Bir qədəh xatirə süz...
Bir qədər xatirə səp
Yediyim bu acıya.
Bir qurtum xatirə ver,
Nəfəsimi isladım…
…Həyat üzü qüruba,
Ölüm üzü bəridir.
Hər ömür - basdırılmış
Xatirə dəftəridir.
Qolumdakı bu saat,
Bəlkə vaxtın qandalı?
Soba sönüb evimdə,
Bir xatirə yandırım…
Uçum
ötən günlərə,
Bəlkə mən də quş olum?
…Bir qədəh xatirə süz,
Bu gecə sərxoş olum…
…Bağışla, bu dünyaya
Bir də gələ bilməsəm.
Ömür də ki, bir
azdı.
Qadın,
bu xatirələr
Məndən qalan mirasdı…
Gecə fantaziyası
Göy üzü yolunub qızılgül kimi, -
Ulduzlar dağılmış ləçəkləridir…
…O kimdi oturub ay işığında
Gecənin rəsmini çəkmək
istəyir?
Ayın
da gümüşü
saçları sanki
Gecənin canından axır
çay kimi…
Bu gecə - elə bil qara pərdədi,
Asılıb pərdəsiz pəncərələrdən…
O qədər kövrəkdim,
açıb qolumu
Qurumuş yarpağı qucmaq
istədim…
Əynimdən çıxarıb boz
pencəyimi,
Üşüyən ağacın çiyninə atdım…
Bu gecə tənha bir qayıq kimidi,
Qaranlıq su kimi dolub içinə…
…Hardasa uzaqda kaman ağlayır,
-
İçimə tökülür hıçqırıqları…
Dağlar
da Tanrının qalası imiş,
Dağı gizləməyə duman yaranıb.
İnsan
ağlamağı bacarmayırmış,
Bəlkə ona görə kaman yaranıb?
Gecənin dizinə qoyub başını
Bir kaman ağlayır məndən o yana…
…İlahi, deyəsən üşüyür gecə
-
Gecənin getməyə bir
yeri yoxsa,
Gəlsin,
gözlərimdə gecələsin
qoy,
Gəlsin,
kirpiyimlə örtüm
üstünü…
Yavaş-yavaş sökür gecə
-
Gecə
- çıxan can kimidi.
Hər ulduz bir şamdı
elə,
Göy üzü şamdan kimidi…
Dua
Balıqçı toruymuş ömür
deyilən,
Hamı öz torunu yığıb gedəcək.
Qoyun bu sevinclə şəkil çəkdirim,
-
Birazdan harasa çıxıb gedəcək…
…Nə yaxşı, bu gecə səhərə
çıxdı, -
Bağrı çatlamadı bu tənhalıqdan.
Hamı
göy üzünə
tor atıb… durub
Qızıl bəxt istəyir
"qızıl balıq"dan…
Mən yenə asiyəm, göylər də uzaq,
Nə yaxşı
ruhumun göy atları var.
Məni
bu dünyada tapmaq çətindi, -
Tapacaq - kimin ki qanadları var.
… O xoş gün nə yaman uzağa
düşüb, -
İlahi, bu yolda yorulub
hamı.
İndi
ürəyindən sınır
adamlar,
İndi
çörəyindən vurulur
hamı…
Qaldı
cavan başlar dar ağacında, -
O cavan saçlara indi dən düşür!..
İlahi,
bu dünya bir damla yaştək,
Bəlkə də haçansa gözündən düşüb?!
…Şairi vağzalda
gecələyirmiş…
Taciri bir otel nömrəsindədir.
Çörək növbələri azalıb
bir az,
Adamlar xoşbəxtlik növbəsindədir…
…İlahi, ümid ver, əkim canıma, -
Haçandı yerini qazıb, qalmışam.
Bu həyat - qərib bir şəhər kimidi, -
Mən də bu şəhərdə
azıb qalmışam…
…Dilini ay bilir, mənə də öyrət,
Hər gecə
o ayla danışan qızın.
İlahi,
bir dəfə üzünü göstər,
-
Adamlar bilmir ki, hara
yıxılsın…
Yer
Mənə yer ver, gözlərinin
Göz dəyməmiş yerində…
Şeh toxunan çiçək kimi
Üzün nəmiş yerində.
Gözüm qalıb dodağının
Öpülməmiş yerində…
…Çoxdan görüş
yerindəyəm,
Sən hələ iş yerində….
…İndi axı necə dursun, -
Bir yol da Mələk
görməyən
Bu görməmiş yerində?!..
Gecə - görüş yerimiz…
Bura buludlar uzaq,
Ulduzlar çox yaxında,
Gəl,
bizə yer eyləyib
Payız öz qucağında.
