Şərin axırına çıxan
hikkələr
Tarixən müəyyən zaman kəsiyində mövcud olan ictimai-siyasi quruluş və onun iqtisadi modeli
dağılanda təbii
ki, həmin quruluşun diktə etdiyi ideologiya çərçivəsində (yaxşı, ya da pis -fərqi
yoxdur) müvafiq qanunlarla idarə edilən, formalaşan cəmiyyətdə düzən
pozulur, istər-istəməz
xaotik vəziyyət yaranır. Cəmiyyətin
ayrı-ayrı fərdlərinin
taleyi gözlənilmədən
qopan fırtınanın,
qəzəbli qasırğanın
daşa-divara çırpdığı
xəzəllərə bənzəyir
və qəfil baş verən bu ictimai-siyasi "zəlzələ" cəmiyyətin
mənəvi dünyasında
elə dərin boşluq yaradır ki, həmin boşluğu doldurmaq kimi ağır bir yük yazıçıların
öhdəsinə düşür.
Yazıçı cəmiyyətin fövqündə
dayanan, yüksək əxlaqi keyfiyyətə malik, özündən əvvəlki tarixi, yaxud yaşadığı
dövrü bədii obrazlarla canlandırıb,
oxucuya haqq-ədaləti,
insanlığı təbliğ
etməyi bacaran bir şəxsiyyətdir. Unutmayaq
ki, yazıçı
da həmin cəmiyyətin fərdlərindən
biridir, lakin digərlərindən fərqi
ondadır ki, o özünün aldığı
zərbələrə rəğmən,
topluma dəyən zərbələri də anında duyan, bu zərbələrin təsirindən yaranan və yaranacaq fəsadların səbəblərini
öz daxili dünyasında saf-çürük
eləyən, ağrılarını
yaşayan seçilmiş
bir fərddir. Bu "seçilmiş fərd" totalitar rejimin "dəmir məngənəsində" sıxılanda
ürəkağrısıyla öz ideallarını öz əlləri ilə dəfn etməli olur və yeni quruluşun
yeni ideologiyasının
diktəsi altında yazıb-yaratmaq məcburiyyətində
qalır. Konkret desək,
sovet dönəmində
əksər yazıçılarımız
əsasən irihəcmli
əsərlərində öz
ideallarını realizə
etmək üçün
müxtəlif ədəbi
üsullara əl atır, çətinliklə
də olsa, çox vaxt senzuranın gözündən
yayınmağa nail olurdular.
Kommunist rejiminin rəhbərləri,
onun ideya daşıyıcıları cəmiyyətin
formalaşmasında bədii
əsərlərin müstəsna
əhəmiyyətini çox
yaxşı dərk edirdilər. Ona görə yaranan bədii əsərlərə
az qala
mikroskop altında baxırdılar. Ancaq bir məsələni
unudurdular ki, harda basqı varsa, ora insan
daha ciddi-cəhdlə
meyillənir, nəyə
qadağa qoyulursa, onu əldə etməyə can atır.
Sovet ideologiyası
yazıçılardan nə
istəyirdi? Şübhəsiz,
sosializm realizmi metoduna əsaslanan, formaca milli, məzmunca sosialist ideyalarını təcəssüm
etdirən ədəbiyyat!.. Nə idi bu ədəbiyyatın "direktiv
detalları"? Çox
sadə: sosializm ən ideal cəmiyyətdir.
İnsan amili bütün dəyərlərdən
üstündür və
bu cəmiyyətdə
yetişən insan işıqlı ideyalarla yaşayır, o xoşbəxtdir,
daha xoşbəxt bir gələcəyə
(kommunizmə) inanır;
bu amal uğrunda
çalışmaqdan mənəvi
zövq alır; bu cəmiyyətdə həmişə xeyir şərə qalib gəlir; haqq-ədalətin bərqərar
olması üçün
sovet adamı özünü qurban verməkdən belə çəkinmir; o zəhmət
adamıdır, zəhmətlə
ucalır, öz gücünə inanır,
hətta təbiətə
meydan oxumaq əzmindədir. Eyni zamanda dini inanclar da cəmiyyətin
inkişafına mane olan
ən təhlükəli
amil kimi gözdən salınırdı.
Ədəbiyyat da öz növbəsində bu
ideal cəmiyyəti və hakim partiyanın "ədalətli
və məqsədyönlü
siyasətini" tərənnüm
etməli və oxucuları da inandırmalı idi. Ona görə də
bədii əsərlərdə
müsbət qəhrəman
bilavasitə bu tərənnümün əsas
obyekti kimi səciyyələnməli idi.
