türklərin vətənidir. Ona görə də, Çindən tutmuş Macarıstana qədər, türk çadırının qurulmadığı, türk atının nalının dəymədiyi yer yoxdur.

"Kitabi-Dədə Qorqud" dövlətçilik ideologiyasının mifdən sonrakı ən qüdrətli məxəzi və mənbəyidir. Epos, qədim və erkən Orta əsrlər Azərbaycan cəmiyyəti haqqında əsərdir. Eposun tədqiqatçıları dastanların tarixilik baxımından, yaxud ictimai hadisələr baxımından birləşdirir. Məhərrəm Ergin  "Dədə Qorqud kitabı" (Ankara 1958) əsərində göstərir ki, boylar bir-birindən fərqlənsə də, onları ictimai hadisələr və bir məzmun birləşdirir.

Əsərdə bütün qəhrəmanlar tərəfindən (qalın oğuz bəylərinə), yəni, oğuz dövlətinə böyük hörmət var. Dastanın müqəddiməsində deyilir: "Dövlətimiz əbədi olsun". Oğuz türkləri kafirlərlə döyüşə gedərkən "Qalın oğuz bəyləri"nin başçısı, xanlar xanı Bayandır xan oğuz dövlətinin hərbi başçısı, onun kürəkəni Salur Qazandan xeyir-dua alır.

Bəkirin arvadı ona deyir: "İgidim, bəy igidim! Padşahlar Allahın kölgəsidir!  Padişahına olanın işi düz gətirməz". Bu sözləri arvadı Bəkirə Bayandur xandan və Salur Qazanın bir sözündən inciyərək Gürcüstan sərhədinə keçmək istədiyinə görə söyləyir.

Türk dövlətçiliyində rəhbərə böyük ehtiram var idi. "Qazlıq Qoca oğlu Yeynək boyu"nda Yeynək, Bayandır xanın hüzuruna gedir, üzünü yerə qoyur və deyir:

 

Səhər çağı sərt yerdə tikilən hündür evli!

Atlasdan yapılmış göy alaçıqlı!

Tövlə-tövlə çəkilən şahanə atlı!

Çağıranda hay verən, yolu çavuşlu!

Süfrəsindən yağ tökülən, bol nemətli!

Bütün igidlərin arxası,

Yoxsulların ümidi!

Türküstanın dirəyi!

 

Dastandan bəlli olur ki, oğuz tayfaları, oğuz dövləti - Qalın oğuz eli, yüksək maddi imkanlara malik idi. Oğuz xanları "Qara yel üzərində" qızıl dirəkdən ban evlər tikdirir, ac görsə doydurur, çılpaq görsə geydirir, borclunu borcdan qurtarır. Qədim türklər nikbin və şən xalqlar idi.

"Kitabi-Dədə Qorqud" dastanında hərbi qüdrət rəmzi olaraq, üç yüz və yeddi yüz rəqəmlərindən istifadə olunur. ("Koroğlu" eposunda dəlilərin sayı 7777-dir.)

Qazan xan səfərə çıxarkən deyir: "Oğlum Uruz üç min igidlə evimin keşiyində dursun". Qazanın evini yağmalayan Şöklü məlik oraya yeddi min nəfərlə hücum edir. Dastanda Qaraca Çobanın hərəkətləri dövlətə sədaqət simvolu kimi izah oluna bilər. Bu, hər şeydən əvvəl torpağa münasibətdə üzə çıxır. Oğuzlar üçün torpaq müqəddəs bir anlayışdır. Qaraca Çoban qardaşlarını dəfn edir, kafirləri isə torpağa layiq bilmir. Dastanda onlar haqqında deyilir: "Kafirlərin leşindən böyük bir təpə düzəltdi, çaxmaq çaxıb odda yandırdı".

Dastanın bütün boylarında türk dövlətçiliyinin özəl əlamətləri əksini tapır. Türk dövlətçiliyinin aparıcı xüsusiyyəti qəhrəmanlıq idi. Təsadüfi deyil ki, uşaq yeniyetmə yaşına çatanadək ona ad qoymurdular, yalnız qəhrəmanlıq göstərir və bundan sonra oğuzların müdrik bilicisi Dədə Qorqud  gösrərdiyi qəhrəmanlığa uyğun ona ad verir (Buğac).

Türk dövlətçiliyinin təməlində yüksək mənəviyyat dayanırdı - "Vətən əxlaqı" (Z.Göyalp). Türk dövlətçiliyinin xarici siyasətini qonşu xalqlara hörmət müəyyənləşdirirdi. Türklər işğalçı yox, fateh idilər. "Kitabi-Dədə Qorqud"un mətnindən aydın olur ki, türklər fəth etdikləri ərazilərdə xalqlara yüksək ehtiram bəsləmiş və başqa xalqlardan da özlərinə belə sayqı tələb etmişlər. Türk Eli sülh əsasında bərqərar olmuşdur. Burada insana əxlaqına və əməlinə görə qiymət qoyulurdu. Qədim türklər məhdud ərazi iddiasından və tayfa təəssübkeşliyindən uzaq idi. Bunun əsasında yüksək Çöl mədəniyyəti və dövlət başçısının məşvərətlə qəbul etdiyi qanunun aliliyi dayanırdı.

Qədim türklər öz təbiətləri kimi sərt və mərhəmətli idilər. Onlar sərhədsiz düşüncə sahibi olduqları üçün məişət xırdalıqlarından uzaq ola bilir, ailə kultunu üstün tutur, qadına sevgi və qəhrəmanlığı həyat tərzi kimi qəbul edə bilirdilər.

"Kitabi-Dədə Qorqud" eposunda türk dövlətçiliyi möhkəm ideologiyaya - türkçülüyə əsaslanan hərbi güc üzərində qurulan monolit bir sistem idi.

 

Nizaməddin ŞƏMSİZADƏ

 

Ədəbiyyat qəzeti.- 2018.- 28 aprel.- S.22.