Gəl,
qoy bir az düzəlsin,
Ayrılığın donqarı.
Gəl,
qorxma üşüməzsən,
-
Yerdə
yarpaq xalısı,
Göydə ulduz tonqalı…
…Bu darıxan əllərim
Sənə yeriyib gələr.
Ağrıyan barmaqlarım
Saçlarında dincələr…
…Bu gecədi, bir də biz,
Bir də boş quş yuvası.
Yağışa yalvarmışam,
Bir az göydə
yubansın.
Səhra
kimi susuzam,
Nazilmişəm sap kimi.
Götür ay işığını,
Üzündən niqab kimi…
…Söndür dodaqlarını,
Bu görüşdən sağ gedək.
Yığıb pıçıltıları
Gecədən asaq gedək…
Sənə məktub
Hardasan,
şəhlagözlüm,
Sən nə şirin acımsan.
Mən hələ də bilmirəm
Dərdimsən, əlacımsan?
Yuxuma dağıtmısan,
Saçının yumşağını.
Sən yoxsan, kim
böyütsün
Bu sevda uşağını?
Yol tapıb çıxa bilmir,
Bu tinim, bu dalanım.
Mən sevgi qaçqınıyam,
-
Gəl,
səndə daldalanım…
Düşmüşəm bu çöllərə,
Düşmüşəm - azmaq üçün.
Ürəyim bir divarmış,
-
Şəklini asmaq üçün…
Bir körpə ümidim var,
Ağlayır qundağında.
Arzularım can verir,
Kədərin qucağında…
Hardasan,
hardan bilim,
Mən hara üz döndərim? -
Darıxmağın rəsmini
Çəkib sənə göndərim…
Özün məndən uzaqsan,
Kölgən keçir yanımdan.
…Adına soyuq dəyər,
Düşmə dodaqlarımdan…
Səni aldatmağım gəlir…
Bu laylanın dizi üstə
Baş qoyub yatmağım gəlir.
Könlümə bir sevda salıb,
Başımı qatmağım gəlir.
Bu necə ovçudu axı, -
Tətikdə əsir barmağı?
O quş mənə elə baxır,
Özümə atmağım gəlir…
O kimdi yazmaq öyrənir
Hər gün uduzmaq öyrənir…
Torpaqda üzmək öyrənib,
Dənizdə batmağım gəlir…
Qaça-qaça gəlib, deyim,
-
O ümid közərib, deyim…
…Bu dünya düzəlib, deyib, -
Səni aldatmağım gəlir…
Sənsiz
Dünənki sevgim idin,
Bugünkü həsrətimsən.
Dünən bir vətən
idin,
Bu günsə qürbətimsən.
Yazıb,
sonra itirdiyim,
Ən gözəl
əsərimsən.
Dünən ilk sevgim idin,
Bu gün son kədərimsən.
Ayrılıq sularında,
Sığındığım bərəmsən.
Bu vəfasız dünyada,
Vəfalı xatirəmsən…
Dilimdəki şeirsən,
Dodağımda ahımsan.
Özümü vurmaq üçün,
Sonuncu silahımsan.
Sənsiz
də səninləyəm,
Xoş gündə,
ya çətində.
Düşən nəbzimdə varsan,
Qalxan hərarətimdə…
…Qayıt gəl, işıq qadın, -
Qaytar o "eynəyimi".
…Gələcəyin o günə
Sərmişəm köynəyimi.
…Güldə gözü qalanlar,
Bir gün gülsatan olar.
Açıq qoy pəncərəni,
Birdən
gül atan olar…
Göz yaşı rəsmi
Ağlayan lap bircə uşaq
da varsa,
Götürün gülüşü dodaqlarımdan…
Götürün gülüşü dodaqlarımdan, -
O yetim uşağa bir libas tikin…
…Bir az içinə çək
öz nəfəsini,
-
Eşidirsənmi o uşağın göz yaşının səsini?!
…Bir az o
uşağa yaxın əyləşin,
İslanın körpə göz
yaşlarında…
Çəkin içinizə o göz
yaşını,
Yuyun içinizin
pasını, yuyun.
…Bir qurtum içmişəm
o göz yaşından,
Sinəmdən bir kədər
bulağı axır…
…Kim çəkə bilirsə
dərdin rəsmini,
Çəksin o uşağın göz
yaşlarını…
…Bir uşaq dilənir
yol qırağında,
Üşüyür ovcunda xırda pulları…
Əlizadə Nuri
Ədəbiyyat qəzeti.- 2018.- 28
aprel.- S.25.