Beləliklə, bütün uğurların
"ilhamvericisi" olan
partiyanı tərənnüm
edən əsərlər,
xüsusilə poeziya nümunələri meydana
gəlirdi.
Hakim rejim sovetin
ilk onilliklərində bütün
bunlar üçün
zəmin də yaratmışdı. Axı hakimiyyət də mahiyyətcə fəhlə-kəndli
hakimiyyəti idi. Partiyanın "Hamı bir nəfər
üçün, bir nəfər hamı
üçün" şüarına ürəkdən
inanan, bütün sahələrdə, o cümlədən, sənaye
və kənd təsərrüfatı kollektivlərində
çalışan sadə kütlə sabaha inanırdı.
Savadsızlıq tamamilə ləğv olundu, elm sahələri
inkişaf elədi, ən önəmlisi, sadə təbəqəni
təmsil edənlər rəhbər vəzifələrə
irəli çəkildilər, bir sözlə, hər sahədə
quruculuq işləri geniş vüsət aldı. Hələ gələcək iflasa çox vardı.
Şübhəsiz,
bədii ədəbiyyat da ölkədə gedən
prosesdən kənarda qala bilməzdi. Həmin
proseslər bədii əsərlərdə - müxtəlif ədəbi
janrların timsalında bu və ya digər şəkildə
öz əksini tapırdı. Partiya bədii əsərlərin
təbliğinə xüsusi diqqət yetirirdi, çünki
kütlə xalqın rifahı naminə "şanlı
partiya"nın məqsədyönlü
fəaliyyətini bədii ədəbiyyat vasitəsilə daha
tez mənimsəyir və ruhlanırdı.
Bu gün keçmişə
yalnız "qara eynəklə" baxmaq
da dəb halını alıb. Belə münasibət
yanlış mövqeyin anormal nəticəsidir. Axı tərənnüm məzmunlu, həm də sənət
baxımından çox dəyərli əsərlər də
vardı. Həmin əsərləri
yaradanlar da həmin dövrdə yaşayanlar və həmin
quruluşun ideallığına ürəkdən inananlar idilər.
Eyni zamanda, müasir və tarixi reallığa
söykənən bir çox əsərləri necə inkar
etmək olar? Məsələn, C.Cabbarlının
"Almas", "Yaşar" kimi pyesləri, S.Rəhimovun
"Mehman" povesti (eyniadlı film), M.İbrahimovun
"Böyük dayaq" romanı (eyniadlı film),
İsmayıl Şıxlının "Dəli Kür"
romanı (eyniadı film), İsa Muğannanın "Tütək
səsi" povesti (eyniadlı film)...və H.Seyidbəylinin
"Bizim Astara" povesti ("Qızmar günəş
altında" filmi) o dövrün və yaxın
keçmişimizin yaşantılarını əks etdirən
ən gözəl nümunələrdir. Belə
əsərlərin sayı kifayət qədərdir. Yeri
gəlmişkən, onu da deyim ki, monumental "Dəli
Kür" romanının
çox zəif ssenari üzrə çəkilməsi
totalitar rejimin xalqımızın tarixinə "barmaq uzatması"na
ən yaxşı sübutdur.
Adını çəkdiyim əsərləri
ona görə nümunə göstərirəm
ki, yaşlı nəslin əksəriyyəti o əsərlərdə
təsvir olunan həyatı bu və ya digər formada qismən
yaşayıblar. Şəxsən mən uşaqlıqda
öz kolxozumuzda "Böyük dayaq"dakı
epizodların şahidi olmuşam. Texnikanın
olmadığı bir vaxtda kənd camaatının necə
yüksək əhval-ruhiyyə ilə işə can
yandırdıqlarını görmüşəm. 41-45-ci illər
müharibəsinin dəhşətli məhrumiyyətlərini
yaşamış anamın "Tütək səsi" filminə
baxanda tökdüyü acı göz yaşları indiyədək
ürəyimi
göynədir və filmi özüm təkrar izləyəndə
əvvəldən axıradək göz yaşlarımı
saxlaya bilmirəm. Əsərdə
yazıçı təxəyyülü reallıqla
üst-üstə düşdüyünə görə
inandırıcı təsir bağışlayır. İsa Muğanna kimi
yazıçılarımızı necə unutmaq olar?
