Hekayələr

 

Qorxaqlığa çağırış

 

Yas mərasimiydi. Mollanın danışığına məhəl qoyan azdı. Cəmi bir neçə nəfər hərdən ona sarı boylanırdı. Ziyalılardan bir qrupu isə öz aralarında bərk-bərk üyüdüb-tökürdü. Molla vaxtaşırı zəhmli amiranə səslə məclis əhlindən ayələrə, onun söylədiklərinə diqqətlə qulaq asmağı tələb edirdi. Nəhayət, ziyalılardan biri səbrini basa bilməyərək səsini ucaltdı:

- Fikir verirəm, bayaqdan hamını qorxaqlığa çağırdığın bəs deyil, hələ bir səsinə güc gəlirsən, yetər, mövzunu dəyişsən, yaxşı olar...

- Mən ancaq dini kitablarda yazılanları dilə gətirirəm, özümdən uydurmuram ki...

- Əşi, məclis başlayar-başlamazdan bəri hamını Allahdan, valideynlərdən, daha bilim kimlərdən-kimlərdən qorxmağa çağırırsan... Sözünün başı da, ayağı da qorx, qorx, qorxdu... Bir de görüm,  qorxaq adamdan da Vətənə, cəmiyyətə, ailəyə nümunəvi vətəndaş, layiqli övlad, yaxşı əsgər çıxar?

Bayaqdan bəri yerində vurnuxanlardan  biri anındaca həmkarına qahmar çıxdı:

- Kişi düz deyir , qorxaq kəslər yalançı, minsifət, oğru, əyri-üyrü əməllərin sahibi olar, bəsdirin , xalqımızı qorxaqlığa, mütiliyə səslədiniz... Özünüzdən uydurmayın, heç bir həqiqi dini kitabda da iman əhlini qorxaqlığa çağırış yoxdu...

Xeyli müddət məclisin dörd bir tərəfindən mollaya məzəmmət dolu tənələr yağdırıldı. Ta səs-küyə ölü yiyəsi yenidən mağara daxil olana qədər əksəriyyət ürəyini boşaltdı. Həmin müddətdə molla ağzına su alaraq, sanki günahkarcasına susmuşdu. Elə ki, məclis sahibi yuxarı başa keçdi mağara sakitlik çökdü, şəvə saqqalına müdrikcəsinə əl gəzdirən şəstlə qamətini tarazlayan molla yenidən dilə gəldi:

- Axır vaxtlarda bizim ən çatışmayan cəhətimiz, ali mətləblərdən ağızdolusu danışanların çoxusunun adicə kəlmeyi-şəhadətini belə bilməməsidir... Bu, çox böyük günahdır... Bayaqdan fikir verirəm, fatihə veriləndə xeyli məclis əhli dodaq belə tərpətmir... Tanrı belələrinə heç vaxt dərgahının qapılarını açmaz, onlar cənnətlik ola bilməzlər... 

 

Pensiyaya hələ çox var

 

Yaradıcı kollektivə təzə rəhbər təyin olunmuşdu. Qızğın müzakirələrin ara vermədiyi ilk iclas bir neçə saatdı fasiləsiz davam edirdi. Təkliflər bir-birini əvəzləməkdəydi. İşini bilənlər , özünü çoxbilmiş təkin gözə soxmaq fürsətini dəyərincə qiymətləndirənlər çənələrinə dinclik vermirdilər. Yeni rəhbər səbirlə deyilənləri dinləyir, işgüzarcasına qeydlərini aparırdı. Deyəsən, nəhayət ki, daha söylənəsi heç qalmadı.

- Çəkinməyin, sözünüz var deyin, biz götür-qoy edib əncam çəkək, - deyə rəhbər şirin səslə auditoriyaya bir daha müraciət etdi.

Bayaqdan cınqırını belə çıxarmayan, ən yüksək qonorar alan işçilərdən biri bu dəmdə söz istədi.

- Mən olduqca vacib bir məsələyə toxunmaq istərdim. Bizdə əmək haqqı qonorar sistemi ilə ödənilir. İlk baxışda bu, başa düşüləndir. Həmin sistem təcrübəli daha çalışqan işçiləri fərqləndirməyə geniş imkanlar açır. Di gəl, biz təqaüdə çıxanda hamımız təqribən eyni miqdarda - 180-200 manat pul alacağıq. Burda isə ədalət tam pozulur. Yəqin ki, bu barədə bizə yardımçı olacaqsınız. Əvvəllər dəfələrlə bu məsələni qaldırsaq da, təəssüf ki, hələ həllini tapmayıb. Ümidimiz sizədir?

- Sizin neçə yaşınız var?

- Qırxı təzə keçmişəm...

- Əyləşin, tələsməyin, hələ vaxta var, bugünkü görüşdə qaldırılan məsələlərə növbə ilə baxacağıq. Vaxtı çatanda həmin məsələ həllini tapar...

 

Azad MÜZƏFFƏRLİ

 

Ədəbiyyat qəzeti.- 2018.- 28 aprel.- S.27.