ƏDƏBİYYAT ÜZRƏ
1973-CÜ İLİN NOBEL MÜKAFATÇISI: Patrik UAYT
Avstraliya
28 may
1912-ci ildə Londonda anadan olub. Atası
avstraliyalı, anası ingilisdir. Dörd
yaşı olanda astma xəstəliyindən əziyyət
çəkib. Bu xəstəlik
bütün uşaqlığı boyu onu təqib edib. Teatrı çox sevib, tez-tez tamaşalara baxıb.
On yaşı olanda Cənubi Uelsdə internat məktəbinə
gedib, digər uşaqlarla ünsiyyət qurana qədər
xeyli çətinlik yaşayıb. Məktəb
yaşlarından kiçik pyeslər yazmağa
başlayıb. Daha sonra kollecdə təhsilini
davam edib. Hələ gənc
yaşlarından dünyanın bir çox ölkələrində
səyahətdə olub. 1930-cu illərin
sonunda ABŞ-da olan Uayt "Dirilər və ölülər"
romanını yazıb. İkinci Dünya
müharibəsi illərində Londona qayıdan Uayt Britaniya
kral ordusunun HHQ-də xidmət edib. Kəşfiyyat
zabiti qismində Yaxın Şərqə gedib. Müharibənin sonlarına yaxın Misirdə, Fələstində
və Yunanıstanda xidmət keçib.
Uayt ciddi ədəbi yaradıcılığa 1950-ci illərin
ortalarından başlayıb. Bir-birinin ardınca "Bibimin
tarixçəsi", "İnsanlıq ağacı",
"Arabada gedənlər", "Həmayil",
"Tvaybornun işi", "Yanmışlar" və s.
romanlar, dünya teatrlarının səhnəsində
tamaşaya qoyulan pyeslər yazıb. Yazıçı
1973-cü ildə "bədii söz sənəti
qarşısında yeni üfüqlər açan epik və
psixoloji ustalığına görə" ədəbiyyat
üzrə növbəti Nobel mükafatına layiq
görülüb. "Ədəbiyyat qəzeti"nin oxucularına yazıçının
"İnsanlıq ağacı" romanından bir
parçanı təqdim edirik.
İnsanlıq ağacı
Roman
Birinci fəsil
II hissə
Yuraqa şəhəri aşağıda, sahil boyu
uzanırdı. Sten Parker arabir anasının yaxın qohumu Klarens Batta
baş çəkmək üçün ora gedirdi. O, bu
şəhərə hələ aşırmalı şalvar
geydiyi vaxtlardan bələd idi.
Böyüyəndən sonra isə hərdən
anasının başqa bir qohumu, ticarət köşkü
işlədən Klarri Botta baş çəkirdi. Onun yemiş
kimi şişman qarnı pambıq parçadan tikilmiş
önlüyün altından pırtlayıb
çıxırdı. O, bu görkəmdə eynən Sten
Parkerin dəmirçi atasına oxşayırdı. Amma Klarri Bott heç vaxt dəmirçilik etməmişdi,
çünki ağır həyat onun üçün deyildi.
Köşkçünün
Elis, Klara və Lilian adlı üç qızı vardı,
qızlar isə böyümüş, saçlarını
arxadan yığıb dingildəməyə
başlamışdılar və hətta, Sten Parkerlə ciddi
maraqlanırdılar. Qızlar gah dadlı
biskvitlər bişirir, rəfiqələrinə səmimi məktublar
göndərir, kilim toxuyur, masa süfrələri tikir, pianoda
çalır, müxtəlif məzəli oyunlardan
çıxırdılar. Təbii ki,
qızların bu xüsusiyyəti uzaq qohum, artıq enli
çiyinli cavan oğlan Sten Parkeri də onlarla maraqlanmağa
sövq edir, onu bu evə çəkib gətirirdi. Amma heç kəsin ağlına da gəlməzdi
ki, dəmirçi oğlu bu evə nə məqsədlə gəlir.
Nə məqsəd ola bilərdi, qohum idilər
axı.