Məsələ də ondadır ki, pis-yaxşı, biz 70 illik bir tarixi
yaşamışıq və bu tarix bu və ya digər şəkildə
bədii əsərlərdə əbədiləşib. Bu gün onların
üstündən xətt çəksək,
özümüz öz tariximizə qəsd etmiş olarıq.
Bir məsələni
də yaddan
çıxarmayaq ki, nəhayət, 60-cı illərdə
meydana gələn ədəbi nümunələr əvvəlkilərlə
müqayisədə ideya-məzmun baxımından xeyli fərqlənirdi. Həmin əsərlərdə
daxilən azad insan obrazı "boy verməyə"
başlamışdı. Anarın
"Beşmərtəbəli evin altıncı mərtəbəsi"
romanı kimi.
Bəs Azərbaycan
ədəbiyyatına, o cümlədən,
digər xalqların - bu məsələdə
ayrı-seçkilik baxımından istisnalar da var - ədəbiyyatına
dəyən zərbələr konkret nədən ibarət
idi?
Tarixi həqiqətləri
saxtalaşdırmaq - məsələn,
daşnak Şaumyanları nəsillərə nümunəvi qəhrəman
kimi təqdim etmək.
Xalqı
milli heysiyyət hissindən, müstəqillik ideyalarından məhrum
etmək - dostluq, qardaşlıq, yoldaşlıq pərdəsi altında.
Dini inancları
"silib-süpürmək. İnsanı
daxili azadlığından ayırıb, guya bəşəri
əxlaq ehtiva edən "mükəmməl sovet
adamı" obrazı yaratmaq.
Xalqı öz klassik ədəbi irsindən tədricən
uzaqlaşdırmaq.
...Və bu "məqsədli ideyalar"
bilavasitə ədəbiyyatın "əli ilə" həyata
keçirilirdi. Əslində, rejim çox hiyləgər
rejim idi. Bir tərəfdən
yazıçıların başının üstündən
"Damokl qılıncı" asmışdı, digər tərəfdən
yazıçıları bir zümrə kimi ayırıb,
onlara müxtəlif imtiyazlar verir, müxtəlif titullarla
mükafatlandırır, bir sözlə, özündən
asılı vəziyyətə salırdı. Hünərin
var, çəkilən cızıqdan ayağını kənara
qoy!
Bütün bunlar nəhayətdə insanı "robotlaşdırmaq" məqsədi
güdürdü. Nəticədə nə baş verdi?
İmperialist şüuruna xas olan belə eybəcər hikkələr sosialist quruluşunun axırına
çıxdı.
İdeologiyanın iflası sübut etdi ki, insanın daxili dünyasına məcburən
nüfuz etmək səhv addımdır, çünki son nəticədə
insan insan olaraq qalacaq. İnsan kainatın bir zərrəsidir.
O, ruhundan, xəyallarından, arzularından məhrum edilərsə, bir varlıq kimi məhv olar. İnsan hazır düstur, göstəriş, yaxud rəsmi
direktiv çərçivəsində yaşaya bilməz
axı?! Təbii ki, ədəbiyyatda da bəzən
obrazın daxili dünyasını açmaq üçün
yazıçı müxtəlif simvolikalara, rəmzlərə
üz tutur. Sovet ideologiyası belə yanaşmanı qəbul etmirdi.
Biz bu sahələri
diqqətlə, tərəfsiz və qərəzsiz
araşdırmalıyıq. Klassikləri sevərək
öyrənməli, təhlil və tənqid etməliyik.
Heç bir təhqirə yol vermədən.
Məsələn, Rusiyada əlinə təzəcə qələm
alan bir rus gəncindən sovet dönəmində
yaşayıb-yaradan şair və yazıçılar barəsində,
yaxud L.Tolstoy, İ.Turgenev, A.Çexov və b. klassiklər haqqında bir kəlmə də nalayiq söz
eşitməzsən, əksinə, hörmət və ehtiram
görərsən.
Uzun illərin
əks təbliğatına
baxmayaraq, bu gün demokratik Türkiyədə gənc yazarlar
böyük türk şairi Nazim Hikmətlə qürur
duyurlar. Artıq onlar da anlayıblar ki, siyasət başqa
şeydir, sənətkarlıq başqa şey. Qırğızlar əsərlərinin əksəriyyətini
sovet dövründə yazan Ç.Aytmatovla fəxr edirlər.
Nobel mükafatı alan Orxan Pamuk deyərmi ki, Rəşad Nuri
Güntəkin, Orxan Kamal, Suat Dərviş, Əziz Nesin və b. məşhur türk
yazıçıları cızmaqaraçılardır?