Bu cavan oğlan qohum qızları öpməyi
düşünmürdü. Niyə - cavab vermək
çətindir. Bəlkə də cəsarəti
çatmırdı, ya da nəsə…
Bir axşam yerli kilsə üçün təşkil
edilmiş xeyriyyə tədbirində ayağı ilə vurub
mərmər əlüzyuyanı qıran Sten halını belə
pozmadı. Otağın bir tərəfinə çəkilib
açıq pəncərədən səmaya baxdı. Ulduzlar gözlərinə doluşdu.
O gecə
skripka susmaq bilmədən vals
çaldı. Cavan oğlan heç nə fərq
etmədən sakitcə oturub ətrafa göz qoydu. Qızların üzündə gülüş
işartıları vardı. Gəncin dərin
baxışları hər kəsdən yayınırdı,
çünki o, özünü tamamilə tənha hiss edirdi.
Bir qədər sonra, o, rəqs hərəkətlərini
təzəcə yadda saxlamağa başlayanda haradansa bir
qadın peyda oldu, Sten Parkerin əlindən yapışıb
onu rəqsə dəvət etdi. Sten ayağını
atmağa macal tapmamış qadın qeyb oldu və onun yerini
arıq bir qız aldı.
Başını çevirib ətrafa nəzər salan
qız, bircə Stenə baxmırdı. Amma Sten bunu hiss etdi.
- Əyləşin, - döşəmə üstə
ora-bura vurnuxan başmaqlarına baxa-baxa əmr etdi.
Qız oturdu. Arıq əlləri vardı.
- Mən
birinci dəfədir balda oluram, - dedi.
Qızın mavi donunun fonunda görünən
barmaqları Elisin, Klaranın, Lilianın barmaqları kimi zərif
deyildi. Əynindəki paltar ona böyük idi və bu,
uzaqdan adamın gözünə girirdi. Bu
paltarı xanım Ebridən borc götürmüşdü.
Sten Parker
ürəyində: "Bu gün bura nahaq gəlmisən",
- fikirləşdi.
- Bir
şey deyim, bura çox istidir, - qıza söylədi.
-
Bayırsa, soyuqdur, - qız xatırlatdı, sonra da
qeyri-ixtiyari olaraq, donunun olmayan tozunu təmizlədi.
- Adam
çoxdu, adam, - Parker əlavə etdi. - Nəfəs
almaq olmur.
- Bilirsiz,
- qız söylədi, - xanım Ebri mənə bir
dalğıcdan danışıb, o, bunu kitabdan oxuyub. Deyir ki, həmin dalğıc paltarındakı
bütün havanı çəkib udub.
Bu vaxt musiqi sədaları altında bir-birilərinə
baxdılar. Sanki gəncin qarabuğdayı dərisi
işıldadı. Qız nəfəsini
içinə çəkdi, elə bil qara telləri bu dəqiqə
açılıb üzünə töküləcəkdi.
- Rəqs
edirsiz? - Qız xəbər aldı.
- Yox, -
Parker cavab verdi.
Az qala
qız da rəqs edə bilmədiyini etiraf edəcəkdi, amma
susdu. Cəsarət onu hiyləgər etmişdi.
Üzünə xəfif təbəssüm
qondu.
-
Oynayanlara baxmaq, rəqs etməkdən maraqlıdır, -
qız söylədi. Dediyi yalandan pərt
olmadı. Amma qızın həyəcanı
Sten Parkerin gözündən yayınmadı.
-
Adınız nədir? - Qız soruşdu.
- Sten
Parker.
Musiqidən zalda qulaq batırdı. Qız rəqs edənlərin
musiqi sədalarına qarışmış səs-küyü
içində onun
nə dediyini eşitməsə də:
- Mənim
adımı xəbər aldınız? - İncə
dodaqları ilə gülümsəyib, soruşdu.
Qız başını əyib xanım Erbinin ona rəqslərlə
bağlı qeydlər etmək üçün verdiyi
kağız parçası üzərində qələmlə
tələsik nəsə yazdı.
Sten Parker onun yanaqlarına düşən tellərinin
arasından bərq vuran simasına baxdı.
- Buyur, -
qız, qısaca dilləndi.
- Emmi
Viktoriya Fibbens? - Sten asta səslə, tərəddüdlə
oxudu.
- Bəli-bəli,
- qız təsdiq etdi. - Mənim adımdır. Adamın
bir adı olmalıdır da.
Qızın kirpikləri Steni cəlb edirdi,
kağızda oxuduğu ad isə gəncin diqqətini çəkmişdi. Lakin qız gəncin
baxışlarını hiss etmədi.
Bu dəfə Sten Parker çəlimsiz qızı diqqətlə
süzdü.
- Siz Kellis-Kornerdə yaşayan Fibbenslərdən deyilsiz?
-
Onlardanam, - qız cavab verdi. - Amma tam yox. Atamla anam vəfat edib. Başa
düşürsüz, mən yetiməm. Dayımgildə
qalıram. Bax Kellis-Kornerdə yaşayan əsl
Fibbenslər onlardır.
Qızın mavi donu xoşbəxt idi.
- Demək,
belə, - Sten Parker mızıldandı. - Deyəsən,
xatırladım.
Bu, sadəcə məsələni qəlizləşdirdi. Çünki
o, Kellis-Kornerdəki daxmanı xatırladı. Yağışda oynayan uşaqlar yadına
düşdü. Fibbenslərin bir ordu
uşağı vardı, küçəyə qatarla,
ayaqyalın, başaçıq çıxır, lilin,
palçığın içində
atılıb-düşürdülər. O, bu
qızın topuğa qədər palçıq içində
olan ayaqyalın vaxtlarını xatırladı. Hətta qızın bir dəfə
ayağındakı başmaqları şappıldadaraq necə
vüqarla getdiyi də yadına düşdü. Fibbenslərin uşaqları da onun ardınca
düşüb gedirdilər.
- Nəsə
xatırladız? - Bunu onun üzündən oxumağa
çalışan qız soruşdu. Amma donuq
sifətdən heç nə oxuya bilmədi.
Qarşısında, sadəcə gənc kişi
siması vardı və qız ilk dəfə idi ki, yad
kişi simasını bu qədər yaxından
görürdü.
-
Yadınıza nə düşdü? - Onun dodaqları gözəl-gözəl
pıçıldadı.
- Siz, - gənc
cavab verdi. - Başqa heç nə
xatırlamıram.
"Nə yaraşıqlı oğlandır, gözəl
dərisi var - qız ürəyində fikirləşdi. - Adam lap
toxunmaq istəyir."
- Mən
hardan yadınıza düşdüm, - qız stulun kənarından
yapışaraq, gülümsədi.
- O vaxt mən
Narrauanda, Sem Uornerlərin yanında işləyirdim.
Şənbə günləri arabir şəhərə
gəzməyə çıxırdım.
-
Dayım da Uorenerlərin yanında işləyib, amma çox
az müddət.
- Nə
danışırsan? - Sten təəccüblə dedi. - O nə
iş görürdü?
- Eh, -
qız köks ötürdü, - unutmuşam.
Çünki qoca Fibbens o vaxtlar kisə ilə peyin
daşıyırdı. Amma çox qısa müddətdə.
Çünki heç vaxt bir yerdə çox
işləməyə hövsələsi
çatmamışdı. Onu sevimli peşəsi
ağac kölgəsində uzanıb, uzaqdan ayaq
dırnaqlarını seyr etmək idi.
Emmi Fibbens nə dayını, nə də onun
arvadını sevirdi. Xanım Erbini - qız on altı yaşından etibarən
ev işlərində ona kömək edirdi
- çıxmaq şərti ilə hələ ki, heç kəs
onun sevgisinə layiq olmamışdı. Onun
üçün keşiş evindəki həyat Fibbenslərin
xarabasından heç də fərqlənmirdi. Qız elə burada da bir sürü
uşağın burnunun fırtığını təmizləyirdi.
Elə burada da əlində qaşıq yarma
şorbası ilə dolu qazanın yanında dayanırdı.
Amma qarın dolusu yeyirdi. Ayağına
da çəkmə geyirdi bura gələndən.
Sten Parker
qızı tanımışdı, onu adam
yaddaşında qalan xoş bir xatirəni düşünən
kimi xatırlayırdı. Oğlanın qəlbi
sevincdən uçunurdu.
- Mən
getməliyəm, - Emi Fibbens dedi.
- Stenə
nə olub, bayaqdan Fibbenslərin qızının
yanını kəsdirib oturub? - Kənardan onlara göz qoyan
Klara Liliandan soruşdu.