Heç vaxt!.. Yaxud
Dağıstanda bir gənc yazar Lenin mükafatı laureatı
Rəsul Həmzətov haqqında xoşagəlməz bir
söz deyərmi? Əlbəttə, yox!..
Bəs bizə nə olub görəsən?
Ən acınacaqlısı da odur ki, az-çox tanınan alim-ədəbiyyatşünaslardan
biri hökm verir ki, Nəsimi türkmən şairidir, digəri
XIX əsr ədəbiyyatımızı "aqoniya"
adlandırır, savadına şübhə etmədiyim, ancaq əli
hər yerdən üzülmüş bir siyasətçi
deyir ki, Xaqani reket şair imiş. Deyən yoxdur ki, ay əzizim,
sənin Xaqanilik nə işin var?.. Bir qələm adamı kimi qəbul etdiyim, yarı
yaşına çatmış biri Sabiri meyxanaçı
adlandırır, ağzından süd iyi gələnin biri də
gah B.Vahabzadənin, gah da X.R.Ulutürkün "bostanına
daş atır". Özünü şair sayan bir ədəbiyyat
müəllimi Müşfiqi təzəcə oxumağa
başlayıb və dahiyanə bir kəşf eləyib:
"Əşşi, Müşfiq elə-belə, ortabab bir şairdir."
Gülünc günə qalmaq buna deyirlər.
Ancaq onu da dəqiq bilirəm ki, iki alimi çıxmaq şərtilə,
qalanların heç biri "ittiham" etdikləri şairlərin
beş-altı misrasını axıradək oxumayıblar, yəni
söhbət mətnə subyektiv, yaxud obyektiv münasibətdən
getmir. Onlar, sadəcə,
ağızlarını küləyə tutub: "Filankəs
yazıçı deyil, filankəs şair deyil" - deməklə
həqiqəti qaralamağın ən asan yolunu seçiblər.
Vəssalam!..
Qəribədir, bu gün anlayışı
olan da, olmayan da ağızdolusu 37-dən danışır,
sanki məhkəmə kürsüsündən ittihamnamə
oxuyurlar. Yaddan çıxarmayaq ki, şəxsiyyətə
yaşadığı dövrün prizmasından baxıb qiymət
verərlər. Zəhmət çəkib
30-cu illərin "Kommunist" və "Ədəbiyyat qəzeti"
kimi rəsmi mətbu orqanlarını vərəqləsələr,
görərlər ki, yazıçılardan nələr tələb
olunurdu. Bir kəlmə etiraz kifayət idi
ki, özünü DTK-nın məşum zirzəmilərində
görəsən - ya güllələnəcəksən, ya
bir torba ətə-sümüyə çevriləcəksən,
ya da göndəriləcəksən "gedər-gəlməzə"
- Sibirə, ailən də o taleyi yaşayacaq.
Sovet dövrünün
bütün şairləri
- S.Vurğundan, R.Rzadan, S.Rüstəmdən tutmuş M.Araza qədər
bütün şairlər sosializm quruluşuna, Leninə, o
cümlədən, 50-ci illərə qədər Stalinə
şeirlər həsr ediblər. Əksəriyyəti də
mükəmməl ədəbi nümunələrdir. Onu da deyim ki, yazılanlardan çoxu quruluşa
ürəkdən inamın nəticəsində qələmə
alınıb, bu əsərlər həm də onlar
üçün qoruyucu qalxan rolunu oynayıb. Əks halda, əsərlərində sətiraltı
mənalara yol verə bilməzdilər. Fikir verin,
"Lenin" poemasını yazan R.Rza
"Mərdəkanı
sarı qum basır,
İnəyimiz
sarı bala doğur..."
kimi
misralar da yazmışdı. "Leninlə söhbət"
poemasını yazan B.Vahabzadə "Ana dili",
"Köklər, budaqlar" kimi bir çox şeir,
"Yollar və oğullar" poeması kimi kəskin süjetli poema da
yazmışdı axı?
Yazıçı əsərlə tanınır,
boşboğazlıqla yox. Bu gün ədalətsiz
mövqedə dayananlar unutmasınlar ki, ötən əsrdə
yazıb-yaradan nəhəng simalar öz
yazıçılıq missiyalarını yerinə yetirib,
cild-cild dəyərli əsərlər qoyub getdilər. Həmin əsərlər bizim milli sərvətimizdir.
Etibar Etibarlı
Ədəbiyyat qəzeti.- 2018.- 28 aprel.- S.29.