- Hələ
o qədər gec deyil, - Sten qızı sakitləşdirdi.
- Yox,
gecdir, - qız köks ötürdü. - Bu qədər bəsimdir.
Qız düz deyirdi və Sten bunu yaxşı bilirdi. Oğlanın
özü də yorulmuşdu, bayaqdan qızın bu
sözü deyəcəyi anı gözləyirdi.
- İstəmirəm, siz də mənə görə
buradan çıxıb gedəsiz, - qız bu sözləri
özünəməxsus arxayınlıqla söylədi.
Sten kürəyi ilə qızı yad baxışlardan
qoruyaraq onun arxasınca getdi. Onların addım səsləri
soyuqdan büzüşmüş şəhərin
küçələrinin mürgüsünə haram
qatdı. Alaqaranlıq pəncərələrdən
yuxu süzülürdü.
-
Maraqlıdır, görəsən bu şəhər min il sonra da olacaq? - Emmi Fibbens sadəlövhlüklə
xəbər aldı.
Qızın
nə demək istədiyini anlamasa da, bu şəhərin min il sonra olacağına qətiyyən
şübhəsi yox idi.
- Olmasa da
mənə dəxli yoxdur, - qız köks ötürüb,
söylədi.
Çəkmələr ayağını
döyürdü, dizləri şəhər küçələrində
sızıldayırdı.
- Məmnuniyyətlə
min il yaşayardım, - oğlan qəfil
dilləndi. - Maraqlıdır da, hər şey adamın
gözləri önündə baş verir. Bütün
tarixi hadisələr. Ağacların necə
qocalıb yıxıldığını görürsən.
Əvvəllər heç vaxt belə söhbətlərə
baş qoşmazdı.
- Bəlkə
də min ildə çox şey dəyişər, - qız
cavab verdi. - Bəlkə elə şeylər
baş verər ki, heç sən də xatırlamaq istəməzsən.
Artıq şəhər kənarına
çatmışdılar. Bu da Fibbenslərin
qaranlığın içindən sıyrılan sarı rənglənmiş
qapısı.
- Belə,
- qız sakitcə dedi, - bura çatanda çəkmələrimi
çıxarıram.
-
Aydındır, - oğlan, başını bulayıb,
baxdı.
"Deyəsən, dəcəlliyini hələ də
yadırğamayıb, - Sten fikirləşdi. - Həm
çəlimsizdir, həm də ağıllı."
Divarlar bayırdakı səsləri ağuşuna
alıb evə ötürürdü.
- Em-mi! -
Dayı arvadının səsi idi.
- Hə,
mənəm, - qız sakitcə cavab verdi.
Çarpayıda uzanmış xanım Fibbensin kölgəsi
çevrilib başqa yön aldı. Yeddinci uşaq
qadının bətnində üsyan edirdi.
- Hə,
- Emmi dilləndi, - amma çox şeydən
danışdıq. Lap çox şeydən.
Qız düz deyirdi. Doğrudan da çox
şeydən danışmışdılar, çünki elə
məqamlar olur ki, adi bir söz çox böyük əhəmiyyət
kəsb edir və böyük mənalar daşıyır.
Necə ki, qaranlıq çəkiləndən
sonra hər şeyin üstünə aydınlıq
çökür.
- Siz nə
vaxtsa yenə bura gələcəksiz? - Qız səmimiyyətlə
xəbər aldı.
- Gələn
şənbə, - Sten düşünmədən cavab verdi. Bu dəfə də
özünə təəccübləndi.
- Oo, -
qız dedi. - Onda…
- Em-mi! - Xanım Fibbens çığırıb,
qızı səslədi. - Bəsdir, çərənlədin.
Tez ol, evə gəl.
- Gəlirəm,
- qız onu sakitləşdirdi.
- Burada adam boğulur, - çarpayıdakı kölgə şikayətləndi.
- Burada milçəklərdən başqa dostum yoxdur. Tək-tənha uzanıb qurdalanıram. Arabir
çay içirəm, vəssalam, başqa
işim-gücüm yoxdur…
Bu şəhərdə
çox adam xanım Fibbensin əsl ifritə
olduğundan danışırdı.
Tərcümə etdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2018.- 28
aprel.- S.28.